Məhkəmə qərarları › İş №2(103)-3263/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3263/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3263/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-ə qarşı “mənəvi zərərin tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin e-2(002)-204/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. X7 ilə X11 arasında xx.xx.1986-ci il tarixdə bağlanmış nikahdan xx.xx.1995-ci il tarixdə X8 doğulmuşdur. Cavabdeh MMC əməkdaşının cinayət əməli nəticəsində xx.xx.2012-ci il tarixdə əri X11 və oğlu X12 ölmüşdür. Bu səbəbdən də iddiaçı cavabdeh Arazavia” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən mənəvi zərərə görə 90.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o eyni gündə həm 17 yaşlı oğlunu, həm də 26 illik həyat yoldaşını faciəvi surətdə hüquqi şəxsin əməkdaşının səhlənkarlığı nəticəsində itirmişdir. Onlar mehriban ailə olaraq birgə yaşamaqla xoşbəxt idilər. Həyat yoldaşı qaynaqçı işləməklə və müxtəlif işlər görməklə ailəsini dolandırmışdır. Həyat yoldaşının işində kömək məqsədi ilə 27 avqust 2012-ci il tarixdə Cavabdeh firmasının işlərini görmək üçün evdən çıxdılar. Aradan bir neçə saat keçmiş həyat yoldaşı və oğlunun elektrik vurmasından vəfat etmələri xəbəri gəldi. Bu işlə bağlı başlanmış cinayət işi üzrə Cavabdeh firmasının əməkdaşı cinayət məsuliyyətinə cəlb olunsa da, burda əsas təqsirkar kimi hüquqi şəxs məsuliyyət daşımalıdır. Cavan oğlunun və uzun illər birgə həyat sürdüyü yoldaşının faciəvi vəfatı onu dərindən sarsıtmış, keçirdiyi mənəvi sarsıntını və hələ də davam edən iztirabını yalnız onun dərdinə düşən ana və həyat yoldaşı anlaya bilər. X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Rahib Əliyevin məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi onun oğlu və həyat yoldaşının ölümünə səbəb olması olmuşdur. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(002)-85/2013 saylı hökmü ilə müəyyən edilmişdir ki, X14 Azərbaycan Respublikasının CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minən kimi dəyişdirilmədən saxlanılması, cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı tarixdən hesablanması müəyyən edilmişdir. Qeyd edilən cinayət işinin icraatı zamanı zərərçəkmiş şəxslərin hüquqi varisləri X13 və İddiaçı ərizə yazaraq əri Y.Dadaşovun və oğlu N.Dadaşovun ölməsi ilə əlaqədar Cavabdeh MMC-dən heç bir şikayətləri olmadıqlarını bildirmişdilər.

3. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.

4. Qaradağ Rayon Məhkəməsinin e-2(002)-204/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Gülnar Aslanova) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən mənəvi ziyana görə 20.000 manat pul vəsaiti tutularaq iddiaçıya Dadaşova ödənilməsu, iddia ərizəsinin verilməsinə görə iddiaçının azad edildiyi 150 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi müəyyən olunmuşdur.

5. İddiaçı qətnaməni mübahisələndirməmiş, qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onların dəlilləri:

6. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəmə işin hallarına düzgün qiymət verməmiş, sübutları doğru qiymətləndirməmişdir. Belə ki, mənəvi zərərə səbəb olan hal-hadisə 10 il bundan öncə baş vermiş, aradan artıq uzun müddət keçmişdir. Həmin vaxt iddiaçı tərəfə maddi və və mənəvi dəstək göstərilmiş, ölən şəxslərin qəbirüstü abidələri onlar tərəfindən qurulmuşdur. Buna görə də iddiaçı tərəf cinayət işinin istintaqı zamanı şirkətə qarşı hər hansı şikayət və tələblərinin olmamasını bildirmişdir. Hesab edirlər ki, 10 il əvvəl baş vermiş hadisəyə görə hazırda mənəvi zərərin tələb edilməsi hüquqdan sui-istifadədir və iddiaçının niyyəti əlavə pul qoparmaqla öz maddi sıxıntılarını aradan qaldırmağa yönəlmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi, qətnamənin - iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə də iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil1 izahat verərək bildirdi ki, baş vermiş hadisədən 10 il keçməsinə baxmayaraq, iddaçının yarası təzədir, o həm ərini, həm də oğlunu eyni gündə itirmiş və tək yaşamağa məhkum olmuşdur. İddiaçının ailə bağları çox möhkəm olmuş, yaxınlarının itkisi iddiaçını dərin iztiraba sürükləmişdir, zaman keçsə də, onun ağrı və əzabı azalmamışdır. əslində məhkəmənin müəyyən elədiyi məbləğ, hətta iddiada göstərilən məbləğ tam tutulmuş olmuş olsaydı belə, bunun özü də iddiaçının mənəvi sarsıntı və istirablarını əvəz edə bilməz, iddiaçının hazırda qətnaməni mübahisələndirməməsi də mövcud məhkəmə praktikasına əsaslanan tövsiyə ilə bağlı olmuşdur, lakin iddiaçı bu hüququnu özündə saxlayıb, ola bilsin ki, bizim düşüncəmizdən fərqli qənaətə gəlsin, apellyasiya şikayətinin dəlilinə gəldikdə isə hesab edir ki, müddətin keçməsi və hüquqdan sui-istifadəyə dair irəli sürülən arqumentlər əsassız olmaqla daha çox ümumi mülahizələrdən ibarətdir, odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin qüvvədə qalmasını xahiş etdi.

8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmiş cavabdeh tərəf və 3-cü şəxs D.Dadaşov məhkəmə iclasına gəlməmiş, bununla belə, cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə müraciət edərək vəkil kimi iştirak etdiyi cinayət işi üzrə hazırki işin üst-üstə düşməsi səbəbindən iclasın təxirə salınması xahiş olunmuşdur. Kollegiya ərizəni mülki işlə birlikdə nəzərdən keçirərək hesab etmişdir ki, cavabdehin etiraz dəlilləri apellyasiya şikayətində qeyd edilmiş, onların işlə bağlı mövqeyi aydın olduğundan ərizə təmin olunmamış, buna görə də Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

9. Bakı şəhər Lenin rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X11 xx.xx.1986-ci il tarixdə 388 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar.

10. Bakı şəhəri, Sabunçu rayonu, X10 tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AZ-İ 096571 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1995-ci il tarixdə M.Əliyeva ilə D.Dadaşov arasında olan nikahdan X8 doğulmuşdur.

11. Bakı şəhər Sabuçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamələrə əsasən, Yulyət Dadaşov və Nurlan Dadaşov xx.xx.2012ci il tarixdə vəfat etmişdir.

12. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(002)-85/2013 saylı hökmü ilə müəyyən edilmişdir ki, X14 AR CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinmiş, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minən kimi dəyişdirilmədən saxlanılması, cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı tarixdən hesablanması, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 590 manatın təqsirləndirilən şəxs R.Əliyevdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinin hesabına keçirilməsi müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

20. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi:

21. Maddə 12.2. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır.

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Plenumun qərarında əlavə olaraq qeyd edilmişdir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli#nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olubolmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.”

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).

26. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

27. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.

28. “Apicella İtaliyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli qərar: “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməsi mənasızdır. Çünki pulun dəyəri fərqlidir və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”.

29. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

30. Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

31. Maddə 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyənedərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

38. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

39. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

44. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Hazırkı işin qeyd olunan halları ilə aydın olur ki, iddiaçının həyat yoldaşı və oğlunu Cavabdeh MMC-də işə cəlb edən X14 qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Rahib Əliyevin məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə iddiaçının oğlu və həyat yoldaşının ölümünə səbəb olması olmuşdur.

47. Qeyd edilən hökmlə müəyyən edilmişdir ki, Cavabdeh firmasına məxsus Ticarət Mərkəzinin işıqlandırılması məqsədi ilə təşkil edilmiş iş üzrə iş icraçısı olan X20 Dadaşov və Nurlan Dadaşovla müqavilə bağlamayaraq onların qaynaq işləri aparmağa ixtisas vəsiqələrinin olmasını öyrənmədən və onlara təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə dair aidiyyəti təlimatlandırma keçmədən, onları işə cəlb etmişdir. Yulyət Dadaşov xx.xx.2012-ci il tarixdə, saat 13 radələrində qaynaq işi apararkən izolyasiya lentiaçılan yerdə kabel qaynaq olunan metal ayaqaltına toxunduğundan həmin ayaqaltı elektrik gərginliyi altına düşmüş və nəticədə onu elektrik cərəyanı vurmuş, dərisində elektrik nişanəsi əlamətləri, baş beyin yumşaq qişasında tək-tək xırda ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqları, xırda ocaqlı qansızmalar aşkar olunmuşdur. X21 da ona kömək etmək istəyərkən elektrik gərginliyinə düşmüşdür. Hadisə nəticəsində hər ikisi elektrik cərəyanı ilə zədələnmə nəticəsində baş vermiş kəskin ürək-qan-damar çatışmazlığı nəticəsində ölmüşdür. Bununla da, X9 xidməti vəzifələrinə səhlənkar yanaşması ehtiyatsızlıqdan zərər çəkmiş şəxslərin ölümünə səbəb olmuşdur.

48. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçının əri və oğlunun ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir.

49. İddiaçının həyat yoldaşının və oğlunun baş vermiş hadisə nəticəsində vəfat etməsi, habelə ölümün cavabdehin işçisinin qanunsuz hərəkətləri nəticəsində baş verməsi və həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması işin mübahisəsiz halıdır. Həmin şəxslərin hadisə nəticəsində vəfat etməsi iddiaçı üçün dərin mənəvi məhrumiyyətlərlə nəticələnmişdir. Bu baxımdan iddiaçı mənəvi zərəri tələb etməkdə haqlı olmuşdur.

50. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, hadisədən 10 ildən çox vaxt keçdikdən sonra iddiaçının mənəvi zərər tələb etməsi hüquqdan sui-istifadədir, bir sözlə, mənəvi zərərin tələb edilməsini zamana bağlamışdır.

51. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçının iki ailə üzvünü (əri və oğlunu) eyni gündə itirməsi həqiqətən də onda ağrı və əzab, dərin mənəvi, psixoloji sarsıntı, fiziki narahatlıq yaratmışdır, hadisənin 2012-ci ildə baş verməsi və o vaxtdan (10 ildən) çox vaxtın keçməsi şəxsdə qeyd edilən halların azalmasına, aradan qalxmasına mütləq səbəb deyil və iddiaçının mənəvi zərəri tələb etməsini məhdudlaşdırmamalıdır. Qeydşərtsiz olaraq öz doğmalarının itkisi ilə iddiaçıda yaranmış ağrı, əzab, mənəvi iztirab və sarsıntının aradan qalxmasını zamanla (müddətlə) əlaqələndirmək əsaslı hesab edilə bilməz. Çünki şəxsin hadisə baş verən zaman keçirmiş olduğu sarsıntıya görə mənəvi zərərin əvəzini illər keçdikdən sonra da tələb edilməsi istisna deyil. Əvvəla, ona görə ki, qanunvericiliyin göstərişinə əsasən bu tələblər müddətə tabe tutulmur. İkincisi isə, məhkəmə kollegiyasının qənaətinə görə oxşar işlər üzrə yanaşma hər bir işin konkret halları baxımdan dəyərləndirilmə tələb edir. Məsələn, hazırkı işdə olduğu kimi: bu işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdehin məsul işçisinin işinə vicdansız və laqeyd münasibəti nəticəsində xx.xx.2012-ci il tarixdə iddiaçının əri və 17 yaşı yenicə tamam olmuş oğlu faciəli şəkildə həyatdan məhrum olumuşdur. Cavabdehin hadisədən 10 ildən çox vaxtın keçməsi barədə bildirdiyi də mübahisəsizdir. İndi baxaq görək, müddətin keçməsi, həyatının ən fərəhli və xoş günlərini yaşayan iddiaçının gözlənilmədən, bir anda- həm ərini, həm də böyük arzu və xəyallarının ümidi olan gənc övladını itirməsi səbəbindən keçirdiyi, sözlə ifadə edilə bilməyəcək, sarsıntı və iztirablarının azalmasına necə təsir edə bilər. Heç kəs mübahisə edə bilməz ki, hazırkı iş üzrə iddiaçı milli və mental dəyərlər baxımından çoxluq tərəfindən qəbul olunmuş bütün bayramlarda, ərinin və övladının ad günlərində, bəzən də elə bunlarsız, həlak olmuş əri və oğlunun qəbrlərini ziyarət etdiyində, bəzən də ev albomları və videogörüntülərə baxarkən qeyri-ixtiyari olaraq xəyalən onlarla ünsiyyət qurarkən, eləcə də qohum-qonşunun həyətində əsgər yola salıb-qarşılama, ad günləri, “hə”nin alınması, nişan və toy mərasimləri və bu kimi, hər bir ananın övladı üçün xəyal etdiyi digər mərasimlərdə iştirakı zamanı, hadisədən hansı müddətin keçməsinə baxmayaraq, iddiaçının eyni hisləri təkrar-təkrar yaşaməsına səbəb olur. Bu baxımdan “zaman bütün yaraları sağaldır” deyiminin daha çox təsəlliedci funksiya daşıdığı məlum olur. Eyni anda əri ilə 17 yaşlı övladını faciəli şəkildə itirmiş ananın bundan dolayı keçirdiyi sarsıntı, yaşadığı iztirab və daxili boşluğunun “daha dərinlərə” işləməsini demək olar, lakin bütün bunların zamanla azalmasını iddia etmək mümkün deyildir. Hadisədən sonra həyatının çərxi dönmüş iddiaçı, sadəcə olaraq, geri dönüşün mümkünsüzlüyünü dərk etdiyindən, özünə qapana və dərdini “içinə” çəkə bilər, lakin bu hislərdən əsla və əsla azad ola və onlardan qurtula bilməz. Eyni əsaslara görə, cavabdehin şikayətinin dəlili kimi istinad etdiyi iddiaçı-ananın hazırkı tələbinin hüquqdan sui-istifadə kimi qiymətləndirilməsi də mümkünsüzdür.

52. Deməki ki, cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili əsassız olmaqla təmin edilməməlidir.

53. Eyni zamanda qeyd edilməlidir ki, oturuşmuş məhkəmə praktikasına görə, həm də hazırki qəbildən olan işlə oxşarlıq təşkil edən aşağıda sadalanan işlərdə, ailədə bir nəfərin vəfat etməsinə görə mənəvi zərərin məbləği 10.000-40.000 manat olmaqla dəyişir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, rayon məhkəməsi tərəfindən mənəvi zərərə görə müəyyən olunmuş məbləğ mütənasib olmaqla, həm də oxşar işlər üzrə məhkəmə təcrübəsinə də uyğun olmuşdur. a) İddiaçı X4 tələbi ilə bağlı 2(004)-1037/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə ilə 40.000 manat tutulmuş, həmin qətnamə apellyasiya (2(103)-6323/2021 saylı, xx.xx.2021-ci il tarixli) kassasiya (2(102)-6221/2021 saylı, xx.xx.2021-ci il tarixli) qaydasında yoxlanılaraq qüvvədə saxlanılmış. b) İddiaçı Popova İrina Aleksandrovnanın tələbi ilə bağlı 2(008)-774/2021 saylı, xx.xx.2021ci il tarixli qətnamə ilə 10.000 manat tutulmuş. c) İddiaçı X5 tələbi ilə bağlı 2(010)-1243/2021 saylı, xx.xx.2021ci il tarixli qətnamə ilə 10.000 manat tutulmuş, həmin qətnamə apellyasiya (2(103)- 7367/2021 saylı, xx.xx.2021-ci il tarixli) qaydasında yoxlanılaraq qüvvədə saxlanılmış. d) İddiaçı X6 tələbi ilə bağlı 2(006)-2756/2021 saylı, xx.xx.2021ci il tarixli qətnamə ilə 20.000 manat tutulmuş, həmin qətnamə apellyasiya (2(103)- 9836/2021 saylı, xx.xx.2021-ci il tarixli) qaydasında yoxlanılaraq qüvvədə saxlanılmış. e) İddiaçı X1 tələbi ilə bağlı 2(001)-2619/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamə ilə 30.000 manat, f) İddiaçı X2 tələbi ilə bağlı 2(001)-284/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə ilə 10.000 manat, g) İddiaçı X3 tələbi ilə bağlı 2(006)-1077/2020 saylı, xx.xx.2020ci il tarixli qətnamə ilə 20.000 manat tutulmuş, 2(103)-4134/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamə ilə 30.000, 2(103)-5112/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə ilə 10.000, 2(102)-5871/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarla isə 20.000 manat tutulmuşdur.

Bu səbəbdən, işin xüsusi halları baxımından mənəvi zərərin əvəzi olaraq - 20000 (iyirmi min) manat pulun tutulması ədalətli və ağlabatan hesab etmək olar. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda apelyasiya şikayətləri təmin olunmadığından cavabdeh tərəfindən şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin e-2(002)-204/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar