Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3159/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxx” ASC-nə qarşı “pul” tələbinə dairmülki iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-2839/2019 saylı, xx.xx.2019-cu il tarixliqətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı - cavabdeh «xxxxxxxxxxxx» ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun cavabdeh «xxxxxxxxxxxx» ASC-dən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-2839/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan “Dodge Durango” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən 1 il müddətinə sığorta təminatında olmuşdur. İddiaçının atası etibarnamə əsasında sözügedən avtomobili idarə edərkən xx.xx.2019-cu il tarixdə Zığ şossesində “Kia Sorento” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə baş verdiyi zaman dərhal sığorta şirkətinə məlumat verilmişdir. Lakin şirkətin əməkdaşları hadisə yerinə gələcəklərini bildirsələr də, sonradan müqavilənin informasiya sistemində olmadığını bildirərək hadisə yerinə baxış keçirilməsinə lüzum olmadığını bildirmişlər. İddiaçı sonradan cavabdeh şirkətə rəsmi müraciət məktubu yollasa da, cavabdehin xx.xx.2019-cu il tarixli məktubuna əsasən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, hadisə 19:00 radələrində baş verdiyi üçün həmin vaxt informasiya sistemində müqavilə mövcud olmadığından sığorta ödənişinin verilməsindən imtina edilir. Halbuki, AR MM-nin 906.1-ci maddəsində göstərilmişdir ki, icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. Birinci instansiya məhkəməsi qeyd edilən qanuna bu cür münasibət bildirərək, icbari sığorta qanununu və müqaviləni istisna hal kimi qeyd edir. Halbuki, istisna halın "İcbari sığortalar haqqında” Qanunda nədən ibarət olması başa düşülmür. Belə ki, həmin qanunu 8.1-1-ci maddəsi bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır deyir. “Bağlandığı an” kimi qeyd edilsəydi onda başa düşünülən olardı ki, müqavilə üzrə gün deyil, saat və dəqiqələr üzrə etibarlılıq halı mövcuddur. Bundan başqa “İcbari Sığortalar haqqında” AR qanunun 21.1-ci maddəsi bu qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə baş vermiş hallarda da sığorta ödənişi verilmir. Yəni istisna haldır ki, qanunlar arasında ziddiyət görünərsə üstün məcəlləyə istisna edilməli və qanunun xronologiyasına əsasan müqavilə sistemin informasiya ehtiyyatında günün sonuna qədər mövcud olmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-2839/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-2839/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, yol nəqliyyat hadisəsi xx.xx.2019-cu il tarixində saat 19:00 radələrində “xxxxxxxxxxxx” ASC-də icbari qaydada sığortalanmış “Dodge Durango” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “KİA Sorento” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, № 042525 saylı Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışdan görünür ki, Əliyev Heydər tərəfindən idarə olunan “Dodge Durango” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 tərəfindən idarə olunan “KİA Sorento” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli KİA MOTORS Servis Mərkəzindən verilmiş Qüsur aktından görünür ki, ** HT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin dəyəri 21 414,00 ( iyirmi bir min dörd yüz on dörd) manat təşkil edir. İş materiallarında olan sığortalı X4 ilə sığortaçı “xxxxxxxxxxxx” ASC arasında “Dodge Durango” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış xx.xx.2018-ci il tarixli, PQA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumat vərəqəsindən görünür ki, sözügedən avtomobil 1 (bir) il müddətinə icbari sığorta qaydasında sığortalanmışdır. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 899.1-ci və 899.1.2-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; Həmin Məcəllənin 901.1-ci maddəsinə əsasən, sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin məcəllənin 906.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 933.1-ci maddəsinə əsasən, sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 1) sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi, 2) sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd, 3) icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 8-1.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsi baş verən saatda (19:00) tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsi artıq qüvvədən düşmüş hesab edildiyindən baş vermiş hadisə sığorta hadisəsi sayılmamalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmayaraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi xüsusilə qeyd edir ki,sığorta hadisəsi baş verən zaman avto nəqliyyat vasitəsinin mülkiyyətçisi sığorta müqaviləsini bağlayan şəxs olmadığı və yeni mülkiyyətçinin cavabdeh “xxxxxxxxxxxx” ASC tərəfindən sözügedən sığorta müqaviləsinin vaxtının dəqiq nə zaman bitəcəyi barədə hər hansı şəkildə məlumatlandırılmaması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə zidd olmuşdur. Çünki, yol nəqliyyat hadisəsi baş verən zaman sığortalı X4 ilə sığortaçı “xxxxxxxxxxxx” ASC arasında “Dodge Durango” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış xx.xx.2018-ci il tarixli, PQA********** nömrəli icbari sığorta müqaviləsi qüvvədə olmuş, həmin müqavilənin qüvvədən düşmə tarixi kimi xx.xx.2019-cu il saat 00:00 olması qəbul edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya yuxarıda qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, yol nəqliyyat hadisəsi baş verən zaman sığortalı ilə sığortaçı arasında “Dodge Durango” markalı, **-XK- *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış xx.xx.2018-ci il tarixli, PQA********** nömrəli icbari sığorta müqaviləsi qüvvədə olduğundan, cavabdeh tərəfindən, bu xüsusatı təkzib edəcək məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən İddiaçı “xxxxxxxxxxxx” X3 5000 (beş min) manat sığorta ödənişi tələbində haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-2839/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, cavabdeh “xxxxxxxxxxxx” X3 5000 (beş min) manat sığorta ödənişi və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-2839/2019 saylı, xx.xx.2019-cu il tarixliqətnaməsi ləğv edilsin və iddia təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxx” X3 5000 (beş min) manat sığorta ödənişi və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3159/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3159/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver