Məhkəmə qərarları › İş №2(103)-3264/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3264/2022

25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3264/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4559/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət X2 Hüquqi Şəxsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia ərizəsinə dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin hər birindən 50000(əlli min) manat, cəmi 100000(yüz min) manat məbləğində ona vurduqları mənəvi ziyan əvəzi ödəmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4559/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh Azərbaycan Respublikası Dövlət X2 Hüquqi Şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İşdən görünür ki, iddiaçı hər iki cavabdehə qarşı vəkilliyə namizədlər üçün keçiriləcək test imtahanında iştirak etmək üçün X1 bank hesabını, test imtahanı üçün ödənilməli məbləğin miqdarı haqqında məlumatın verilməsinə dair 29 iyul 2021-ci ildə yazıdığı ərizəsi ilə əlaqədar müsbət cavab verilmədiyinə görə hazırki iddianı irəli sürmüşdür. “İnzibati Prosessual Məcəllənin” 2.2. və 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları(inzibati aktları) və ya hərəkətləri(hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı cavabdehlərdən onların qanunsuz hərəkətləri(hərəkətsizliyi) nəticəsində ona mənəvi zərər vurulduğunu hesab etdiyi üçün vurulmuş mənəvi ziyana görə kompensasiyanın ödənilməsini tələb edir. Demək, iddiaçının son olaraq istəyi və arzusu cavabdehlərin hərəkətinin(hərəkətsizliyinin) qanunsuz oluğunu və bunun da nəticəsində ona mənəvi zərər vurulduğunu hesab etdiyi üçün kompensasiya ödənilməsinə nail olmaq olmuşdur. Göründüyü kimi, iddia ərizəsinin məzmunundan da görünür ki, orada qoyulan məsələ inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları(inzibati aktları) və ya hərəkətləri(hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə aid olduğundan həmin məsələyə aidiyyət qaydaları üzrə ümumi məhkəmədə deyil, inzibati məhkəmə icraatı qaydasında da baxıla bilər. Lakin birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozaraq səlahiyyətinə aid olmayan mübahisəyə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4559/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli; İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət X2 Hüquqi Şəxsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməli; İddiaçı iddia ərizəsində göstərdiyi məsələyə dair, aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5 -ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4559/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət X2 Hüquqi Şəxsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçı iddia ərizəsində göstərdiyi məsələyə dair, aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar