Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3165/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “müqavilə üzrə ödənilmiş pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Xızı rayonu, Bakı-Quba yolunun 72-ci kilometriliyində yerləşən 91 saylı yanacaqdoldurma məntəqəsinin və onun 2360 kv.metr torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, 3191 nömrəli alqı-satqı müqaviləsi üzrə ödəmiş olduğu 5500 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, X4 Xidməti ilə xx.xx.2016-cı il tarixdə aralarında Xızı rayonu, Bakı-Quba yolunun 72-ci kilometriliyində yerləşən 91 saylı yanacaqdoldurma məntəqəsinin və onun 2360 kv.m. torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən tərəfindən 5500 manat ödənilmiş, lakin müqavilə üzrə şərtləşdirilmiş qalan pulu maliyyə çətinliklərinə görə ödəyə bilməmişdir. Bundan sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ona qarşı müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, ödənilmiş 5500 manatın satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi tələbinə dair iddia qaldırmış və Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsilə iddia qismən təmin edilərək, müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə icra edilərək qeyri-yaşayış sahəsi boşaldılmış və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təhvil verilmiş, lakin ləğv edilmiş müqavilə üzrə ödədiyi 5500 manat iddiaçıya qaytarılmamışdır. Cavabdeh tərəf isə, məhkəmə gedişində etiraz etiraz verərək, onun hər hansı bir tələb irəli sürmək hüququnun olmadığını və özlərinin isə zərərin əvəzini tələb etmək hüquqlarının olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi də buna əsaslanaraq guya iddiaçının heç bir hüququnun pozulmadığını və qeyd edilən pul məbləğini tələb etməyə subyektiv hüququnun olmadığını bildirmişdir. Halbuki, cavabdehin zərəri tələb etmək hüquqlarının olduğunu hazırkı mülki işdə bildirməsi absurd və əsassızdır. Belə ki, cavabdeh onsuzda bu hüququndan istifadə etmiş və məhkəmə qətnaməsi ilə zərər vurulmasına dair heç bir sübutedici fakt mövcud olmadığından iddia tələblərinin həmin hissəsi təmin edilməmişdir. Bu isə onu göstərir ki, iddiaçının ödədiyi 5500 manat zərərə hesablanmamış, yalnızca cavabdehin əsassız varlanması üçün istifadə edilmişdir. Subyektiv hüquq məsələsinə gəldikdə isə, birinci instansiya məhkəməsi bununla bağlı heç bir əsaslandırma aparmamış, yalmzca subyektiv hüquq institutuna dair mövcud qanunvericilik normalarına istinad edərək, iddiaçının ödədiyi pulu geri tələb etmək hüququnun olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 Xidmətinin nümayəndəsi, apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, xx.xx.2016-cı il tarixli, 01 nmrəli hərrac protokoluna əsasən, Xızı rayonu, Bakı-Quba yolunun 72-ci kilometrliyində yerləşən 91 saylı yanacaqdoldurma məntəqəsi (ümumi faydalı sahəsi 26,6 kv.metr) və 2360 kv.metr torpaq sahəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 31.000 manata İddiaçı satılmış və xx.xx.2016-cı il tarixdə tərəflər arasında 3191 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2.2-ci maddəsinə əsasən, alıcı daşınmaz əmlakın dəyəri kimi hərracdan əvvəl beh kimi ödənilmiş 10% də nəzərə alınmaqla 31.000 manatı müqavilə bağlandığı andan 30 bank günü müddətindən gec olmayaraq satıcının Mərkəzi Bankdakı tranzit manat hesabına köçürməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli ödəniş tapşırığına əsasən 3100 manat (hərracdan əvvəl ödənilmiş beh məbləği), xx.xx.2017-ci il tarixli ödəniş tapşırığına əsasən 900 manat, xx.xx.2017-ci il tarxili 1000 manat, xx.xx.2017-ci il tarixli ödəniş tapşırığına əsasən isə 500 manat olmaqla, ümumilikdə 5500 manat Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hesabına ödənilmişdir. Bundan sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə alınmış əmlakın geri qaytarılması və cavabdeh tərəfindən ödənilmiş 5500 manatın ona vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” tələbinə dair iddia qaldırmış və həmin iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış, xx.xx.2016-cı il tarixli, 3191 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Hazırda iddiaçı, cavabdehlə arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edildiyi və müqavilənin predmeti olan daşınmaz əmlakın cavabdehə qaytarıldığı halda, müqavilə üzrə tərəfindən ödənilmiş vəsaitlərin indiyədək geri qayatrılmadığını bildirərək, həmin məbləğlərin qayatrılmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, bildirir ki, öhdəliyi icra etməyən İddiaçı vurulmuş ziyana görə Xidmət qarşısında məsuliyyət daşıdığından, zərərin- əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs X4 Xidmətidir. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən hərracdan əvvəl beh kimi ödənilmiş 3100 manatın qayatrılması tələbinin təmin olunmaması barədə gəldiyi qənaət əsaslıdır. Belə ki, Mülki Məcəllənin 460.1-ci maddəsinə öhdəliklərin icrasının təmin olunması üsulları sadalanmış və onlardan biri kimi beh göstərilmişdir. Həmin Məcəllənin 491.1-ci və 492.2-ci maddələrinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin 3.1-ci maddəsinə əsasən, alıcı satın aldığı daşınmaz əmlakın dəyərini müqavilə imzalandığı andan 30 bank günü ərzində ödəməzsə, müqavilə qüvvədən düşmüş hesab edilir və onun tərəfindən ödənilmiş beh geri qaytarılmır. İşdən görünür ki, tərəflər arasında bağlanmış sözügedən alqı-satqı müqaviləsi İddiaçı öhdəliyin icrasını pozması nəticəsində qanuni qüvvəsini almış məhkəmə aktı (Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi) ilə ləğv edilmişdir. Həmin hal tərəflər üçün preyidusial olduğuna görə Kollegiya eyni xüsusatlar üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Belə olan halda, məhkəmə kollegiyası, qanunverciliyin yuxarıda sadalanan normalarının tələblərini və tərəflər arasındakı razılaşmanın şərtlərini əsas götürərək, hesab edir ki, İddiaçı tərəfindən hərracdan əvvəl beh kimi ödənilmiş 3100 manat müqavilə onun təqsirli hərəkətləri nəticəsində icra edilmədiyindən X4 Xidmətində qalmalıdır. Bununla belə, Kollegiya hesab edir ki, iddiaçı, müqavilənin bağlandığı andan (xx.xx.2016-cı il) sonrakı dövrdə ödədiyi məbləğlərin geri qaytarılmasını əsassız varlanma qaydaları çərçivəsində tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci və 1091.2-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən sonra X4 Xidmətinin hesabına həmin tarixli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 2400 manat ödəniş edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ləğv olunduğu və müqavilənin predmeti olan daşınmaz əmlak X4 Xidmətinə (satıcı) geri qaytarıldığı halda isə, həmin əmlak üçün İddiaçı (alıcı) tərəfindən edilmiş ödənişlərin də müqavilənin qarşı tərəfində qalmasının hüquqi əsası olmamışdır. Bu hal, X4 Xidmətinin həmin məbləğlər hesabına əsassız varlanmasına dəlalət edir. Ona görə də, iddiaçı, həmin vəsaiti əsassız varlanma normaları çərçivəsində geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh, qeyd olunan məbləğlərin müqavilənin iddiaçı tərəfindən pozulması nəticəsində ona dəymiş zərər hesab edilməli olduğunu bildirsə də, nəzərə almamışdır ki, onun eyni məzmunda iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə rədd edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktı isə özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2016cı il tarixli qərarları). Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 13.2-ci bəndinə əsasən, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur. Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə X4 Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Beləliklə, Kollegiya, qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən müqavilə bağlandığı tarixdən sonra ödənilmiş 2400 manatın qaytarılması tələbinin rədd edilməsi hissəsində ləğv olunmalı, iddia həmin hissədə təmin edilməklə, bu məbləğin 25 faizi, yəni 600 manatı X4 Xidmətindən, 75 faizi, yəni 1800 manatı isə Maliyyə Nazirliyindən tutularaq, İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5594/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi “xx xxxxxx 2016-cı il tarixdən sonra edilmiş ödənişlərin qaytarılması tələbinin rədd olunması” hissəsində ləğv olunsun və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətindən 600 (altı yüz) manat, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən isə 1800 (bir min səkkiz yüz) manat tutularaq, İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3165/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3165/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver