Məhkəmə qərarları › İş №2(103)-3161/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3161/2023

15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3161/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: «mənəvi ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 və nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6663/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X13 xx.xx.2007-ci ildə, X14 xx.xx.2008-ci il tarixdə doğulmuş, atası X15 və anası İddiaçıdır. Hər ikisi xx.xx.2015-ci il tarixdə Abşeron rayonunda dəm qazının toksik təsiri səbəbindən ölmüşdür.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(012)-120/2016 saylı hökmü ilə X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutması hüququndan məhrum edilməklə, 02 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, X4 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli X3 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə təhlükəsizlik texnikası ekspertizasına xərclənmiş 100 manat məbləğində pul vəsaiti X2 tutularaq dövlət büdcəsinə keçirilməsi, hökmün icrası X3 yaşayış yeri üzrə icra məmuruna həvalə edilməsi hökm olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 azyaşlı övladının vəfatı ilə bağlı 70.000 manat mənəvi ziyana görə kompensasiyanın və ödənilmiş 300 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, X18 sahəsinin əməkdaşının səhlənkarlığı nəticəsində 2 övladını itirmişdir. İddiaçı övlad itkisinin nə qədər ağır olmasını onu yaşamayandan başqa kimlərinsə hiss edə bilmədiyini düşünür. Həm də bu ölümün hansısa adi qaydada deyil, evdə bir göz qırpımında dəm qazından iki körpə uşağının eyni zamanda boğulması ilə baş vermişdirsə bunun sarsıntısını çəkməsinin asan olmaması iddiaçının zənnicə başa düşüləndir. Abşeron rayon məhkəməsinin 1(012)-120/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, X1 Qaz İstismarı sahəsinin 4 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri ürə çilingəri (nəzarətçisi) vəzifəsində işlədiyi müddət ərzində Abşeron QİS-nin rəisi tərəfindən təsdiq olunmuş təlimata əsasən, QİS-nin vəzifəli şəxsi olmaqla xidməti vəzifəsinin icrası zamanı Abşeron rayonu, Qobu qəsəbəsi, Qarayev küçəsi, 57 saylı evin vanna otağına texniki baxış keçirilərkən vanna otağında qazla işləyən axarlı suqızdırıcı quraşdırıldığına, həmin suqızdırıcısı vanna otağında quraşdırıldığı halda, vanna otağının həcmi (7,16m3) tələb olunan həcmdən (7,5m3 -dan) az olduğuna, həmin otağın qapısında dəliklər (boşluq) yaradılmadığına, tüstü borusu qızdırıcının çıxış borusuna kip oturmadığı kimi qüsurlar müəyyən etdiyi və qaz cihazından istifadə edilməsinin qarşısını almaq üçün zəruri tədbirlər görməli olduğu halda işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyib həmin vanna otağında quraşdırılmış su qızdırıcısına qazın verilməsini normativ aktların tələblərinə uyğun olaraq qaz cihazı istismar olunan qaz şəbəkəsindən bağlayıcı polad qat qoymaqla ayırması üçün xidmətin rəhbərliyinə məlumat vermədiyinə və tərtib olunmuş aktda nöqsanların olmadığı kimi qeydiyyat apararaq AZ DNT 2.13-1 saylı “Qaz təchizatı Layihələndirmə normalarının” 8.39, 8.45, “Qaz təsərrüfatında təhlükəslik qaydalarının” 3.81, 3.96, 3.97 və 3.8.5, 3.8.8-ci bəndlərinin tələblərini pozması nəticəsində xx.xx.2015-ci il tarixdə, saat 21 radələrində həmin hamam otağında çimən xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2008-ci il təvəllüdlü X10 dəm qazından zəhərlənərək ehtiyatsızlıqdan ölmələrinə səbəb olan səhlənkarlıq cinayəti törətmişdir. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə "Azəriqaz” X8 X16 nəzarətçiçilingər işləyən əməkdaşı X3 təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində azyaşlı oğlanlarının ölməsi ilə bağlı iddiaçının və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosseslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6663/2022 saylı, 16 dekabr 2022ci il tarixli qətnaməsi (hakim Əminə Abbasova) ilə iddia tələbinin qismən təmin edilərək Cavabdehndən mənəvi zərərə görə 50.000 (əlli min) manatın alınaraq İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; 300 (üç yüz) manat dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Cavabdeh səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının azyaşlı övladları- X14 və X11 dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşlarının Cavabdeh fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh (nümayəndəsi Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək göstərir ki, iddiaçının əri 2 azyaşlının övladının dəm qazından boğulması ilə əlaqədar cavabdehə qarşı əvvəllər ayrıca məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(103)-4440/2021 nömrəli qətnaməsinə əsasən mənəvi zərərin məbləği 50000 manat müəyyən edilmişdir. Buna görə də məhkəmə artıq bir dəfə iddiaçının ailə üzvü-əri Emin Babayevə Cavabdeh tərəfindən əlli min manat mənəvi ziyan əvəzi ödəniş edilməsini işin diqqətəlayiq və konkret halları kimi nəzərə almamışdır. Nəticədə qanuni və əsaslı olmayan qətnamə qəbul edilməklə iddiaçı tərəfin ailəvi olaraq həddən artıq zənginləşməsinə, cavabdeh təşkilatın isə maddi və əmlak vəziyyəti baxımından iqtisadi durumunun daha da pisləşməsinə səbəb olan yekun məhkəmə aktı qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıllmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

11. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

12. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X9 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X9 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.

13. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas olsa da, iddianın rədd edilməsi üçün əsas deyildir.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə iş üzrə iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticə, həm zərərin məbləği, həm də prosessual hüquq normalarının pozuntusu istisna olmaqla düzgün olmuşdur.

22. Əvvəla, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdeh təşkilatın əməkdaşının qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Çünki, cavabdeh qurumun işçisinin cinayət törətməsi nəticəsində iddiaçının 2 azyaşlı övladı ölmüşdür.

23. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 70 000 (yetmiş min) manat tələb edir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddia ərizəsində özü də təsdiq edir.

24. Cavabdehin iddia tələbinə etirazı və apellyasiya şikayətinin dəlilləri isə anlaşılan ola bilər. Lakin buda o anlama gəlməməlidir ki, iddiaçı mənəvi sarsıntı keçirməsini əsaslandıra bilməmişdir. Başqa sözlə cavabdeh tərəf 2 azyaşlı övladını itirən ananın mənəvi sarsıntı keçirməsinə inanmaya bilməz. Əlbətdə ki, mənəvi sarsıntının və iztirabın nə olduğunu yalnız o halı yaşayan fiziki şəxs anlaya bilər. Mülki məsuliyyətdən yayınmaq xatirinə iddiaya etirazda və apellyasiya şikayətində uğursuz müqayisələrdən istifadə etmək isə yolverilməzdir. Çünki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun 2 azyaşlı övladını itirməsi faktı birbaşa əsasdır və əlavə sübuta lüzum yoxdur.

25. Cavabdeh qətnaməni qanunsuz və əsassız hesab edərək mənəvi zərərin təmin edilməsini uyğun hesab etməyib iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübut etməyə cəhd etsə də, bu dəlillər hər hansı bir formada öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin gətirdiyi bu dəlilləri sübut etmək yükü artıq onun üzərinə düşsə də, o, bu halları sübuta yetirə bilməmişdir. Əksinə, mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədəki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir. Ona görə də, cavabdeh qurumun bu dəlilləri əsassız olmaqla yanaşı, həm də ziddiyyətlidir.

26. Buna baxmayaraq, iddiaçının əri 2 azyaşlının övladının dəm qazından boğulması ilə əlaqədar cavabdehə qarşı əvvəllər ayrıca məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(103)-4440/2021 nömrəli qətnaməsinə əsasən mənəvi zərərin məbləği 50000 manat müəyyən edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Apellyasiya baxışı zamanı tərəflərin izahatından bəlli oldu ki, iddiaçı əri ilə birgə yaşayır və birgə təsərrüfat aparır, hətta onların iki yeni övladı da doğulmuşdur. Əlbətdə ki, bu hallar sevindirici və xoş olan hadisələr sayılır. Bu mənada iddiaçının ərinə cavabdeh tərəfindən eyni əsasla mənəvi zərərin əvəzi olaraq 50000 manat ödənilməsi hazırki iş üzrə cavabdehin ödəyəcəyi təzminatın məbləğinə münasibətdə nəzərə alınmalıdır. Başqa sözlə iddiaçının təzminat tələbi mütənasiblik və ədalətlilik meyarlarına uyğun olmalıdır. Çünki, mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında da hüquqi mövqe formalaşmışdır.Yəni, iddiaçının da əri ilə birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququ inkar olunmur. Lakin bu təzminatın məbləğinin iddiaçının ərinin aldığından az olması da qətiyyən o anlama gəlməməlidir ki, iddiaçı olan ana əri olan atadan daha az mənəvi sarsıntı və iztirab keçirmişdir. Əlbətdə ki, iddiaçı olan ananın hər kəsdən artıq keçirdiyi bu mənəvi əzab ölçüyə gəlməz sayılır. Ona görə də iddiaçının alacağı mənəvi zərərin əvəzinin onu həddən artıq zənginləşdirməsi dəlili də açıq-aşkar əsassız hesab edilir.

27. Bununla yanaşı, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin izahatından və təqdim etdiyi qətnamələrin surətindən bəlli oldu ki, birinci instansiyası məhkəməsi tərəfindən elektron məhkəmə informasiya sisteminə müxtəlif vaxtlarda eyni iş üzrə eyni məzmunlu iki qətnamə yüklənmişdir. Düzdü, hazırda sistemdə yalnız mübahisələndirilən bir qətnamə mövcuddur. Ancaq müxtəlif vaxtlarda iki qətnamənin yüklənməsi təqdim edilən qətnamənin surətlərindən bəlli olur. Cavabdehin nümayəndəsinin təqdim etdiyi bu qətnamələrin məzmunundan da onların mahiyyət etibarı ilə eyni olması görünsə də, həm vərəq sayı, həm də məzmun baxımından fərqlilik vardır. Bu isə birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinin pozulmasını təsdiq edir. Lakin prosessual hüquq normalarının pozuntusuna görə qətnamənin ləğv edilməsi iddianın qismən təmin edilməsinə maneə deyildir.

28. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6663/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməli; Cavabdehndən mənəvi zərərin əvəzi kimi 30.000 (otuz min) manat və ödənilmiş dövlət rüsumu əvəzi kimi 130 (yüz otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6663/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərin əvəzi kimi 30.000 (otuz min) manat və ödənilmiş dövlət rüsumu əvəzi kimi 130 (yüz otuz) manat tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar