Məhkəmə qərarları › İş №2(103)-3200/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3200/2024

08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3200/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-310/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 310/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

3. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-310/2024 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır.

4. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən qətnaməni rəsmi qaydada aldıqdan sonra ondan apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 360-cı maddəsində nəzərdə tutulduğu qaydada 1 ay müddətində verməmiş, apellyasiya şikayətini verərkən Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinin tələbinə əməl edib, prosessual müddətin bərpa olunması barədə vəsatət verməmiş, bununla da Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsində nəzərdə tutulduğu kimi prosessual hərəkətləri etmək hüququ keçmiş olmuşdur. Bundan başqa, iddiaçının apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin forma ilə bağlı imperativ göstərişinə əməl olunmamış, iddiaçı tərəfindən təqdim olunmuş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilsə də, apellyasiya şikayəti MPM-in 2 saylı əlavəsinə uyğun verilməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verilərkən prosessual müddətlər buraxılmamış və elektron məhkəmə informasiya sisteminə dair mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmişdir. Qətnamə elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-310/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. İş materiallarından aydın olur ki, məhkəmənin xx.xx.2024-ci il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə iddiaçının və onun nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada çatdırılmışdır.

13. Lakin iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulan müddətdə apellyasiya şikayəti verilməmiş, apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə yerləşdirilmişdir.

14. Göründüyü kimi, iddiaçı qətnamədən şikayət verilməsi üçün qanunverciliklə nəzərdə tutulan 1 ay müddəti ötürmüş, bunula belə prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir.

15. Bununla yanaşı, iddiaçının nümayəndəsi və vəkili tərəfindən elektron formada tərtib edilmiş və elektron imza ilə təsdiq edilmiş apellyasiya şikayəti MPM-ə “Əlavə 2”-də göstərilmiş formaya uyğun tərtib edilməmişdir.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-310/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kasssaiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar