Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3256/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Milli Elmlər Akademiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), X3 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə1 Fərayıl oğlunun, cavabdeh "xxxx" MMC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 05 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Milli Elmlər Akademiyasında, xx.xx.2021-ci il tarixdən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən "xxxx" MMC ilə əmək müqaviləsi əsasında baş mütəxəssis vəzifəsi üzrə əmək fəaliyyətini davam etdirmişdir. Daha sonra "xxxx" MMC ilə yeni əmək müqaviləsi ilə xx.xx.2022-ci il tarixidən etibarən sektor müdiri vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 01 nömrəli əmrlə xitam verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-dəki fəaliyyəti müddətində, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməyən əmək haqqının və digər sosial müavinətlərin ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin fəaliyyəti müddəti ərzində direktorun tutduğu vəzifəsindən azad olması səbəbindən onun əmək fəaliyyətinin dayandırılması barədə ərizəsi təmin edilməmişdir. Bununla əlaqədar bir neçə dəfə Azərbaycan Milli Elmlər Akademiyasına, "xxxx" MMC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə müraciəti olmuşdur. Əmək müqaviləsinə xitam verilərkən çalışdığı və əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona əmək haqqı tam ödənilməmiş, əmək kitabçası verildiyi gün son haqq hesab edilməmişdir. Digər tərəfdən gəlirlər hesablanmış, lakin hesablanan aylıq əmək haqqından, gəlir vergisi, DSMF ayırmaları, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqları ödənilməmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-229/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia rədd olunmuşdur.
5. Məhkəmə hesab etmişdir ki, iddiaçının məhkəməyə verdiyi izahatı ilə təsdiq olunur ki, iddiaçı 2021-ci ildən işdən çıxarıldığı dövrə qədər heç vaxt əmək haqqı almamış və real olaraq hüququnun pozulduğunu bildiyi halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296, Mülki Məcəlləsinin 372.1, 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, əmək müqaviləsinin bağlandığı tarixdən etibarən digər işçilər kimi əmək fəaliyyətini və əmək müqaviləsi üzrə öhdəlikərini vaxtında və dəqiq icra edib. Çalışdığı müddət ərzində fəaliyyətin perspektivsiz olması səbəbindən digər işçilər işdən çıxarılmaqla əmək haqları qismən ödənilmiş, qalan hissələri isə digər əmlakla əvəzləşdirilmişdir. Onun çalışdığı sahə üzrə zərurət yarandığından fəaliyyətini davam etdirib. Lakin bu müddət ərzində əmək haqqı ödənilməsində yubanmalar olduğundan, vaxtında ödəniş edilməyib. Sonradan gözlənilmədən MMC-nin rəhbərliyi işdən azad edildiyindən, əmək haqqının ödənilməsi yubandırılmışdır. Cavabdehin mənimlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 01 nömrəli əmri əmək qanunvericiliyin bir çox normalarının pozuntusuna yol verib. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
c) Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı və nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
11. Cavabdehin və üçüncü şəxsin nümayəndəsi (vəkili) isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 83, hissə 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83; 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296 (5-ci hissə). İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Maddə 296 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
13.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
18. İddiaçı "xxxx" MMC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək işlədiyini göstərdiyini iddia edərək, həmin dövrdə ödənilməyən əmək haqqının və digər sosial müavinətlərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Cavabdehin nümayəndəsi isə ümumiyyətlə iddiaçı ilə əmək müqaviləsinin bağlanmamasını, belə müqavilənin mövcud olmamasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində mövcud olan məlumatların yanlış olduğunu bildirərək iddiaya etiraz etmişdir.
20. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı və cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış hər hansı bir əmək müqaviləsi, hətta iddiaçı ilə bağlı hər hansı bir sənəd aşkar olunmamışdır. Bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Layihələndirmə sektorunun müdiri vəzifəsinə təyin olunması haqqında yanlış da olsa məlumatların 22 iyul 2022-ci il tarixdən qeyd olunması səbəbindən, İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ərizəsi nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə verilmiş 30 aprel 2024-cü il tarixli əmrə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin “a” bəndinə uyğun olaraq, öz xahişinə əsasən xitam verilmişdir.
21. Cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı bildirdi ki, iddiaçı cavabdeh təşkilatda heç vaxt işləməyib, əmək müqaviləsi bağlanmadığı halda onun adının X2 necə və kim tərəfindən yerləşdirilməsi məlum deyil, əmək müqaviləsi mövcud olmadığına görə əmək müqaviləsinə xitam vermək də mümkün olmayıb, iddiaçının göstərdiyi tarixlərdə "xxxx" MMC ümumiyyətlə fəaliyyət göstərməyib. İddiaçı Əmək Müfəttişliyinə müraciət edib ki, adını X1 sildirsin, bu alınmadığına görə Azərbaycan Milli Elmlər Akademiyasına müraciət edib. Həm də iddiaçının əmək kitabçası özündə olub və orada müvafiq qeydiyyatın aparılması üçün özü tərəfindən təqdim olunub.
22. İddiaçı özü də aralarında bağlanmış əmək müqaviləsinin surətini məhkəməyə təqdim təqdim edə bilməmişdir.
23. İddiaçı apellyasiya baxışı zamanı izahat verərkən göstərdi ki, o, əmək haqqı almasa da, cavabdeh təşkilatda vəzifə öhdəliklərini 2021-ci ilin avqust ayından 2022-ci ilin avqust ayına qədər yerinə yetirmiş, həmin tarixdən sonra isə müəssisə fəaliyyət göstərməyib, qapısı qıfıllı olub, müəssisədə ondan başqa heç bir işçi olmayıb, 2022-ci ilin avqust ayından sonra o, cavabdeh təşkilata işə gedib-gəlməyib. Onun əmək fəaliyyəti müəssisə bağlanana qədər olub. O, müəssisədən fəaliyyət göstərmədiyi dövrə görə əmək haqqını ona görə tələb edir ki, əmək kitabçası vaxtında verilmədiyinə görə ziyana məruz qalıb.
24. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən bu qənaətə gəlmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin mövcudluğu təsdiq olunmuş olsaydı belə, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı 2021-ci ildən işdən çıxarıldığı dövrə qədər heç vaxt əmək haqqı almamış və real olaraq hüququnun pozulduğunu bildiyi halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin mövcudluğunu təsdiq edən əmək müqaviləsinin surəti apellyasiya baxışı zamanı da işə baxan məhkəməyə təqdim olunmamışdır. Lakin əmək kitabçasında aparılan qeydlərə əsasən iddiaçı xx.xx.2021-ci ildə cavabdeh təşkilatda işə qəbul olunmuş və xx.xx.2024-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən müddət ərzində iddiaçının əmək haqqı almadığı, 2022-ci ilin avqust ayından müəssisənin ümumiyyətlə fəaliyyət göstərmədiyi və iddiaçının da faktiki olaraq hər hansı iş görmədiyi və iş yerinə gəlmədiyi işin mübahisəsiz hallarıdır. Belə ki, bu faktlar iddiaçının özünün apellyasiya baxışı zamanı verdiyi izahatlarla da təsdiq olunur. İddiaçı apellyasiya baxışı zamanı həmin faktları etiraf etsə də, əmək kitabçası verilmədiyinə görə ziyana məruz qaldığını bildirir və bu ziyanın əvəzinin ödənilməsini xahiş edir. Lakin işdən göründüyü kimi, iddiaçının iş üzrə tələbi ziyanın ödənilməsi barədə yox, xx.xx.2021-ci ildən xx.xx.2025-ci ilədək olan dövrə görə ödənilməyən əmək haqqının və digər sosial müavinətlərin ödənilməsi barədə olmuş və birinci instansiya məhkəməsi tərəfindən həmin tələb üzrə qətnamə çıxarılmışdır. MPM-in 218.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır.
26. Məhkəmə kollegiyası mübahisəli hüquq münasibətinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulmuş bir illik iddia müddətinin tətbiqi ilə razılaşır və eyni zamanda qeyd edir ki, iddiaçının məhkəməyə müraciət edənədək olan bir il üçün də əmək haqqı tələb etməsi hər hansı qanuni əsasa söykənmir. Belə ki, onun özünün də etiraf etdiyi kimi, o, həmin dövrdə işləməyib, hər hansı vəzifə öhdəliyini yerinə yetirməyib və işləmədiyi dövrə görə əmək haqqı tələb edir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 24 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.