Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3158/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Orxan Büyadın iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının bacısının və bacısı oğlunun ölümü nəticəsində iddiçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 70.000 manat, iddia ərzəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 300 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 1.000 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Orxan Büyad isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.2009-cu ildə Xətai rayonu, Gəncə prospekti, ev № 44-də yerləşən 78 №-li mənzilə təbii qaz sızması nəticəsində partlayış baş verib. Partlayış zamanı mənzildə olan X5 (iddiaçının bacısı) və X2 (iddiaçının bacısı oğlu) yanıq xəsarətləri alıblar. X2 ağır dərəcəli yanıq şokundan xx.xx.2019-cu ildə, X5 isə bədənin termiki yanığı üzündən baş vermiş intoksikasiyadan xx.xx.2009-cu ildə ölmüşlər. Fakta görə cinayət işi başlanmış və Cavabdeh İB Xətai Rayon Qaz İstismar Sahəsinin 4 saylı Qaz İstismar Xidmətində usta vəzifəsində işləmiş X7 və həmin Xidmətdə nəzarətçi-çilingər vəzifəsində işləmiş X1 Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq) ilə təqsili bilinərək hər biri 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, qeyd olunan hadisə bu şəxslərin səhlənkarlığı nəticəsində baş vermişdir. İddiaçı həmin cinayət işi üzrə zərər çəkmiş şəxslərin hüquq varisi kimi tanınmışdır. İddiaçı tərəfin bildirdiyinə görə bacısının ailəsi dağıldığına görə bacısı və onun uşağına iddiaçı himayəçilik etmişdir. Bacısının və bacısı oğlunun ölümü iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. O cümlədən Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. İddiaçıya vurulmuş mənəvi zərərin əvəzini cavabdeh ödəməlidir. Belə ki, hadisənin baş verməsində cavabdehin işçilərinin təqsirkar olduğu məhkəmə hökmü ilə müəyyən edilib. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə hesab edir ki, iki nəfərin ölümünə görə iddiaçıya ödəniləcək təzminatın məbləği 20.000 manat müəyyən edilməlidir. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur. Cavabdeh İB-nin maliyyə imkanları həmin məbləğdə təzminat ödəməyə imkan verir. Beləliklə, qətnamə mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilməli, mənəvi zərərin əvəzi kimi ödəniləcək məbləğ 20.000 manat müəyyən edilməli, buna mütənsib olaraq Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun əvəzi kimi tutulacaq məbləğə aid hissədə də qətnamə dəyişdirilməli, dövlət rüsumunun əvəzi kimi 90 manat tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mənəvi zərərin əvəzi kimi tutulan məbləğə və dövlət rüsumunun əvəzi kimi tutulan məbləğə aid hissədə dəyişdirilsin. Cavabdehndən İddiaçı xeyrinə mənəvi zərərin əvəzi kimi 20.000 (iyirmi min) manat, dövlət rüsumunun əvəzi kimi 90 (doxsan) manat tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3158/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3158/2023
19.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver