Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3174/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-5959/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə nikahları xx.xx.2012-ci il tarixdə bağlanmış, birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X2 və xx.xx.2016-cı il tarixdə X3 doğulmuşdur. Cavabdehlə ilk vaxtlar münasibətləri yaxşı olsa da sonradan münasibətləri pisləşmişdir. Cavabdehin onu tez-tez döyməsinin nəticəsində valideynlərinin yanına qayıtmış, ancaq sonradan yenə də barışıb bir yerdə yaşamağa başlamışlar. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə cavabdeh onu təkrar döymüş, bundan sonra valideynlərinin yanına qayıtmış və hazırda onlarla birlikdə yaşayır, uşaqlarına baxır, valideynləri uşaqların saxlanmasında ona köməklik göstərirlər. Cavabdeh ötən müddət ərzində bir dəfə də olsun uşaqları ilə maraqlanmamış, nə maddi, nədə ki, mənəvi dəstək göstərməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)- 5959/2020 saylı ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, alimentin tutulmasına xx xxxxxxx 2020-ci il tarixdən başlanılması qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh 582,23 manat maaş alır, onun 1/3 hissəsi 194,76 manat təşkil edir ki, bu məbləğ də iki uşağın saxlanılması üçün minimum məbləğdən azdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətində işləyir, nəfəs alətində ifa edir, saat 14-dən sonra isə Əhmədli qəsəbəsində yerləşən “Neapol” kafesində ofisiant kimi işləyir, kafedə gündəlik verilən 10 manatdan əlavə də gəliri olur. Hazırda iki uşağın saxlanılması üçün müəyyən edilmiş 194 manat aliment kifayət qədər aşağı məbləğdir, özü işləmir, anası xəstədir, atası isə pensiya alır və ailənin saxlanılmasında yalnız atası iştirak edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Orkestrində “tuba” nəfəs alətində ifa edir, iş vaxtı saat 09:00-dan 13:00-a kimidir, saat 14:00-dan sonra isə kafedə ofisiant kimi işləyirdi, pandemiya dövründə isə əlavə işləyə bilməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, faktiki olaraq birgə yaşamırlar, onların arasında ər-arvad münasibətlərinə son qoyulmuşdur, ümumi təsərrüfat aparmırlar. Birinci instansiya məhkəməsi cavabdehin qazancı müntəzəm olmaqla alimentin müəyyən hissə kimi tutulması mümkün olduğuna görə hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında məbləğində aliment tutulması qənaətinə gəlmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinin mənasına görə, aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində aliment tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində, 2021-ci il üçün 175 manat məbləğində müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin, bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği (cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında) hazırki vəziyyətdə iki uşağın saxlanılması üçün yetərli və ağlabatan məbləğ deyildir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Xidmətin Mühafizə alayında qulluq edir və aylıq vəzifə maaşı 634,30 manat təşkil etməklə, ələ çatan məbləğ 582,23 manatdır. Apellyasiya baxışı zamanı tərəflərin izahatlarından müəyyən edilmişdir ki, cavabdeh günün birinci yarısı işləyir, günün ikinci yarısı isə əlavə fəaliyyətlə məşğul olmaqla (kafedə ofisiant kimi işləyir) gündəlik gəlir əldə edir. Belə olan halda Kollegiya qeyd edir ki, cavabdehin aylıq qazancı olan 582,23 (ələ çatan məbləğ) manatın 1/3 hissəsi 194,04 manat edir ki, bu da iki uşağın saxlanılması üçün hazırki dövrün həyat standardları ilə uyğunluq təşkil etmir, göründüyü kimi cavabdehin əlavə gəlirləri də var, odur ki, Kollegiya işin hallarını, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşaqlarının əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, ölkə üzrə getdikcə artan yaşayış minimumu məbləğini nəzərə almaqla hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment məbləği ilə yanaşı, hər uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə ayda 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment də tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5959/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3174/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3174/2021
01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver