Məhkəmə qərarları › İş №2(103)-3217/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3217/2021

16.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3217/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(002)-2546/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə qeyri-rəsmi nikahlarından doğulmuş 17 dekabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların bu münasibətlərindən 17 dekabr 2008-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Cavabdehlə evli olduqları ilk vaxtlarda münasibətləri yaxşı olsa da, sonralar cavabdehin ona qarşı münasibəti dəyişmişdir. Beləcə aralarında mübahisələr yaranmağa başlamış, bu səbəbdən ayrılmışlar. Hal-hazırda bir ana kimi övladını təkbaşına böyütmək onun üçün çox çətindir. Övladının bütün maddi tələblərini özü qarşılayır. Uşaq məktəblidir, 5-ci sinif şagirdidir. Cavabdeh isə ticarətlə məşğuldur. Aylıq gəliri kifayət qədər yüksəkdir. Təxminən hər ay 2000 manat miqdarında qazancı olur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(002)- 2546/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 17 dekabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 oktyabr 2020-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və 17 dekabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin sonuncu nikahından 3 yetkinlik yaşına çatmamış uşağı vardır. Bundan əlavə onun iddiaçı ilə nikahından öncəki nikahdan olan uşağı üçün də aliment ödəyir. Cavabdeh “xxxx” MMC-də satıcı-kassir vəzifəsində çalışır və 260 manat məbləğində əmək haqqı alır. Aylıq sabit qazancı olmasına baxmayaraq, birinci instansiya məhkəməsi əmək haqqının müəyyən hissəsinə münasibətdə qanunvericilikdə müəyyən edilmiş qaydada aliment tutulmasını deyil, aylıq sabit pul məbləğində aliment tutulmasını qət etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(002)-2546/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 iyun 2009-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, 17 dekabr 2008-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də müəyyən olunan alimentin 2020-ci ildə uşaqlar üçün yaşayış minimumuna müvafiq müəyyən edilməsini əsas götürərək iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin başqa nikahdan 3 uşağının olması, bu barədə məhkəməyə sübut təqdim etməsə də, birinci nikahdan olan uşağa görə aliment ödəməsi və azmaaşlı işdə işləməsi onu iddiaçı ilə birgə nikahlarından doğulmuş uşağı normal saxlamaq vəzifəsindən azad etmir. Cavabdeh aldığı 260 manat məbləğində alimentin 1/4 hissəsi miqdarında iddiaçıya aliment ödəməyə hazır olduğunu bildirsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğdə aliment (260:4=65) 2008-ci il təvəllüdlü uşağın normal saxlanması üçün yetərli deyil. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(002)- 2546/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar