Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6555/2025 22.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Fərəcova Gülşən Sabit qızı, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli qərarının 2-ci bəndinin Konstitusiyanın 25-ci və 149-cu maddələrinə zidd tətbiq edildiyinin tanınması, onun işi üzrə bərabərlik prinsipinin pozulduğunu hüquqi fakt kimi müəyyən etməsi, iş üzrə icraatın dayandırması və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə əsasən, Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli qərarının 2-ci bəndinin Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərməsi, pozulmuş hüquqları nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi üçün işin aidiyyəti üzrə icraata yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, qoyulmuş tələbə mülki məhkəmə icraatında baxılmalı deyildir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.1.3-cü maddəsinə əsasən maliyyə bazarları tənzimləyicisinin qərarları Azərbaycan Respublikasının normativ xarakterli aktlarına aid edilmişdir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi sərəncamı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən (XV-ci fəsil) Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. Həmin Məcəllənin 122.8-ci maddəsinə əsasən normativ xarakterli aktın etibarlılığının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən baxılan konkret hüquq normasının qanunauyğun sayılmasından asılı olduğu hallarda, məhkəmə tərəfindən işə baxılması Azərbaycan Respublikasının Konstitusiya məhkəməsində icraat başa çatanadək dayandırılır. Həmin Məcəllənin 3.2-ci maddəsinə əsasən Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Məcəllənin 3.3-cü maddəsinə əsasən inzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Göründüyü kimi, hazırki iddia birinci instansiya qismində apellyasiya instansiyasının inzibati kollegiyaları tərəfindən baxılmalıdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən (ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsinin, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsi məsələsini həll edən məhkəməyə-Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-6555/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6555/2025
22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver