Məhkəmə qərarları › İş №2(103)-3239/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3239/2020

16.03.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3239/2020 16.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)-4894/2019 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh ASC arasında imzalanmış xx.xx.2014-cü il tarixli 4248 nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh ASC arasında xx.xx.2014-cü il tarixli 4248 nömrəli kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən ona 30 ay müddətinə illik 26% olmaqla 25450 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə üzrə o, öz üzərinə götürdüyü öhdəlikləri tam və zamanında yerinə yetirmiş, kredit ödənişlərini yalnız manatla həyata keçirmişdir. Lakin sonrakı dövrlərdə o, şəxsi problemlərlə və manatın devalivasiyaya uğraması nəticəsində iqtisadi böhranla əlaqədar olaraq müqavilə üzrə öhdəlikləri vaxtı-vaxtında yerinə yetirə bilməmiş, ödəməni bir müddət həyata keçirə bilməmişdir. Bir müddət sonra isə o, cavabdehlə imzalanmış müqaviləni nəzərdən keçirdikdə, ödəniş cədvəlindəki məbləğin naməlum səbəblərdən ABŞ dolları ilə ifadə olunduğuna diqqət yetirmişdir. Halbuki kredit müqaviləsi imzalanarkən cavabdeh bankın əməkdaşları ona ödənişlərin manatla ediləcəyini bildirmişlər və müqavilədə də manatla ifadə olunması qeyd olunmuşdur. O isə bu deyilənlərə inanmış və müqaviləni oxumadan imzalamışdır. Göründüyü kimi, o, cavabdeh bank tərəfindən aldadılaraq müqaviləni imzalamışdır. Lakin Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Əgər o, kreditin ABŞ dolları məzənnəsinə uyğun götürülməsini və devalivasiya nəticəsində ödənişləri edə bilməyəcəyini bilsəydi, həmin kredit müqaviləsini başqa şərtlərlə bağlayardı, yaxud ümumiyyətlə bağlamazdı. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(006)- 4894/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə şəraitin əhəmiyyətli dərəcədə dəyişdirilməsi səbəbi ilə cavabdehlə bağlanmış müqaviləni ləğv etmək hüququna malik olsa da, bununla bağlı qanunvericilik normalarını tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu qeyd edib, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh ASC (Bərdə filialı) ilə İddiaçı (borcalan) arasında imzalanmış xx.xx.2014-cü il tarixli 4248 №-li bank hesabı və kredit müqaviləsinə əsasən bank borcalana 26% hesablanmaqla 30 ay müddətinə 25450 ABŞ dolları məbləğində kredit vermiş, Borcalan krediti qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, aralarında imzalanmış xx.xx.2014-cü il tarixli 4248 №-li kredit müqaviləsinin ləğv edilməsi xahiş edilmiş, əks halda müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2638/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İddiaçı, X4, X2 və X5 xx xxxxxxx 2014-cü il tarixli 4248 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 22513 ABŞ dolları əsas, 3645 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27158 ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub Cavabdeh ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-194/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8608/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1008/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı mübahisələndirdiyi müqavilənin bağlanarkən manatla ifadə edildiyini, müqaviləni oxumadan imzaladığını və bank tərəfindən aldadıldığını iddia edərək, şəraitin əhəmiyyətli dərəcədə dəyişdirilməsi səbəbi ilə cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 386.1, 390, 421.1, 422.1, 439.2, 442, 443.1, 445.2, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli və Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarlarına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən müqavilənin ləğv edilməsi üçün hər hansı əsas mövcud olmadığından iddia tələbi əsassızdır və təmin edilə bilməz. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məcəllənin 439.2-cı maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, kredit tərəflərin razılaşmasına əsasən məhz ABŞ dolları ilə verilmiş, müqaviləyə əsasən tərəflər kreditin və kreditdən istifadəyə görə faizlərin hər ay hissə-hissə olmaqla kreditin verildiyi ABŞ dolları ilə qaytarılması barədə razılığa gəlmişlər və bu, tərəflər arasında şərtləşdirilmişdir. Müqavilə tərəflərin arasında müqavilə azadlığı çərçivəsində imzalanmışdır və bütün şərtlər, o cümlədən kreditin məbləği, valyuta növü, ödənişlər və onların hesablanması qaydaları müqavilədə müəyyən edilmişdir. İddiaçı cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etsə də, mübahisələndirilən müqavilənin ləğv edilməsi üçün hər hansı əsasın mövcud olmasını təsdiq edən sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmiş, iş materiallarından isə belə bir hal müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı daha əvvəl də hazırda ləğv edilməsini tələb etdiyi kredit müqaviləsinin etibarsızlığı məsələsini mübahisələndirmiş, iddiasının təmin edilməməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsassızdır. İddia tələbində və apellyasiya şikayətində istinad etdiyi halları iddiaçı konkret dəlillərlə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4894/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar