Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3189/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2337/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2011-ci il təvəllüdlü X1 və xx xxxx 2014-cü il il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşağa 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, o,Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Birgə nikahlarından xx xxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxx 2014-cü il il təvəllüdlü X4 dünyaya gəlmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-3590/2017 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. xx.xx.2017-ci il tarixdə cavabdehlə aralarında bağlanmış sazişə əsasən aliment qismində 50.000 manat məbləğində pul vəsaitinin ödənilməsi nəzərdə tutulsa da, cavabdeh həmin məbləği ona ödəməmişdir. Sadəcə olaraq cavabdeh bu barədə öhdəlik götürmüş, lakin yerinə yetirməmişdir. Cavabdehə uşaqlarını saxlamaq, aliment ödəmək üçün dəfələrlə müraciət etsə də o heç bir reaksiya etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2337/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə yalnız bir cümlə ilə əsaslandırılmış və tələbi təmin edilməmişdir. Qətnamədə qeyd edilir ki, nə qədər ki, tərəflər arasında xx xxxxx 2017-ci il tarixdə bağlanmış saziş mübahisələndirilməyib və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində artıq alimentə qiymət verilib iddia tələbi təmin edilə bilməz. Məhkəmənin gəldiyi bu nəticə ilə qəti razı deyil. Çünki məhkəmə iclasının gedişində iddia tələbi tərəfindən dəqiqləşdirilərək xx.xx.2017-ci il tarixli sazişin ləğv edilməsi və 50000 manat məbləğində aliment ödənişinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2337/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-3590/2017 saylı qətnaməsindən görünür ki, Əmiraslanova (Məmmədova) Azadə Azər qızı ilə Cavabdeh nikahları pozulmuş, xx xxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxx 2014-cü il il təvəllüdlü X4 anaları Əmiraslanova (Məmmədova) Azadə Azər qızının yanında saxlanılmışdır. Qətnamənin 1-ci vərəqinin 4-cü abzasında, 2-ci vərəqinin 4-cü abzasında, 3-cü vərəqinin 2-ci abzasından görünür ki, aliment ödənilməsi ilə bağlı məsələ tərəflər arasında bağlanmış sazişlə həll edilmişdir. İş materiallarında olan Cavabdeh ilə Əmiraslanova (Məmmədova) Azadə Azər qızı arasında aliment qismində 50.000 manatın verilməsinə dair xx.xx.2017-ci il tarixdə saziş imzalanmış və bu saziş Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq edilib. İş materiallarında olan AZE seriyalı 13157921 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 mənzil 33 ünvanında qeydiyyatdadır. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məcəllənin 22.2-ci maddəsinə görə isə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Belə ki, nə qədər ki tərəflər arasında xx xxxxx 2017-ci il tarixdə bağlanmış saziş mübahisələndirilməyib və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində artıq alimentə qiymət verilib, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı şikayətində məhkəmə iclasının gedişində iddia tələbinin tərəfindən dəqiqləşdirilərək xx.xx.2017-ci il tarixli sazişin ləğv edilməsi və 50000 manat məbləğində aliment ödənişinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdiyini bildirsə də, iş materiallarından görünür ki, həmin dəqiqləşmə barədə ərizə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2337/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmış və həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1970/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2337/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2337/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3189/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3189/2021
10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver