Məhkəmə qərarları › İş №2(103)-3261/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3261/2022

19.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3261/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli X1, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(004)-1046/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli X1, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AMEA Arxeologiya, Etnoqrafıya və Antropologiya İnstitutunda ümumi işlər üzrə direktor müavini vəzifəsində işlədiyi 03.06.2014-cü il tarixdən 24.11.2021-ci il tarixədək olan dövr üzrə Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2 müəyyən olunmuş qaydada ödənilməyən 31.684 manat əmək haqqı borcunun və həmin dövr ərzində ödənilməyən hər il üçün nəzərdə tutulmuş illik müavinətlərin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 09.03.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Milli X1, Etnoqrafiya və Antropologiya İnstitutunun nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı AMEA Arxeologiya, Etnoqrafıya və Antropologiya İnstitutuna qarşı iddia tələblərinin rədd edilməsi, İddiaçı AMEA-ya aid qeyri-yaşayış sahəsində qanunazidd olaraq əmlakın saxlanılması və təhvil-təslim etməməsi, Arxeologiya, Etnoqrafıya və Antropologiya İnstitutuna münasibətdə davranışın qərəzli olmaqla qanunsuz hesab edilməsi ilə akt əsasında əmlakın salamat təhvil verilməsi, İddiaçı 31.000 manat vəsaitin tutularaq AMEA Arxeologiya, Etnoqrafıya və Antropologiya İnstitutunun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(004)- 1046/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş, məhkəmənin 16.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh Azərbaycan Respublikası Milli X1, Etnoqrafiya və X3 Malik Əli oğlundan əmlak və pul tələb edir. Lakin ilkin iddia tələbi ödənilməmiş əmək haqqı borcunun ödənilməsi tələbinə yönəlmişdir. Belə olan halda qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyindən, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olmadığından və qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmadığından icraata götürülə bilməz. Bundan başqa cavabdeh iddia ərizəsini aldıqdan sonra 20 gün ərzində qarşılıqlı iddia vermək hüququndan istifadə etməmiş və qarşılıqlı iddianın verilməsi üçün əsasların 20 gün müddətin keçməsindən sonra əmələ gəlməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, Kollegiya qeyd edir, qarşılıqlı iddia ilk iddianı aradan qaldırmır. İddia ərizəsi icraata qəbul edilmiş, müvafiq prosessual hərəkətlər edilmiş, cavabdeh tərəfindən etiraz təqdim edilmiş, buna baxmayaraq qarşılıqlı iddia ərizəsi ilə xeyli sonra müraciət edilmişdir, qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Milli X1, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(004)- 1046/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar