Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3276/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı Notariat ofisinə qarşı iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı Notariat ofisinə qarşı (X2 və Xırdalan Bələdiyyəsi mübahisə predmeti barəsəində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin rəsmləşdirilməsi zamanı notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3655/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Bakı şəhəri 40 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin rısmləşdirilməsi zamanı aparılan notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhəri 40 saylı Notariat ofisinin xüsusi notariusu barəsində xüsusi qərardad qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 3655/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
3. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsi icraatında olan mübahisə (alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) üzrə mülki işə baxarkən hazırkı mübahisənin predmetini təşkil edən hüququ məsələyə baxmamışdır. Hazırkı iddia tələbi cavabdehin xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın “alqı-satqı müqaviləsi”-nin rəsmiləşdirilməsi zamanı aparılan notariat hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qətnamə elan edilməsindən və xüsusi notarius barəsində xüsusi qərardad qəbul edilməsindən ibarətdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan qeyd edilən mübahisə (“alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”) üzrə mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən hazırki qeyd olunan qanunsuz hərəkətlər həmin məhkəmə tərəfindən araşdırılmamış və hazırki iddiaçı həmin halları orada araşdırılmasına nail ola bilməmişdir. Ümumiyyətlə, həmin qətnamənin məzmunundan göründüyü kimi, hazırki iddia tələbi əsasları həmin zaman qaldırılan iddia tələbi əsaslarına aid arqumentlərlə araşdırılmamışdır. Əlavə olaraq hazırki cavabdeh qoyulmuş notariat orqan həmin zaman 3-cü şəxs qismində cəlb edilsə də, məhkəmə ona münasibətdə heç bir araşdırma aparmamış, ilkin alqı-satqı zamanı ödənilməyən pul vəsaitinin mövcud olmadığı təqdirdə ilkin deyil, nisyə alqı-satqı ərizəsi bağlanması zərurətinin olmamasının, eyni zamanda hansı maraqlara görə alqı-satqıda qeyd edilmiş məbləğ tam ödənilmədən notariat orqanının alqı-satqının təsdiqləməsi qanunazidliyi araşdırılmadan qalmışdır.
5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Maddə 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
10. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinə dair bağlanmış ilkin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlıdır. İddia ərizəsində həmçinin notariusun barəsində xüsusi qərardadın çıxarılması da xahiş edilmişdir.
11. Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən iddia ərizəsində həmçinin iddiaçının vəsatətləri də göstərilir.
12. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qəbul etməkdən imtina etməklə düzgün nəticəyə gəlmişdir.
13. Belə ki, Bakı şəhəri 40 saylı Notariat ofisinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, İddiaçı cavabdeh X2ma qarşı “xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinə dair bağlanmış ilkin alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi 2(004)-406/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri 40 saylı Notariat ofisinin həmin müqavilənin bağlanması zamanı hərəkətlərinin qanuniliyi məsələsinə artıq hüquqi qiymət verilmişdir.
14. Həmin işdə iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri 40 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh X2 100.000 manat məbləğində pul ödəmiş, torpaq sahəsinin dəyərinin qalan ödənilməmiş hissəsini – 250.000 manat məbləğində pulu ödəməmişdir.
15. Bununla belə, hazırda iddiaçı iddia ərizəsində qeyd edir ki, alqı-satqı müqaviləsi bağlanarkən notarius nəzərdə tutulan 100.000 manatı depozit hesaba köçürmədən alqı-satqını təsdiqləmişdir.
16. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi 2(004)-406/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, işə baxan məhkəmə tərəfindən qətnamədə alqı-satqı müqaviləsi təsdiq edilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və heç bir qanun pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3655/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: