Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3220/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə ilkin, Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə (açar sözlər: aliment, nikahın pozulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X14 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə ilkin, Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi barədə tqarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, e-2(011)-182/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh 19 mart 2009-cu il tarixdə nikaha daxil olmuşlar.
2. Tərəflərin birgə nikahından iki övladları – 23 iyun 2010-cu il təvəllüdlü X4 və 12 mart 2015-ci il təvəllüdlü X5 doğulmuşdur.
3. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Gəmilərə Nəzarət və X8 Xidmətinin məktubundan görünür ki, cavabdehə məxsus 2 ədəd mühərriklə təchiz edilmiş taxta qayıq vardır. Habelə, iş materiallarına əlavə edilmiş 2018-2022-ci illərdə balıq və digər su bioresusrslarının ovuna ayrılmış ümumi kvota və verilmiş balıqovlama biletləri barədə məlumtlardan görünür ki, balıq ovu üçün cavabdehə 2018-ci il üzrə 1,1 ton, 2019cu il üzrə 2,8 ton, 2020-ci il üzrə 1,3 ton, 2021-ci il üzrə 0,9 ton və 2022- ci il üzrə 0,6 ton kvota ayrılmışdır.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatından görünür ki, Cavabdeh "xxxx" MMC-nin 10 pay hüquqlu təsisçisi və qanuni təmsilçisidir, bundan başqa onun özü də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydə alınmışdır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş idarəsi tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli, **********980900 nömrəli arayışdan görünür ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələri üzrə 2019-cu il ərzində əldə edilmiş ümumi gəlir məbləği 28350 manat, 2020-ci il ərzində əldə edilmiş ümumi gəlir məbləği 35237 manat, 2021-ci il ərzində əldə edilmiş ümumi gəlir məbləği 7800 manat, 2022-ci il ərzində əldə edilmiş gəlir məbləği isə 8300 manat təşkil etmişdir. Fiziki şəxs X6 tərəfindən uçot baza məlumatlarına əsasən 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan hesabat dövrləri üçün vergi orqanına bəyannamə təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh onunla birgə nikahdan doğulmuş 23 iyun 2010-cu il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa görə 1000 manat olmaqla, iki uşağa görə 2000 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə nikah münasibətləri faktiki olaraq pozulmuşdur, uşaqlar hazırda onun yanında qalırlar, onların qayğısına qalır, bütün tələbatlarını o ödəyir. Cavabdeh isə uşaqların saxlanmasında iştirak etmir. Halbuki o, fərdi sahibkarlıq fəaliyyət ilə məşğul olmaqla yüksək qazanca malikdir, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, VÖEN-ə malikdir, habelə "xxxx" MMC-nin (VÖEN **********) qanuni təmsilçisidir, həm də təsisçisidir. İki kiçik həcmli gəminin sahibidir, balıq ovu ilə məşğul olur. Xarici model maşın istifadəsindədir, yəni bütün bu hallar göstərir ki, cavabdeh fərdi sahibkar kimi yüksək qazanca malik olan şəxsdir, nikah münasibətlərinin mövcud olduğu dövrdə hər ay uşaqlarına ən azı 2000 manat pul xərclənirdi.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ailə həyatının ilk illərində münasibətləri normal olmuş, lakin müəyyən vaxt keçdikdən sonra münasibətləri gərginləşməyə başlamışdır. Hal-hazırda o, cavabdehdən ayrı yaşayır. Bundan sonra onların ailə münasibətlərinin bərpası qeyri-mümkündür. Aliment tutulması ilə bağlı iddia tələbini qəbul etmir. İlkin iddia tələbində hər ay bir uşağa görə 1000 manat olmaqla iki uşağa görə 2000 manat sabit pul məbləğində alimentin tutulması xahiş olunur. İddia ərizəsində aylıq gəlirinin 3000 manatdan çox olduğu qeyd edilsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, e-2(011)- 182/2023 nömrəli qətnaməsinə əsasən ilkin iddia qismən, qarşılıqlı iddia təmin olunmuş, tərəflər arasında bağlanmış nikahın pozulması, 23 iyun 2010-cu il təvəllüdlü X4 və 12 mart 2015-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, 17 fevral 2023-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 400 manat, cəmi 800 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə ("xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi) məşğul olmuşdur. Eyni zamanda, AR FHN Gəmilərə Nəzarət və X8 Xidmətinin iddiaçının vəkilinin sorğusuna verdiyi cavabından görünür ki, cavabdehə məxsus 2 ədəd mühərriklə təchiz edilmiş taxta qayıq vardır. Habelə, iş materiallarına əlavə edilmiş 2018-2022-ci illərdə balıq və digər su bioresurslarının ovuna ayrılmış ümumi kvota və verilmiş balıqovlama biletləri barədə məlumtlardan görünür ki, balıq ovu üçün cavabdehə 2018-ci il üzrə 1,1 ton, 2019-cu il üzrə 2,8 ton, 2020-ci il üzrə 1,3 ton, 2021-ci il üzrə 0,9 ton və 2022- ci il üzrə 0,6 ton kvota ayrılmışdır. Bu qeyd edilənlər onu deməyə əsas verir ki, tərəflər birgə nikahda olduqları müddətdə uşaqlarının maddi təminatları yüksək olmuşdur. Cavabdeh hazırda işləmədiyini, buna görə də, tələb edilən məbləğdə alimenti ödəməyə maddi imkanının olmadığını bildirsə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Məhkəmənin 16(011)- 230/2022 nömrəli iş üzrə qəbul etdiyi müvəqqəti təminat tədbiri barədə qərardadla müəyyən edilmiş, ümumilikdə 800 manat alimenti hər ay ödəmişdir. Cavabdeh həmin iş üzrə çıxarlmış qərar üzrə alimenti yaxın qohumlarının (qardaşı və anasının pensiyası hesabına) maddi dəstəyi ilə ödədiyini bildirdisə də, məhkəmə onun bu dəlilini inandırıcı hesab etməmiş, həmçinin bununla bağlı məhkəməyə heç bir sübut da təqdim olunmamışdır. Lakin məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulması qənaətinə gəlsə də, hesab etmişdir ki, indiki halda iddiaçıdan hər ay hər uşaq üçün 1000 manat olmaqla, cəmi 2000 manat məbləğində alimentin tutulması onu həddən artıq ağır maddi vəziyyətə sala bilər. İddiaçı da həmin məbləğdə alimentin tutulmasına əsas olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat məbləğində müəyyən etmişdir. Məhkəmə bu qənaətə gələrkən həm də, iddiaçının da Bakı Baş Səhiyyə Mərkəzi publik hüquq şəxsində həkim vəzifəsində işlədiyini və 956,50 manat əmək haqqı aldığını nəzərə almışdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1, 20.2, 22.2.1, 52, 60.4, 61.3, 75.4, 78.1, 78.2 və 100.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, iddiaçı qətnamənin ilk iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsi, (ilk iddianın verildiyi 22 avqust 2022-ci ildən tutulması müəyyən edilməklə) ilk iddia tələbinin tam təmin edilməklə 23 iyun 2010-cu il təvəllüdlü X1 və 12 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 1000 manat, 2 uşaq üçün ümumilikdə 2000 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını, cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 400 manat, cəmi 800 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi tutulması hissəsində qətnamənin ləğv edilməsi, hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçının şikayətinin dəlillərinə görə, qanunverici uşaqların qayğısına qalmaq vəzifəsini valideynlərə aid etmiş, alimentin məbləğinin tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməsini impertiv qaydada müəyyən etmişdir. İddiaçı ilə cavabdehin nikahdan doğulmuş uşaqların layiqli səviyyədə, tərəflərin nikahda olduqları təminatları səviyyəsində saxlanması üçün hər ay iddiaçının tələb etdiyindən də çoxvəsait tələb olunur, belə ki, uşaqlar yaxşı yaşamağa və qidalanmağa, istirahət etməyə öyrənmişlər, uşaqlar hər ay böyüyürlər, bu ay geyindikləri paltar və ayaqqabı növbəti ay onlara kiçik ola bilər, böyük uşaq dərs hazırlığına gedir və onun məktəbə aparılıb-gətirilməsi üçün gündə 6 manat olmaqla ayda aparılıbgətirilməsi üçün gündə 6 manat olmaqla ayda ancaq taksiyə 150 manat xərclənir, kiçik uşağın da soyuq, küləkli havalarda taksi ilə məktəbə aparılıb-gətirilməsi tələb olunur ki, xəstələnməsin və narahat olmasın, bundan başqa uşaqların dərs ləvazimatları, məktəbdəki tədbirləri, dərs hazırlamaq üçün istifadə etdikləri texnika (telefon), nəhayət qidalanmaları, evdə hazırlanan qidalardan başqa meyvə, tərəvəz də kifayət qədər yüksək məbləğ tələb edir ki, bu yalnız uşaqlara xərclənən vəsaitin bir hissəsidir. Cavabdeh özü fərdi sahibkardır, habelə təkbaşına təsis etdiyi "xxxx" MMC-nin təsisçisidir, həmçinin onun direktorudur, "xxxx" MMC özünün əmtəə nişanları olan, xarici ölkələrə mal ixrac edən müəssisədir, belə ki, Patent və Əmtəə nişanları Mərkəzinin dərc etdiyi Sənaye mülkiyyəti haqqında bülletendə "xxxx" MMC-nin adına bir neçə əmtəə nişanı “Fərqan” adı ilə qeydiyyata alınmışdır (bu barədə sübut məhkəməyə təqdim edilmişdir). Eyni zamanda Azərbaycan Respublikasının Kuveytdəki səfiri 2019-cu ildə verdiyi müsahibəsində "xxxx" MMC-nin Kuveytə “FARGAN” ticarət markası altında kompot məhsulları ixrac etdiyini bildirmişdir, bu barədə internet resurslarından əldə edilmiş məlumat məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəf cavabdehin özünün və təsisçisi olduğu "xxxx" MMC-nin mənfəəti,yəni iddiaçının gəliri barədə məlumatı əldə etməyə cəhd göstərməsi barədə sübutu məhkəməyə təqdim edərək həmin məlumatların vergi orqanından tələb edilməsini xahiş etmiş, məhkəmə tərəfindən qeyd edilən məlumatların vergi orqanı tərəfindən təqdim edilməsi barədə qərardad qəbul edilsə də həmin qərardadın icrası təmin edilməmiş, yəni cavabdehin gəliri barədə sübutun tələb edilməsi təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-182/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə alimentin 17 fevral 2023-cü ildən tutulması qət edilmişdir. Alimentin müvəqqəti tutulması haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 16(011)- 230/2022 nömrəli (29 noyabr 2022-ci il tarixli qərardadla dəyişdirilmiş) qərardadında isə müvəqqəti alimentin 2022-ci ilin noyabr ayının 5-dən tutulmalı olması göstərilmişdir. O zaman Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində əks olunmuş normalar (aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulması) məhkəmə tərəfindən pozulmuşdur. İddiaçı ilə cavabdeh 2009-cu ildə nikaha daxil olmuşlar və birgə nikah dövründə Bakı şəhəri Xudu Məmmədov küçəsində mənzil, 2011-ci ildə Türkan qəsəbəsində bağ sahəsi, 2021-ci ildə iki motorlu qayıq almışlar, Sumqayıt şəhərində və Şabran şəhərində (rəsmi dövlət reyestrlərindən qeydiyyatdan keçməmiş, lakin mülkyyət gözləntisi olan) torpaq sahələri əldə edilmişdir, bundan başqa cavabdeh “Caspian-Az” lizinq şirkətindən “Chery Tiggo 9” model avtomobil əldə etmiş və avtomobil onun istifadəsində 2019-cu ilin dekabr ayından 2022-ci ilin sentyabr ayına qədər olmuş və hər ay cavabdeh720 manat lizinq ödənişi etmişdir (lizinq öhdəliyinə dair sübut da məhkəməyə təqdim edilmişdir), habelə cavabdeh qeyd etdiyi kimi 2018-ci ildə 1,1 ton, 2019-cu ildə 2,8 ton, 2020-ci ildə 1,3 ton, 2021-ci ildə 0.9 ton,2022-ci ildə 0.6 ton balıq ovu üçün kvota almışdır (bu barədə sübut da məhkəməyə təqdim edilmişdir).
15. Cavabdehin şikayətinin dəlillərinə görə, qətnamə sübutlar əsasında deyil formal mülahizələr əsasında qəbul edilmişdir. Belə ki, cavabdehin adında 2 ədəd mühərriklə təchiz edilmiş taxta qayığın qeyddiyada olması və balıq ovu üçün kvota ayrılması həmin qayıqlardan icarə və ya yaxud hər hansı digər formada gəlir əldə edilməsinə əsas verə bilməz. Həmin qayıqlar formal olaraq cavabdehin adında qeydiyyatda qalmış və istismara yarasız vəziyyətdədir. Yəni nə iddiaçı tərəfindən nə də məhkəmə tərəfindən sübüt toplanması zamanı cavabdehin gəlirləri barədə heç bir sübut əldə edilməmiş, əksinə onun işləmədiyi müəyyən edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətlə eyni məzmunlu izahat verdi və cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
18. Cavabdeh və nümayəndəsi X9 onun tərəfindən verilmiş verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildiərək şikayətlə eyni məzmunlu izahat verdilər. Cavabdeh məhkəməyə iş yeri barədə arayış təqdim edərək bildirdi ki, o, 09 mart 2023-cü il tarixdən "xxxx" MMC-də satış təmsilçisi işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Təsisçisi oldluğu "xxxx" MMC fəaliyyətini dayandırmışdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. ... Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. .... Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qətnamə ilk iddia tələbinin təmin olunmadığı hissədə, cavabdeh tərəfindən isə ilk iddianın təmin olunan hissəsində qismən mübahisələndirildiyindən, mübahisənin predmeti bölünən olduğu, tərəflər qarşılıqlı iddia tələbi ilə və və cavabdeh ilk iddianın təmin olunmuş məbləğinin 220 manat hissəsi ilə razılaşaraq həmin hissələri mübahisələndirmədiklərindən, birinci instansiya məhkəməsinin qətnaməsinə ilk iddia üzrə təmin olunmuş məbləğin 220 manat hissədə və qraşılıqlı iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə ilk iddia üzrə (təmin olunmuş 220 manat istisna olmaqla) və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
27. İşdən göründüyü kimi, tərəflər arasındakı mübahisəli məqam yetkinlik yaşına çatmayan uşaqlara görə tutulmuş alimentin məbləği ilə bağlıdır. İddiaçı birgə nikah dövründə cavabdehin qazancının yüksək olmasına və uşaqların dolanışıq səviyyəsinin buna mütənasib saxlanılmalı olduğuna istinad edərək, hər uşağa görə 1000 olmaqla, cəmi 2000 manat məbləğdə alimentin tutulmasını, cavabdeh isə uşaqlara görə tutulan alimentin məbləğinin ölkə üzrə uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hər uşaq üçün 220 manat məbləğdə müəyyən edilməsini xahiş edir.
28. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsi qoyulmuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi.
29. Göründüyü kimi, iddiaçı tələbinin faktiki əsası kimi uşağın əvvəlki təminat səviyyəsinin daha yuxarı olmasına istinad edir. Konstitusiya Məhkəməsi Plenumun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən isə, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır.
30. Uşağın əvvəlki təminat səviyyəsinin müəyyən edilməsi və bu barədə iddiaçının dəlillərinin araşdırılması məqsədi ilə, Cavabdeh və onun təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin 2019-2022-ci illər üzrə vergi hesabatları, gəlirləri barədə məlumatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən tələb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş arayışdan isə müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən 2019-cu il ərzində əldə edilmiş ümumi gəlir məbləği 28350 manat, 2020-ci il ərzində əldə edilmiş ümumi gəlir məbləği 35237 manat, 2021-ci il ərzində əldə edilmiş ümumi gəlir məbləği 7800 manat, 2022-ci il ərzində əldə edilmiş gəlir məbləği isə 8300 manat təşkil etmişdir. Fiziki şəxs X6 tərəfindən uçot baza məlumatlarına əsasən 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan hesabat dövrləri üçün vergi orqanına bəyannamə təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir.
31. Göründüyü kimi, "xxxx" MMC-nin gəlirləri sabit olmamış, illərdən asılı olaraq dəyişmişdir ki, bu da tərəflər ailəli olduqları müddətdə uşaqların birmənalı eyni yaşayış səviyyəsinə malik olduqlarını deməyə əsas vermir. Eyni zamanda cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və gördüyü işlərin xarakteri də belə bir dəyişkənliyin mövcud olmasını deməyə əsas verir.
32. İddiaçının uşaqların geyim, yol xərci və bir sıra digər zəruri xərclərinin mövcudluğuna istinadən daha yüksək məbləğdə aliment tələb etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hallar özlüyündə iddiaçının tələb etdiyi məbləğdə alimentin tutulmasına əsas verə bilməz. İlk olaraq ona görə ki, iddiaçı uşaqların əvvəlki təminat səviyyəsini dəqiq müəyyənləşdirmək üçün bu zəruri xərclərin birgə nikah dövründə hansı məbləğlərdə olmalarına və hansı meyarlara əsasən bu məbləğdə aliment tələb etməyinə dair hər hansı dəlil irəli sürməmişdir. O da nəzərə alınmalıdır ki, valideynlər ayrıldıqdan sonra uşaqların bir sıra məhrumiyyətlər yaşaması, əvvəlki həyat səviyyəsindən fərqlənən təminat almaları qaçınılmaz haldır. Məhz buna görədir ki, qanunverici uşağın əvvəlki təminatının səviyyəsinin “mümkün qədər” maksimal saxlanmalı olmasını rəhbər tutmuşdur.
33. İdidaçının alimentin məhkəməyə müraciət edildiyi 22 avqust 2022-ci il tarixdən tutulmalı olması barədə dəlilinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli və 29 noyabr 2022-ci il tarixli qərardadlarından görünür ki, cavabdehdən uşaqların saxlanılması üçün müvəqqəti aliment tutulmuş, daha sonra alimentin məbləği hər uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat məbləğdə müəyyən edilmiş, iddiaçı tərəfindən alimentin tutulmasının başlanğıcı ilə bağlı məsələ mübahisələndirilməmişdir. Qətnamə qəbul edildiyi 17 fevral 2023-cü il tarixə qədər müvəqqəti alimentin tutulması qərardadla tənzimləndiyindən, qətnamə üzrə alimentin tutulması 17 fevral 2023-cü il tarixdən başlanmışdır.
34. Cavabdehin şikayətinin dəlilləri isə ondan ibarətdir ki, nə iddiaçı tərəfindən nə də məhkəmə tərəfindən sübüt toplanması zamanı cavabdehin gəlirləri barədə heç bir sübut əldə edilməmiş, əksinə onun işləmədiyi müəyyən edilmişdir.
35. Kollegiya bu dəlillə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin işləmədiyi yox, əksinə aktiv biznes fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Alimentin məbləğinin cavabdehin qeyd etdiyi kimi, ölkə üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq təyin edilməsi isə, uşaqların əvvəlki həyat səviyyəsinə münasibətdə ədalətsiz olardı.
36. Məhkəmə xərcləri tələblərin məbləğinə münasib olaraq bölüşdürülməməsi ilə bağlı dəlil isə ona görə əsassızdır ki, birinci instansiya məhkəməsi qətnaməsində ümumiyyətlə məhkəmə xərclərinə münasibət bildirilməmiş, cavabdehdən hər hansı hansı məhkəmə xərci tutulmamışdır.
37. Bu mənada məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hazırkı işin halları baxımından hər ay hər uşaq üçün 400 manat məbləğdə alimentin tutulmasını ədalətli və qanuna uyğun hesab edir.
38. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, e-2(011)-182/2023 nömrəli qətnaməsindən İddiaçı və cavabdehin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, e-2(011)-182/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Aidə Hüseyn
Emin Mehdiyev