Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3254/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Məmmədqasım oğlunun Cavabdehnə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1735/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçının övladı 1989-cu il təvəllüdlü X2 xx.xx.2015-ci ildə ölüb. Belə ki, onun yaşadığı, Tovuz rayonu, Abdulbəyli kəndindəki evin yaxınlığından keçən qaz kəmərinin yerin altına düşən hissəsində korroziya nəticəsində əmələ gələn dəliklərdən sızan qaz torağın altı ilə evə daxil olmuş, xx.xx.2014-cü il tarixdə, saat 21:15-də əmələ gəlmiş partlayış konsentrasiyalı qaz hava qarışığı X2 tərəfindən elektrik lampasının yandırılması zamanı əmələ gəlmiş qığılcımın təsirindən alışmış, C.Əmiraslanova yanıq xəsarətləri alaraq xx.xx.2015-ci ildə müalicə aldığı xəstəxanada ölmüşdür.
2. Fakta görə cinayət işi başlanmış və Cavabdeh əməkdaşları Tovuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulan cinayətin (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) təqsirli bilinərək məhkum edilmişlər.
Birinci instansiya məhkəməsində icraat
3.İddia ərizəsində tələb olunub ki, övladının ölümü nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 99.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. 4.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 45.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin olunmasın. Qətnamədə həmçinin qət olunub ki, dövlət rüsumuna və hüquqi yardıma görə ödənilmiş 690 manatın 45 faizi, yəni 310 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 65 faizi, yəni 380 manat iddiaçıya aid edilsin.
Apellyasiya instansiyası məhkəməsində icraat
5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilərək mənəvi zərərin məbləği 2.000 manat müəyyən edilsin. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdi.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8.Övladının ölümü iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmiş və iztirab çəkmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin göstərişlərinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu da ehtiva edir. 9.İddiaçıya vurulmuş mənəvi zərərin əvəzini cavabdeh ödəməlidir. Belə ki, hadisənin baş verməsində cavabdehin əməkdaşlarının təqsirkar olduğu qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 10.Həmin hadisə nəticəsində ölən şəxsin anasına - X3 mənəvi zərərə görə Cavabdeh İB tərəfindən 50.000 manat təzminat ödənilməsi barədə Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli 2(011)-5910/2024 nömrəli qətnamə qəbul edilib. Ölən şəxsin valideynlərindən birinə təzminat verilməsi digər valideyni - iddiaçını mənəvi zərərə görə təzminat tələb etmək hüququndan məhrum etmir. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. 11.İddiaçıya ödəniləcək təzminatın məbləği 10.000 manat müəyyən edilməlidir. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur, çünki əvvəlki iddiaçı ilə hazırkı iddiaçı ər-arvad olmaqla eyni ailənin üzvləridir, onlardan birinə verilən pul vəsaitindən digəri də istifadə edə bilir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, hadisə ehtiyatsızlıqdan baş verib, iddiaçının vəfat etmiş 25 yaşlı qız övladı onun üç övladından biri olub, ölümündən 4 il əvvəl ailə quraraq valideynlərindən ayrı yaşayıb, iddia isə hadisənin baş verməsindən 10 ilə yaxın vaxt keçdikdən sonra qaldırılıb. 12.Beləliklə, qətnamə dəyişdirilməli, mənəvi zərərin əvəzi kimi 10.000 manat tutulmalıdır. Qətnamə mənəvi zərərin məbləğinə aid olan hissədə dəyişdirildiyinə görə, məhkəmə xərcinin məbləğinə aid olan hissədə də dəyişdirilməlidir. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-1735/2025 nömrəli qətnaməsi dəyişdirilərək Cavabdeh X1 Əhməd Məmmədqasım oğlunun xeyrinə mənəvi zərərin əvəzi kimi tutulmalı olan pulun məbləği 10.000 (on min) manat, məhkəmə xərcinin əvəzi kimi tutulmalı olan pulun məbləği 70 (yetmiş) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.