Məhkəmə qərarları › İş №2(103)-3264/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3264/2023

22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3264/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: «alimentlə bağlı mübahisə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-619/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ilə Cavabdeh 05 iyul 2013-cü il tarixdə rəsmi nikah bağlamışlar.

2. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur.

3. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1206/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşaqların cavabdehin yanında qalmasının müəyyən edilməsi tələbinə dair iddia təmin edilərək tərəflər arasında olan nikahın pozulması və uşaqların ananın yanında qalması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh əmək haqqısının və qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, ilk vaxtlar cavabdeh uşaqlara baxacağına və maddi köməklik edəcəyinə söz versə də, sonradan bu sözünü tutmamış və hazırda uşaqların saxlanılmasında ona heç bir maddi köməklik göstərmir. Bu səbəbdən də, uşaqlara təkbaşına baxmaq və onları saxlamaq çətin olduğundan cavabdehdən aliment tələb etmək məcburiyətində qalmışdır. Cavabdeh hazırda Fövqəladə Hallar Nazirliyində işləyir və stabil, yüksək əmək haqqı alır.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-619/2023 saylı, 20 fevral 2023cü il tarixli qətnaməsi (hakim Həqiqət Əhmədova) ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq əmək haqqısının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması; iddia tələbinin qalan hissədə təmin edilməməsi; mediasiya xərcinə görə İddiaçı tərəfindən ödənilmiş 50 manat xərcin ona aid edilməsi; Cavabdeh dövlət rüsumuna görə 50 manatın tutularaq dövlət büdcəsinə köçürülməsi; qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Cavabdeh ünvan 1 ünvanında övladı X11 və valideyni X3 ilə yaşadığı, İddiaçı da həmin ünvanda qeydiyyatda olduğu, xx.xx.2014- cü il təvəllüdlü X5 Bakı şəhəri Nizami rayonu 250 nömrəli tam orta məktəbin 3-cü sinfində oxuduğu müəyyən edilmişdir. Həmçinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 250 nömrəli tam orta ümumməktəbin xx.xx.2022-ci il tarixli arayış ilə də X5 həmin məktəbin 3c sinfində oxuduğu öz təsdiqini tapmışdır. Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri əsasında X5 öz fikirlərini sərbəst ifadə etməsini təmin etmək baxımından valideynlərinin iştirakları olmadan həmin dinləmə həyata keçirilmişdir. Dinləmə zamanı X11 atasının yanında qaldığını bildirmişdir. Beləliklə, məhkəmə iddia tələbinin “xx.xx.2014-cü il təvəllüdlü X2 üçün alimentin tutularaq ona verilməsi” hissəsi ilə bağlı bildirir ki, hazırda işin mübahisəli halı ondan ibarətdir ki, hər iki tərəf xx.xx.2014-cü il təvəllüdlü X5 onun yanında qaldığını bildirmişdir. Məhkəmə işin faktiki hallarını, iş materiallarına əlavə edilmiş sübutları araşdıraraq qeyd edir ki, cavabdehin qonşuları tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli və 88 saylı MKİS-nin rəisinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktlar ilə, X5 özünün dindirilməsi nəticəsində uşağın atası Cavabdeh ilə qaldığı, uşağın tələbatlarının atası tərəfindən ödənildiyi müəyyən olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2014-cü il təvəllüdlü X6 münasibətdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh ananın himayəsində olduğundan iddiaçının tələbi ilə cavabdehdən aliment tutula bilər. Hazırda iddiaçı hər iki uşaq üçün cavabdehin əmək haqqısının və digər gəlirlərinin üçdə bir hissəsi məbləğində aliment tələb edir. İddia tələbinin X6 münasibətdə aliment tutulması hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən həmin uşağın məhkəmə qətnaməsi ilə anasının yanında saxlanılması qət edilməsinə baxmayaraq onun faktiki atasının yanında yaşaması, bütün tələbatlarının faktiki atası tərəfindən qarşılandığı, yəni uşağın atası tərəfindən saxlanılması müəyyən olunduğundan və alimentin məhkəmə qaydasında tutulmasının məqsədinin isə uşağın tələbatlarının ödənilməsi üçün nəzərdə tutulduğundan məhkəmə həmin uşağa münasibətdə cavabdehdən aliment tutulmaması qənaətinə gəlmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Aviasiya Dəstəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Hüseynov X8 Hallar Nazirliyi Aviasiya Dəstəsində həqiqi hərbi xidmətdədir və aylıq gəliri 2261,26 manat təşkil edir. Hazırda 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edildiyindən məhkəmə xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay Cavabdeh əmək haqqının və digər gəlirlərinin dörddə bir hissəsi məbləğində müəyyən olunmasını ədalətli hesab edir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilir ki, işə baxan birinci instansiya məhkəməsinə mötəbər sübüt qismində təqdim edilmiş qanuni qüvvəyə minmiş Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1206/2021 saylı qətnaməsi nəzərə alınmamışdır. Belə ki, həmin qətnaməyə əsasən saxlanılmaları üçün aliment tələb edilən uşaqlar iddiaçı ananın yanında saxlanılmışdır. İşə baxan məhkəmə guya dərindən və hərtərəfli araşdırma aparmaq məqsədilə azyaşlı X7 məhkəmə iclasına gətizdirərək dindirmişdir. Bununla məhkəmə guya uşağın kimin yanında qaldığını müəyyən etməyə çalışmışdır. Halbuki, mübahisənin predmetini uşağın kimin yanında qalması yox, onların saxlanılması üçün alimentin müəyyən edilməsi təşkil edir. Uşaqların valideyinlərdən kimin yanında saxlanılması məsələsi isə artıq yuxarıda qeyd edilən məhkəmə qətnaməsi ilə birmənalı şəkildə müəyyən edilibdir və qətnamə qanuni qüvvəsini almışdır. Buna baxmayaraq, uşağın digər valideynin yanında qalmasını mübahisələndirən və mövcud vəziyyətlə razılaşmayan valideyin təkrar məhkəməyə müraciət edib uşağın öz yanında saxlanılması tələbini irəli sürmək hüququna malikdir. Lakin belə bir tələb mövcud olmamışdır. Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Göründüyü kimi, nikahın pozulması ilə eyni anda, tələb oldu olmadı işə baxan məhkəmə uşağın kimin yanında saxlanılması və alimentin təyin edilməsi məsələsini həll edir. Bu, onu deməyə əsas verir ki, uşağın kimin yanında saxlanılması və alimentin təyin edilməsi işində mötəbər sübut yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsidir. Lakin işə baxan məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktı nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə, məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il təvəllüdlü X11 Bakı şəhəri Nizami rayonu 250 nömrəli tam orta məktəbin 3-cü sinfində oxuyur. Həmçinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 250 nömrəli tam orta ümumməktəbin xx.xx.2022-ci il tarixli arayış ilə də X5 həmin məktəbin 3c sinfində oxuduğu öz təsdiqini tapmışdır. X11 müvəqqəti olaraq 250 saylı məktəbdə oxuyurdu, çünki nikah pozulmamışdan qabaq anası ilə atası eyni ünvanda yaşayırdı, təhsil ilinin ortası olduğuna görə ana uşağın məktəbini dəyişməmişdi. Lakin hazırda o, anası ilə birlikdə yaşadığı ərazidə yerləşən Bakı şəhəri 286 saylı tam orta məktəbində təhsil alır. Bundan başqa, məhkəmə mediasiya xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat xərci onun özünə aid edib. Hesab edir ki, aliment tələbi qiymətləndirilməyən iddia kateqoriyasına aid edildiyindən dövlət rüsumu 100 manat təşkil edir ki, iddiaçı bu rüsumdan azaddır. Lakin 50 manat mediasiya xərci rüsumla əvəzləşdirildiyi üçün cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1206/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, hər iki uşaq ananın yanında saxlanılmışdır. Bu səbəbdən də, atadan qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutularaq anaya verilməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin)üçdə bir hissəsi miqdarında aliment tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

13. “Uşaq hüquqları haqqında” Konvensiya:

Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. 2. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının “Məhkəmələrə izah edilsin ki, məhkəmə qətnaməsinin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşağın həmin valideynin yanında olmadığı hallarda onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməklə yanaşı, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də, gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəyiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icra qaydası və müddətini göstərməlidir”(7.6-cı bənd). Qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir(7.7-ci bənd).Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır(8.3). Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır(8.6).

16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi üçün əsasdır.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam, yəni iddianın tam təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianı tam təmin etməməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə, cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılırdı.

25. Birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən qanuni qüvvəsini almış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1206/2021 saylı qətnaməsini hazırki iş üzrə nəzərə amamışdır. Belə ki, həmin qətnamə ilə uşaqların ananın yanında qalması qət edilmişdir. O başqa məsələ ki, həmin işdə məhkəmə qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsini həll edərkən, yəni xx.xx.2014cü il təvəllüdlü X11 ananın yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun atadan alınıb yanında qalmasını müəyyən etdiyi anaya verilməsi məsələsini də həll etməli idi, ancaq etməmişdir. Yəni, bu halın mövcudluğu da iddianın qismən təmin edilməsinə əsas vermirdi.

26. Lakin hazırki iş üzrə məhkəmə, sanki aliment tələbinə deyil, uşaq tələbi ilə bağlı mübahisəyə baxdığını və X7 məhkəmə iclasına dinləməklə onun valideynlərinin hansının yanında qalmaq istədiyini yenidən müəyyən etməyə cəhd etmişdir. Ancaq hazırki iddianın predmeti alimentin alınması ilə bağlı münasibətlərə aid olduğundan məhkəmə də bu yönümdə tələbə baxaraq qərar qəbul etməli idi. Çünki, qeyd olunduğu kimi uşağın kimin yanında qalmalı olması artıq qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş, hazırki işdə isə bu barədə yeni bir tələb olmamışdır.

27. Bununla yanaşı, apellyasiya şikayətindən və tərəflərin izahatından bəlli oldu ki, xx.xx.2014-cü il təvəllüdlü X11 artıq 02 mart 2023-cü ildən anası ilə birgə yaşayır və birlikdə yaşadığı ərazidə yerləşən Bakı şəhəri 286 saylı tam orta məktəbində təhsil alır. Demək, hər iki uşağın qətnamə ilə ananın yanında qalması məsələsi də artıq icra olunmuşdur.Ona görə də iddianın tam təmin olunması üçün əsas yaranmışdır.

28. Cavabdehin apellyasiya şikayətinə etiraz olaraq göstərdiyi dəlillər isə onu azyaşlı uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi dəlillər alimentin tələb edilən qaydada təmin edilməməsi üçün əsas ola bilməz. Çünki, cavabdehin iddiaçı ilə olan şəxsi münasibətləri alimentin tələb edilən məbləğdə təmin edilməsini istisna etmir. Cavabdehin iddiaçı barədə səsləndirdiyi, o cümlədən sağlamlıq vəziyyəti ilə bağlı fikirlər həqiqi olsa belə buda alimentin tələb edilən qaydada təmin edlməməsi üçün əsas deyil. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Ona görə də hansısa maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasından söhbət gedə bilməz.

29. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.

30. Beləliklə, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq əmək haqqının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında, 02 mart 2023-cü ildən isə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əmək haqqının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

31. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-619/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq əmək haqqının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında, 02 mart 2023-cü ildən isə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-619/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqının və digər gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq əmək haqqının və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar