Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3238/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə İclas katibi X2 iştirakı ilə, İddiaçı X11 Cavabdehnə qarşı “əmək haqqı və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1603/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında 01 oktyabr 2018ci il tarixli müstəqil xidmətlər müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən podratçı sifarişçiyə sifarişçinin Azərbaycan Respublikasındakı əməliyyatları və fəaliyyəti ilə bağlı tələb edilən müəllim-ekspert xidmətləri təqdim etməlidir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı (işçi) Cavabdehn “Kimya texnologiya” fakültəsinə tədqiqatçı professor vəzifəsinə təyin edilmişdir. Tərəflər müqavilənin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək müddətli bağlanması, işçiyə hər ay 3.500 manat məbləğində əmək haqqı ödənilməsi barədə razılığa gəlmişlər. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 8-ci bəndində əsasən xx.xx.2023-cü ildən əmək haqqının 3.900 manat olması, xx.xx.2023-cü il tarixli əmrə əsasən əmək müqaviləsinin xx.xx.2024-cü il tarixədək uzadılması barədə dəyişiklik edilmişdir. xx.xx.2024-cü il tarixli əmrlə X3 müqavilə müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı ona ödənilməyən əmək haqqı və digər ödənişlərin cavabdehdən tutulmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı X11 Cavabdehnə qarşı iddia ərizəsi ilə və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin iyul ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsini, ona istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin, 22.000 (iyirmi iki min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Kampinas Universiteti” qida təhlükəsizliyi sahəsində ixtisaslaşmış bir təhsil müəssisəsidir və iddiaçı həmin universitetin “Qida Elmləri və Qidalanma Bölümü”ndə böyük elmi işçi qismində çalışan professor olmuşdur. Həmin təhsil müəssisəsində çalışan İran vətəndaşı olan iddiaçı 2018-ci ildən cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq etmiş, “Qida mühəndisliyi” ixtisası üzrə kadr hazırlığının başlanılması, müasir tədris və elmi laboratoriyaların qurulması ilə bağlı təcrübə mübadiləsinin aparılmasında cavabdehə köməklik etmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixindən xx.xx.2019cu il tarixinədək “Müstəqil Xidmətlər Müqaviləsi”, xx.xx.2022-ci il tarixində əmək müqaviləsi, daha sonra yenidən 484 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsi (kontrakt) bağlanmışdır. Sonuncu bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçı “Kimya-texnologiya” fakültəsinə “tədqiqatçı professor” vəzifəsinə təyin edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 3500 manat məbləğində əmək haqqının ödənilməsi nəzərdə tutulmuş, 4.6-cı bəndində əmək haqqının ayda bir dəfə “Kapital Bank”dakı hesaba ödənilməsi göstərilmişdir. Müqavilənin 4.17-ci bəndində iş qrafikinin sərbəst şəkildə müəyyən olunması, müqavilənin 8.2-ci bəndinin a) hissəsində əmrə əsasən xx.xx.2023-cü il tarixinədək əmək haqqının 3900 manat, b) hissəsində 3- 29 50/3-1/936/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrə əsasən əmək müqaviləsinin xx.xx.2024-cü il tarixinədək uzadılması qeyd olunmuşdur. Hətta iddiaçıya Cavabdeh sabiq rektoru xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq 2018-ci ildən etibarən əməkdaşlıq münasibətlərinin uğurlu davam etdiyini, bu müddət ərzində qida təhlükəsizliyi sahəsində gözə çarpan nailiyyətlərin əldə olunduğunu, növbəti 3 il ərzində iddiaçı ilə daha sıx əməkdaşlıq etmək istədiyini bildirmiş, qida mühəndisliyi sahəsində əməkdaşlığın genişlənməsinə nail olunacağı vurğulanmışdır. Daha sonra Cavabdeh rəhbərliyində dəyişikliklər baş vermiş və iddiaçıya tələbələrin və müəllimlərin məzuniyyət dövrü ilə əlaqədar payızda gəlməsi tövsiyə olunmuşdur. İddiaçı da öz növbəsində universitetin təbliği istiqamətində fəaliyyətini davam etdirəcəyini və göstərişlərə əməl edəcəyini bildirmişdir. Daha sonra iddiaçı bir neçə dəfə universitetin məsul şəxsləri ilə əlaqə yaratmağa çalışaraq, əmək haqqının ona ödənilmədiyini bildirmək istəmiş, lakin ona cavabdeh təhsil müəssisəsinin məsul şəxsləri tərəfindən 09 avqust tarixli “WhatsApp” ani yazışma programı vasitəsilə bildirilmişdir ki, təhsil müəssəsinə rektor təyin olunanadək Bakıya səfərdən çəkinsin. Daha sonra ona 5 sentyabr 2023-cü il tarixində həmin proqram vasitəsilə əmək haqqının dayandırıldığı barədə mesaj göndərilmişdir. Lakin tərəflər arasında əmək münasibətlərinin mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən 2023-cü ilin iyul ayından etibarən aylıq əmək haqqı ödənilməmiş və hal-hazırda da ödənilməməkdədir. Bununla bağlı iddiaçı dəfələrlə universitetin məsul şəxslərinə məlumat verərək əmək haqqının ödənilməsini tələb etsə də, ona gözləməli olduğu bildirilmiş və Bakı şəhərinə səfərdən çəkinməli olduğu qeyd olunmuşdur. Ona görə də iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri olduğuna görə ona ödənilməmiş aylara görə əmək haqqı məbləği, əmək məzuniyyətinə görə pul əvəzi və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödənilməlidir. Məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı 15 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin xx.xx.2023-cü il tarixli arayışa əsasən “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış” təqdim olunmuşdur. İddiaçı tərəf eyni zamanda 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Mübahisənin məhkəmədən kənar mediasiya mərhələsində həll edilməsi üçün cəhd olunsa da, bu, hər hansı bir nəticə verməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1603/2024 nömrəli, 10 iyun 2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 2023-cü ilin iyul ayından xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının 2/3 hissəsi, həmin dövr üzrə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya, hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödənc və 500 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisənin əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsi təşkil edir. Belə ki, iddiaçı 2023-cü ilin iyul ayından cavabdehə boşdayanmanın başlaması barədə xəbərdarlıq etsə də və vəziyyətin dəqiqləşdirilməsi üçün müraciət etsə də, əmək qanunvericiliyinə əsasən heç bir təqsiri olmadan boşdayanma halına görə ona vəzifə maaşının 2/3 hissəsindən az olmayaraq əmək haqqı ödənilməli olduğu halda, əmək müqaviləsinə xitam verilən günədək heç bir ödəniş edilməmiş, bununla da, cavabdeh tərəfindən iddiaçının əmək hüquqları pozulmuşdur. Əmək müqaviləsində iddiaçının sərbəst iş qrafiki əsasında işləməli olmasının göstərilməsi, həmçinin, tərəflərin bildirdiyinə görə, iddiaçının vəzifəsinin məhz cavabdehin tapşırığı əsasında məqalələr yazmaq, elmi araşdırmalar aparmaq və s. olması, iddiaçının cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdehin vəzifəli şəxsinin (beynəlxalq işlər üzrə prorektor Rafiq Camalov) iddiaçıya gözləməli olduğunu bildirməsi onu deməyə əsas verir ki, boşdayanma iddiaçının deyil, məhz cavabdehin özünün təqsiri ucbatından baş vermişdir. Belə ki, tərəflər iddiaçının işə gəlməyə zərurət olmadan cavabdeh tərəfindən verilən tapşırıqlar əsasında iş görməsini mübahisələndirmir, lakin cavabdeh iddiaçıya tapşırıq verildiyi halda, onun həmin işi yerinə yetirmədiyini mübahisələndirsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə iddiaçı ona tapşırılan bütün işlərin görülməsinə dair sübutları (xarici dildə olan məqalələrin çap edilmə tarixi göstərilməklə) məhkəməyə təqdim etmişdir. Əgər iddiaçı, həqiqətən də, cavabdehin ona verilən tapşırığı yerinə yetirməmiş olsaydı, bu zaman cavabdeh onun barəsində tədbirlər görməli idi. Lakin göründüyü kimi, cavabdehin iddiaçının vəzifəsini icra etməməsinə dair mülahizəsi mötəbər sübutlarla təsdiq olunmur. İddiaçı yalnız prorektor tərəfindən ona göndərilmiş “əmək haqqı ödənilməsinin düzgün olmaması barədə” mesajdan sonra cavabdeh tərəfin əsl niyyətindən xəbərdar olaraq və hüququnun pozulduğunu hesab edərək müvafiq tədbirlərə əl atmışdır. Məhkəmə iddia tələbinin “2023-cü ilin iyul ayından istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, tərəflər arasında etibarlı əmək müqaviləsi olduğu halda, 2023-cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya əmək məzuniyyəti verilməməsi və istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya ödənilməməsi, hətta son haqq-hesab ödənilən xx.xx.2024-cü il tarixdə də bu məsələnin öz həllini tapmaması müəyyən edildiyindən, məhkəmə hesab etmişdir ki, tələb bu hissədə əsaslıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan (Bank hesabından çıxarışlardan) da aşkar şəkildə görünür ki, iddiaçıya 2023-cü ilin iyul ayından etibarən müddətdə, yəni hər ay iddiaçıya əmək haqqı ödənilməli olduğu halda ödənilməmişdir. Buna görə də cavabdeh işəgötürən tərəfindən hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödənc ödənilməsi məqsədəmüvafiqdir. İddia tələbinin “22.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək hüququnun pozulması səbəbindən onun mənəvi ziyan çəkməsi ağlabatan olsa da, bu ziyanın tələb edilən məbləğdə qiymətləndirilməsi məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Nəzərə alınmalıdır ki, mənəvi ziyanın məqsədi zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaqdır. Mənəvi ziyanın əvəzinin 500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.2, 4.1, 10, 12.1-ci hissəsinin “a,b,d” bəndləri, 113-cü maddəsinin 1-2-ci hissələri, 135.2-ci, 172ci maddəsinin 1, 2 və 4- cü hissələri, 172.5-ci, Mülki Məcəllənin 21.1, 1096, 1097-ci, “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 106, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006) 1603/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki mübahisəni boşdayanma kimi qiymətləndirərək düzgün qənaətə gəlməmişdir. İşəgötürənin təşəbbüsü ilə boşdayanma dedikdə, müxtəlif səbəblərdən iş yerində iş prosesinin müvəqqəti dayandırılması, işçilərin iş yerlərinə gəlməsinin məhdudlaşdırılması, əmək funksiyalarının yerinə yetirilməsinin qarşısının bu və ya digər yolla alınmasıdır. Bu zaman işəgötürən tərəfindən boşdayanma haqqında müvafiq əmr qəbul edilməli, işçilər bu əmr ilə tanış edilməli, əmrdə boşdayanmanın başlama və bitmə vaxtı müəyyənləşdirilməli, boşdayanmanın kimlərə (konkret işçilər, bütün təşkilat və s.) aid edilməsi dəqiq qeyd olunmalıdır. İddiaçı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi fəaliyyət ilə məşğul olmuş, hazırladığı elmi məqalələri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adından nəşr edilməsi üçün, onları yüksək reytinqli beynəlxalq jurnallara təqdim edirdi. İddiaçı ilə universitet arasında bağlanmış əmək müqaviləsində iddiaçının arzusu təmin edilərək, iş vaxtı və iş yeri sərbəst olaraq müəyyən edilmiş, işçinin elm adamı olması nəzərə alınaraq ona elmi fəaliyyətlə məşğul olmaq üçün istədiyi şərait yaradılmışdır. İddiaçı fəaliyyətinin böyük hissəsini universitetin və ölkənin hüdudlarından kənarda göstərmişdir. Başqa sözlə, universitet iddiaçı üzərində hər hansı təsir mexanizmlərinə malik olmamış, onun istədiyi vaxt Bakıya, universitetə gəlməsini və getməsini təmin etmişdir. İddiaçı tərəfindən universitet üçün 40-a yaxın elmi məqalələr yazılmış, bütün bu məqalələr iddiaçının ölkənin hüdudlarından kənarında olduğu zaman hazırlanmışdır. İddiaçı bilavasitə universitetdə çox az müddət keçirmişdir. O, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi Bakıda olmuş, cəmi 8 gün universitetdə olub. Daha sonra, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi Bakıda olmuş, cəmi 7 gün universitetdə olub. Növbəti dəfə X10 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi Bakıda olmuş, cəmi 5 gün universitetdə olub. Sonuncu dəfə X10 Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixində gəlmiş və xx.xx.2023 cü il tarixində ölkəni tərk etmişdir. Bu müddət ərzində X10 universitet da cəmi 4 gün keçirib. Göründüyü kimi, iddiaçının iş yeri universitetdə olmamış, həm də onun iş qrafiki, öz istəyi ilə, sərbəst müəyyən olunmuşdur. Yəni, universitet işəgötürən olaraq, iddiaçıdan işi dayandırmağı tələb etməyə və ya onun əmək müqaviləsi üzrə yerinə yetirməli olduğu işi, əmək funksiyaları onun iradəsinə zidd olaraq dayandırmağa heç bir imkanı olmamışdır. Bununla da, hesab edirlər ki, X10 öz təşəbbüsü ilə üzərinə düşən işi yerinə yetirməyi dayandırmışdır. Bu isə işçinin təqsiri üzündən boşdayanma hesab olunmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçı elmi fəaliyyətlə məşğul olmuşdur, elmi məqalələrin nəşr edilməsinin dayandırılması heç bir halda universitetin imkanları daxilində olmamışdır. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5215/24 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1603/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 2023cü ilin iyul ayından cavabdeh tərəfindən iddiaçıya heç bir tapşırıq verilməmiş və aralarındakı əmək müqaviləsi qüvvədə olduğu halda, həmin vaxtdan əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü ilədək cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənilməmişdir. Bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada (elektron poçt ünvanı vasitəsilə) və eyni zamanda, universitetin prorektoru ilə yazışmalar zamanı məsələyə aydınlıq gətirilməsi ilə bağlı müraciət ünvanlansa da, cavabdeh tərəfindən ona rəsmi cavab verilməmiş, prorektor isə əvvəlcə ona sentyabr ayınadək işə gəlməməli olduğunu, sonralar isə Azərbaycanda olmaması səbəbindən ona əmək haqqı ödənilməməli olduğunu yazmışdır. Cavabdeh iddia tələbinə etirazının əsası kimi, cavabdeh iddiaçıya tapşırıq verildiyi halda, onun həmin işi yerinə yetirmədiyini qeyd etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən əmək müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar (xarici dildə olan məqalələrin çap edilmə tarixi göstərilməklə) təqdim edilmişdir. Həmçinin qeyd edilir ki, cavabdeh iddiaçı tərəfindən əmək funksiyalarının icra edilməməsinə istinad etsə də, bununla bağlı Cavabdeh tərəfindən hər hansı tədbirlər görülməsi ilə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən boşdayanma halı iddiaçının təqsiri üzündən olması sübuta yetirilmədiyindən iddiaçıya maaşının üçdə iki hissəsindən az olmayaraq məbləğdə ödənc ödənilməlidir. Məhkəmə Kollegiyası hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan da aşkar şəkildə görünür ki, iddiaçıya 2023-cü ilin iyul ayından etibarən əmək müqaviləsində və əmək qanunvericiliyində nəzərdə tutulan müddətdə, yəni hər ay iddiaçıya əmək haqqı ödənilməli olduğu halda ödənilməmişdir. Buna görə də, cavabdeh işəgötürən tərəfindən hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödənc ödənilməlidir. Məhkəmə Kollegiyası iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissədə qismən təmin edilməsi də qanuni və əsaslı olduğunu qeyd etmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh, iddiaçıya tapşırıq verildiyini, lakin onun həmin işi yerinə yetirmədiyini bildirərək, bu əsasla etiraz etsə də, bu iddiasını sübut edən mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. İddiaçı isə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir (xarici dildə olan məqalələrin çap tarixləri göstərilməklə). Həmçinin, cavabdeh, iddiaçının əmək funksiyalarını yerinə yetirmədiyini əsas göstərsə də, Cavabdeh tərəfindən bu məsələyə dair hər hansı tədbir görüldüyünə dair məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 4.1, 12, 68.2, 135.2, 169.1, 169.2, 172.5-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 385.2-ci, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarına istinadla əsaslandırmışdır. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-458/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5215/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsi üçün ilk növbədə həmin müqavilənin məzmununun Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş məcburi tələblərə cavab verib-verməməsi, iddiaçı ilə cavabdeh arasında münasibətlərin əmək münasibətləri yoxsa mülki hüquqi münasibətlər olması istiqamətində hüquqi dəyərləndirmə aparılmasına zərurət vardır. Məhkəmə Kollegiyası tərəflər arasında mövcud olmuş münasibətlərin əvvəllər müstəqil xidmət müqaviləsi ilə tənzimləndiyini, sonradan isə əmək müqaviləsi kimi rəsmiləşdirildiyini, həmin müqavilədə Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində müəyyən edilən mütləq şərtlərin göstərilmədiyini, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək funksiyaları, onları müvafiq iş yerində şəxsən yerinə yetirməsi, iş vaxtı, istirahət və məzuniyyətlə bağlı hər hansı müddəaların olmamasını nəzərə alaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında əks olunan hüquqi mövqelərə uyğun olaraq apellyasiya məhkəməsi tərəfindən tərəflər arasında mövcud olan münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək onlar arasında əmək münasibətləri, yoxsa mülki hüquq münasibətlərinin (podrat) olması müəyyən edilməli və bundan sonra həmin münasibətlərə müvafiq qanunvericilik tətbiq edilməklə mübahisə həll edilməlidir. Məhkəmə Kollegiyası hesab etmişdir ki, əmək müqaviləsinin etibarlılığı ilə bağlı məsələ araşdırılarkən bu əqdin yalan əqd olub-olmaması, hər hansı 3-cü şəxsdə ( məsələn, dövlət orqanlarında) yanlış təsəvvür yaratmaq niyyəti ilə bağlanıbbağlanmaması istiqamətində də hüquqi dəyərləndirmə aparmalı, bu əqdin başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd olub-olmamasına da hüquqi qiymət verməlidirlər. Bundan başqa, Məhkəmə Kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün qiymət verilməmiş və bununla da prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, 2023-cü ilin iyul ayından sonra iddiaçı tərəfindən cavabdeh üçün şərtləşdirilmiş hər hansı işin görülməməsi müəyyən edilsə də, bunun cavabdeh tərəfindən iddiaçıya heç bir tapşırıq verilməməsi səbəbindən baş verdiyi qənaətinə gəlinmiş, lakin əvvəllər görülmüş işlərin hər birinin cavabdeh tərəfindən verilmiş konkret tapşırıqlar əsasında həyata keçirilməsi barədə də işdə hər hansı sübutların olmadığı nəzərə alınmamışdır. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, iddiaya əmək müqaviləsindən irəli gələn mübahisə kimi qiymət verən apellyasiya məhkəməsi iddianı qismən təmin edərkən Əmək Məcəlləsinin 169-cu maddəsi ilə yanaşı, 154-cü və 290-cı maddələrinin də tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək haqqını hansı əsaslarla və hansı gördüyü işə görə tələb etdiyini, eləcə də həmin müddət ərzində işçi tərəfindən hansı konkret işlərin yerinə yetirildiyini tam şəkildə araşdırmadan iddiaçının əmək haqqı tələbini, məzuniyyətə görə kompensasiya tələbini və hər gecikdirilən gün üçün 1% ödənc tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə Kollegiyası iş yerində boşdayanma vəziyyətinin yaranması ilə bağlı işəgötürənin təqsirinin olması ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının iş yeri cavabdeh universitet olmamış, cavabdeh iddiaçıya işi dayandırmaq barədə xəbərdarlıq etməmiş, iddiaçının elmi fəaliyyətinə cavabdehin hər hansı maneəsi mümkünsüz olmuşdur. Belə olan halda, apellyasiya məhkəməsinin Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə istinad etməsi düzgün olmamışdır. Həmçinin apellyasiya məhkəməsinin mənəvi zərərin qismən təmin edilməsi hissəsində də maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə bu hissədə iddianı qismən təmin edərkən tətbiq edilməli olan Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsini və onun “Qeyd” hissəsini tətbiq etməmiş, fərdi əmək mübahisəsi zamanı işçiyə vurulmuş mənəvi ziyanın hansı hallarda tutulması barədə qanunla müəyyən edilmiş şərtləri nəzərə almamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab etmişdir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, qərarda əks olunan hüquqi mövqelərə uyğun olaraq apellyasiya məhkəməsi tərəfindən tərəflər arasında mövcud olan münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək onlar arasında əmək münasibətləri, yoxsa mülki hüquq münasibətlərinin (podrat) olması müəyyən edilməli və bundan sonra həmin münasibətlərə müvafiq qanunvericilik tətbiq edilməklə mübahisə düzgün həll edilməlidir. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsivəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdişdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında onlayn formatda iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsivəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının son iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd etibarsızdır. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Əmək Məcəlləsi:
4.1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir.
43. 2-ci hissə. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri-iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri. g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); k) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.
57. 1-ci hissə. İşəgötürən işçinin əmək funksiyasının-əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
154. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 169.1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. 169.2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
290. 2-ci hissə. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. 290.3-cü hissə. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarı:
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Məhkəmə Kollegiyasının mövqeyi: Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (sifarişçi) ilə X11 (podratçı) arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli müstəqil xidmətlər müqaviləsindən görünür ki, podratçı sifarişçiyə sifarişçinin Azərbaycan Respublikasındakı əməliyyatları və fəaliyyəti ilə bağlı tələb edilən və aşağıda göstərilənlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan müəllim-ekspert xidmətləri təqdim etməlidir. Müqavilə xx.xx.2018-ci il tarixdə qüvvəyə minir və xx.xx.2019-cu il tarixədək qüvvəyə malikdir. Müqavilə həmin müddət ərzində etibarlıdır, lakin müddət tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər, bu müqavilənin etibarlı olduğu müddət ərzində podratçı Azərbaycan Respublikası ərazisində pedaqoji fəaliyyətini həyata keçirəcək və podratçı tərəfindən göstərilməli olan xidmətlərin tarixləri tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilir. İş materiallarında olan Cavabdeh (işəgötürən) ilə X11 (işçi) arasında bağlanmış 100 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi “Kimya texnologiya” fakültəsinə tədqiqatçı professor vəzifəsinə təyin edilmişdir. Tərəflər müqavilənin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək müddətli bağlanması, işçiyə hər ay 3.500 manat məbləğində əmək haqqı ödənilməsi, əmək haqqı və digər ödənclərin ayda bir dəfə işçinin “Kapital Bank”dakı hesabına köçürülməsi, iş qrafikinin sərbəst olması barədə razılığa gəlmişlər. 484 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, işçi “Kimya texnologiya” fakültəsinə tədqiqatçı professor vəzifəsinə təyin edilmişdir. Tərəflər işçiyə hər ay 3.500 manat məbləğində əmək haqqı ödənilməsi, əmək haqqı və digər ödənclərin ayda bir dəfə işçinin “Kapital Bank”dakı hesabına köçürülməsi, iş qrafikinin sərbəst olması barədə razılığa gəlmişlər. Əmək müqaviləsinin 8-ci bəndində əmrə əsasən xx.xx.2023-cü ildən əmək haqqının 3.900 manat olması, xx.xx.2023-cü il tarixli əmrə əsasən əmək müqaviləsinin xx.xx.2024-cü il tarixədək uzadılması qeyd edilmişdir. İş yerinə dair xx.xx.2023-cü il tarixli elektron arayışdan görünür ki, X11 xx.xx.2022ci ildən əmək müqaviləsi əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya texnologiya” fakültəsində tədqiqatçı professor vəzifəsində işləməyə başlamış, əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü ildə qurtarması, aylıq əmək haqqının məbləğinin 3.900 manat olması qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən X8 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, tərəflər arasında 2018-ci ildən başlayan əməkdaşlıq münasibətlərinin uğurla davam etdiyini, qısa müddət ərzində “Qida təhlükəsizliyi” sahəsində gözə çarpan nailiyyətlər əldə edildiyini, onunla birgə çalışmaqdan məmnunluq duyduqlarını və növbəti 3 ildə daha sıx əməkdaşlıq edəcəklərinə ümid etdiklərini, birgə səyləri ilə bundan sonra da gələcək əlaqələrinin möhkəmlənməsinə, “Qida mühəndisliyi” sahəsində əməkdaşlığın genişlənməsinə əmin olduqlarını bildirmişlər. X11 ilə Rafiq Camalov adı qeyd edilən “+994 55 778 15 00” nömrəsi arasında olan yazışmalardan: iddiaçıya ünvanlanmış 07 iyul tarixli mesajdan görünür ki, dünən axşam rektorla danışdığını, rektorun da tələbələrin tətili və müəllimlərin məzuniyyət dövrü ilə məşğul olduğunu, onun isə payızda gəlməsini tövsiyə etdiyini bildirmiş, məzuniyyətindən həzz almasını və payızda görüşmələrini arzulamışdır; iddiaçı tərəfindən göndərilmiş 20 iyul tarixli mesajdan görünür ki, növbəti gəliş tarixinin 05 sentyabr olmasının təsdiqlənməsini istəmişdir. İddiaçı tərəfindən göndərilmiş 07 avqust tarixli mesajdan görünür ki, universitetlə qüvvədə olan müqaviləsinin olduğunu, əgər hansı bir problem varsa, bilmək istədiyini, universitetin müqavilədə yazılanlara əməl etməli olduğunu bildirmişdir. İddiaçıya ünvanlanmış 09 avqust tarixli mesajdan görünür ki, professor Mustafa Babanlının rektor vəzifəsindən azad edilməsi, rektor vəzifəsini digər bir universitetin rektoru Vazeh Əsgərovun icra etməsi, Azərbaycanda rektor vəzifəsinə təyinatın prezidentin sərəncamı ilə olmasını və onların da həmin təyinatı gözləməsini, buna görə də iddiaçının Bakıya gəlməkdən çəkinməsini, özlərinin hər şey aydınlaşan kimi ona xəbər verəcəklərini bildirmişdir. İddiaçı tərəfindən göndərilmiş 14 avqust tarixli mesajdan görünür ki, o, şəxslə deyil, universitetlə müqavilə bağladığını bildirmiş, universitetdə işləyən hər kəsin maaş aldığı halda, ona keçən ay üçün maaş ödənilməməsinin səbəbini soruşmuşdur; iddiaçıya ünvanlanmış 01 sentyabr tarixli mesajdan görünür ki, müxtəlif komissiyaların universitetdə maliyyə pozuntuları ilə bağlı araşdırma apardığını, hələ ki, universitetə yeni rektor təyin edilmədiyini, dərslər 15 sentyabrda başlayacağından, bundan sonra onun gəlməsinin mümkünlüyü barədə yazacağını bildirmişdir. İddiaçıya ünvanlanmış 05 sentyabr tarixli mesajda qeyd edilmişdir ki, rektor vəzifədən azad edildikdən sonra müvafiq komissiya universitetin maliyyə fəaliyyətini yoxlayarkən müəyyən etmişdir ki, bəzi professorlar xaricdə olarkən maaş almışlar. Halbuki, komissiya bildirmişdir ki, sərbəst iş qrafiki o deməkdir ki, professor yalnız Azərbaycanda olduğu müddətdə özünə uyğun vaxtda işləməlidir. Buna görə də onun əmək haqqının müvəqqəti olaraq dayandırıldığı, Miqrasiya Xidməti tərəfindən ona 1 illik iş icazəsi və müvəqqəti yaşayış icazəsinin verildiyi bildirilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, X11 xx.xx.2023-cü il tarixdə dövlət sərhədindən giriş etmiş, xx.xx.2023-cü il tarixdə çıxmış, xx.xx.2023-cü il tarixdə giriş etmiş, xx.xx.2023-cü il tarixdə çıxmış, xx.xx.2023-cü il tarixdə giriş etmiş və xx.xx.2023-cü il tarixində dövlət sərhədindən çıxmışdır. Mousavi Aminə məxsus “X4” kartı üzrə xx.xx.2022-xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, karta sonuncu dəfə xx.xx.2023-cü ildə 2.985,50 manat məbləğində əmək haqqı, xx.xx.2024-cü ildə isə 3.670,23 manat məbləğində son haqqhesab köçürülmüşdür. Cavabdeh əmək müqaviləsinə xitam verilmə haqqında xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, “Kimya texnologiya” fakültəsinin tədqiqatçı professoru X3 müqavilə müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi, son haqq-hesabın edilməsinin baş mühasibə tapşırılması barədə əmr verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X11 həqiqətən həmin universitetdə “Kimya texnologiya” fakültəsində tədqiqatçı professor vəzifəsində çalışmışdır və ona verilən son haqq hesab müvafiq olaraq ödəniş edilmiş 9 aylıq (2022ci ilin oktyabr ayından 2023-cü ilin iyun ayı da daxil olmaqla) əmək haqqına müvafiq olaraq hesablanmışdır. Məhkəmə Kollegiyası tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməli olması baxımından tərəflərin izahatlarına qiymət verərək qeyd edir ki, əmək qanunvericiliyə görə işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu özünün “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında tərəflər arasında əmək fəaliyyəti ilə bağlı yaranan əmək münasibətləri ilə mülki hüquqi münasibətlər arasında fərqləndirmə apararaq və onların hər birinin hüquqi təbiətini təhlil edərək göstərmişdir ki, “şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir... Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. İşçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülkihüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur. Məhkəmə Kollegiyası işin sadalanan hallarına münasibətdə bildirir ki, tərəflər arasında mövcud olmuş münasibətlər əvvəllər müstəqil xidmət müqaviləsi ilə tənzimlənmiş, sonradan isə əmək müqaviləsi kimi rəsmiləşdirilmişdir. Belə ki, araşdırma zamanı tərəflərin izahatlarından aydın olmuşdur ki, əmək müqaviləsinin bağlanması formal xarakterli olmuşdur, yəni, iddiaçı ilə xidməti münasibətlərdə əməkdaşlığın davam etdirməsi Əmək Müfəttişliyi tərəfindən qanunvericiliyin pozulması kimi qiymətləndirilərək cərimə olunmaları təhlükəsi var idi. İddiaçı belə bir müqavilənin bağlanması təklifinə etiraz etməmiş və mövcud məzmunlu olan müqavilə bağlanmışdır. Belə olan halda iddiaçı ilə cavabdeh arasında münasibətlərin mülki hüquqi münasibətlərdən əmək münasibətlərinə keçmişdir ki, həmin müqavilənin məzmununun Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş məcburi tələblərə cavab verib-verməməsi müəyyənləşdirilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, sözügedən müqavilədə Əmək Məcəlləsinin 43cü maddəsinin 2-ci hissəsində müəyyən edilən mütləq şərtləri göstərilməmişdir, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək funksiyaları, onları müvafiq iş yerində şəxsən yerinə yetirməsi, iş vaxtı, istirahət və məzuniyyətlə bağlı hər hansı müddəaları olmamışdır. Həmçinin əmək müqaviləsi yalnız əmək münasibətləri üçün nəzərdə tutulub - yəni işçi işəgötürənin tabeliyində, onun göstərişləri ilə və müəyyən iş rejimində çalışmalıdır. Hazırda belə bir hal müəyyən edilməmişdir. Ali Məhkəmənin Apellyasiya Məhkəməsinin əvvəlki məhkəmə qərarını ləğv edərkən mövqeyinə görə isə əvvəllər görülmüş işlərin hər birinin cavabdeh tərəfindən verilmiş konkret tapşırıqlar əsasında həyata keçirilməsi barədə də işdə hər hansı sübutların olmadığı nəzərə alınmamışdır. Məhkəmə Kollegiyasının iclasında tərəflərin verdikləri izahatlara əsasən iddiaçının məhz cavabdeh tərəfin tapşırığına əsasən işlər görməli olması müəyyən edilmişdir ki, bu da mahiyyət etibarı ilə əmək deyil, podrat münasibətlərinə daha çox xarakterikdir. Belə ki, əgər tərəflər faktiki olaraq mülki-hüquqi xarakterli işlər (məsələn, tikinti, xidmət göstərilməsi və s.) görürlərsə, bu münasibətlər podrat müqaviləsi ilə tənzimlənməlidir. Göstərilənləri nəzərə alaraq Məhkəmə Kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında əks olunan hüquqi mövqelərə uyğun olaraq tərəflər arasında mövcud olan münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək hesab edir ki, tərəflər arasında mövcud olan münasibətlər xarakterinə və həqiqi mahiyyətinə görə onlar arasında əmək münasibətləri kimi qiymətləndirilə bilməz. Kollegiya bu qənaətə gələrkən nəzərə alır ki, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmə Kollegiyası işin müəyyən edilmiş hallarına əsasən bildirir ki, əslində tərəflər arasında podrat münasibətləri olmuşdur. Əgər tərəflər arasında faktiki olaraq podrat münasibətləri mövcuddursa, lakin bu münasibət əmək müqaviləsi formasında rəsmiləşdirilibsə və bu, əmək münasibətlərinin mahiyyətinə uyğun deyilsə, belə müqavilə hüquqi baxımdan əqdin pərdələnməsi kimi qiymətləndirilməlidir. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, əgər əqd başqa bir əqdin pərdələnməsi məqsədilə bağlanıbsa, bu halda həmin əqd (yəni əmək müqaviləsi) əhəmiyyətsiz əqd hesab edilə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, bu cür hallarda əqdin mahiyyətinə baxılmalı, yəni tərəflərin faktiki münasibətlərinə və işin necə təşkil olunduğuna istinad edilməlidir. Əgər işçi müstəqil şəkildə xidmət göstərirsə, öz iş vaxtını və üsulunu özü müəyyən edirsə, bu əmək münasibəti deyil, mülki-hüquqi münasibət sayılır. İşin sadalanan halları ilə də müəyyən edildiyi kimi tərəflər arasında əmək münasibətlərinə dair hər hansı bir addım atılmamış, yəni iş vaxtı, üsulu müəyyən edilməmiş, eyni zamanda Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində müəyyən edilən mütləq şərtləri göstərilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, əmək müqaviləsi yalnız formal xarakter daşıyır və əsl hüquqi münasibəti pərdələmək üçün bağlanmışdr və bu, əqdin pərdələnməsi sayılır ki, həmin əqd əhəmiyyətsiz əqd kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, əmək müqaviləsi faktiki podrat münasibətlərini gizlətmək üçün bağlanılmışdır, tərəflərin real münasibətləri əmək qanunvericiliyinə uyğun gəlmir və bu müqavilə hüquqi qüvvəyə malik deyil, bununla da əqdin mahiyyətinə qiymət verərək Məhkəmə Kollegiyası hesab edir ki, tərəflər arasında olan əqd əhəmiyyətsiz olmaqla əslində podrat münasibətlərini pərdələmək məqsədini güdmüşdür. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək haqqını hansı əsaslarla və hansı gördüyü işə görə tələb etdiyini, eləcə də həmin müddət ərzində işçi tərəfindən hansı konkret işlərin yerinə yetirildiyini tam şəkildə araşdırmadan iddiaçının əmək haqqı tələbini, məzuniyyətə görə kompensasiya tələbini və hər gecikdirilən gün üçün 1% ödənc tələbini təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, 2023-cü ilin iyul ayında iddiaçı tərəfindən cavabdeh üçün şərtləşdirilmiş işlər üzrə yalnız 1 məqalə göndərilmiş (cild 1, i.v.241), xx.xx.2024-cü il tarixədək digər hər hansı iş görülməmişdir və bu, cavabdeh tərəfindən iddiaçıya bu işdən başqa digər heç bir tapşırıq verilməməsi səbəbindən baş vermişdir. İddiaçının digər şəxsin - Aynur Əliyeva adından da məqalə göndərərək məqalədə öz adının olmamasına baxmayaraq faktiki müəllifinin özü olmasını göstərsə də, kollegiya digər şəxsin adından göndərilən məqalənin iddiaçıya aid olmasını təsdiq edən sübut təqdim edilmədiyi üçün bu dəlili də əsassız sayır. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə Kollegiyası iş yerində boşdayanma vəziyyətinin yaranması ilə bağlı işəgötürənin təqsirinin olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iş yeri cavabdeh universitet olmamış, cavabdeh iddiaçıya işi dayandırmaq barədə xəbərdarlıq etməmiş, iddiaçının elmi fəaliyyətinə cavabdehin hər hansı maneəsi mümkünsüz olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə istinad etməsi düzgün olmamışdır. Buna baxmayaraq Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı 2023-cü ilin iyul ayından 2024-cü ilin mart ayına kimi cavabdehin etiraf etdiyi kimi 1 məqalə göndərdiyindən ona göstərdiyi xidmətə görə 3900 manat ödənilməlidir. Ancaq tərəflər arasında əmək münasibətləri olmadığından işçiyə bu münasibətlər zəminində hər hansı mənəvi ziyan dəyməsi də mümkün deyildir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd işin faktiki hallarını və dəlilləri hərtərəfli araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə tam əsaslı sayıla bilməz. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 405 və 420-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1603/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X3 Cavabdehnə qarşı “cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin iyul ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsini, ona istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin, 22.000 (iyirmi iki min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya verilməsi” barədə iddiası qismən təmin edilsin. Cavabdehndən 3900 manat tutularaq X8 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə