Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-324/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: son haqq-hesabın tam ödənilməsi, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) son haqq-hesabın tam ödənilməsi və ödənişin gecikdirilmiş hər günü üçün ödəncin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-1846/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" QSC-nin Yükdaşımaları Departamentinin Resursların və maya dəyərinin planlaşdırılması şöbəsinin rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinə böyük mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
2. İşdən azad olunan zaman iddiaçıya cavabdeh tərəfindən 4.072 manat məbləğində son haqq-hesab ödənilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə "xxxx"-yə işə qəbul olunmuşdur. Bir müddət QSC-də müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2023-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. İşdən azad olunan zaman cavabdeh tərəfindən ona ödənilməli olan son haqq-hesab qanunvericiliyin tələblərinə zidd olaraq tam ödənilməmişdir. Belə ki, həmin müəssisədə çalışdığı 3 il 8 ay ərzində məzuniyyət günləri daxil olmaqla əmək haqqını iki hissədən ibarət olaraq almış - əmək müqaviləsinə müvafiq olan vəzifə maaşı və mükafat (qeyd edilən mükafat əmək müqaviləsində əks edilməsə də, birdəfəlik xarakter daşımayıb və işlədiyi dövr ərzində hər ay ödənilib). Son on iki ay ərzində orta aylıq əmək haqqı qanunvericiliyin tələblərinə uyğun olaraq vergi və DSMF-yə ödənişlər çıxılmadan qabaq 4.384 manat təşkil edib (orta əmək haqqı haqqında arayış əlavə edilir). Bildirir ki, işdən azad olunan zaman istifadə olunmamış məzuniyyət günlərinin sayının 74.6 gün olduğunu nəzərə alaraq son haqqhesab məbləği iyul ayında işdə olduğu 3 gün də nəzərə alınmaqla vergi və sosial tutulmalardan sonra 7.801 manat olmalı olduğu halda, cəmi 4.072 manat məbləğ hesabına köçürülmüş, nəticədə cavabdeh tərəfindən ona ödənilməli olan, lakin ödənilməmiş məbləğ 3.729 manat təşkil etmişdir (bank çıxarışı əlavə edilir). Bildirir ki, cavabdeh tərəfindən ona mükafat şəklində ödənilən məbləğ daimi xarakterli və əməkhaqqı sisteminə daxil olmaqla hər ay əmək haqqı ilə birlikdə və əmək haqqının tərkibinə daxil olmaqla ödənilmişdir. İşlədiyi müddət ərzində hər ay əmək haqqının tərkibində ona ödənilən mükafatın işdən azad olunan zaman son haqq-hesab ödənilərkən nəzərə alınmaması cavabdeh tərəfindən qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, qanunvericiliyin tələbinə uyğun olaraq işçiyə ödənilməli olan əmək haqqı məbləği düzgün hesablanmadığı təqdirdə gecikdirilmiş hər gün üçün gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməlidir. İddiaçıya ödənilməli olan son haqq-hesabın düzgün hesablanıb ödənilməsini tələb etməyinə baxmayaraq cavabdeh bu tələbə əhəmiyyət verməmişdir. Hesab edir ki, iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə cavabdeh Azərbaycan Dəmir Yollar QSC ödənişin hər gecikdirilmiş gün üşün iddiaçıya 8.388 manat məbləğində ödənc verilməlidir. Cavabdeh tərəfindən iddiaçıya hər ay ödənilən mükafat əmək haqqına həvəsləndirici xarakter daşıyan daimi əlavə hesab olunduğundan işdən azad olunan zaman istifadə olunmamış 74 gün məzuniyyətinə görə ona ödənilməli olan məbləğ hesablanarkən əmək haqqına daxil olan mükafat qismində həvəsləndirici xarakter daşıyan əlavələr də nəzərə alınmalı idi. Mübahisənin həlli istiqamətində tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə baxılması üçün müraciət edilmişdir. Cavabdeh QSC-nin sorğulanan məlumatları tam təqdim etmədiyindən son haqq hesabın düzgün hesablanıbhesablanmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə ödənilməmiş əmək haqqı vergi və sosial yığımlar çıxıldıqdan sonra ümumilikdə 3.708 manat məbləğində olan borc və ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq - 06 iyul 2023-cü il tarixdən faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin cavabdeh QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində əmək haqqının iki hissədən - əmək müqaviləsinə müvafiq olan vəzifə maaşı və mükafatdan ibarət olduğunu bildirmişdir. İddiaçı ilə "xxxx" arasında bağlanmış əmək müqaviləsində onun əmək haqqı qeyd olunmuş, iddiaçının qeyd etdiyi mükafat məbləği onun əmək müqaviləsində öz əksini tapmamışdır. Məlumat üçün bildirirlər ki, iddiaçının əmək haqqı kimi qeyd etdiyi mükafat məbləği hər ayın yekunları üzrə əmək funksiyalarının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqlənən işçilərə mükafat şəkilində verilir. Göründüyü kimi, əmək haqqına əlavə olaraq verilən məbləğ işçinin əmək haqqısı kimi deyil, yalnız mükafat şəkilində işçiyə verilir. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya son haqq-hesab hesablanarkən ona ödənilmiş mükafat məbləği birdəfəlik xarakter daşıdığından son haqqhesabın hesablanmasında həmin məbləğ düzgün olaraq nəzərə alınmamışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçıya son haqq-hesab hesablanarkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1846/2024 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia təmin edilməmişdir.
7. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab etmişdir ki, bank çıxarışlarından da göründüyü kimi iddiaçı 2023-cü ilin iyul ayında əmək məzuniyyətinə çıxarkən ona ödənilən məzuniyyət pulunun daxilində ona ödənildiyini iddia etdiyi mükafat məbləği nəzərə alınmamış və bunu məhkəmə iclası zamanı hər iki tərəf də etiraf etmişdir.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, işəgötürən tərəfindən işçiyə əmək haqqından əlavə aylıq və ya illik mükafatın ödənilməsi əmək müqaviləsi və ya digər sənədlə rəsmiləşdirilməlidir. Lakin iddiaçının qeyd etdiyi mükafat məbləği onun əmək müqaviləsində öz əksini tapmamışdır. Həmçinin, iddiaçının iddia etdiyi daimi mükafatların verilməsini təsdiqləyən sənəd iş materiallarına əlavə olunmamışdır. Bundan əlavə isə işçi əvvəllər əmək məzuniyyətinə çıxarkən ona məzuniyyət haqqı ödənilərkən mükafatın nəzərə alınmaması, iddiaçının həmin müddət ərzində də bununla bağlı işəgötürənə qarşı hər hansı pretenziya irəli sürmədiyini nəzərə alanda belə qənaətə gəlinir ki, qeyd edilən mükafatların birdəfəlik xarakter daşıdığını bir daha təsdiq edir.
9. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
10. Bu halda məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı düzgün hesablanmayan pul tələbinə dair iddiası təmin edilmədiyindən, iddia digər hissədə yəni “hər gecikdirilmiş gün üçün ödəncin verilməsi” hissəsində prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan iddiası bu hissədə də təmin edilə bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə, 83.2, 154.1, 157.6, 158-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarına, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın" 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, 350 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, mükafatların verilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Bildirir ki, ona hər ay əmək haqqı ilə yanaşı mükafatın ödənilməsi tərəfindən məhkəməyə təqdim edilmiş əmək haqqından çıxarışlarla da təsdiq olunur. Hər ay mükafatın ödənilməsi barədə razılaşma əmək müqaviləsində nəzərdə tutulmasa da, tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər təsdiq edir ki, cavabdeh tərəfindən mükafat şəklində ödənilən məbləğ daimi xarakterli və əmək haqqı sisteminə daxil olmaqla hər ay əmək haqqı ilə birlikdə və əmək haqqının tərkibinə daxil olmaqla ödənilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə tam əsassızdır. Belə ki, əmək müqaviləsində nəzərdə tutulmadığı halda cavabdeh orqan tərəfindən ona hər ay mükafatın ödənilməsi işin mübahisəsiz halıdır. Həmin mükafatın daimi xarakterli deyil, birdəfəlik xarakterli olmasını isə məhkəmə yalnız cavabdehdən lazımi sübutları (hər ay stabil olaraq mükafatın ödənilməsinə dair cavabdehin aidiyyatı aylar üzrə bütün əmrləri və s) tələb edərək araşdırdıqdan sonra qiymət verə bilərdi. İşlədiyi müddət ərzində hər ay əmək haqqının tərkibində mənə ödənilən mükafatın işdən azad olunan zaman son haqqhesab ödənilərkən nəzərə alınmaması cavabdeh tərəfindən qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, qanunvericiliyin tələbinə uyğun olaraq işçiyə ödənilməli olan əmək haqqı məbləği düzgün hesablanmadığı təqdirdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməlidir. İddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə cavabdeh Azərbaycan Dəmir Yolları QSC ödənişin hər gecikdirilmiş gün üçün ona 8.388 manat məbləğində ödənc verilməlidir. Bununla bağlı hesabat birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya hər ay ödənilən mükafat əmək haqqına həvəsləndirici xarakter daşıyan daimi əlavə hesab olunduğundan işdən azad olunan zaman istifadə olunmamış 74 gün məzuniyyətinə görə ödənilməli olan məbləğ hesablanarkən əmək haqqına daxil olan mükafat qismində həvəsləndirici xarakter daşıyan əlavələr də nəzərə alınmalı idi. Bundan başqa birinci instansiya məhkəməsi ona hər ay ödənilən mükafatın birdəfəlik xarakterli olduğu qənətinə gəlsə də, həmin mükafatın ona ödənilməsi ilə bağlı cavabdeh orqan tərəfindən hər ay qəbul edilməli olan əmri cavabdehdən tələb edərək araşdırmamışdır. Belə ki, cavabdeh yalnız 2023-cü ilin 2 ayı üzrə əmr nümunələri təqdim etsə də, sənədlər tam deyildir, əks tarixlə verilmədiyi və işə aidiyyatı olub-olmaması sübut edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi icraatı zamanı sonuncu məhkəmə iclasında təqdim olunmuş iki əmrin ona aid olub-olmaması barədə heç bir əsas yoxdur. Orta aylıq əmək haqqının hesablanması zamanı işçinin 2 ay deyil, son 12 aylıq əmək haqqı barədə məlumat tələb olunur. Tələb edir ki, qarşı tərəf 12 ayla bağlı sənədləri təqdim etsin. Birinci instansiya məhkəməsi tərəfindən iddiamın təmin olunmamasını qanuni hesab etmir. İddiaçı suallara cavab olaraq bildirdi ki, işə başladığı vaxtdan hər ay stabil olmaqla ona mükafat kimi pul ödənilib.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Cavabdehin nümayəndələri həmçinin bildirdilər ki, iş üzrə uzun müddət araşdırılma aparılmışdır. Tərəfindən əmrlər təqdim olunmuşdur. Təmsil etdiyi təşkilatda idarə heyəti hər ay qərar verir ki, əgər işçilərin fəaliyyəti uyğundursa, onlara mükafat ödənilir. Bu mükafat birdəfəlik xarakter daşıyır. Bununla bağlı hər ay qərar qəbul edilir. İddiaçının əmək müqaviləsində o barədə heç bir qeyd olmamış, stabil əmək haqqı qeyd olunmuşdur. İddiaçı işə qəbul olan zaman bununla bağlı narazılıq etməmişdir. Belə ki, o, məzuniyyətə çıxarkən məzuniyyət pulu ödəniləndə stabil əmək haqqından yox, mükafatdan da ödənilməsi barədə narazılıq bildirməmişdir. Oxşar tələblər bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları da var və iş materiallarına əlavə edilmişdir.
17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbayan Respublikasının Əmək Məcəlləsi Maddə 83.2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 139.1-ci hissə. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Maddə 139.2-ci hissə. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 154.1-ci hissə. Əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu nəzərdə tutulur. Maddə 157.1-ci hissə. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Maddə 157.2-ci hissə. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Maddə 157. 3-cü hissə. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Maddə 157.4-cü hissə. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Maddə 157.5-ci hissə. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Maddə 157.6-cı hissə. Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Maddə 158.1-ci hissə. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Maddə 172.5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
19. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı”na əsasən: Nəzərə alınan ödənişlər - faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı; müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar; Nəzərə alınmayan ödənişlər isə - birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdir (mükafatlar da daxil olmaqla).
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia tələbi rədd edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, 3.708 manat ödənilməmiş son haqqhesab və gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödənc olaraq 8.238,44 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Hazırki iş üzrə iddiaçının birinci tələbi cavabdeh tərəfindən ona son-haqq hesab ödənilərkən istifadə olunmamış məzuniyyət günlərinə görə orta əmək haqqının hesablanması zamanı hər ay ödənilən mükafatın nəzərə alınmaması ilə bağlıdır.
27. Cavabdeh isə bu tələbə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya son haqq-hesab hesablanarkən ona ödənilmiş mükafat məbləği birdəfəlik xarakter daşıdığından düzgün olaraq nəzərə alınmamışdır. Etirazda həmçinin qeyd edilmişdir ki, iddiaçının əmək haqqı kimi qeyd olunmuş mükafat məbləği hər ayın yekunları üzrə əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqlənən işçilərə mükafat şəklində verilir.
28. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışdan, müəyyən edilir ki, iddiaçı 2020-ci ilin yanvar ayından başlayaraq hər ay maaş ilə bərabər mükafat da almışdır (iş v. 17-21, əmək haqqı SAL, mükafat MKF kimi qeyd edilmişdir).
29. Eyni zamanda, cavabdeh tərəfindən iş üzrə ekspertiza keçirilən zaman təqdim edilmiş və məhkəmə tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayını əhatə edən dövr üzrə cədvəldən də görünür ki, cavabdeh tərəfindən iddiaçıya hər ay mükafat ödənilmişdir.
30. İşdə olan sənədlərdən həmçinin görünür ki, xx.xx.2023-xx.xx.2023-cü ili əhatə edən dövrdə iddiaçıya ödənilən mükafatın bir hissəsi hər ay onunla "xxxx" ASC arasında bağlanmış həyatın yaşam sığortası müqavilə üzrə ASC-yə ödənilmiş (iş v. 22), bu səbəbdən həmin aylar üzrə cavabdeh tərəfindən iddiaçının hesabına mükafatın qalıq məbləği ödənilmişdir.
31. Əmək qanunvericiliyin tələblərinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda istinad olunan xx.xx.1999-cu il tarixli, 137 nömrəli qərarında göstərilmişdir ki, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı; müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar nəzərə alınmalıdır. Birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdir (mükafatlar da daxil olmaqla) nəzərə alınmayan ödənişlərdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsində qeyd edilib-edilməməsindən, hər ay işəgötürənin əmri ilə rəsmiləşdirilməsindən asılı olmayaraq, iddiaçıya cavabdeh tərəfindən hər ay stabil olaraq mükafatın ödənilməsi onu deməyə əsas verir ki, həmin məbləğ əmək haqqının tərkib hissəsini təşkil etmiş və birdəfəlik xarakter daşımamış, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmalı ödəniş olmuşdur.
34. Kollegiya qeyd edir ki, əmək münasibətlərində işəgötürən təşkilatisərəncamverici səlahiyyətlərə malik olur və əmək müqaviləsinin tərtib edilməsi, onun elektron informasiya sistemində qeydə alınması, əmək kitaçasının doldurulması, müvafiq əmrlərin rəsmiləşdirilməsi və s. onun tərəfindən həyata keçirilir. İşəgötürən tərəfindən işçiyə hər ay faktiki olaraq ödənilən mükafatın əmək müqaviləsində qeyd edilməməsinə görə məsuliyyət işçinin üzərinə qoyula bilməz.
35. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 2023-cü ilin iyul ayında əmək məzuniyyətinə çıxarkən ona ödənilən məzuniyyət pulunun daxilində mükafat məbləğinin nəzərə alınmaması onun tərəfindən hazırki tələbi irəli sürməyi istisna etmir.
36. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/9205 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 4.072,85 manat məbləğin ödənildiyi nəzərə alınmaqla, ödənilməmiş qalan məbləğin 3.728,44 manat (7801,29 - 4072,85) olduğu müəyyən olunmuşdur. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı son iş günündən, yəni xx.xx.2023-cü il tarxindən iddia ərizəsinin imzalandığı xx.xx.2024-cü il tarixədək 221 günün keçdiyi nəzərə alınmaqla və 3.728,44 manat ödənilməmiş məbləğin gecikdirilmiş hər günü üçün 1 faiz məbləği (3728,44x 1%) 37,28 manat hesablanmaqla, ümumilikdə ödənilməli olan ödənc (37,28 x 221 gün) 8.238,88 manat müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri, ekspert rəyini və məhkəmənin işdə iddiaçının verdiyi tələb üzrə qətnamə çıxarmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının birinci tələbi üzrə 3.708 manat məbləğində son haqq-hesabın ödənilməmiş hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
38. İddiaçının bu tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ikinci tələbi qismən təmin edilməli, iddiaçının son iş günündən, yəni xx.xx.2023cü il tarxindən iddia ərizəsinin imzalandığı xx.xx.2024-cü il tarixədək ödənilməmiş məbləğin gecikdirilmiş hər günü üçün 1 faiz hesablanmaqla 8.238,44 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1846/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən 3.708 manat məbləğində son haqq-hesabın ödənilməmiş hissəsi, ödənilməmiş məbləğin gecikdirilmiş hər günü üçün 1 faiz hesablanmaqla 8.238,44 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində vəsait cavabdeh "xxxx" QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: