Məhkəmə qərarları › İş №2(103)-3172/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3172/2024

03.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3172/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğludan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 03 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı Şükürova X3 rayon 23 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır.

2. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci tarixli, K-719 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

3. Qanuni qüvvəsini almış məhkəmə aktına əsasən iddiaçı işə bərpa olunmuşdur.

4. Hazırda iddiaçı işə bərpa olunduğu dövrədək olan məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məcburi iş buraxma müddəti üçün, 35200 manat dəyərində zərərin (əmək haqqının) Azərbaycan Respublikası Təhsil Nazirliyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-719 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli qətnamə ilə həmin əmr ləğv edilmiş və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-1278/2023 saylı qərarı ilə bu qətnamə qanuni qüvvəsini almışdır. Nərimanov Rayon Məhkəməsinin çıxardığı yekun məhkəmə aktı ilə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-719 saylı əmri ləğv edilməklə onun əvvəlki vəzifəsinə bərpa olunmasına dair məhkəmə qətnaməsi çıxarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin çıxardığı yekun məhkəmə aktı ilə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K- 719 nömrəli əmri ləğv edilməklə onun əvvəlki vəzifəsinə bərpa olunması cavabdehin üzərinə qoyulmuş və o, vəzifəsinə bərpa edilmişdir. Lakin, onun məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi məsələsi həll edilməmişdir. İddiaçının xx.xx.2021ci il tarixdən etibarən işə bərpa olunduğu tarixədək ona dəymiş 2021-ci tədris ili üzrə 7300 manat, 2022-ci tədris ili üzrə 15900 manat, 2023-cü tədris ili üçün 12000 manat ümumilikdə isə 35200 manat dəyərində zərərin məbləği cavabdeh tərəfindən tam qarşılanmalıdır.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı. ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının hüquqlarının pozulması xx.xx.2021-ci il tarixindən başlamaqla xx.xx.2023-cü il tarixinədək olan dövrü əhatə edir. Bu müddət işçinin məcburi iş buraxma müddətidir. Hazırki iddia tələbi üzrə iddia müddəti 1 il təşkil edir. İddiaçının hüquqları isə davamedən pozuntuya məruz qalmışdır. İşdən çıxdığı vaxt iddiaçı hüquqlarının pozulduğunu bilirdi və onun tərəfindən əmək haqqı ilə bağlı heç bir tələb irəli sürülməmişdir. İşçi işə xx.xx.2023-cü il tarixində bərpa edilmişdir. Qeyd edilməlidir ki, iddiaçının işə bərpa tələbi irəli sürərkən məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi irəli sürməməsi bu hüququn itirilməsinə səbəb olmur. Yəni hər bir halda iddiaçı işə bərpa olunduqdan sonra ayrıca icraat qaydasında məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edə bilər. Lakin bu hüquq iddia müddəti institutu ilə məhdudlaşır. Hazırki iş üzrə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı əmri mübahisələndirərkən məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələb irəli sürməmişdir. Ona görə də, məhkəmə əmək haqqının ödənilməsinə münasibət bildirməmişdir. Hazırkı iddia tələbindən göründüyü kimi, iddiaçı əmək hüququnun pozulduğunu xx.xx.2021-ci il tarixdə bilməsinə baxmayaraq, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb etməmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı eyni tələblə yalnız xx.xx.2023-cü il tarixdə Bakı 16 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Bununla da iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində iddia müddətini buraxmışdır. Bu səbəbdən əvvəlki illər üzrə iddia müddəti ötürüldüyündən iddia tələbi qismən təmin edilməli, məcburi iş buraxma dövrü üçün əmək haqqı son bir il üzrə, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək (işə bərpa olunduğu tarixədək) olan müddət üçün ödənilməlidir. Qalan hissədə isə, yəni xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi üzrə iddia müddəti ötürüldüyündən, iddia həmin hissədə rədd edilməlidir. Qeyd edilən müddət ərzində ödənilməli olan məbləğin hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında hər iki tərəf iddia təmin olunarsa, ödənilməli məbləğin icra qaydasında müəyyənləşdirilməsini xahiş etmişlər. Məhkəmə müvafiq məbləğin hesablanması üçün əlavə olaraq ekspertiza təyin edilməsinin işin uzanmasına səbəb olacağını, bir qayda olaraq məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı məbləğinin icra məmuru tərəfindən hesablandığını nəzərə alaraq hesab edir ki, məcburi iş buraxma müddəti üçün hesablanmalı olan dövr aralığı müəyyən edilməklə iddia qismən təmin edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74, 75, 71, 76, 296.4, 300-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233 və 360 maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətlərinin dəlilləri

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-413/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hisəssinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxs işə bərpa edilmişdirsə işə bərpasına dair tələbində məcburi iş buraxmaya görə tələbinin olub-olmamasından aslı olmayaraq işə götürən şəxs tərəfindən həmin məbiləğ işçiyə ödənilməlidir. Ona görə də burada hər hansı bir iddia müddətindən söhbət gedə bilməz. Məhkəmənin iddia müddətinin tətbiq hissəsində yanlışlığa yol verməsi qənayətindədir.

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-413/2024 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki,. məhkəmə qərar qəbul edərkən, hesab etmişdir ki, iddiaçının hüquqları davamedən pozuntuya məruz qalmışdır. Lakin, məhkəmə davamedən pozuntunun nədə ehtiva edilməsini aydınlaşdırmamış, habelə iddianın təmin edilməsi hissəsində maddı hüquq normalarını düzgün tətbiq etməmişdir. Qanunvericilikdə hüquqların davamedən pozuntusu anlaşıyışının mövcudluğuna hüquqi münasibət bildirilməmişdir. İşə baxan məhkəmə təqdim olunmuş sənədlərə hüquqi qiymət vermədən iddia müddətini tətbiq etməklə iddia tələbini qismən təmin etmişdir. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Lakin, iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq iki ildən sonra əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzürlü səbəbdən otürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də hesab edirəm ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir.

Apelyasiya şikayətərinə qarşı etirazın dəlilləri

14. Apelyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, cavabdeh son 2 il üçün məcburi iş buraxma müddəti üçün əmək haqqını ödəməli idi. Ona əvvəl bildirilmişdir ki, işə bərpa olunan zaman məcburi iş buraxma müddəti üçün də əmək haqqı ödəniləcək. Ona görə ayrı iddia qaldırmamışdı.Sonradan izah edildi ki, məhkəmə qərarı olmalıdır. O da iddia qaldırdı. Mediyasının arayışını gec almışdı, 2 dəfə geri qaytarılmışdı.Buna görə gec təqdim edilmişdi. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

16. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X5 apellyasiya dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixində əmək müqaviləsinə xitam verilib. İşə bərpa ilə bağlı iddia qaldırılıb, lakin həmin zaman məcburi iş buraxma müddəti üçün əmək haqqı tələb edilməyib. Qətnamə qanuni qüvvəyə minib, iddiaçı işə bərpa edilib. İddiaçı 2 il sonra hazırkı iddianı qaldırıb. Müddətin tətbiqi ilə bağlı ərizə təqdim edib. İddaçı müddəti ötürmüşdür. Məhkəmə iddanı qismən təmin etmişdir. Məhkəmənin qətnaməsi ilə razı deyil. Qətnamədə qeyd edilmişdir ki, hazırda davam edən pozuntu var. Lakin, həmin pozuntunun nə zaman əsaslı hesab edilməsi məsələsi aydınlaşdırılmamışdır. İddiaçı müddəti üzrsüz səbəbdən buraxmışdır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Barışıq mümkün deyil. 2021-ci ilin iyun ayında iddiaçı işdən çıxan zaman artıq hüquqları pozulmuşdu. O, 1 il ərzində əmək haqqını tələb etməli idi. 2 ildən sonra tələb etməsi qanunsuzdur. Qanunvericiliyə əsasən hazırkı iddia işə bərpa tələbi ilə birlikdə baxılmalı idi.Əgər iddia qaldırsa idi, həmin zaman məcburi iş buraxma müddəti üçün əmək haqqı tələb edilə bilərdi İddia tələbinin rədd edilməsini xahiş edir .

Tətbiq edilən maddi hüquq normaları:

17. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.6 Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

18. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Maddə 32.4.2. Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə aşağıdakı gündən xitam verilir. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdeh isə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

24. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının Təhsil Nazirinin K- 719 saylı, xx.xx.2021-ci il tarixli əmrə əsasən Kəlbəcər rayonu 23 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 7 iyul 2021-ci il tarixindən ləğv edilməsi qərara alınmışdır.

25. İddiaçı tərəfindən əmr mübahisələndirilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-808/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbi təmin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-719 saylı əmrinin ləğv edilməsi və İddiaçı əvəlki vəzifəsinə bərpa olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6340/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-808/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1278/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6340/2022 nömrəli iş üzrə 28 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/2-1- 696K/2023 saylı əmrinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirinin K-719 saylı, xx.xx.2021-ci il tarixli əmrinin 1-ci bəndinin ləğv olunması, İddiaçı Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi qərara alınmışdır.

27. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi iş buraxma müddəti üçün, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün ödənilməmiş əmək haqqı məbləğinin tutulmasını xahiş etmişdir.

28. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/2-1- 696K/2023 saylı əmrindən əvvəlki 1 il üçün məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tutulmalı olmasını qət etmiş, mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqlarının pozulması davam edən pozuntuya aiddir. İddiaçı işdən çıxarıldığı vaxtdan hüquqlarının pozulduğunu bilirdi, bu xx.xx.2021-ci il tarixindən başlamaqla xx.xx.2023-cü il tarixinədək olan dövrü əhatə edir. Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş 1 il iddia müddəti nəzərə alınmaqla məcburi iş buraxma dövrü üçün əmək haqqı son bir il üzrə, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək (işə bərpa olunduğu tarixədək) olan müddət üçün ödənilməlidir.

29. İddia tələbinə dair cavabdehin etirazının və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı işdən azad edilməsi ilə bağlı əmrin mübahisələndirilməsi ilə bağlı iddia tələbi ilə eyni vaxtda məcburi işburaxmaya görə iddia tələbi ilə məhkəməyə müraciət etməli idi.

30. Qeyd edilən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Lakin, güründüyü kimi iddiaçı işə bərpa olunsa da ona məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi məsələsinə baxılmamış və məhkəmə aktında qeyd edilməmişdir. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, işçinin məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur.

31. Lakin, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdeh tərəfindən iddia müddtətinin tətbiqi barədə ərizə verildiyindən iddia müddəti tətbiq edilməlidir. İddia müddətinin tətbiq edilməli olmaması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlili əsasızdır.

32. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində qeyd edilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

33. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirinin K-719 saylı, xx.xx.2021-ci il tarixli əmri qəbul edildiyi vaxtdan hüququnun pozulduğunu bilmiş, bununla bağlı əmrin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşçinin işdən azad edilməsi ilə bağlı qəbul edilmiş əmr Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/2-1- 696K/2023 saylı əmrinə əsasən ləğv edilmişdir. İşə bərpa olunduqda isə ona bir daha məlum olmuşdur ki, ona məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməyəcək. Göründüyü kimi ona əmək haqqının ödənilmədiyi dövr davam edərək xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək olan dövrü əhatə etmişdir.

34. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/2-1- 696K/2023 saylı əmri qəbul edildiyi tarixdən 1 il əvvəlki dövr üçün məcburi iş buraxmaya görə əmək haqqının tutulmalı olması ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmır.

35. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyaya mürciət etmişdir. Mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Arayış tərəfə rəsmi təqdim edildikdən sonra iddiaçı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

36. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü bəndində qeyd edilir ki, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qanunun 35.1-ci maddəsində qeyd edilir ki, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

37. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırkı münasibətlərə Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə xx.xx.2023-cü il tarixdən əvvəlki 1 illik dövr üçün iddiaçının xeyrinə məcburi iş buraxmaya görə pul tutula bilər. Nəzərə alsaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/2-1- 696K/2023 saylı əmrinə əsasən iddiaçı işə bərpa olunmuşdur. Deməli, ödənilməli olan dövr xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edir.

38. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

39. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 413/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi “Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilməli, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-413/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi “cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar