Məhkəmə qərarları › İş №2(103)-3275/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3275/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3275/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: vurulmuş zərərin və sığorta ödənişinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin və sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1131/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən “Mercedes Benz 230” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətə icbari qaydada sığortalanmışdır.

2. xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 məxsus “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh1 tərəfindən etibarnamə əsasında idarə edilən “Mercedes Benz 230” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi ziyan vurulmuşdur.

3. "xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba əsasən xx.xx.2021-ci il tarixli hadisə üzrə təqdim edilmiş arayışda "xxxx" MMC-yə məxsus “Khazar SD minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 1.981 manat və İddiaçı2 məxsus “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletə 30.003 manat zərər dəydiyi müəyyən edilmişdir.

4. Nəzəri hesablama yolu ilə “Azumi Motors” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 29.183 manat müəyyən edilir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 51 Ə saylı, xx.xx.2021-ci il tarixli rəyinə əsasən İddiaçı1 bədəni üzərində aşkar edilmiş xəsarətlər az ağır zərər vurmaya aiddir.

6. xx.xx.2021-ci il tarixdən X4 tərəfindən ona Azərbaycan Respublikası DTX-nın Hərbi Hospitalında göstərilən tibbi xidmətlərə görə (82 + 2.000 + 66 + 66 + 100 + 1.500 + 6,04 + 4,70 + 80 + 1.646 + 16,86 + 7,13 + 52) 5.626,73 manat, xx.xx.2022-ci il tarixədək ona Real Hospitalda göstərilən tibbi xidmətlərə görə (44 + 44 + 23,47 + 32 + 44 + 88) 275,47 manat, həmçinin, "xxxx" MMC tərəfindən göstərilən tibbi xidmətlərə görə 4.000 (xx.xx.2022-ci il tarixdə birdəfəlik) manat ödəniş edilmişdir.

7. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən İddiaçı1 1.500 manat məbləğində sığorta ödənişi ödənilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, 8/53098 nömrəli rəyinə əsasən istintaq tərəfindən təqdim olunan 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

9. Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin “Amnistiya qərarına əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı1 yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulması faktı üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh1 barəsində 8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilmiş və Cavabdeh1 Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilmiş, oun barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün həmin qərarın surəti Abşeron Pİ-nin DYPŞ-nə göndərilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 9/5149 nömrəli rəyinə əsasən 2013-cü il buraxılışlı “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci təxminən 22.683 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə “Azumi Motors” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosiklin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18.642 manat müəyyən edilir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1602/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(006)-1131/2022 saylı qətnaməsi "xxxx" ASC-dən İddiaçı2 xeyrinə pulun tutulması hissəsində dəyişdirilmiş, "xxxx" ASC-dən 4.519,8 manat tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, sağlamlığa vurulmuş zərərə görə Cavabdeh1 10.034.20 manat müalicə xərclərinin tutularaq İddiaçı1, motosikletə vurulmuş 29.183 manat ziyana görə cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən mütənasib qaydada tutularaq İddiaçı2 ödənilməsi, iddianın verilməsinə görə ödənilmiş 208 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 12 oktyabr 2021-ci il tarixdə saat 19:00 radələrində etibarnamə ilə idarə etdiyi İddiaçı2 məxsus 2013-cü il buraxılışlı, “MV Aqusta F3 800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletlə Mehdiabad-Novxanı yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində yolun sağ hissəsində 60- 70 m sürətlə hərəkət edirdi. Həmin vaxt Mehdiabad-Novxanı yolunda Novxanı istiqamətində yolun sol hissəsi ilə hərəkət edən “Mercedes Benz C230” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 qəfil sol dönmə əməliyyatı apararaq İddiaçı1 idarə etdiyi motosikletin qarşısına çıxmış və İddiaçı1 hadisədən yayınmaq üçün motosikletin sükanını yana burmuşdur. Motosikletin sağ hissəsi, İddiaçı1 sağ qolu və sağ ayağı Mercedes markalı avtomobilə çırpılmışdır. Toqquşma nəticəsində motosiklet sol üstə yerə aşmış və çarpaz sürüşərək alt hissəsi əks istiqamətdə hərəkətdə olan Khazar SD markalı avtomobilin ön hissəsi ilə toqquşmuş və toqquşma nəticəsində motosiklet yolun ortasında dayanmışdır. Khazar SD markalı avtomobilini idarə edən isə cavabdeh X11 olmuşdur. İddiaçı1 beli üstə yerə düşmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1a sağ ayağında 2 ədəd qəlpəvari açıq sümük sınığı, sağ qolunda 2 ədəd qəlpəvari qapalı sınıq və kəllə beyin travması zədələri vurulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 07 yanvar 2022-ci il tarixli, 51 Ə nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən sözügedən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 bədənində aşkar edilmiş xəsarətlərin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu qeyd olunmuşdur. Həmçinin İddiaçı1 etibarnamə ilə idarə etdiyi İddiaçı2 məxsus motosikletə də xeyli miqdarda ziyan dəymişdir. İddiaçı1 sağlamlığının bərpası üçün həkim müayinələri və xəstəxana xərclərinə ümumilikdə 10.034,20 manat sərf olunmuşdur. Həmçinin İddiaçı2 məxsus 2013-cü il buraxılışı olan “MV Aqusta Ғ3 800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletə ümumilikdə 29.183 manatlıq zərər dəymişdir. Eyni zamanda, İddiaçı2 məxsus 2013-cü il buraxılışı olan “MV Aqusta Ғ3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletə "xxxx" ASC tərəfindən vurulan zərərə görə heç bir sığorta ödənişi verilməmişdir. Sığorta şirkəti tərəfindən tələb edilən bütün sənədlər təqdim edilməsinə baxmayaraq yenə də sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

14. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(009)- 1131/2022 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı1 xeyrinə sağlamlığa vurulmuş zərərə görə 8.534.20 (səkkiz min beş yüz otuz dörd manat, iyirmi qəpik) manat və dövlət rüsumu olaraq 105,35 (bir yüz beş manat, otuz beş qəpik) manat məbləğində pulun tutulması, "xxxx" ASC-dən 4.598.40 (dörd min beş yüz doxsan səkkiz manat, qırx qəpik) manat və Cavabdeh1 18.084,60 (on səkkiz min səksən dörd manat, altmış qəpik) manat tutularaq İddiaçı2 ödənilməsi, "xxxx" ASC-dən 65.99 (altmış beş manat, doxsan doqquz qəpik) manat və Cavabdeh1 144.26 (bir yüz qırx dörd manat, iyirmi altı qəpik) manat məbləğində dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi pulun tutulması, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (bir yüz) manatın 20 (iyirmi) manatının İddiaçı2, 20 (iyirmi) manatı "xxxx" ASCdən, 60 (altmış) manatının isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X7)

15. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, İddiaçı1 sağlamlığına vurulmuş zərərin 10.034.20 manat olması müəyyən edildiyindən, İddiaçı1 "xxxx" ASC tərəfindən ödənilmiş 1.500 manat çıxılmalı və qalan məbləğ, yəni 8.534,20 manat Cavabdeh1 İddiaçı1 xeyrinə tutulmalıdır.

16. Həmçinin, qeyd edilmişdir ki, sığorta hadisəsinin mövcudluğu, sığortalanmış avtomobillə zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir. İddiaçı2 vurulmuş ziyanın məbləğinin 29.183 manat olmasını iddia etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 9/5149 nömrəli rəyinə əsasən 2013-cü il buraxılışlı, “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci təxminən 22.683 manat təşkil edir. 12 oktyabr 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Khazar SD minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı və “MV Agusta F3 800” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurulduğu müəyyən edildiyindən və “İcbari Sığorta haqqında” qanunun 56.1.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə sığorta ödənişinin bir hadisə üzrə 5.000 manat olduğunu, “Khazar SD minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.981 manat, “MV Agusta F3800” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 22.683 manat zərər dəydiyini nəzərə alaraq (1981+22683=24664; 5000:24664=0.20272462; 0.20272462*1981=401.60; 0.20272462*22683=4598.40; 401.60 + 4598.40=5000) “MV Agusta F3800” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin 4.598.40 manatı "xxxx" ASC tərəfindən İddiaçı2 ödənilməlidir. İddiaçı2 mülkiyyətində olan nəqliyyat vasitəsinə vurulmuş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən təmir-bərpa xərci təxminən 22.683 manat məbləğində müəyyən edildiyindən, həmin məbləğin 4.598.40 manatı "xxxx" ASC tutulduğundan qalan məbləğ 18.084.60 manat Cavabdeh1 tutulmalıdır.

17. İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda tələbə uyğun olaraq dövlət rüsumu ödəməli olduğu halda yalnız İddiaçı1 208 manat dövlət rüsumu ödəmişdir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə İddiaçı1 tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 105.35 manatı Cavabdeh1 aid edilməli, "xxxx" ASC-dən 65.99 manat və Cavabdeh1 144.26 manat məbləğində dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi pul tutulmalıdır.

18. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci - 100 manatın 20 manatı İddiaçı2, 20 manatı isə "xxxx" ASC-dən, 60 manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 922.1-ci, 925.1-ci, 926.1-ci, 926.2-ci, 1096.1-ci, 1097.1-ci, 1108.1-ci, 1118.1-ci maddələrinə, “İcbarı Sığortalar haqqında” Qanunun 15-ci, 16.2-ci, 50.1-ci, 52.1-ci, 54-cü, 56.1-ci, 56.1.2-ci maddələrinə, “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarını tam nəzərə almamış kifayət qədər şişirdilmiş iddianı təmin etmişdir. Müalicə xərcləri ilə bağlı məhkəmədə verdikləri şifahi vəsatətdə də bildirilmişdir ki, sağlamlığa vurulmuş ziyanın həcmi 8.534.20 manat ola bilməz. İddiaçı qeyd edilən ziyanı sübut etmək üçün məhkəməyə qəbzlər təqdim etmişdir. Məhkəmə baxışı zamanı həmin qəbzləri reallığı əks etdirmədiyini bildirmişdir. Belə hallarda ziyanın miqdarını müəyyənləşdirmək üçün kassa mədaxil orderinin olması zəruridir. Ziyanın vurulması barədə qəbzlərdə göstərilən pul məbləğlərini gəlir vergisinin ödənilibödənilməməsinin müəyyənləşdirilməsi nəticəsində əsl həqiqət ortaya çıxacaqdır. İş materiallarında olan qəbzlərdən görünür ki, X4 Azərbaycan Respublikası DTX-nın Hərbi Hospitalında tibbi xidmətlərə görə 5.632.67 manat ödəniş etmişdir. X2 Hospitalda tibbi xidmətlərə görə 407,40 manat ödəniş edilmişdir. X4 "xxxx" MMC tərəfindən tibbi xidmətlərə görə 4.000 manat ödəniş etmişdir. Digər tərəfdən iddiaçının bədəninə vurulan xəsarətlərin dərəcəsi düzgün müəyyənləşdirilməmişdir. Belə ki, iddiaçı tərəfindən verilmiş qəbzlərdən də görünür ki, guya o, baş nahiyəsindən aldığı xəsarətlərə görə pul ödəmişdir. Məlumdur ki, bədənə vurulan xəsarətin dərəcəsini yalnız ekspert rəyi ilə müəyyənləşdirmək mümkündür. Baş vermiş yol qəza hadisəsi ilə bağlı keçirilmiş ekspert rəyində iddiaçının baş nahiyəsindən xəsarət alması qeyd edilməmişdir. Belə olan halda guya onun baş nahiyəsindən xəsarət alması və müalicə olunması və tibb müəssisəsinə pul ödəməsi şübhə altına alınır. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərində göstərilənlər də həqiqəti əks etdirmir. Həmin qəbzlərdə göstərilən rəqəmlər şişirdilmiş rəqəmlərdir və mötəbər sübut hesab edilə bilməz. Ona görə də qeyd edilən hallar obyektiv araşdırılmalı və kassa mədaxil orderi tələb edilərək iş materiallarına əlavə edilməlidir. Habelə, ödənilən pul vəsaitinə görə vergi ödənilib-ödənilməməsi də dəqiqləşdirilməlidir. Bundan başqa moteskletə vurulan zədələrlə bağlı iki ayrı-ayrı rəyin olması və vurulan zərərin şişirdirilərək real zərərə uyğun gəlməməsi yenidən ekspertiza keçirilməsini zəruri edir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

25. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilir; 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Apellyasiya şikayətində Cavabdeh1 qətnamə üzrə ondan iddiaçıların xeyrinə tutulmalı olan pulun məbləğini mübahisələndirdiyindən, qətnamə yalnız mübahisələndirilən, yəni ondan pulun tutulması hissələrində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulan zərərin məbləği ilə bağlı hissədə dəyişdirilməlidir.

31. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

32. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, 12 oktyabr 2021-ci il tarixdə İddiaçı1 idarə etdiyi və İddiaçı2 mülkiyyətində olan “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletlə Cavabdeh1 idarə etdiyi “Mercedes-Benz 230” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı və X8 idarə etdiyi “Khazar SD” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilllərlə toqquşmuşdur. Bu yol nəqliyyat hadisəsinin məhz Cavabdeh1 təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində baş verməsi və nəticədə İddiaçı1 sağlamlığına, habelə İddiaçı2 mülkiyyətində olan həmin motosikletə zərər vurulması Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin “Amnistiya qərarına əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı, ekspert rəyləri, habelə Cavabdeh1 izahatı və digər sənədlərlə təsdiq olunur. Bunun üçün məsuliyyəti Cavabdeh1 daşıyır və bu səbəbdən vurulmuş zərərin əvəzini ödəməlidir.

34. Məhkəmə kollegiyası İddiaçı2 mülkiyyətində olan “MV Aqusta F3800 Limited” markalı, 99 C 126 dövlət qeydiyyat nişanlı motosikletə vurulmuş maddi zərərin məbləği ilə bağlı qeyd edir ki, iddiaçı “Azumi Motors” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsaslanaraq motosikletə vurulmuş ziyanın əvəzi olaraq Cavabdeh1 29.183 manat manat məbləğində pul tələb edir. Mübahisə ilə bağlı keçirilmiş ekspertiza tədqiqatının nəticəsi üzrə tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 9/5149 nömrəli ekspert rəyinə əsasən bu nəqliyyat vasitəsinin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18.642 manat məbləğində müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası qüsur aktını və ekspert rəyini müqayisəli şəkildə təhlil edib, ekspert rəyinin motosikletin təmir-bərpa xərcinin (dəymiş zərərin) məbləğinin qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla və Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və avtoservis müəssisələrində movcud olan qiymətlərdən, məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmaqla tərtib edildiyini müəyyən edərək, onu mötəbər sübut kimi qiymətləndirir və belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri ümumən bu hissədə əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi ekspert rəyində köhnəlmə əmsalına istina edilməklə motosikletin təmir-bərpa xərcinin 18.642 manat məbləğində müəyyən edilməsini nəzərə almamış və nəticədə əsassız olaraq 22.683 manat məbləğində müəyyən etmişdir. Halbuki, birmənalı şəkildə həmin rəydə göstərilən 18.642 manat məbləği zərər məbləği kimi əsas götürülməlidir. İş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 1602/2023 saylı qətnaməsində də eyni nəticəyə gəlinmişdir.

36. Eyni zamanda, məhkəmə kollegiyası dəymiş zərərin 4.519,80 manat hissəsinin "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməli olduğunu nəzərə alıb, hesab edir ki, bu məbləğ 18.642 manat məbləğindən çıxılmalı (18.642 – 4.519,80 = 14.122,20), qalan 14.122,20 manat məbləğində pul vəsaiti zərər məbləği kimi müəyyən edilməklə Cavabdeh1 İddiaçı2 xeyrinə tutulmalıdır.

37. Məhkəmə kollegiyası zərər məbləğini müəyyən edərkən, apellyasiya şikayətində real zərər məbləğinin şişirdilmiş olmasının göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı konkret zərər məbləğinin göstərilmədiyini, o cümlədən zərərin məbləği ilə bağlı hər hansı sübut təqdim edilmədiyini də nəzərə almışdır.

38. Məhkəmə kollegiyası İddiaçı1 sağlamlığına vurulmuş zərərin məbləği hissəsində apellyasiya şikayətinin dəlillərini əsasız hesab edir və iş materiallarına istinadən bir daha vurğulayır ki, iddiaçının məhz qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində az ağır zərər vurmaya aid xəsarətlər alması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X9” X17 rəyi, habelə Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müvafiq qərarı ilə sübuta yetir. İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə, yəni hadisədən sonra həkim müayinə və müalicəsində olmuş və ona göstərilən tibbi xidmətlər üçün ümumilikdə (5.626,73 + 275,47 + 4.000 = 9.902,20) 9.902,20 manat məbləğində vəsait ödəmişdir. Bu hal iş materiallarında olan və üzərində “ödənilib” qeydi aparılan ödəniş qəbzləri ilə öz təsdiqini tapır. Həmin məbləğin 1.500 manat hissəsi "xxxx" ASC tərəfindən iddiaçıya artıq ödənilmişdir və bu baxımdan həmin məbləğdən çıxılmalıdır. Lakin birinci istansiya məhkəməsi bu məbləğin hesablanmasında da diqqətsizliyə yol vermiş və nəticədə əsassız olaraq bu məbləğin 8.534,20 manat olması qənaətinə gəlmişdir. Halbuki, bu məbləğlərin fərqi (9.902,20 - 1.500 = 8.402,20) 8.402,20 manat təşkil edir. Bu səbəbdən iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə məhz 8.402,20 manat məbləğində pul tutulmalıdır.

39. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş zərər məbləğlərinin dəyişməsi, eyni zamanda, cavabdehdən iddiaçının xeyrinə və dövlət nəfinə tutulmalı olan dövlət rüsumlarının məbləğlərinin dəyişdirilməsini və 14.122,20 manata münasibətdə 132,40 manat, 8.402,20 manata münasibətdə isə 104,05 manat müəyyən edilməsini şərtləndirir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1131/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulan zərərin, habelə dövlət rüsumlarının məbləği hissəsində dəyişdirilməli, Cavabdeh1 İddiaçı1 xeyrinə sağlamlığa vurulmuş zərərin əvəzi olaraq 8.402,20 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104,05 manat məbləğində pul tutulmalı, Cavabdeh1 İddiaçı2 xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 14.122,20 manat məbləğində pul tutulmalı, eyni zamanda Cavabdeh1 132,40 manat məbləğində pul dövlət rüsumunun əvəzi olaraq dövlət gəlirlərinə alınmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1131/2022 nömrəli, 30 noyabr 2022ci il tarixli qətnaməsi Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulan zərərin, habelə dövlət rüsumlarının məbləği hissəsində dəyişdirilsin. Cavabdeh1 İddiaçı1 xeyrinə sağlamlığa vurulmuş zərərin əvəzi olaraq 8.402,20 (səkkiz min dörd yüz iki manat, iyirmi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104,05 (bir yüz dörd manat, beş qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh1 İddiaçı2 xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 14.122,20 (on dörd min bir yüz iyirmi iki manat, iyirmi qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh1 132,40 (bir yüz otuz iki manat, qırx qəpik) manat məbləğində pul dövlət rüsumunun əvəzi olaraq dövlət gəlirlərinə alınsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar