Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3189/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərardadından iddiaçı X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İran İslam Respublikasının vətəndaşı Əlizadəqərib Məryəmin Azərbaycan Respublikasında olması və xəyanət etməklə 20.01.2022-ci il tarixdə “Modern” Hoteldə əxlaqsızlıq hərəkətlərinin təsdiq edilməsi faktı barədə və 15 manat məhkəmə rüsumu ilə birgə sənədlərin tərcüməsi üçün iddiaçının çəkdiyi 250 manat məbləğində borcun cavabdeh İİR vətəndaşları Əlizadəqərib Məryəm və X2 Qurbanəlidən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim A.Novruzova, iş № 2(005)-1342/2022) iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunmuşdur. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında iddianın yolverilməzliyinin nədən ibarət olmasını göstərməmişdir. Cavabdeh3ə münasibətdə iddiaçı iş üzrə lazımi sübutu almaq üçün müraciət etsə də, cavabdehin sübutu təqdim etməsinə dair imtina cavabı da mübahisənin olmasından məlumat verir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi imtinasını onunla əsaslandırmışdır ki, iddia ərizəsi həyat yoldaşı - cavabdeh Əlizadəqərib Məryəmin 20.01.2022-ci il tarixində “Modern Hotel" mehmanxanasının 206 saylı otağında İran İslam Respublikasının vətəndaşı cavabdeh X2 Qurbanəli ilə eyni vaxtda bir yerdə olmaları faktı üzrə Əlizadəqərib Məryəmin əxlaqsız hərəkətlərinin və bununla da xəyanətinin təsdiq edilməsinə dair iddia icraatı qaydasında verilmişdir. Mülki-prosessual hüququn prinsiplərinə əsasən məhkəmə yalnız mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə). İddiaçının hazrkı tələbi məhkəmədə iddia icraatı qaydasında mübahisələndirilə bilməz. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia ərizəsində cavabdehlərə yönələn tələblər müəyyən edilmir, yalnız faktın müəyyən edilməsi xahiş edilir ki, bu da tələb hesab edilə bilməz. İddiaçının cavabdehlərin hərəkətləri nəticəsində hansı pozulmuş hüquq və mənafelərinin olması və nədən müdafiə edilməsi aydın deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3189/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3189/2022
30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver