Məhkəmə qərarları › İş №2(103)-3169/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3169/2021

17.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3169/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı Muxar oğlu, iddiaçının vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Respublika Neyrocərrahiyyə Xəstəxanasına qarşı “sağlamlığa vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-4263/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh Respublika Neyrocərrahiyyə Xəstəxanasına qarşı “sağlamlığa vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Neyrocərrahiyyə xəstəxanası tərəfindən sağlamlığına vurulmuş zərərə görə müalicəsi üçün ona dəyən 100000 (yüz min) manat məbləğində maddi və mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin avqust-sentyabr aylarında boyun fəqərələrindən Respublika Neyrocərrahiyyə xəstəxanasında həkim Quliyev Rasim tərəfindən üç dəfə əməliyyat olunmuşdur. 05 avqust 2019-cu il tarixdə 1-ci əməliyyatdan sonra sol qolu yaxşı işləməmiş və ağrıları var idi. Lakin özünü normal hiss edirdi. Gecə yatarkən korset boynunda olmadan başı aşağı yerə yıxılmış və özünü pis hiss etməyə başlamışdır. Həkim ona bildirmişdir ki, başını qabağa eləməklə düzələcək. Rentgen müayinəsindən sonra bilmişdir ki, implant aşağı iki fəqərəni sıxıb birləşdirmişdir. 22 avqust 2019-cu il tarixdə həkim ikinci əməliyyatı etmiş, implantı yerinə qoymuş, ancaq sıxılan yeri, səbəbi aradan qaldırmamışdır. Ağrılar beyin sıxıntısından boynuna, qoluna hərəkət edirdi. İkinci əməliyyatda həkim implantları tərs taxaraq səhv etmişdir. Sonradan o, implant fəqərənin içinə girərək onurğanı əyib, nəticədə isə sinir və onurğa beyni sıxılıb. Üçüncü dəfə həkim səbəbləri aradan qaldıracağı vədi ilə əməliyyata götürdü. Bu səfərdə 14.09.2019-cu il tarixdə ancaq boyun arxasında bərkitmə işləri gördü. 25.09.2019-cu ildə X9 onu pis vəziyyətdə qoyaraq ağrıları, ürək bulanma, baş gicəllənməsi halında bilərəkdən ki, səhhəti get-gedə pisləşəcək, onu evə yola saldı. Boynu get-gedə quruyur, bərkiyir. Rasim həkim fəqərələrində on iki deşik açmışdır ki, sonradan fəsadlara səbəb olmuşdur. Həkim bilərəkdən ki, 6-cı və 7-cfəqərələr birləşmişdir, arasındakı disk dağılmış və sinirlər sıxılmışdır (hansı ki ora müdaxilə etməyib ) sıxılmanı aradan qaldırmadı. Üçüncü fəqərədən altıncı fəqərəyə kimi məsafə çox azalmış, nəticədə sinirlər sıxılmaqda qalmışdır və 6-cı və 7-ci birləşmişdir, orda da problem qalmaqda idi. Sızılmaqda olan sinirləri və onurğa beynini baxmayaraq, X9 qəddarcasına, onu aldadaraq boynunun arxasından üçüncü əməliyyat işini görmüş ancaq bərkitmişdir, nəticədə sıxılmaqda olan sinirlər və onurğa beyni sıxılmaqda qalmışdır. Sonradan Səhiyyə Nazirliyinin və poliklinikanın göndərişi ilə Rasim həkimin yanına gələrək vəziyyətinin pis olduğunu demiş və onu əməliyyat etməsi üçün yalvarmışdır. Həkim onu rədd edərək bildirmişdir ki, çətin əməliyyatdır, get özünə başqa həkim tap. Sonra isə öz məsuliyyətini üzərindən atmaq üçün əməliyyatlıq deyilsən, get psixiatr yanında müalicə olun. Dəfələrlə nevropatoloq və psixiatrda müalicə olunmuş, ancaq heç bir köməyi olmamışdır. Bu halları özünə bildirsə də, Rasim həkim hara şikayət edirsənsə et, heç kimdən qorxum yoxdur demişdir. Başqa həkimə müraciət etsə də, öz üzərinə götürməyib əməliyyat edən həkimin yanına göndəriblər. Səhhətinin pisləşməsinə baxmayaraq X9 təkrar əməliyyatı ağır əməliyyatdır deyərək öz üzərinə götürməmişdir. Türkiyədə bu əməliyyatı elətdirmək mümkündür, ancaq bu əməliyyat üçün maddi imkanı kifayət etmir, kirayədə yaşayır, iş qabiliyyəti yoxdur. Türkiyədə bu əməliyyat üçün 42000 (qırx iki min) dollar, İsraildə isə 56000 (əlli altı min) dollar (doxsan beş min iki yüz manat) məbləğində pul vəsaiti istəyirlər. Bütün yazdıqları ilə bağlı ilk öncə Neyrocərrahiyyə xəstəxanasına yazılı formada müraciət etsə də, 19 mart 2020-ci il tarixdə müraciət etməsinə baxmayaraq bu günkü günədək heç bir cavab gəlməmişdir.

3. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-4263/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: İlahə Abbasova).

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-4263/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ilin avqust-sentyabr aylarında Respublika Nevrocərrahiyə Xəstaxanasında X9 tərəfindən 3 dəfə əməliyyat olunmuş, əməliyyatlar son dərəcə uğursuz olduğu üçün əməliyyatdan sonra sol qolu demək olar ki, işləməmişdir. Cərrahiyyə əməliyyatından sonra özünü daha da pis hiss etməyə başlamışdır. Rentgen müayinəsindən sonra iddiaçı bilmişdir ki, həkim tərəfindən qoyulan implant aşağı iki fəqərəni sıxıb birləşdirib. 22.08.2019-cu ildə Rasim Quliyev ikinci əməliyyatı edib, implantı yerinə qoysa da sıxılan yeri, yəni qüsuru aradan qaldıra bilmədi. İkinci əməliyyat zamanı həkim tərəfindən implant tərs taxıldığı üçün, ağrılar beyin sıxıntısından boynuna, qoluna doğru hərəkət edirdi. İmplant tərs qoyulduğundan fəqərənin içinə girərək onurğanı əyib, nəticədə sinir və onurğa beyni sıxıb. Qüsurları aradan qaldıracağını vəd edərək X9 sonuncu dəfə 14.09.2019-cu il tarixində ancaq boyun hissəsində bərkitmə işləri gördü və səhhəti ağır vəziyyətdə olmasına baxmayaraq 25.09.2019-cu il tarixində iddiaçını evə yola saldı. İddiaçının boynu get-gedə quruyur və bərkiyir. Rasim həkim fəqərələrdə 12 ədəd deşik açmışdır ki, sonradan bunlar iddiaçıda fəsadlara yol açmışdır. Həkim bilirdi ki, 9-cu və 7-ci fəqərələr birləşmiş, aralarındakı sinirlər sıxılmışdır. Əməliyyat zamanı bu sıxılmanı aradan qaldırmadı. 09.09.2020-ci il Daxili İşlər Nazirliyinin A.N.Heydərov adına Respublika hospitalında, 14.08.2020-ci ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsində müayinələrdən keçmiş, Müayinələrin nəticəsində səhhətində ciddi problemlərin olduğu, səhhətinin daha da ciddiləşdiyi qeyd edilmişdir. X8 səhlankarlığı nəticəsində cərrahiyə əməliyyatlarından sonra iddiaçının səhhətində ciddi problemlər yaranmış və fəsadlar günü gündən ağırlaşır, dahada pisləşir, hərəkət etmək, hətta nitq qabiliyyətində belə qusurlar yaranmışdır. X9 iddiaçını tam yararsız vəziyyətə salmışdır. Dəfələrə ona müraciət edərək, əməliyyat edib fəsadları aradan qaldırmasını desə də, əməliyyatının çətin olduğunu və bunu bacarmayacağını bildirmişdir. Rasim həkimin daha bir səhlankarlığı ondan ibarətdir ki, ikinci əməliyyat zamanı 3,6,7-ci fəqərələrin hərəsində 4 dəlik açmış, implant şurupları olmadan ümumilikdə 12 dəliyin açıması və tərsinə qoyulan implant nəticəsində fəqərələr boş olmuş, 3-cü fəqərə implantın içərisinə tam girmiş, impiant 6-cı fəqərəni tam əzməklə 3cü fəqərədən 6-ci fəqərəyə qədər olan məsafə cox ciddi azalmış ki, bunun nəticəsində bütün sinirlər sıxılmışdır. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5"nin 02 noyabr 2020-ci il tarixli 202 saylı rəyi ilə razi deyil. X1 vermiş olduğu rəy işin hallarına tamamilə uyğunsuzluq təşkil edir. Rəydə qeyd olunan 14.09.2019-cu il tarixdə icra edilmiş onurğa stabilizasiya edici əməliyyatdan sonra mövcud olan boyun əzələlərinin gərginliyi təbii haldır. Qeyd edilən digər şikayətlər (iştahsızlıq, ürəkbulanma, zəiflik, beyin sıxılması, yuxusuzluq boyunda olan xəstəliklə əlaqədar deyil, mənə birinci əməliyyatdan sonrakı dövrdə qoyulmuş implantların dispozisiyası aşkar edilmiş ki, buda xəstəyə verilmiş müvafiq rejimə, yəni vacib qadağalara əməl etməməsi, boyun karseti taxmaması, kəskin hərkətlərə yol verməsi və. S nəticəsində implantın yerdəyişməsinin baş verməsi ilə nəticələnmişdir. X3 bilə-bilə yalan rəy vermişdir. Ceyhun allahverdiyev müvafiq rəyi verməsi üçün iddiaçını nevrocərrah Sabir Etibarlının yanına göndərmişdir. Sabir Etibarlının vermiş olduğu məlumatlar da həqiqəti əks elətdirmir. Onların əməllərində Cinayət Məcəlləsinin 297-ci maddəsinin tərkib əlamətləri vardır. Ekspert tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. İşə öz həmkarının mənafeyinə uyğun baxmış, ekspertlər Rasim Quliyevdən rüşvət alıb, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bu cür rəy vermişlər. Lakin birinci instansiya Məhkəməsi qətnamə qəbul edərkən əsassız və qanunsuz olaraq iddia tələbimi təmin etməmişdir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Neyrocərrahlıq Xəstəxanası tərəfindən verilmiş 1581 №-li xəstənin stasionar tibbi kartından Çıxarışın (Epikriz) surətindən görünür ki, İddiaçı həmin xəstəxanaya 29 iyul 2019-cu il tarixdə daxil olmuş, 25 sentyabr 2019-cu il tarixdə evə yazılmış, ona “Servikal stenoz. Servikal mielopatiya. Əməliyyatdan sonrakı vəziyyət. İsterik nevroz” diaqnozu qoyulmuşdur. 05 avqust 2019-cu il tarixdə xəstəyə cərrahi əməliyyat: “Anterior C4- C5 korpektomiya, C6-C7 diskektomiya, titan cage və lövhə ilə C3-C7 korporodez” icra olunmuş, əməliyyat fəsadsız keçmişdir. Boyun ağrıları artdığında təkrar əməliyyata götürülmüş, implantların yerindən çıxması təyin olunmuşdur. 22 avqust 2019-cu il tarixdə xəstə təkrar əməliyyata götürülmüş, implantların repoziyası icra edilmişdir. 14 sentyabr 2019-cu il tarixdə yenidən əməliyyat olunmuş, arxa yanaşma ilə C-3-C4, C5-C6, mass lateral fiksasiyası çıxmış, metal lövhənin xaric edilməsi icra olunmuşdur. Postop dövr fəsadsız keçmişdir.

10. İş materiallarında olan 12 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 109c-20 nömrəli material üzrə X4 əməlində Azərbaycan Respublikası CM-nin 314.1-ci (Səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir.

11. İş materiallarında olan 15 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə qərardan görünür ki, vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış 109c-20 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair 10 iyun 2020-ci il tarixli qərar ləğv edilmiş və material üzrə əlavə araşdırma aparılması qərara alınmışdır.

12. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti HərbiTibb Baş İdarəsi tərəfindən verilmiş 18 avqust 2020-ci il tarixli rentgenin surətindən görünür ki, İddiaçı həmin tarixdə rentgendən keçmiş, rentgen nəticəsində “boyun kifozu görünür. C3-C6 fəqərə cisimlərində metal implantlar izlənilir. C5, C6 fəqərələrin yüksəkliyi azalmışdır, kənarlarında spinal kanala doğru uzanan osteofit itiləşmələr görünür. Spinal kanal daralmışdır. C3-C6 intervertebral disk məsafələri ciddi dərəcədə daralmışdır. Vertebral korpusların qapayıcı səthlərində subxondral skleroz və konturlarında osteofitlər müəyyən olunur.

13. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahiyyə Xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş müayinə protokolundan görünür ki, Rafael Novruzov 07 iyul 2020-ci il tarixdə həmin xəstəxanada müayinədən keçmiş, boyun nahiyyəsinin MRT müayinəsi nəticəsində “C2-C7-səviyyəsində keçirilmiş əməliyyatdan sonrakı vəziyyət, qoyulmuş transpedikulyar fiksatorun metal artefaktı və bu səviyyətə minimal kifotik deformasiya” qeyd edilmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 tərəfindən verilmiş 187/KEŞ nömrəli 21.05.2020-ci il tarixli ekspert rəyininin surətindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlar, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı Respublika Neyrocərrahlıq Xəstəxanasında aparılmış müayinə və müalicələr Səhiyyə sistemində mövcud təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı 29.07.2019-cu il tarixdə Respublika Neyrocərrahlıq Xəstəxanasına daxil olmuş, aparılmış kilinik, laborator və instrumental müayinələr əsasında ona “Servikal stenoz. Servikal miyelopatiya” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində planlı qaydada 05.08.2019-cu il tarixdə “Anterior C4-C5 korpektomiya. C6-C7 diskektomiya. Titan cage ilə C3-C6 korporodes. C3-C7 mintal fıksasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövrdə xəstə dinamik nəzarətdə saxlanılmış, lakin boyun nahiyəsində lokal ağrılar yaranmış və kontrol aparılmış KT müayinəsində qoyulmuş implantların dispozisiyası aşkar edilmişdir. Bu səbəbdən də 22.08.2019-cu il tarixdə təkrar əməliyyat “Metallövhələrin cage ripozisiyası” aparılmışdır. Bununla yanaşı dayanıqlı stabilizasiyanın əldə edilməsi üçün 14.09.2019-cu il tarixdə “C3-C4-C5-C6 lateral fıksasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Adekvat müayinə və müalicələrdən sonra xəstə 25.09.2019-cu il tarixdə kafi vəziyyətdə nevroloqun nəzarəti altına evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş etaplı operativ müdaxilələrə səbəb ilkin əməliyyatdan sonra xəstəyə verilmiş müvafiq rejimin əməl edilməməsi hesabına yarana bilərdi. İddiaçı müalicəsi zamanı tətbiqinə icazə verilməyən diaqnostika və dərman preparatlarından istifadə edilməmişdir. İddiaçı Respublika Neyrocərrahlıq Xəstəxanasında aparılmış müayinə və müalicələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda hal-hazırda aparılmış cərrahiyyə əməliyyatlarından sonra yerləşdirilmiş implantların pozisiyası anatomic tələb olunan lokalizasiyasındadır və təkrar cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş yoxdur. İddiaçı sol çiyin qurşağı əzələlərində qüvvət zəifliyi və hipertrafiya əlamətləri onda mövcud olan nevroloji patologiya-mielopatiya ilə əlaqədardır.

15. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 tərəfindən verilmiş 202/MEŞ nömrəli 08.10.2020-ci il tarixli ekspert rəyininin surətindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı məhkəmə-tibbi ekspertizasına, tibbi sənədlərdə yazılanlara və yüksək ixtisaslı mütəxəssis rəyinə əsaslanaraq, iş materiallarındakı məlumatları və qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq, aşağıdakı nəticəyə gəlinir: İddiaçı 20 iyul 2019-cu il tarixdə Respublika Neyrocərrahlıq Xəstəxanasına daxil olmuş və aparılan kliniki, laborator və instrumental müayinələr əsasında təyin edilmiş “Servikal stenoz.Servikal miyelopatiya” diaqnozu ilə əlaqədar 05 avqust 2019-cu il tarixdə “Anterior C4-C5 korpektomiya. C6-C7 diskektomiya. Titan cage ilə C3-C6 korporodes.C3-C7 mintal fiksasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstədə əməliyyatdan əvvəl tetraparez (bütün ətrafların zəifliyi) olmuşdur ki, sol qolunda zəifliyin artması V boyun periferik sinirin parezinin olması ilə əlaqədardır. Ədəbiyyat mənbələrində 12% hallarda korpektomiyadan sonra rast gəlinə bilir. Lakin bu hal İddiaçı birinci əməliyyatdan sonra sinirə toxunma ilə deyil, korpektomiyadan sonrakı dural kisə ekspansiyası ilə əlaqədar ola bilərdi. İddiaçı birinci əməliyyatdan sonrakı dövrdə qoyulmuş dispozisiyası aşkar edilmiş ki, bu da xəstəyə verilmiş müvafiq rejimə, yəni vacib qadağalara əməl etməməsi, boyun korseti taxmaması, kəskin hərəkətlərə yol verməsi və s. nəticəsində implantın yerdəyişməsinin baş verməsi ilə nəticələnmişdir. Bu səbəbdən də, 22.08.2019-cu il tarixdə təkrar əməliyyat “Metallövhələrin cage repozisiyası” aparılmışdır. Bununla yanaşı dayanıqlı stabilizasiyanın əldə edilməsi üçün 14 sentyabr 2019-cu il tarixdə “C3-C4-C5-C6 lateral fiksasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı üzərində aparılmış ikinci əməliyyatda İmplantın yerləşdirilməsi üçün C3, C6, C7 fəqərələrində təbii olaraq dəliklər açılmalıdır və qoyulan implant boru şəkilində olmaqla tərs və ya düz yönü movcud deyildir. Aparılmış intrumental müayinələrin təhlili göstərir ki, hazırda C3-C4 fəqərələri arasında məsafə normaldır, azalmayıb. Minimal kifetik deformasiya mövcuddur ki, bu səbəbdən fəqərəarası dəliklər darala bilməz. Üçüncü cərrahiyyə əməliyyatı dayanıqlı stabilizasiya əldə etmək üçün arxa yanaşma ilə əlavə fiksasiya aparılmışdır. İddiaçı 14 sentyabr 2019-cu il tarixdə icra edilmiş onurğa stabilizasiya edici əməliyyatdan sonra mövcud olan boyun əzələlərinin gərginliyi təbii haldır. Qeyd edilən digər şikayətlər (iştahsızlıq, ürəkbulanma, zəiflik, beyin sıxılması, yuxusuzluq və boyunda olan xəstəliklə əlaqədar deyil. İddiaçı hal-hazırda sol yuxarı ətrafın yüngül parezi (4/5 bal) movcuddur ki, bu hal əsas xəstəliyin əlamətidir. Əməliyyatlara göstəriş düzgün təyin edilmiş və cərrahi əməliyyatlar texniki olaraq normal icra olunmuşdur. İddiaçı adına tərtib edilmiş əməliyyatdan əvvəlki (04.06.2019-cu il tarixli) və sonrakı (14.08.2020-ci il tarixli) MRT çəkilişlərin müqayisəli müayinələrində heç bir ağırlaşma müəyyən edilmir. Onurğa kanalı və kökcüklər sərbəstdir. Hüquqi dəyərləndirmə:

16. İş üzrə birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tibbi ekspertizası təyin edilmiş və həmin ekspert rəyinə əsasən, iddiaçı üzərində Respublika Neyrocərrahiyyə Xəstəxanasında aparılmış müayinə və müalicələr ona təyin edilmiş diaqnoza uyğun olmuş, həkimneyrocərrah X6 tərəfindən icra edilmiş əməliyyat düzgün aparılmışdır.

17. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3169/21 saylı, 09.04.2021-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Bu zaman Mülki Prosessual Məcəllənin 97.3-cü maddəsinə müvafiq olaraq iddiaçının məhkəməyə təqdim etdiyi vəsatətdə göstərdiyi suallar da ekspert qarşısında qoyulmuşdur. Mülki Prosessual Məcəllənin 97.3-cü maddəsinə görə, işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar.

18. Ekspertin rəyi məhkəməyə 30.06.2021-ci il tarixində daxil olmuş və ekspert rəyində belə nəticəyə gəlinmişdir ki, «İddiaçı 29.07.2019-cu il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına daxil olmuşdur, aparılmış müvafiq müayinələrdən sonra ona “Servikal stenoz. Servikal mielopatiya” diaqnozu təyin edilmişdir. Həmin diaqnoza uyğun olaraq 05.08.2019-cu il tarixdə onun üzərində “Anterior C4-C5 korpektomiya. C6-C7 diskektomiya. Titan cage ilə Ci-Cö korporodes (fəqərələrin fıksasiyası) C3-C7 mintal fıksasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra ilk günlərdə xəstənin vəziyyəti qənaətbəxş olmuşdur, lakin xəstə həkimin təyin etdiyi qaydalara əməl etməmiş, boyun korseti taxmamış, kəskin hərəkətlər etdiyindən implantın yerdəyişməsi nəticəsində boyun nahiyəsində lokal ağrılar yaranmış və KT müayinəsi zamanı implantın yerdəyişməsi aşkar edilmişdir. 22.08.2019-cu il tarixdə onun üzərində təkrar “Metal lövhələrin cage ripozisiyas’” cərrahiyyə əməliyyatı aparılmışdır. Bununla yanaşı dayanıqlı stabilizasiyanm əldə edilməsi üçün 14.09.2019-cu il tarixdə “C3-C4-C5- C6 lateral fiksasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Müayinələr zamanı qoyulmuş implantın yerləşməsi tələb olunan anatomik hüdudlardadır və nevral strukturlara müdaxilə aşkar edilməmişdir. Aparılmış cərrahi müdaxilələrin texniki icrasında nöqsanlar aşkar edilməmişdir. İddiaçı aşkar olunmuş sol çiyin qurşağı əzələlərinin 4/5 bal gücündə əzələ zəifliyi və çiyin qurşağı əzələlərinin mötədil hipotrafıyası xəstəliklə əlaqədar baş vermiş morfoloji dəyişiklərlə əlaqədardır. 14.09.2019-cu il tarixdə İddiaçı üzərində “C3-C4- C5-C6 lateral fiksasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı radioloji müayinələr zamanı onurğa kanalının boyun nahiyyəsində icra olunmuş füzyon əməliyyatına uyğun fəqərələrdə tələb olunan pozisiya əldə olunmuşdur. İddiaçı boyun fəqərələrində icra olunmuş cərrahi müdaxilələr nəticəsində normal nitqin pozulması, kəkələmə, nəfəs darlığı, zəiflik, halsızlıq, baş gicəllənmə, yuxusuzluq, boynun quruması, boyun nahiyyəsində ağrılar, gərginlik, bərkimə, yaddaşsızlıq, beynin sıxılması, beyin qan dövranının pozulması və hərəkət funksiyasında dəyişiklik əmələ gələ bilməzdi. İddiaçı adma tərtib edilmiş tibbi sənədlərə əsasən Respublika Neyrocərrahiyyə Xəstəxanasında ona göstərilmiş tibbi yardımlar hazırda Səhiyyə sistemində mövcud olan təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı Respublika Neyrocərrahiyyə xəstəxanasında göstərilmiş tibbi yardımlar onun diaqnozuna uyğun olmuşdur. İddiaçı müalicəsi zamanı tətbiqinə icazə verilməyən diaqnostika, müalicə metodları və dərman preparatlarından istifadə edilməmişdir. İddiaçı mütəxəssis müayinələrinə əsasən təkrar cərrahi müdaxiləyə ehtiyac yoxdur. Hazırda xəstədə müşahidə olunan sol yuxarı ətrafın yüngül parezi, əsas xəstəliyin əlamətidir və keçirilmiş cərrahiyyə əməliyyatları ilə səbəbli əlaqəli deyildir. İcra edilmiş cərrahiyyə əməliyyatları taktiki və texniki cəhətdən düzgün olmuşdur.»

19. İddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, gecə yatarkən korset boynunda olmadan başı aşağı yerə yıxılmışdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 tərəfindən həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı verilmiş ekspert rəyləri ilə də təsdiq edilmişdir ki, əməliyyatdan sonra ilk günlərdə xəstənin vəziyyəti qənaətbəxş olmuşdur, lakin xəstə həkimin təyin etdiyi qaydalara əməl etməmiş, boyun korseti taxmamış, kəskin hərəkətlər etdiyindən implantın yerdəyişməsi nəticəsində boyun nahiyəsində lokal ağrılar yaranmış və KT müayinəsi zamanı implantın yerdəyişməsi aşkar edilmişdir.

20. Kollegiya hesab edir ki, iddianın mahiyyəti onun sübutetməsində xüsusi bilik tələb etdiyindən tibb sahəsində ekspert rəyi işin həllində həlledici rola malikdir. Belə olan halda, təqdim edilmiş ekspert rəyinin qeyri-mötəbərliyini göstərən hər hansı hal aşkar edilmədiyindən kollegiya hazırki mübahisənin həllində ekspert rəyinin sübut qismində istinad edilməsini zəruri hesab edir.

21. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

24. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, İddiaçı cavabdeh Respublika Neyrocərrahiyyə Xəstəxanasına qarşı “sağlamlığa vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-4263/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar