Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-327/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: yaşayış sahəsinin boşaldılması, köçürülmə tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsinin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(004)-995/2020 saylı qətnamədən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin (bundan sonra – mübahisəli ev) 1/3 hissəsi daşınmaz əmlakın dövlət reyestrində 29 yanvar 2015-ci il tarixdə xüsusi mülkiyyət kimi İddiaçı (bundan sonra – iddiaçı) adına qeydiyyata alınmışdır.
2. Mübahisəli evin qalan 2/3 hissəsinin 9 kv.m yaşayış, 9,2 kv.m köməkçi sahədən ibarət 1 otağı Cavabdeh1, 17,4 kv.m yaşayış, 2,6 kv.m köməkçi sahədən ibarət 1 otağı Cavabdeh2, qalan hissəsi isə X1 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli evin ona məxsus olan 1/3 hissəsindən Cavabdeh3 və Cavabdeh4 çıxarılması və mənzilin boşaldılaraq iddiaçının həmin evə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ev cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt olunduğundan, iddiaçı, evinə köçüb yaşaya bilmir. Göstərilənlərə əsasən cavabdehlər mübahisəli sahədən (evin ona məxsus 1/3 hissəsindən) çıxarılmalı, sahə boşaldılaraq iddiaçı həmin sahəyə köçürülməlidir.
5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, mübahisəli evdə 1975-ci il tarixdən yaşayır. Yaşayış sahəsi əvvəllər Salmanova Tahirəyə məxsus olmuşdur. Salmanova Tahirə özünə başqa ünvanda ev alması ilə əlaqədar həmin yaşayış sahəsindən köçmüş, həmin ünvandan köçərkən onun valideyinləri ilə Salmanova Tahirə arasında əldə olunmuş razılığa əsasən o, həmin hissəyə köçmüşdür. Valideynləri tərəfindən həmin yaşayış sahəsinin dəyəri olaraq 6000 manat məbləğində pul Salmanova Tahirəyə ödənilmiş, lakin bu barədə hər hansı bir sənədləşdirilmə işləri aparılmamışdır. İddiaçını tanımır, lakin onun həyat yoldaşı Rafiq adlı şəxs onlara gələrək evin boşaldılmasını tələb etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, mübahisəli evə 2000-ci ilin iyul ayında Cavabdeh3 ilə rəsmi nikaha daxil olaraq cehiz əşyaları ilə köçmüş və hal-hazıradək orada yaşayır.
7. Məhkəmə iclasında Cavabdeh1 iddianın həll olunmasını məhkəmənin mülahizəsinə verərək izahatında göstərmişdir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 nə ona, nə Cavabdeh2, nə də X2 məxsus paylarda yaşamırlar. O 2003-ci il tarixdə ona məxsus payı almış və ora köçmüş və həmin tarixdən Əzimovların həmin ünvanda yaşadıqlarının şahidi olmuşdur.
8. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 nə ona, nə Cavabdeh1, nə də X2 məxsus paylarda yaşamırlar. O, 2000-ci il tarixdə ona məxsus payı almış və ora köçmüş və həmin tarixdən Əzimovların həmin ünvanda yaşadıqlarının şahidi olmuşdur.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-995/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mübahisəli evin 1/3 hissəsindən çıxarılması, iddiaçının həmin hissəyə köçürülməsi qət edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçı mülkiyyətinin cavabdehlərin qanunsuz sahibliyindən geri tələb olunmasına dair iddia ilə məhkəməyə müraciət etdiyindən, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2 və s. nomaları ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat.
12. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, Cavabdeh3 və Cavabdeh4 mübahisəli evdə qeydiyyatda olmaqla və yaşamaqla evə istifadə hüquqları vardır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6547/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, yaşayış sahəsinin paylara müvafiq naturada bölgüsü aparılmamış, iddiaçı öz payının fiziki bölgüsünü tələb etməmişdir. İş materiallarında yaşayış sahəsinin naturada bölgüsü ilə bağlı digər payçıların razılıq ərizələri və payların naturada ayrılması ilə bağlı təsdiq edilmiş bölgü-sxem mövcud deyildir. İddiaçıya məxsus payın fiziki olaraq hansı hissədən ibarət olduğunu müəyyən etmək mümkün olmadığı üçün cavabdehlərin məhz iddiaçıya məxsus hissədə yaşamaları da öz təsdiqini tapmır. Yaşayış sahəsinin 1/3 hissəsinə iddiaçının mülkiyyət hüququ olsa da, cavabdehlərin çıxarılması və iddiaçının köçürülməsi tələb olunan hissənin naturada nədən ibarət olduğunu müəyyən etmədən tələb təmin oluna bilməz.
Kassasiya instansiyası məhkəməsindəki icraat.
16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 iyun 2022-ci il tarixli, 2(102)-2716/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6547/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
18. Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, baxılan iş üzrə mübahisəli əmlakın paylı mülkiyyətçilərindən biri X3r. Lakin işə baxmış birinci və apellyasiya instansiyası məhkəməsi həmin şəxsin də mülkiyyətçisi olduğu əmlakdan mülkiyyətçilərin və üçüncü şəxslərin istifadəsi ilə bağlı mübahisəyə baxarkən mülkiyyətçini işdə iştirak etməyə cəlb etməmişlər.
19. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin paylara müvafiq naturada bölgüsü aparılmamış, iddiaçı öz payının fiziki bölgüsünü tələb etməmişdir. İddiaçıya məxsus payın fiziki olaraq hansı hissədən ibarət olduğunu müəyyən etmək mümkün olmadığı üçün cavabdehlərin məhz iddiaçıya məxsus hissədə yaşamaları da öz təsdiqini tapmır. Yaşayış sahəsinin 1/3 hissəsinə iddiaçının mülkiyyət hüququ olsa da, cavabdehlərin çıxarılması və iddiaçının köçürülməsi tələb olunan hissənin naturada nədən ibarət olduğunu müəyyən etmədən tələb təmin oluna bilməz.
20. Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə, bütün mülkiyyətçilərin xeyrinə əmlakı tələb edə bilər.
21. Mülki Məcəllənin 215.1-ci maddəsinə müvafiq olaraq isə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
22. Mülki Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı mülkiyyətçilər ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında öz aralarında razılığa gələ bilərlər. Onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti və əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti.
23. Mülki Məcəllənin 215.4-cü maddəsi hər bir mülkiyyətçinin qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarını tanıyır və yalnız əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığını tələb edir, həm də bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar.
24. Yuxarıda istinad olunan mülki qanunvericilik normalarının tələblərinə əsasən paylı mülkiyyətçilər evdən istifadə qaydası ilə bağlı həm şifahi, həm yazılı razılığa gələ bilərlər, yaxud bu qayda məhkəmə tərəfindən müəyyən edilə bilər. Əgər paylı mülkiyyətçilər arasında ümumi əmlakdan faktiki istifadə ilə bağlı şifahi razılıq varsa paylı mülkiyyətçi onun faktiki istifadəsində olan hissəyə Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyənləşdirilmiş hədlərdə sərbəst surətdə sahib olmaq, ondan istifadə edə etmək, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, öz əmlakını özgəsinin qanunsuz sahibliyindən tələb etmək hüquqları vardır.
25. Baxılan iş üzrə iddia tələbinin bir hissəsi paylı mülkiyyətçi olan iddiaçının özünün mübahisəli evə köçürülməsi ilə bağlı olmuşdur. Mülkiyyətçilər arasında payların və ya əşyadan istifadə qaydasının müəyyən edilməməsi qeyd olunan tələbin rədd olunması üçün əsas ola bilməz.
26. Əvvəla qeyd olunmalıdır ki, Mülki Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi, ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mülkiyyətçinin qanunda nəzərdə tutulmuş hüququdur və heç kəs öz hüququndan istifadəyə məcbur edilə bilməz. Nəzərə alınmalıdır ki, payın naturada ayrılması həmin hissənin öz təyinatına uyğun, müstəqil (ayrıca) əşya vəziyyətinə gəlməsinin mümkün olduğu halda mümkündür. Ayrılma baş tutduğu andan payçı ümumi mülkiyyət birliyindən çıxmış olur və müstəqil daşınmaz əşya üzərində onun fərdi mülkiyyət hüququ yaranır. Belə olan halda, ümumi mülkiyyətçilər arasında bir hüquqi ixtilafdan söhbət gedə bilməz.
27. Digər tərəfdən bu cür yanaşma mülkiyyətçinin əmlakına (əşyaya) sərbəst surətdə sahib ola bilmək, ondan istifadə edə etməklə bağlı Mülki Məcəllənin 152.5-ci və 215.4-cü maddələrində təsbit olunmuş təminatın pozulması ilə nəticələnməsinə səbəb olar. Eyni yanaşmadan çıxış edərək xüsusilə qeyd etmək lazımdır ki, payların müəyyən edilməməsi və ya istifadə qaydası ilə bağlı razılığın olmaması paylı mülkiyyətçinin əşyanın məhz ona məxsus paya köçürülməsi tələbindən də imtina etmək üçün əsas deyil. Belə olan halda məhkəmə iddianı qismən təmin etməklə iddiaçının ümumi əmlaka köçürülməsi barədə məsələni tərəflərlə müzakirə etməlidir.
28. Baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli evin 1/3 hissəsi iddiaçının, qalan 2/3 hissəsinin 9 kv.m yaşayış, 9,2 kv.m köməkçi sahədən ibarət 1 otağı Cavabdeh1, 17,4 kv.m yaşayış, 2,6 kv.m köməkçi sahədən ibarət 1 otağı Cavabdeh2, qalan hissəsi isə X1 mülkiyyətindədir.
29. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya etiraz etməyərək (onun həll olunmasını məhkəmənin mülahizəsinə buraxaraq) izahatlarında göstərmişlər ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 onlara, nə də X2 məxsus paylarda yaşamırlar.
30. Lakin apellyasiya instansiyası məhkəməsi işin mübahisəsiz hallarına və tərəflərin izahatlarına tətbiq edilməli olan hüquq normaları baxımından qiymət vermədən, habelə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün prosessual qanunvericiliyin məhkəməyə verdiyi imkanlardan istifadə etmədən iddianı rədd etmişdir.
31. Halbuki mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).
32. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1, 88-ci maddələri).
33. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin çəkişmə prinsipinə riayət etməklə yol verdiyi məhkəmənin fəallığı imkanlarından istifadə etməmiş, ekspertiza təyin edərək, mütəxəssis cəlb edərək və (və ya) mübahisəli evi yerində müəyyən edərək iş üçün əhəmiyyətli halları müəyyən etməmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
35. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlər apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişlər.
36. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
37. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
39. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
40. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
41. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
42. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir.
43. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
44. Maddə 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə, bütün mülkiyyətçilərin xeyrinə əmlakı tələb edə bilər.
45. Maddə 215.1-ci maddəsinə müvafiq olaraq isə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
46. Maddə 215.3-cü maddəsinə əsasən paylı mülkiyyətçilər ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında öz aralarında razılığa gələ bilərlər. Onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti və əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti.
47. Maddə 215.4-cü maddəsi hər bir mülkiyyətçinin qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarını tanıyır və yalnız əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığını tələb edir, həm də bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar.
48. Maddə 140-cı maddəsinin tələbinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
49. Maddə 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
53. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
55. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Apelyasiya baxışının hədləri
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
58. Apellyasiya icraatı zamanı kassasiya instansiyasının göstərişinə əsasən mübahisəli evin paylı mülkiyyətçilərindən olan X5 üçüncü şəxs qismində icraata cəlb olunmuşdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır.
60. Qeyd edildiyi kimi – mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində 29 yanvar 2015-ci il tarixdə xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınması, mübahisəli evin qalan 2/3 hissəsinin 9 kv.m yaşayış, 9,2 kv.m köməkçi sahədən ibarət 1 otağının Cavabdeh1, 17,4 kv.m yaşayış, 2,6 kv.m köməkçi sahədən ibarət 1 otağının Cavabdeh2, qalan hissəsinin isə X1 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması işin mübahisə olunmayan hallarıdır.
61. Bununla yanaşı, işin müəyyən olunmuş faktiki hallarına, eləcə də kassasiya instansiyasının mövqeyinə görə - mübahisəli evin paylı mülkiyyətçiləri hər biri digərindən təcrid olumuş müvafiq yaşayış sahəsində yaşayır. Birinci instansiya məhkəməsində Cavabdeh1 və Cavabdeh2 izahatlarında iddiaya etiraz etməyərək (onun həll olunmasını məhkəmənin mülahizəsinə buraxaraq) göstərmişlər ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 onlara, nə də digər mülkiyyətçi X2 məxsus paylarda yaşamırlar.
62. Eyni zamanda kassasiya instansiyasının göstərişinə əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, daxil olmuş ekspertiza rəyinə (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 10/7256 saylı rəyi) əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 faktiki yaşadıqları hissə mülki iş materiallarında olan texniki pasportun göstəriciləri ilə eynilik təşkil edir, eləcə də digər payçılardan təcrid şəkildə yerləşərək ayrıca olaraq giriş-çıxışı vardır və paylar üzrə 1/3 hissə təşkil edir. Həmçinin digər payçıların payına düşən 2/3 hissədə yerləşən tikililərin sökülərək yerində bir neçə yeni yaşayış evləri inşa olunmuşdur.
63. Yuxarıda istinad olunan mülki qanunvericilik normalarının tələblərinə əsasən paylı mülkiyyətçilər evdən istifadə qaydası ilə bağlı həm şifahi, həm yazılı razılığa gələ bilərlər, yaxud bu qayda məhkəmə tərəfindən müəyyən edilə bilər. Əgər paylı mülkiyyətçilər arasında ümumi əmlakdan faktiki istifadə ilə bağlı şifahi razılıq varsa paylı mülkiyyətçi onun faktiki istifadəsində olan hissəyə Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyənləşdirilmiş hədlərdə sərbəst surətdə sahib olmaq, ondan istifadə edə etmək, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, öz əmlakını özgəsinin qanunsuz sahibliyindən tələb etmək hüquqları vardır. Əks yanaşma isə mülkiyyətçinin əmlakına (əşyaya) sərbəst surətdə sahib ola bilmək, ondan istifadə edə etməklə bağlı Mülki Məcəllənin 152.5-ci və 215.4-cü maddələrində təsbit olunmuş təminatın pozulması ilə nəticələnməsinə səbəb olar.
64. Beləliklə, işin hallarından göründüyü kimi, cavabdehlər mübahisəli evin digər payçılardan təcrid şəkildə yerləşən, ayrıca giriş-çıxışı olan və paylar üzrə 1/3 hissə təşkil edən hissəsində yaşayır.
65. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə, bütün mülkiyyətçilərin xeyrinə əmlakı tələb edə bilər (bax: 44-cü bənd). Cavabdehlər isə yaşayış sahəsindən istifadə etmələrinin qanuni əsaslara söykənməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər.
66. Qeyd edilməlidir ki, mülki və mənzil qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus əmlakdan istifadə etməsinə haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə əmlakdan istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar.
67. Cavabdeh apellyasiya şikayətində yaşayış sahəsindən istifadə hüquqlarının olmasını, həmin yaşayış sahəsinin dəyəri ödənilməklə alınmasını və s. qeyd etsələr də, etirazlarının əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər.
68. Həmiçnin yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3cü maddəsi).
69. Cavabdehlərin müəyyən zaman kəsiyində iddiaçının mülkiyyətçisi olduğu yaşayış sahəsində yaşamaları faktı da vəziyyəti dəyişdirməməklə, mülki və mənzil qanunvericiliklərinin tələbləri baxımından əşyadan istifadəni və ya ona sahibliyi qanuni hala gətirmir. Eyni zamanda, cavabdehlər iddiaçının ailə üzvü olmamaqla, onunla birlikdə yaşamamış, birgə təsərrüfat idarə etməmişlər.
70. Həmçinin, qeyd edilməlidir ki, cavabdehlərin mübahisəli evdə qeydiyyatda olması (cavabdehlər bu halı da apellyasiya şikayətinin dəlili kimi göstərmişlər) faktı da özüözlüyündə onların daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etməz. Çünki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
71. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.”
72. Məhkəmə kollegiyası razılaşır ki, mülkiyyət hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
73. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).
74. Lakin, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Hazırki mübahisə üzrə işin müəyyən olunmuş hallarından isə iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına haqq qazandırıla bilən qanuni halların mövcudluğu müəyyən olunmamışdır.
75. Belə olan halda isə, iddiaçının tələb hüququ həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Həmin normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Vindikasiya iddiasının irəli sürülməsi üçün (uğurlu olması üçün) - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır.
76. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdehlər bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmiş, etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişlər.
77. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
78. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehlərin hazırki vəziyyətdə iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olan yaşayış sahəsindən istifadə etməsi hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir.
79. Məhkəmə kollegiyası işin hallarını, təqdim olunmuş sübutları və kassasiya instansiyasının mövqeyini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır.
80. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(004)- 995/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.