Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3236/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3057/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxx 2015ci il tarixli kredit müqaviləsi üzrə 15536,36 ABŞ dolları əsas borc, 8600,40 ABŞ dolları faiz borcu, 4033,63 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 28170,39 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması, tutmanın cavabdehə məxsus Sumqayıt şəhəri, Rəhman Qəhrəmanov küçəsi, 5B ünvanında yerləşən ümumi sahəsi 101,3 kv.m, 1 mərtəbəli qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus Sumqayıt şəhəri, Rəhman Qəhrəmanov küçəsi, 5B ünvanında yerləşən ümumi sahəsi 101,3 kv.m, 1 mərtəbəli qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 3057/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx xxxx 2015-ci il tarixli 41- 15USD saylı kredit müqaviləsi üzrə 15536,36 ABŞ dolları əsas borc, 8600,40 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, cəmi 24236,76 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən məhkəməyə iddianın verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı üçün rüsum olaraq ödənilmiş 10 manat və xidmət haqqı olaraq ödənilmiş 20 manat, cəmi 60 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Rəhman Qəhrəmanov küçəsi, 5 B ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 95000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitdən cəmi 24236,76 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 60 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Rəhman Qəhrəmanov küçəsi, 5 B ünvanında yerləşən qeyriyaşayış binasına tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 150 manatının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 150 manatının isə Cavabdeh alınaraq «xxxxxxxx» MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh da apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin yalnız əsas borcun tutulması hissəsində təmin olunması barədə qətnamə və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.2-ci maddəsinə istinad etmişdir. Lakin məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar iş üzrə ekspertiza keçirmiş və “xxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə əsasən həmin əmlakın xx.xx.2019-cu il tarixə bazar dəyəri 60000 manat müəyyən edilmişdir. Göründüyü kimi ipoteka predmetinin ilkin satış qiymətinə dair iki müxtəlif sənəddə bir birinə əks rəqəmlər qeyd edilmişdir. Məhkəmə isə ilkin satış qiyməti kimi 95000 manatı qətnamədə göstərərək yekunda səhv nəticəyə gəlmiş və bankın mənafeyinə zərər vurmuşdur. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2018-ci il tarixində cavabdehə (ipoteka qoyana) göndərilmiş, lakin həmin bildiriş dövlət qeydiyyat orqanına xx.xx.2018-ci il tarixində təqdim edilmişdir. Bununla da, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 36.4.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin tələb imperativ xarakter daşıdığından tutmanın ipoleka predmetinə yönəldilməsi proseduru davam etdirilə bilməz. Həmçinin həmin Qanunun 42.3-cü maddəsindən göründüyü kimi ipoteka qoyan, hazırkı iş üzrə həm də cavabdeh özü də hərracda iştirak edə bilər və ipoteka predmeti olan əmlakı satın ala bilər. Buna görə də, iddiaçının ipoteka predmetinin boşaldılması hissəsində tələbi əsassızdır və qeyrimüəyyəndir. İpoteka predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi məsələsi isə “İcra haqqında" Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddəsi ilə tənzimləndiyindən yenidən məhkəmə qarşısında ayrı bir tələb kimi irəli sürülməsi əsassızdır. Bundan başqa onun tərəfindən edilmiş ödənişlərin hansı qaydada silinməsi və faiz borcunun hesablanması məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X1 təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı əsas borcun tutulması barədə tələblərin təmin edilməsi hissəsi istisna olmaqla digər hissələrdə yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixli 41-15USD saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 22 faiz dərəcəsi olmaqla 18500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx xxxx 2015-ci il tarixli 41-15USD saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, Rəhman Qəhrəmanov küçəsi, 5 B ünvanında yerləşən ümumi sahəsi 101,3 kv.m, 1 mərtəbəli qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən ipoteka predmeti 95000 manat dəyərində qiymətləndirilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 15536,36 ABŞ dolları, faiz borcu 8600,40 ABŞ dolları, cərimə 4033,63 ABŞ dolları, cəmi borc isə 28170,39 ABŞ dolları təşkil edir. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz etmiş və bildirmişdir ki, o, kredit məbləğini başqa şəxs üçün götürmüş, ödənişlərin edilməməsindən məlumatı olmamışdır. Ona vaxt verilərsə, borcunu hissə-hissə ödəməyə razıdır. Bundan başqa, ekspert rəyində qeyri-yaşayış binasının bazar dəyəri çox aşağı göstərilmişdir. Həmin qiymətlə də razı deyildir. Apellyasiya şikayətində isə cavabdeh iddianı qismən qəbul etmiş və öz mövqeyini şikayətdə göstərilənlərlə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi əsas və faiz borcun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Kredit borcunun məbləğinin müəyyən edilməsi üçün hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli 9/2086 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən xx.xx.2018-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 24053,08 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 15536,36 ABŞ dolları, faiz borcu üzrə 8516,72 ABŞ dolları. xx.xx.2018-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 24375,89 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 15536,36 ABŞ dolları, faiz borcu üzrə 8839,53 ABŞ dolları. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışları və məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/2086 saylı rəyini araşdıraraq və Mülki Məcəllənin 741, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, faiz borcunun və dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3-cü maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan qeyriyaşayış binasına yönəldilməsi və həmin əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən ipoteka predmeti 95000 manat dəyərində qiymətləndirilmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və «xxxxxxxx» MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə əsasən Sumqayıt şəhəri, Rəhman Qəhrəmanov küçəsi, 5 B ünvanında yerləşən qeyri-yaşayış binasının xx.xx.2019-cu il tarixə bazar dəyəri 60000 manat müəyyən edilmişdir. Hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və «xxxxxxxxxxxxxxx» MMC-nin xx xxxxxxx 2020-ci il tarixli Ç-242 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Rəhman Qəhrəmanov küçəsi, 5 B ünvanında yerləşən qeyri-yaşayış binasının bazar qiyməti 85000 manat, likvid qiyməti isə 74000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiyməti 74000 manat məbləğində müəyyən edilməlidir. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri isə əsassızdır. Belə ki, mülki işin 33 və 35-ci vərəqələrində olan xx.xx.2018-ci il tarixli aktdan və 069157 saylı qaimədən görünür ki, “xxxxxxxxxxxxxxxx” MMC-nin kuryeri “xxxxxxxxxx” ASC tərəfindən xx.xx.2018ci il tarixdə təhvil alınmış qaimə nömrəsi 069167 olan məktubu ünvan 3 ünvanında Cavabdeh çatdırılması üçün xx.xx.2018-ci il tarixdə həmin ünvana yollanmış, lakin ünvançı məktubdan imtina etdiyi üçün məktubun çatdırılması mümkün olmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi hazırki işdə "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 36.4.1-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə tərəfindən qətnamənin icra qaydasının müəyyən edilməsi isə Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinin tələblərinə uyğundur. Həmçinin ipoteka predmetinin boşaldılması məsələsi "İpoteka haqqında" Qanunun 59.3 və 59.4-cü maddələri ilə tənzimlənir və iddiaçı da həmin maddələrə əsasən bu tələbi irəli sürməkdə haqlıdır. Kreditin cavabdeh tərəfindən faktiki olaraq başqa şəxsə verilib-verilməməsinin isə mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Çünki kredit müqaviləsini cavabdeh özü imzalamış və kredit məbləği onun tərəfindən götürülmüşdür. Həmçinin iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməli və qətnamənin digər mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3057/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin və ipoteka predmeti olan Sumqayıt şəhəri, Rəhman Qəhrəmanov küçəsi, 5 B ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 74000 (yetmiş dörd min) manat məbləğində müəyyən edilsin. Qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-3236/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3236/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver