Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3159/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli, 2(009)-183/2022 saylı qərardadından İddiaçı vəkili tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, son haqq-hesabın və əmək kitabçasının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 14.02.2022-ci il tarixdə İddiaçı vəkili Vəkil iddia həcminin artırılmasına dair ərizə verərək 19.10.2020-ci il tarixli, 443-3/20 saylı və 23 noyabr 2020-ci il tarixli, İR-505/20-1 saylı əmrlərin ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli, 2(009)-183/2022 saylı qərardadı ilə İddiaçı iddia ərizəsinə əlavəyə dair ərizəsi geri qaytarılmışdır. Həmçinin, məhkəmənin 16.02.202-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması qət edilmişdir. İddiaçı vəkili Vəkil Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli, 2(009)-183/2022 saylı qərardadından şikayət verərək, ləğv olunmasını xahiş etmiş, şikayəti onunla əsaslandırmışdır ki, “Mediasiya prosesinin tətbiqi barədə” 20 sentyabr 2021-ci il tarixli təklifdə “əmək haqqı tələbinə dair” mübahisənin yaranması göstərilmişdir. Cavabdehlə də ilkin mediasiya sessiyası keçirilmiş və əmək haqqı tələbi ilə bağlı bütün məsələlər müzakirə olunmuşdur. İddia ərizəsində əmək haqqı tələbi ilə yanaşı əmək haqqı tələbinin ödənilməməsinə görə faizlərin tələbi də nəzərdə tutulmuşdur. Məhkəmənin məntiqindən belə başa düşmək olar ki, əgər əmrlər üçün ayrı mediasiya sessiyası olmalıdırsa, faiz tələbi üçün də ayrı mediasiya prosesi olmalı idi. Lakin, hesab edirik ki, məhkəmənin bu yanaşması yanlış olmuşdur. Çünki, əmrlərin mübahisələndirilməsi məhz əmək haqqı tələbindən irəli gəlir və əmrlərin mübahisələndirilməsi üçün ayrı mediasiya sessiyası olmamalı idi. Məhkəmə hazırlıq mərhələsində cavabdehə kifayət qədər vaxt verilmişdir ki, iddia ərizəsinə etirazı və ona əlavə edilmiş sənədləri təqdim etsin. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh etirazı və sənədləri bunun üçün müəyyən edilmiş müddətdən sonra təqdim etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04.03.2022-ci il tarixli, 2(009)-183/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) 3.1.2. ailə münasibətlərindən inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanununun 3.2.-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Birinci instansiya məhkəməsində iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehdən əmək haqqının ödənilməsini tələb etmiş olsa da, iddia həcminin artırılmasına dair ərizə ilə müəhkəməyə müraciət etməmişdən öncə mediasiya sessiyasında iştirak etməmişlər. Lakin ərizədə qeyd edilən əmrlərin ləğv edilməsi əmək haqqının ödənilməsi ilə eyni mənanı ifadə etmir, bu hal əmək münasibətindən irəli gələn ayrıca mübahisədir, əmrlərin ləğv edilməsi ilə mediasiya şərtinə əməl edilmədən məhkəməyə müraciət edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinə əlavəyə dair ərizəni geri qaytarmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinijn 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14.02.2022-ci il tarixli, 2(009)-183/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3159/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3159/2022
04.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver