Məhkəmə qərarları › İş №2(103)-3247/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3247/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3247/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin e-2(011)-3572/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı qüsursuz avtomobilin verilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Xətai Rayon Məhkəməsinin e-2(011)-3572/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə ərazi aidiyyəti qaydalarına riayət edilmədən verildiyindən geri qaytarılmışdır.

3. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.

7. İddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki iş üzrə iddiaçının tələbi onun mülkiyyətində olan “avtomobilin əvəzinə yeni, qüsursuz avtomobilin verilməsini və sair”dir. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdehin hüquqi ünvanı ünvan 1 iddia ərizəsini aidiyyət qaydalarının pozulması əsası ilə geri qaytarmışdır.

8. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.

9. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

10. MPM-in 36-cı maddəsinə görə iddiaçının seçməsinə görə aidiyyət qaydaları müəyyənləşdirilmişdr.

11. 39.6-cı maddəsi isə məhz istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.

12. Mülki Məcəllənin 426-cı maddəsinə əsasən öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir.

13. 426.2. Əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra aşağıda göstərilən yerlərdə həyata keçirilməlidir: 1) torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə 2) əmlakın olduğu yerdə; 3) öhdəlik müəyyən əşyanın verilməsindən ibarətdirsə - müqavilənin bağlandığı an həmin əşyanın olduğu yerdə; 4) bütün digər öhdəliklər üzrə - borclunun yaşayış yerində, borclu hüquqi şəxsdirsə öhdəlik münasibətinin əmələ gəldiyi vaxt onun olduğu yerdə. Hazırki halda mülki işdə olan iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı ərizəsində mülkiyyətində olan avtomobilin əvəzinə yeni, qüsursuz avtomobilin verilməsini və dəymiş mənəvi ziyanı cavabdehdən tələb edir. Buradan bəlli olur ki, iddiaçı istehlakçı kimi öz pozulmuş hüquqlarının bərpası (yeni, qüsursuz avtomobilin verilməsi) üçün hazırki iddianı qaldırmış, cavabdeh hüquqi şəxsin olduğu yerin Xətai rayonunun inzibati ərasizi olması da mübahisəsizdir. Demək ki, hazırki iddia tələbi aidiyyət qaydalarına uyğun olaraq MPM-in 36.9-cu maddəsinin təsiri altına düşür.

14. Belə olan halda isə mübahisənin ərazi aidiyyəti müəyyənləşdirilərkən iddiaçının seçməsinə görə aidiyyətlə bağlı normalar rəhbər tutulmalı idi.

15. Rayon məhkəməsi isə qeyd edilən prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri ərazi aidiyyətinin pozulması əsası ilə geri qaytarmaqda haqlı olmamışdır.

16. Kollegiya qeyd edir ki, hazırkı iddia ərizəsi MPM-in 36.9-cu maddəsinin tələblərinə riayət edilməklə verildiyindən, mülki işə elə Xətai Rayon Məhkəməsində baxılmalıdır.

17. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

19. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

20. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

21. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Xətai Rayon Məhkəməsinin e-2(011)-3572/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar