Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3219/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və X2 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1098/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 iyul 2022-ci il tarixli 1(074)-39/2022 saylı hökmü ilə Cavabdeh İB-nin X16 İstismar İdarəsinin Şamaxı xidmət sahəsinin təmirçi çilingəri X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin xidmətin 8-ci dərəcəli texniki X8 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Hökmdən görünür ki, həmin şəxslərin təqsirli hərəkətləri nəticəsində 01 oktyabr 2021-ci il tarixdə qaz xəttindən sızan qazın Şamaxı şəhəri M.Qəniyev küçəsi 17 saylı evin kanalizasiya borusu vasitəsilə hamam-ayaqyolu otağının daxilinə dolaraq partlaması və yanğına səbəb olması nəticəsində həmin evin sakini X3 ölmüşdür. İddiaçı X1 anasıdır.
2. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)-2414/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, mərhum X1 ölümü ilə əlaqədar mənəvi zərərə görə arvadı X6 Cavabdeh İB tərəfindən 50000 manat məbləğində kommpensasiya ödənilməsi qət edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi zərərə görə cavabdehdən 500.000 manat məbləğin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin işçilərinin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Baş vermiş cinayət hadisəsi nəticəsində İddiaçı oğlunu itirmiş və nəticədə ağır stress, güclü mənəvi sarsıntı və iztirab keçirmiş, bununla da ağır depressiyaya düşərək yaşama sevincini itirmiş və həyat eşqi sönmüşdür. Keçirdiyi ruhi sarsıntı və iztirab indiyədək davam edir və həyatının sonunadək bu iztirab davam edəcəkdir. Bu faciə nəticəsində hələ həyatı dərk etməyən və ata sevgisinə və qayğısına möhtac olan üç azyaşlı uşaq, İddiaçı nəvələri atasız qalmışdır. Bu hal ananın mənəvi zərərini daha da artırır və yaşadığı travmanın təsirini daha da dərinləşdirir. Uşaqlardan birinin atasını itirən vaxt cəmi iki aylıq olması, atasını görmədən və tanımadan, ümumiyyətlə atanın nə olduğunu dərk etmədən, dolayısı ilə ömür boyu ata həsrəti ilə böyüyəcək olması bu faciəni İddiaçı üçün daha da dözülməz edir. İddiaçı həyatda ən böyük dəstəkçisini, həyatının mənası kimi gördüyü və hər daim fəxr etdiyi yeganə oğlunu itirdiyinə görə əvvəlki sevincli həyatı istəsə də, artıq təkrar yaşaya bilməyəcək. O bu həyatda övladını belə faciəvi şəkildə itirməyin ağrısı ilə yaşamağa məcbur buraxılmışdır. Yanaraq ölmə kimi ağır hadisələr unudulması çətin olan xatirələr yaradır. Ana bu görüntüləri təkrar-təkrar xatırlayır, bu da onun sağalmasını mümkünsüz edir. Bundan başqa, oğlunun ölümündən sonra maddi çətinlik də çəkən İddiaçı əsasən yaxın qohumların maddi dəstəyi ilə ayaqda qalmağa çalışır. Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində İddiaçı mənəvi əzab çəkməsi şübhəsizdir. Oğlunun faciəvi şəkildə ölməsi ilə bağlı çəkdiyi ağır iztirab və əzablarının müəyyən dərəcədə yumşalması, eyni zamanda emosional və psixoloji vəziyyətinin yüngülləşdirilməsi üçün lazımi müalicə və terapiya xərclərini, habelə yaşadığı travmanın təsirini azaltmaq üçün istifadə edəcəyi resursları təmin etmək məqsədi ilə vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməyə haqqı var.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim L.Şövkətli-Mənsimli, 2(011)-1098/2025) iddia tələbi qismən təmin edilərək, cavabdehdən mənəvi zərərə görə 50.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi, 240 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
6. Birinci instansiya məhkəməsi iddiaçının məruz qaldığı mənəvi sarsıntının ağırlığını, keçirdiyi iztirabların səhhətinə mənfi təsirini, iddiaçının yaşını, vəfat edən şəxslə yaxınlıq dərəcəsini, atasız qalmış 3 azyaşlı nəvəsinə dəstək olmaq istəyini, eləcə də, cavabdehin əmlak vəziyyətini, cavabdehin məsuliyyətinin əsasında işçilərinin ehtiyatsızlıqla törətdiyi cinayətlərin dayandığını nəzərə alaraq 50.000 manat kompensasiyanın ödənilməsini ağlabatan hesab etmişdir.
7. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097, 1099-cu maddələri, AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli, AR Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının övladının ölümü CavabdehİB-nin əməkdaşının səhlənkarlığı nəticəsində baş vermişdir. Xətai Rayon Məhkəməsi zərərvuran şəxsin təqsirinin ehtiyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq halları nəzərə almamışdır. Məhkəmənin hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən cavabdehin üzərinə 50000 manat yüksək məbləğdə mənəvi zərərin iddiaçıya ödənilməsi öhdəliyin qoyulması düzgün və ədalətli deyildir. Əgər müqayisəli olaraq yanaşılsa Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar ölmüş və itkin düşmüş hərbi qulluqçuların və daxili işlər orqanlarının əməkdaşlarına və ailə üzvlərinə birdəfəlik ödəmə 11000 manat məbləğində müəyyənləşdirilmişdir. Bu baxımdan hazırkı iş üzrə qəbul edilmiş qətnamə ədalətli deyil, qəbul edilmiş mənəvi zərərin məbləği ağlabatan deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz vermiş, etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hələ həyatı dərk etməyən və ata sevgisinə və qayğısına möhtac olan üç azyaşlı uşaqların atasız qalmalarının, uşaqlardan birinin atasını itirən vaxt cəmi iki aylıq olmasının, serebrial iflic xəstəliyindən əziyyət çəkməsinin, uşaqların atalarını görmədən və tanımadan, ümumiyyətlə atanın nə olduğunu dərk etmədən, dolayısı ilə ömür boyu ata həsrəti ilə böyüyəcək olmalarının bu faciəni daha da ağırlaşdırdığını və bütün bunların mərhumun anası İddiaçı keçirdiyi iztirabı daha da dözülməz etməsini nəzərə almamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda göstərdi ki, apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş edilsə də, onlar iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini və nəticə etibarilə mənəvi zərərə məruz qalmasını mübahisələndirmirlər. Belə ki, bu işin mübahisəsiz halıdır. Cavabdeh sadəcə olaraq mənəvi zərərin əvəzi kimi təyin olunan məbləği ağlabatan və işin hallarına uyğun saymır və həmin məbləğin 5000 mamat müəyyən olunmasını məqsədəmüvafiq hesab edir.
12. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Onlar eyni zamanda mənəvi zərərin əvəzi kimi təklif olunan 5000 manatı ağlabatan saymadıqlarını bildirdilər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
14. AR Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarı: Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia qismən təmin edildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.
20. Mənəvi zərərin necə meydana gəldiyi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunur. MPM-in 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.
21. Hadisə nəticəsində övladını qəfildən, faciəli surətdə, cavabdehin əməkdaşlarının öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində itirmiş iddiaçının mənəvi zərərə məruz qaldığını təsdiq etmək üçün başqa hər hansı sübuta ehtiyac yoxdur.
22. Apellyasiya şikayətinin əsas dəlillərindən biri odur ki, məhkəmə hadisənin cavabdehin əməkdaşının ehtiyatsızlığı səbəbindən baş verdiyini nəzərə almamış, zərərin məbləğini yüksək müəyyən etmişdir.
23. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, hadisənin baş verməsində təqsirli sayılmış X7, X8 cavabdehin işçiləri olmuş və bu hal işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmir. Yəni, bu işin mübahisələndirilməyən halıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə isə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, qanun özü birbaşa həmin şəxslərin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini onun çalışdığı müəssisənin, yəni hazırkı halda cavabdehin üzərinə qoymuşdur.
24. Lakin Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin müəyyənləşdirdiyi mənəvi ziyan məbləği işin hallarına mütənasib olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən və mənəvi zərərin məbləği 50 000 manat həddində müəyyən edilərkən həm hadisədən sonra keçən müddət, mənəvi zərərə görə mərhumun arvadı X6 cavabdeh tərəfindən 50000 manat məbləğində kommpensasiya ödənilməsi barədə məhkəmə qətnaməsinin mövcudluğu nəzərə alınmamışdır.
25. Məhkəmə kollegiyası mübahisənin xarakterini, hadisədən sonra 3 ilə yaxın müddət keçdiyini, ölənin arvadı X6 da 50000 manat məbləğində kompensasiya ödənilməsi barədə məhkəmə qətnaməsinin mövcudluğunu, iddiaçının kompensasiya almaqda məqsədinin mərhum övladının uşaqlarına maddi dəstək olmaqda məqsədinin, eyni əsaslarla da mərhumun arvadına da 50000 manat ödənildiyini nəzərə alaraq hesab edir ki, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 30000 manat pulun tutulması ağlabatan və ədalətlidir.
26. Məhkəmə kollegiyasının qənaətinə görə pellyasiya şikayəti qismən təmin edilməli, qətnamə 50000 manat pulun tutulması hissəsində dəyişdirilməli və həmin məbləğ 30000 manat müəyyən edilməlidir.
27. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi cavabdehdən mənəvi zərərə görə 50.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdehndən mənəvi zərərə görə İddiaçı xeyrinə tutulan məbləğ 30000 (otuz min) manat müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.