Məhkəmə qərarları › İş №2(103)-3197/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3197/2021

07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3197/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, tərəflərin iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)- 4137/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü Şahbaz Fatiməxanım Hicran qızının, xx.xx.2008-ci il təvəllüdlü Şahbaz Yunus Hicran oğlunun və xx.xx.2011-ci il təvəllüdlü Şahbaz Məryəm Hicran qızının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər birinə 170 manat olmaqla, cəmi 510 (beş yüz on) manat məbləğində alimentin tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(010)-4137/20) iddia təmin edilərək Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü Şahbaz Fatiməxanım Hicran qızının, xx.xx.2008-ci il təvəllüdlü Şahbaz Yunus Hicran oğlunun və xx.xx.2011-ci il təvəllüdlü Şahbaz Məryəm Hicran qızının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunmasını və ondan hər uşağa görə 70 manat olmaqla, cəmi 210 manat məbləğində alimentin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2002-ci ildə faktiki nikah münasibətinə daxil olmuş, 2018-ci il tarixə kimi birlikdə ailə həyatı sürmüş, bu müddətdə üç övladları - xx.xx.2005-ci il təvəllüdlü Şahbaz Fatiməxanım Hicran qızı, xx.xx.2008-ci il təvəllüdlü Şahbaz Yunus Hicran oğlu və xx.xx.2011-ci il təvəllüdlü Şahbaz Məryəm Hicran qızı dünyaya gəlmişdir. İlk vaxtlarda münasibətləri yaxşı olsa da, sonradan pozulmuşdur. Cavabdeh iki ildir ki, ailəsini atıb başqa yerdə yaşayır. Onun (iddiaçının) maddi imkanı yaxşı olmadığı üçün uşaqlara baxa bilmir. Cavabdeh getdiyi gündən uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Hazırda o, heç yerdə işləmir, cavabdeh isə daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur və kifayət qədər gəlir əldə edir. Azyaşlı övladı böyrək çatışmamazlığından əziyyət çəkir və onun müalicəsi üçün vəsait lazımdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun məhkəmə baxışında iştirakının təmin edilməsi üçün mobil telefonuna mesaj atmamış, əvvəllər faktiki yaşadığı evə bildiriş göndərməmişdir. Həyat yoldaşından ayrılarkən yenicə aldığı bütünlüklə təmirdən çıxmış fərdi evi ailəsinin sərəncamına verib çıxaraq ora qayıtmayacağını öhdsəinə götürmüşdür. Əvəzində arvadı Könül tamamilə könüllülük əsasında hər hansı təzyiq, təhdid olmadan özü işləyib uşaqları dolandırmaqla ondan aliment tələb etməyəcəyini öhdəsinə götürdüyünü bildirmişdir. Təxminən 2 il müddətində bu razılıqları pozulmamışdır. İddiaçı həmin müddətdə kafe və restoranlarda aşbaz, xörəkpaylayan işləyib, qazancı da yetərli olub, artıq daimi iş yerini itirib, onun aldığı evdə də deyil, başqa yerdə yaşayır, uşaqların da harada və kiminlə yaşaması ona məlum deyil. Məhkəmə iddiaçının subyektiv mülahizəsinə, yəni guya daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olduğuna dair heç bir rəsmi sənədlə təsdiqlənməyən məlumata mötəbər sübut kimi əsaslanaraq ümumilikdə 510 manat sabit pul məbləğində alimentin ödənilməsini müəyyən etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh apellyasiya şikayətində qətnaməni qismən mübahisələndirir və ondan hər uşağa görə yalnız 70 manat aliment tutulmasını xahiş edir. Deməli, cavabdeh qətnamənin hər uşağa görə 70 manat aliment tutulması hissəsini qəbul edir və həmin hissədə qətnaməni mübahisələndirmir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər 2002-ci ildə faktiki nikah münasibətinə daxil olmuş, 2018-ci il tarixə kimi birgə ailə həyatı yaşamış, bu müddətdə üç övladları - xx.xx.2005-ci il təvəllüdlü Şahbaz Fatiməxanım Hicran qızı, xx.xx.2008-ci il təvəllüdlü Şahbaz Yunus Hicran oğlu və xx.xx.2011-ci il təvəllüdlü Şahbaz Məryəm Hicran qızı dünyaya gəlmişdir. İddiaçının tələbi uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən aliment tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aliment tələbinə dair işlərə məhkəmələr tərəfindən baxılarkən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Məhkəmənin qənaətinə görə uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, cavabdehin göstərdiyi qaydada aliment tutulması uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə ziddir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən edilmiş elektron sorğu ilə müəyyən edilmişdir ki, Cavabdeh əmək müqaviləsi əsasında iş yeri mövcud deyil, sabit gəliri olmasını təsdiq edən sübut yoxdur, lakin cavabdeh vergi ödəyicisi olmaqla fərdi sahibkar statusuna malikdir. Yük avtomobili nəqliyyatı fəaliyyəti istiqamətində un məmulatları sexində aktiv vergi ödəyicisi kimi fəaliyyət göstərir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiklərinə münasibətdə bildirilməlidir ki, göstərilən hallar uşaqlara aşağı səviyyədə həyat şəraitinin təmin edilməsi üçün səbəb deyildir. Həmçinin cavabdeh iddiaçıya ev verdiyini, bunun müqabilində iddiaçının aliment ödəməktən imtina ilə bağlı aralarında razılıq olduğunu, iddiaçının onun verdiyi evi qəbul etdikdən bir müddət sonra oranı tərk etməsini göstərsə də, bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, cavabdehin apellyasiya şikayətindən də göründüyü kimi, cavabdeh övladlarını ata qayğısından ümumiyyətlə məhrum etmişdir, onlarla maraqlanmır, hətta könüllü olaraq maddi və ya mənəvi dəstək göstərmir. Cavabdeh özü də göstərir ki, uşaqlarının harada və kiminlə yaşamasını bilmir, bu özü də cavabdehin ata kimi uşaqlarla maraqlanmadığının, onlara qayğı göstərmədiyinin bir göstəricisidir. Uşaqların gündəlik tələbat və qayğıları ilə ana təkbaşına məşğul olur. Halbuki, cavabdehin ata kimi uşağa diqqət və qayğı göstərmək borcudur, cavabdeh apellyasiya şikayətində göstərdiyi kimi iddiaçıya ev vermiş olsaydı belə, bu onu atalıq vəzifələrini yerinə yetirməkdən, uşaqlara ata qayğısı, maddi və mənəvi dəstək göstərməkdən azad etmir, belə bir imtina yolverilməzdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq aliment barədə iddianı təmin etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən xx xxxxxx 2020-ci il tarixdən uşaqlar üçün məbləğ 170 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar