Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3194/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin istifadəyə yararlı vəziyyətdə ona qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2007-ci il buraxılışlı, qara metallik rəngli, mühərrik nömrəsi 6G72TH2240, Ban nömrəsi JMYLRV938J709035, dövlət qeydiyyat nişanı ** TA *** olan “Mitsubishi Pajero” minik avtomobilinin alqı-satqısı haqqında cavabdehlər arasında 23.09.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab olunması və həmin avtomobilin tam saz (istifadəyə yararlı) və zədəsiz vəziyyətdə Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə mülkiyyətində olan 2007-ci il buraxılışlı, ** MA *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” minik avtomobilinin həmin cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış Cavabdeh1 qaytarılmasına hökm edilmiş, hökmdən verdiyi apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, kassasiya şikayəti əsasında işə baxan Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli qərarı ilə iş baxılması üçün yenidən Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmış, Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı ilə hökmdə “Mitsubushi Pajero” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi Cavabdeh1 qaytarılsın” ifadəsinin “Mitsubishi Pajero” markalı **-MA-*** qeydiyyat nişanlı JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edilməsi qərara alınmışdır. Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli qərarının və onun əsasında qəbul edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli hökmünün qanuni qüvvədə olmasına və Cavabdeh1 işin məhkəmələrdə davam etməsini bilməsinə baxmayaraq, avtomobilin qaytarılmasını çətinləşdirmək, həm də avtomobilin əlindən alınmasının qarşısını almaq üçün avtomobili 29.09.2019-cu il tarixdə digər Cavabdeh2 satmışdır. Halbuki Cavabdeh1 avtomobil barəsində sərəncam vermək hüququnu Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə əldə etmiş, hökmün müvafiq hissəsi Sumqayıt Apelyasiya Məhkəməsinin 09.10.2020-ci il tarixli qərarı ilə dəyişdirildiyindən onun bu səlahiyyəti ortadan qalxmışdır. Yəni Cavabdeh1 aldatma yolu ilə hərəkət edərək avtomobili Cavabdeh2 satmış, bu zaman belə bir səlahiyyəti olmamışdır. Hazırda avtomobil Cavabdeh2 adına olsa da, əsas vicdanlı mülkiyyətçi odur və buna görə də cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunaraq avtomobil Cavabdeh2 alınıb ona geri qaytarılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 2007-ci il buraxılışlı, ** TA *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” minik avtomobilinin alqı-satqısı barədə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 23.09.2019-cu il tarixli müqavilənin etibarsız sayılması, həmin avtomobilin Cavabdeh2 alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunmaması ilə bağlı hissədə - ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, avtomobilin saz vəziyyətdə qaytarılması tələbini təmin etməməklə qeyri-müəyyən nəticəyə gəldiyini, avtomobilin əsaslı hissələrinin yox edilməsinə, zələnməsinə və ya istifadəyə yararsız vəziyyətə gətirilməsinə şərait yaratdığını, bu nəticənin işin hallarına uyğun olmadığını, Cavabdeh2 mülkiyyətinə keçirilərkən avtomobilin saz vəziyyətdə olmasını nəzərə almadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Qətnamədən Cavabdeh2 da apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin onun vicdanlı alıcı olmasını nəzərə almadığı, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. İddiaçı məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək və cavabdehin şikayətinin əsassız olduğunu bildirərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs avtomobili 19 sentyabr 2019-cu il tarixdə almış və 3 gün sonra mülkiyyətinə keçirmiş, avtomobili adına sənədləşdirəndə hər hansı mübahisəli məsələnin olduğu ona bildirilməmiş, xeyli pul sərf edərək avtomobili təmir etdirmişdir. Həmin vaxtdan avtmobildən özü istifadə edir, vicdanlı alıcıdır, avtomobili qanuni şəkildə əldə etmiş, dəyərini ödəmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da nümayəndəsinin izahatını təsdiq etdiyini bildirərək şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri (vaxtı) barəsində məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsinin apellyasiya şikayəti təmin olunmamalı, Cavabdeh2 şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, “Mitsubishi Pajero” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil 26.12.2009-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, 17.11.2017-ci il tarixdə ** MA *** dövlət qeydiyyat nişanı təhkim edilməklə İddiaçı mülkiyyətinə keçirilmiş, 12.06.2019-cu il tarixdə ** TA *** dövlət qeydiyyat nömrəsi ilə yenidən X5 adına qeydiyyata alınmış, 23.09.2019-cu il tarixdə isə Cavabdeh2 satılmışdır. Abşeron Rayon Məhkəməsinin iş materiallarına əlavə olunmuş 16 may 2019-cu il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X12 təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq qərarına gəlib, bu məqsədlə işlədiyi "xxxx" MMC-yə müvəqqəti olaraq icarə müqaviləsi əsasında X6 etibar etdiyi “Mitsubishi Pajero” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili 11 noyabr 2017-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda X2 adına verdiyi 7E-24870 reyestr nömrəli etibarnamənin üzərində mexaniki üsulla pozma aparıb həmin avtomobilin X11 tərəfindən ona etibar edilməsi barədə avtomobil üzərində sərəncam vermək hüququ verən 06 noyabr 2017-ci il tarixli 7E-24870 reyestr nömrəli rəsmi sənəd hesab edilən etibarnaməni istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlamış, daha sonra öz adından X4 adına 15 noyabr 2017-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat kontorunda rəsmiləşdirilmiş 7E-18556 reyestr nömrəli etibarnamənin surətinin əsli ilə düzgünlüyünü Bakı şəhəri 48 saylı notariat kontorunda 7S702605 reyestr nömrə ilə təsdiq etdirdikdən sonra bu barədə məlumatları texniki qurğuların vasitəsilə kompüterə köçürüb qrafik proqram təminatından istifadə etməklə hazırladığı 06 noyabr 2017-ci il tarixli Cavabdeh1 tərəfindən onun adına daşınar əmlakın etibar edilməsi barədə olan saxta mülki etibarnamənin surətinin guya əsli ilə düzgünlüyünün 17 noyabr 2017-ci il tarixdə Bakı şəhəri 48 saylı notariat kontorunda təsdiq edilməsi barədə məlumatları axınlı printerdə çap edərək reyestrdə 1S-702528 nömrə ilə qeydə alınması barədə yalan məlumatları daxil edərək saxta sənəd hazırlamış, həmin saxta mülki etibarnamə və onun təsdiq edilməsi barədə saxta sənəddən bilə-bilə istifadə etməklə avtomobili həmin tarixdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində özgəninkiləşdirərək, zərərçəkmiş şəxs Ramiz Baxışova 22 000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin həmin hökmü ilə X12 Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü və 320.1ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, DİN-in BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan “Mitsubishi Pajero” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi, avtomobilin faktiki sahibi Cavabdeh1 qaytarılması və cinayət işi üzrə müiki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı Cavabdeh1 oğlunun mülki cavabdehə qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı Cavabdeh1 tələbdən imtina etdiyinə görə xitam verilməsi hökm edilmişdir. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmündən İddiaçı verdiyi apelyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il qərarı ilə təmin edilməmiş, Ali Məhkəmənin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il qərarının “iş üzrə maddi subut kimi tanınmış və DİNin BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan “Mitsubishi Pajero” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi, “Mitsubishi Pajero” markalı **-BA-*** qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Cavabdeh1 qaytarılması və cinayət işi üzrə mülki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı Cavabdeh1 oğlunun mülki cavabdehə qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı Cavabdeh1 mülki iddia tələbi üzrə icraata xitam verilməsi” hissəsində ləğv edilməsi qərara alınmış, cinayət işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 09.10.2020-ci il tarixli Qərarı ilə X7 Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü maddi sübuta aid hissədə dəyişdirilmiş, hökmdə “Mitsubhishi Pajero” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh1 qaytarılsın” ifadəsinin “Mitsubishi Pajero” markalı **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edilməsi qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, 26.12.2009-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış “Mitsubishi Pajero” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 törətdiyi cinayət əməli nəticəsində onun mülkiyyətindən çıxarılaraq 17.11.2017-ci il tarixdə İddiaçı satılmış, 12.06.2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmünün icrası qaydasında ** TA *** dövlət qeydiyyat nömrəsi ilə yenidən X5 adına qeydiyyata alınmış, 23.09.2019-cu il tarixdə isə sonuncu tərəfindən Cavabdeh2 satılmışdır. Birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, “Mitsubishi Pajero” markalı **-MA-*** qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi üçün əsas olan məhkəmə qərarının dəyişdirilməsi (hüquqi əsasın aradan qalxması ilə), həmçinin avtomobilin alınaraq iddiaçıya verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması həmin avtomobilə dair Cavabdeh1 tərəfindən edilmiş hərəkətlərdən irəli gələn bütün hüquqi nəticələrin, o cümlədən Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb olur. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə, gəldiyi bu nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar baxımından, onun mübahisələndirdiyi müqavilənin etibarlılığı məsələsi araşdırılmalı, həmin faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıbuzlaşmadığına qiymət verilməlidir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Yuxarıda qeyd olunduğu kimi, “Mitsubishi Pajero” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil 26.12.2009-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, X1 etibarnamə əsasında 17.11.2017-ci il tarixdə İddiaçı satılmış, Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmünün icrası qaydasında 12.06.2019-cu il tarixdə yenidən X5 adına qeydiyyata alınmış, Cavabdeh2 satılarkən məhz Rasim Bağırovun mülkiyyətində olmuşdur. İşin hallarından görünür ki, Cavabdeh2 avtomobili satın aldığı zaman avtomobillə bağlı problem olduğunu bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuşdur. Adı çəkilən şəxsin avtomobili vicdanla əldə etmiş olduğu işin ümumiyyətlə mübahisələndirilməyən halıdır. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının hüququnun pozulmuş olduğu qəbul edilsə belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, iddia tələblərinin vicdanlı alıcı olan Cavabdeh2 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bununla yanaşı kollegiya qeyd edir ki, iddiaçı, məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı X8, yaxud Cavabdeh1 (əgər, o da iddiaçıya zərər vurulmasında iştirak etmişdirsə və ya əsassız varlanmışdırsa) qarşı ümumi qaydada tələb irəli sürmək hüququna sahibdir. Bu qənaətə gələrkən kollegiya nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4092/2021 saylı iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin istifadəyə yararlı vəziyyətdə ona qaytarılması” tələbi təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3194/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3194/2022
28.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver