Məhkəmə qərarları › İş №2(103)-3252/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3252/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3252/2020 16.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı X10, Göygöl rayonu İcra və probasiya şöbəsi və “xxxxx” MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “ipotekaya xitam verilməsi və daşınmaz əmlak üzərində hüquqların yüklülüyünün ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(006)-4780/2019 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı X10, Göygöl rayonu İcra və probasiya şöbəsi və “xxxxx” MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Göygöl şəhəri, Aşıq Alı küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 23 saylı fərdi yaşayış evinin xx.xx.2011-ci il tarixli, 819 saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə (ipotekasına) xitam verilməsinə və həmin yüklülüyün ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh ASC ilə xx.xx.2011-ci ildə 819 saylı kredit müqaviləsi bağlayaraq, həmin bankdan 24 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit almış, həmin kreditin təminatı kimi ASC ilə xx.xx.2011-ci il tarixli, 819 saylı ipoteka müqaviləsi bağlayaraq Göygöl şəhəri, Aşıq Alı küçəsində mülkiyyətində olan 0,07 ha torpaq sahəsində yerləşən 23 saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Qeyd olunan fərdi yaşayaış evinin yüklülüyü ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X10ndə (hazırda 3 saylı X10) xx.xx.2011-ci il tarixdə qeydiyyata alınıb və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış verilib. Kredit məbləğini vaxtında ödəyə bilmədiyi üçün ASC ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Göygöl rayon Məhkəməsinin 2(066)- 150/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ondan ASC-nin xeyrinə 20.071,56 ABŞ dollları məbləğində kredit borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının manata olan məzənnəsi ilə manat hesabı ilə tutulması, qeyd olunan məbləğin onun mülkiyyətində olan fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə olunmuş vəsait hesabına ödənilməsi, ev satıldıqda onun və ailə üzvlərinin 1 ay ərzində evdən çıxarılması qət olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-788/13 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə həmin qətnamə ipoteka predmeti olan olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilib, fərdi yaşayış evinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4546/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilib və işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilib, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-273/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş və Göygöl rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ipoteka predmeti olan fərdi yaşayış evi hərracda satıldıqdan 1 ay ərzində onun və ailə üzvlərinin evdən çıxarılmasına dair hissəsi ləğv olunmuş, həmin hissədə işin icraatına xitam verilmiş, 2(104)-273/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamə ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilmiş, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilmiş, ondan ASC-nin xeyrinə 20.071,56 ABŞ dollları pul tutulması (ABŞ dollarının manata olan məzənnəsi ilə manatla) və evin açıq hərracdan satılaraq kredit borcunun ödənilməsi, habelə satışdan artıq qalan pul vəsaitinin ona qaytarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilməyib və o qanuni qüvvəyə minmişdir. Göygöl rayon İcra Qrupu həmin qətnamənin icrası ilə bağlı ipoteka predmetinin açıq hərracda satılması üçün Hərrac Mərkəzi “xxxxx” MMC-nə sifariş vermişdir. Hərrac Mərkəzi “xxxxx” MMC 10.12.14-cü il və xx.xx.2014-cü il tarixlərdə ipoteka predmeti olan Göygöl şəhəri, A.Alı küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinin xx.xx.2015-ci ildə açıq hərracda satılacağına dair ona, Göygöl rayon İcra Qrupuna və Cavabdeh ASC-nə bildiriş göndərib və qanunvericiliyin tələblərinə uyğun olaraq kütləv informasiya vasitələrində elan vermişdir. Lakin həmin ipoteka predmeti alıcı olmadığından hərracda satılmamışdır. Bundan sonra Hərrac Mərkəzi “xxxxx” MMC xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə ipoteka predmeti olan fərdi yaşayış evinin xx.xx.2015-ci ildə ikinci açıq hərracda satılacağına dair ona, Göygöl rayon İcra Qrupuna və Cavabdeh ASC-nə bildiriş göndərmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq kütləvi informasiya vasitələrində elan vermişdir. Lakin həmin ipoteka predmeti alıcı olmadığından hərracda satılmamışdır. Buna görə də Hərrac Mərkəzi “xxxxx” MMC 30 gün müddətində ipoteka predmeti olan fərdi yaşayış evinin ipoteka saxlayan qismində əldə olunması barədə Cavabdeh ASC-nə rəsmi qaydada xx.xx.2015-ci il tarixli məlumat göndərmişdir. Lakin Cavabdeh ASC Hərrac Mərkəzinin xəbərdarlığına baxmayaraq, həmin fərdi yaşayış evini balansına qəbul etməmişdir. İpoteka saxlayan qeyd olunan ipoteka predmetini balansa qəbul etməkdən imtin etdiyindən qanunvericiliyin tələbinə görə ipotekaya xitam verilməli idi. Lakin həmin ipoteka predmetinin hərrac yolu ilə satılmasına dair daha bir qanunsuz cəhd edilmişdir. Belə ki, Hərrac Mərkəzi “xxxxx” MMC xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə ipoteka predmeti olan fərdi yaşayış evinin xx.xx.2017-ci ildə açıq hərracda satılacağına dair ona, Göygöl rayon İcra Qrupuna və Cavabdeh ASC-nə bildiriş göndərmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq kütləvi informasiya vasitələrində elan vermişdir. Lakin həmin ipoteka predmeti alıcı olmadığından hərracda satılmamışdır. Bundan sonra Hərrac Mərkəzi “xxxxx” MMC xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə ipoteka predmeti olan fərdi yaşayış evinin xx.xx.2017-ci ildə ikinci açıq hərracda satılacağına dair ona, Göygöl rayon İcra Qrupuna və Cavabdeh ASC-nə bildiriş göndərmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq kütləvi informasiya vasitələrində elan vermişdir. Lakin həmin ipoteka predmeti alıcı olmadığından hərracda satılmamışdır. Buna görə də Hərrac Mərkəzi “xxxxx” MMC 30 gün müddətinə ipoteka predmeti olan fərdi yaşayış evinin ipoteka saxlayan qismində əldə olunması barədə Cavabdeh ASC-nə rəsmi qaydada xx.xx.2017-ci il tarixli məlumat göndərmişdir. Bu zaman Cavabdeh ASC Hərrac Mərkəzinin təklifini qəbul etmiş və bununla bağlı Göygöl rayon İcra şöbəsinin iştirakı ilə Hərrac Mərkəzi “xxxxx” MMC və Cavabdeh ASC arasında hərracın yekunları barədə müqavilə qüvvəsinə malik xx.xx.2017ci il tarixli, 17/06 nömrəli alqı-satqı protokolu imzalanıb. O, “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-792/2018 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş və ona məxsus olan fərdi yaşayış evinə dair Azırbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxxx” MMC tərəfindən keçirilmiş xx.xx.2017-ci il taixli, 17/06 nömrəli hərracın yekunları barədə protokol və xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6359/2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ASC həmin qətnamədən kassasiya şikayəti verməmişdir. “xxxxx” MMC xx.xx.2017-ci il tarixli, 17/06 nömrəli hərracın yekunları barədə protokol və xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Nərimanov rayon İcra və probasiya şöbəsinə məktub göndərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(006)- 4780/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC ilə İddiaçı arasında imzalanmış xx xxxx 2011-ci il tarixli 819 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh ASC ilə İddiaçı arasında imzalanmış xx xxxx 2011-ci il tarixli 819 nömrəli ipoteka müqaviləsinə əsasən Göygöl şəhəri, Aşıq Alı küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 23 saylı fərdi yaşayış evinin Cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə (ipotekasına) xitam verilməsi və həmin yüklülüyün ləğv edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları sadalanaraq göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Hərracın keçirilməsi barədə iddiaçının məlumatlı olmasını təsdiq edən xəbərnamələr təqdim edilsə də, nəzərə alınmamışdır. Hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin mübahisəsiz müəyyən edilmiş hallarına əsasən, MA seriyalı, ******* №-li çıxarışdan görünür ki, Göygöl şəhəri, Aşıq Alı küçəsi, 23 saylı fərdi yaşayış evi (0,07 ha torpaq sahəsi) İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2011-ci ildə 819 saylı kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 24 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 819 saylı ipoteka müqaviləsinə əsasən həmin kreditin təminatı kimi Göygöl şəhəri, Aşıq Alı küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 23 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən öhdəlik lazımınca yerinə yetirilmədiyi üçün Cavabdeh ASC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-150/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin iddia tələbi təmin edilmiş, İddiaçı 20.071,56 ABŞ dollları məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, habelə ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, qeyd olunan məbləğin İddiaçı mülkiyyətində olan Göygöl şəhəri, Aşıq Alı küçəsi, 23 saylı evin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına ödənilməsi, əldə olunmuş vəsait hesabına ipoteka saxlayanın tələbləri ödənildikdən sonra qalan məbləğin ipoteka qoyana qaytarılması, ipoteka predmeti olan evə tutma yönəldikdə və ev satıldıqda İddiaçı, Mövsümova Arifə Eldar qızı və X3 1 ay ərzində evdən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-273/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan evə tutma yönəldikdə və ev satıldıqda İddiaçı, Mövsümova Arifə Eldar qızı və X3 1 ay ərzində evdən çıxarılmalarına aid hissədə ləğv edilmiş, həmin hissədə işin icraatına xitam verilmişdir. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-273/2014 saylı, xx.xx.2014- cü il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl rayon Məhkəməsinin 2(066)-150/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilmiş, fərdi yaşayış evinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilmiş, qətnamə İddiaçı 20.071,56 ABŞ dolları kredit borcunun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, habelə ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, qeyd olunan məbləğin İddiaçı mülkiyyətində olan evin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına ödənilməsi, əldə olunmuş vəsait hesabına ipoteka saxlayanın tələbləri ödənildikdən sonra qalan məbləğin ipoteka qoyana qaytarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bundan sonraGəncə Apellyasiya Məhkəməsinin 2(104)- 273/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən hərracda ipoteka predmeti cavabdeh tərəfindən əldə edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-792/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı məxsus Göygöl şəhəri, Aşıq Alı küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 23 saylı fərdi yaşayış evinə dair cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X9 Mərkəzi “xxxxx” MMC tərəfindən keçirilmiş xx xxxx 2017-ci il tarixli 17/06 nömrəli hərracın yekunlarına dair protokol və xx xxxx 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6359/2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-792/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hərrac qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Məhkəmənin ipotekaya xitam verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il Qərarına əsasən “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, ipoteka predmetinin satılması ilə əlaqədar hərrac qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmiş, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi qaydaları pozulmuşdur. Mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Beləliklə, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4780/2019 saylı saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar