Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3268/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər:əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 29 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı 1996-cı ildən etibarən "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2022-ci ildə əmək müqaviləsinə iddiaçının təşəbbüsü ilə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə o, "xxxx" MMC Mühafizə şöbəsində AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 2 (iki) ay müddətinə müvəqqəti olaraq rəis vəzifəsinə işə qəbul edilib. xx.xx.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilməklə işdən azad edilib. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X3 tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən onlara düşən ödənclərin ödənilməsi zamanı AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuşdur. X1 tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o, 1100 manat cərimə edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə xx.xx.2022-ci ilədək olan dövrə görə ödənilməmiş 4500 manat pulun, 03.10-xx.xx.2022-ci il dövrü üzrə ödənilməmiş 550 (beş yüz əlli) manat məbləğində əmək haqqı borcunun və 2022-ci ilin oktyabr ayından məhkəmə qətnaməsi çıxarılanadək olan dövr üzrə ödənilməmiş 4500 manat məbləğində pulun hər gecikdirilmiş gün üçün bir faizi məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 sentyabr 1996-cı il tarixindən 22 iyul 2022-ci il tarixinədək olan müddət üzrə son haqq-hesabı daxil olmaqla ona 7.000 manat məbləğində pul ödənilməli idi. Həmin məbləğin 2.500 manat məbləğini 2022-ci ilin oktyabr ayında almışdır. Hazırda cavabdeh “B.Sərdarov adına Maşınqayırma Zavodu" MMC-nin ona 4.500 manat məbləğində borcu qalmışdır. 03 oktyabr 2022-ci il tarixindən 16 noyabr 2022-ci il tarixədək olan müddət üzrə əmək haqqı ödənilməmişdir. Hazırda cavabdeh "xxxx" MMC-də ona ödənilməmiş 550 manat əmək haqqı borcu qalmışdır. Uzun müddət keçməsinə və dəfələrlə müraciət və şikayət etməyinə baxmayaraq bu günədək son haqq-hesabı və qalıq əmək haqqı ödənilməmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1049/24 saylı iş üzrə 04 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Musayeva) iddia qismən təmin edilmiş, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan iş dövrü üçün ödənilməmiş əmək haqqı məbləğini təşkil edən 550 (beş yüz əlli) manat məbləğində pulun “B.Sərdarov adına Maşınqayırma Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı hazırki iddia tələbində irəli sürdüyü kimi xx.xx.1996-cı ildən xx.xx.2022-ci il tarixədək olan iş dövrü üçün son haqq-hesabın ödənilməsi tələbini vaxtında irəli sürmədiyi üçün iddia müddətini ötürmüşdür. Məhkəmə İddiaçı işdən azad olunduğu tarixdə son haqq-hesabın ödənilməməsi faktının müvafiq inzibati xəta haqqında qərarla təsbit olunduğunu müəyyən edərək bu nəticəyə gəlmişdir ki, iddiaçıya xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan iş dövrü üçün son haqq-hesab cavabdeh tərəfindən ödənilməlidir. İddia tələbinin digər hissəsinə münsaibətdə isə 4500 manat məbləğində son haqq-hesabın ödənilməsi tələbinə dair münsibətdə iddia müddəti ötürüldüyü üçün, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc hissəsi isə əsassız olduğundan iddia həmin hissələrdə təmin edilməməlidir.
6. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 172.1, 172.2, 172.5, 195-ci maddəsinin d, 196-cı maddəsinin 1-ci, 290.1, 296.4-cü bəndlərinə, 296-cı maddəsinin 7-ci hissəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni tələbin rədd olunduğu hissədə ləğv edilməsini, iddianın həmin hissədə də təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödənilməli olan əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildirilmişdir, cavabdehin maliyyə vəziyyəti qənaətbəxş olmuşdur, dəfələrlə müraciətlər etsə də, ödənilməli olan məbləği qəsdən ödəməkdən imtina etmişdir. Həmin hal fərdi əmək mübahisəsi yaratmamışdır. Ona görə də hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratmamışdır. Ona görə də cavabdeh gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını işdən çıxdığı gün ödəməyə borclu idi. İlkin olaraq işəgötürənə müraciət edib, sonradan mediasiyaya, sonda məhkəməyə müraciət edib. 1 illik iddia müddətini ötürməyib. Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilib. Mediasiyaya müraciət müddəti daxil olmaqla (halbuki nəzərə alınmamalıdır) xx.xx.2023-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edib. İşə baxan hakim tələbini əsassız olaraq iki hissəyə bölüb. İddia müddətini üzrsüz səbəblərdən buraxımağı halı sübut edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Əmək Məcəlləsi
Maddə 172. 1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 172.2 Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 195, bənd d. İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Maddə 196.1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Maddə 290.1. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.7 . Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə: 372, 375. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 379.1, 379.1.6, 379.4-1-ci maddələrinə görə, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Maddə 380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarı iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın rədd olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.
19. İddiaçı bildirir ki, işəgötürən xx.xx.1996-xx.xx.2022-ci il iş dövrü üçün ona əmək haqqı ödəməmişdir.
20. İşə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh tərəf ərizə təqdim edərək, mübahisəyə 1 illik iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir.
21. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2, 3-cü hissələrini, Mülki Məcəllənin 372.1, 375.2-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürüldüyündən, habelə iddia müddətinin üzrlü səbəbdən buraxılmasına dair hər hansı sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə rədd olunmalıdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı qeyd olunan hissədə düzgün nəticəyə gəlmişdir.
23. Əmək Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (2-ci hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (3-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (4-cü hissə).
24. İşin mübahisəsiz halıdır ki, iddiaçı cavabdeh müəssisədə ilkin olaraq xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək işləmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı öz ərizəsinə əsasən işdən azad edildikdən sonra yenidən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə əmək müqaviləsi üzrə həmin müəssisədə işləmişdir. İddiaçı tərəfindən onun son haqq-hesabının ödənilməməsi ilə bağlı işəgötürənə, müvafiq icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir.
25. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, işəgötürənə ödənilməmiş əmək haqqı tələbi ilə ilkin mediasiya təklifi xx.xx.2023-cü il tarixdə göndərilsə də, həmin təklifdə iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad edilməsi nəticəsində ödənilməmiş əmək haqqının ödənilməsini tələb etmişdir. Belə olan halda isə iddiaçı hazırkı iddia tələbində irəli sürdüyü kimi xx.xx.1996-cı ildən xx.xx.2022-ci il tarixədək olan iş dövrü üçün son haqq-hesabın ödənilməsi tələbini vaxtında irəli sürmədiyinə görə iddia müddətini ötürmüşdür.
26. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
27. Birinci instansiya məhkəməsi həmçinin, haqlı olaraq belə qənaətə gəlmişdir ki, 4500 manat məbləğində pul onun xx.xx.1996-cı ildən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməmiş son haqq-hesabını təşkil edən 7000 manat məbləğindən ona ödənilməmiş hissədir və həmin məbləğə görə 2022-ci ilin oktyabr ayından məhkəmə qətnaməsi çıxarılanadək olan dövr üzrə hər gecikdirilmiş gün üçün bir faizi məbləğində pul tutulması əsassız olduğundan təmin edilə bilməz.
28. Məhkəmə kollegiyası iddia tələbinin 4500 manat pul tələbi hissəsinin iddia müddəti tətbiq olunmaqla rədd olunduğunu nəzərə alaraq həmin tələbdən doğan hər gecikdirilmiş gün üçün bir faiz məbləğində pul tutulması hissəsində də məhkəmənin gəldiyi nəticə ilə razılaşır.
29. MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 04 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.