Məhkəmə qərarları › İş №2(103)-3259/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3259/2022

10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3259/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(010)-355/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən keçmiş həyat yoldaşı ilə özünün birgə səmimi şəklini və iddiaçının şəklini qoyulmuş qadın profilinin şəklini yaydığına görə iddiaçıdan yazılı formada üzr istənilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 25000 manat məbləğində pulun cavadehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X4 arasında bağlanmış nikah pozulmuş, iddiaçı yenidən ailə həyatı qurmuşdur. G.Balayevanın hazırda səmimi münasibətdə olduğu Cavabdeh keçmiş həyat yoldaşının facebook sosial şəbəkəsində açdığı "Seva Babayeva” adlı saxta profil vasitəsilə özünün üzü bağlı, keçmiş həyat yoldaşının isə üzü açıq olmaqla hər ikisinin birgə şəklini iddiaçıya, qardaşına, onun həyat yoldaşına və facebookda dostluğunda olan 153 nəfərə göndərmişdir. Bu nalayiq hərəkəti ilə Cavabdeh keçmiş həyat yoldaşının onunla səmimi münasibətlərinin olduğunu və qadının onunla birlikdə olduğunu hamıya nümayiş etdirib. Bundan başqa, cavabdeh iddiaçının şəklini qadın profilinə qoyaraq qohumlarına və tanışlarına göndərməklə onu yaymışdır. Cavabdehin şəkil göndərdikləri yaxın qohumları və tanışları iddiaçıya yazaraq həmin şəkillərin biyabırçılıq olduğunu bildiriblər. Cavabdeh etdiyi qanunsuz hərəkətlərlə iddiaçının qohumlarının yanında nüfuzdan salmışdır. İddiaçının iki uşağı var, ailə başçısıdır. Keçmiş həyat yoldaşının cavabdehlə səmimi münasibətdə olduğunu bildirən şəkillərin qohumlarına və tanışlarına göndərilməsini, şəklinin qadın profilinə qoyulmasını özünə qarşı təhqir hesab etdiyindən cavabdeh barəsində qanuna uyğun tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Şikayətində internet informasiya ehtiyatında şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldığı üçün təhqir olunduğunu bildirərək cavabdehin Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin tədqiqatçısı polis kapitanı Sail Hacıyev cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 fevral 2021-ci il tarixli qərar qəbul edib və qərarda mənəvi zərərlə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir. Cavabdeh keçmiş həyat yoldaşının onunla səmimi münasibətdə olduğunu bildirən şəkilləri qohumlarına və tanışlarına göndərməklə və şəklini qadın profilinə qoyub onu yaymaqla iddiaçının şərəf və ləyaqətini alçaltmışdır. İddiaçınn keçmiş həyat yoldaşının başqa biri ilə səmimi münasibətini əks etdirən, özü də şəkli yayan şəkildə öz üzünün gizlədib qadının üzünü yayması, iddiaçının şəklini qadın profilinə qoyub yayması heç bir əxlaq çərçivəsinə sığmayan hərəkətdir. Həmin şəkillərin yayılması iddiaçının şərəf və ləyaqətini ləkələyən, cəmiyyətdə iddiaçının barəsində mənfi fikirlər formalaşdırıb, iddiaçının gələcək həyatına və fəaliyyətinə mənfi yöndən təsir göstərib. Gülşən Balayevanın açdığı "Seva Babayeva” adlı saxta profilin parolu Cavabdeh olduğu üçün o, həmin profilin mesencer bölməsinə daxil olub, Gülşən Balayeva kimlərlə taniş olub yazışanda Cavabdeh həmin insanları yazıb təhqir edib, öz nömrəsi əvəzinə iddiaçının (050 281 - 37 - 87 ) nömrəni öz nömrəsi əvəzinə onlara vermişdir. Onlar da iddiaçıya zəng edib nalayiq küçə söyüşləri ilə iddiaçını və ailəni təhqir edib, şərəf və ləyaqətini alçaldıblar. İddiaçının barəsində yayılan məlumat əxlaqi prinsiplər baxımından yaxın qohumları və tanışları arasında mənfi rəy yaradılmış, iddiaçı ağır sarsıntı keçirmişdir. Bununla yanaşı, cavabdeh facebookda mesaj bölümünə yazmaqla iddiaçını təhqir etmiş, "Kravatın altında yatmısan?,” "Partlayış olacaq”, "Sən hələ zaryatka yığ”, "Apardılar”, "Sən hələ yat” (təbii ki, kimin aparıldığı məlumdur), bu kimi alçaldıcı ifadələrlə iddiaçını təhqir etmiş və iddiaçıya hədə-qorxu gəlmişdir. Cavabdehin iddiaçının təhqir etməsi və hədələməsi iddiaçının əsəb sarsıntısı keçirməyinə səbəb olmuşdur. Çəkdiyi mənəvi sarsıntının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, pul kompensasiyası vasitəsi ilə iddiaçı təsəlli ala bilər ki, cavabdehlərin qanunsuz əməlləri cavabsız qalmayıb. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(010)- 355/2021 saylı qətnaməsi ilə (hakim Nərminə Rzayeva) iddia təmin olunmamışdır. İddiaçı, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı, apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə, həmçinin iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində göstərilən dəlillərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından iddiaçının şikayətinin rədd olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh X4 arasında 04 mart 2005-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 06 avqust 2000-ci il təvəllüdlü X2 və 14 aprel 2004-cü il təvəllüdlü X5 ataları İddiaçı yanında qalması qət edilmişdir. İşdə olan Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis kapitanı Sail Hacıyevin 21 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi aşkar olunmadığından cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti məlumat üçün təhqiqata prossesual rəhbərliyi həyata keçirən prokurora və İddiaçı göndərilmiş, İddiaçı mənəvi ziyanla bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək izah edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən - iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların cavabdeh tərəfindən yayılması halının müəyyən edilməməsinə, iddiaçı tərəfindən sübutetmə yükünün həyata keçirilməməsinə və s. əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən suiistifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı). İşdə olan Suraxanı RPİ-nin 31-ci PB-nin 21 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından və izahatlardan görünür ki, araşdırma zamanı Cavabdeh qeyri-rəsmi olaraq yaşamış olduğu İddiaçı həyat yoldaşı olmuş X3 məxsus internet Facebook şəbəkəsində Seva Balayeva profilindən İddiaçı əsassız mesajlar yazmasını və s. göstərmişdir. Eyni zamanda, araşdırma zamanı X4 izahatında bəzi xüsusatları təsdiq edərək, cavabdehin Cavabdeh ilə tanışlığının olmasını, özünə məxsus internet Facebook şəbəkəsində Seva Balayeva adlı profilinin giriş şifrəsinin Cavabdeh məlum olmasını, ondan acıq almaq məqsədilə məhz sonuncu tərəfindən onun məlumatı olmadan keçmiş həyat yoldaşı İddiaçı müəyyən mesajlar və s. yazmasını bildirmişdir. Bununla yanaşı, cavabdeh iddia ərizəsinə etirazında da iddiaçıya onun keçmiş həyat yoldaşına məxsus internet Facebook şəbəkəsində Seva Balayeva adlı profildən müvafiq mesajları yazmasını, profil şəklini yerləşdirməsini və s. inkar etməmiş, sadəcə halların artıq hüquq mühafizə orqanlarında araşdırılmasını, əməlində heç bir tərkib olmamasını qeyd etmişdir. Müvafiq mesaj mətnlərindən ("Kravatın altında yatmısan?,” "Partlayış olacaq”, "Sən hələ zaryatka yığ”, "Apardılar”, "Sən hələ yat”) görünür ki, onlar açıq-aşkar insan ləyaqətinin alsaldılmasına yönəlmişdir. Cavabdeh tərəf isə bunun əksini sübut edə bilməmişdir. Beləliklə, işdə olan sübutlarla (izahatlar, araşdırma materialları, şəkillər və s.) müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya qarşı sonuncunun ləyaqətinin alçaldılması istiqamətində yuxarıda qeyd edilən müvafiq hərəkətlər (ləyaqəti alçaldan sözlər, profil şəkli və s.) həyata keçirilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən yazılmış sözlərin yalnız iddiaçıya göndərilməsi, yayılmaması ilə bağlı məsələyə də hüquqi qiymət verərək bildirir ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Odur ki, hətta yayılma halı olmadan da ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salanvə s. bu kimi ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi iztirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi zərərin tutulmasını istisna etmir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin məlumatların yayılmamasına istinad etməklə iddianın rədd edilməsi barədə gəldiyi nəticə Mülki Məcəllənin 23-cü maddəsinə, mənəvi zərərin tutulması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə etdiyi hüquqi mövqelərə uyğun olmamışdır. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Baxılan işdə məhkəmənin yuxarıdakı hüquqi mövqeyinə görə Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində iddiaçının mənəvi əzab və sarsıntı keçirməsi şübhəsizdir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının mənəvi sarsıntı keçirməsi barədə dəlillərini əsaslı sayır və hesab edir ki, ona həqiqətən mənəvi ziyan dəymişdir. Lakin, məhkəmə kollegiyası, pozuntunun xarakterini və ağırlıq dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, cavabdehdən mənəvi ziyana görə 500 manat tutulmasını ağlabatan, ədalətli və qanuni sayır. Bununla yanaşı, iddiaçının tələbi digər hissədə, yəni cavabdeh tərəfindən üzr istənilməsi hissədə təmin oluna bilməz. İlkin olaraq qeyd edilməlidir ki, məhkəmə kollegiyası pozuntu halının mövcudluğunun tanınmasını və mənəvi zərərin müəyyən edilməsini iddiaçının pozulmuş hüquqlarının bərpası istiqamətində yetərli və ədalətli hesab edir, əlavə olaraq üzr istənilməsini zəruri saymır. Həmçinin, «Kazakov Rusiyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, üzr istənilməsini təklif etmə vəzifəsi şübhəsiz öz fikrində qalmaq hüququnun pozulmasıdır, ona görə ki, bir nəfərin deməyə vadar olduğu nəyəsə digəri inanmaya bilər. Kimisə özünün səhv olduğunu qəbul edərək öz fikrindən çəkindirmək şübhə doğuran bir düzəliş formasıdır və bu, «zəruri» olmaya bilər. Beləliklə, Kollegiya, qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(010)-355/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(010)-355/2021 saylı qətnaməsi ləğv edilsin, iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar