Məhkəmə qərarları › İş №2(103)-328/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-328/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-328/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X4, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan «xxxx» ASC-yə qarşı «öhdəliyin icra olunması ilə əlaqədar əmlakın ipotekadan azad edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(006)-5644/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh ləğv prosesində olan «xxxx» ASC-yə (bundan sonra, cavabdeh) qarşı «öhdəliyin icra olunması ilə əlaqədar əmlakın ipotekadan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 aprel 2008-ci il tarixli 94 saylı ipoteka müqaviləsinin şərtlərini borcalan «Pircuvar MeyvəTərəvəz Kooperativi» tərəfindən tam ödənildiyini, bankın müqaviləyə aid olmayan tələblərini əsassızlığını nəzərə alıb ipoteka müqaviləsinə əsasən əmlakının girovdan azad edib sahibinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10.04.2008-cı il tarixdə bankla «X8 Kooperativi» arasında bağlanmış 50000 manat kredit müqaviləsinin təminatı kimi iddiaçı Naxçıvan şəhəri, V.Qasımov küçəsində mülkiyyətində olan 740 kv.m. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 85,56 kvm. yaşayış, 37,00 kv.m.qeyri-yaşayış 216,07 kv.m. köməkçi sahədən ibarət yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. Həmin müqaviləyə əsasən kredit tam ödənildikdə ipoteka ilə yüklü edilmiş mənzil ipotekadan azad olunur. Lakin, kreditin ödənilməsinə baxmayaraq ipoteka qoyulmuş yaşayış sahəsi azad olunmamış, bu barədə iddiaçının cavabdehə göndərdiyi 29.04.2019-cu il tarixli ərizə təmin olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(006)- 5644/2019 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, kredit borcunun tam ödənilməməsi, iddianın rədd olunmalı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia rədd edilməlidir. Belə ki, işdə olan «xxxx» ASC ilə X5 arasında bağlanmış 10 aprel 2008-ci il tarixli, 94 saylı ipoteka müqaviləsindən görünür ki, 10 aprel 2008-ci il tarixli 300/F12 saylı kredit müqaviləsinə əsasən «İpoteka saxlayan» «borc alana» «Pircuvar Meyvə-Tərəvəz Kooperativi»nin Bioqoumus istehsal edilməsi ıə kübrəyə olan təlabatın ödənilməsi üçün kredit olaraq 50000 manat məbləğində kredit ayırır. Kredit müqaviləsi üzrə «Borc alan» öz öhdəliklərinin icra olunmasının təminatı kimi «İpoteka qoyan» İddiaçı məxsus olan Naxçıvan şəhəri, V.Qasımov küçəsində mülkiyyətində olan 740,0 m2 torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 85,56 m2 yaşayış, 37,0 m2 qeyri-yaşayış, 216,07 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi «ipoteka saxlayan»a ipoteka kimi təqdim edilir. İşdə olan, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 29 aprel 2019-cu il tarixli ərizədən görünür ki, iddiaçı kredit öhdəliyin tam icra olunması ilə əlaqədar 10 aprel 2008-ci il tarixli, 94 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyduğu fərdi yaşayış evinin ipotekadan azad edilməsini xahiş etmişdir. İşdə olan, ləğv prosesində olan «xxxx» ASC-nin 07 iyun 2019-cu il tarixli cavab məktubundan görünür ki, Pircuvar Meyvə-Tərəvəz Kooperativi tərəfindən kredit öhdəlikləri tam verinə yetirilmədiyindən, müraciətin təminindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, səlahiyyətli şəxsin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmamış kredit haqqında məlumata əsaslanaraq, Pircuvar Meyvə-Tərəvəz Kooperativi tərəfindən götürülmüş 50000 manat kreditin bağlanması nəticəsinə gəlmişdir. Halbuki, həmin sənəd əhəmiyyətsiz olmaqla, ümumiyyətlə sübut kimi qəbul edilə bilməzdi. Çünki, MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır («X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 03 noyabr 2008-ci il tarixli Qərarı). Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutların mümkünlüyü, onların qəbulu və qiymətləndirilməsini düzgün həyata keçirməmişdir. Belə olan halda qətnamə qanuni və əsaslı sayıla bilməz. Apellyasiya şikayətinə əsasən ləğv olunmalıdır. Qeyd edilməlidir ki, iddiaçı ipoteka predmetinin azad olunması ilə bağlı əsas öhdəlik olan kredit borcunun tam ödənilməsini iddia etsə də, bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-nin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Həmin Qanunun 48.1 və 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Qanunda nəzərdə tutulmuş digər əsaslar mövcud deyildirsə, əsas öhdəlik qüvvədə olduğu və ona xitam verilmədiyi təqdirdə ipoteka da öz qüvvəsini saxlayır. İddiaçı iddia tələbində əsas öhdəliyin (kredit borcunun) yerinə yetirlməsini göstərsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Eyni zamanda cavabdeh tərəf də istər iddiaçının müraciətinə yazılı cavabında, istərsə də məhkəmə baxışı zamanı əsas öhdəliyin tam yerinə yetirilməməsini, kredit borcunun qalmasını bildirmişdir. Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Beləliklə, əsas öhdəliyə icra ilə bağlı xitam verilməsinə dair mötəbər sübutlar təqdim olunmamış, normada göstərilən digər əsasların mövcudluğu ilə bağlı isə hər hansı əsaslandırma irəli sürülməmişdir. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 30 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan «xxxx» ASC-yə qarşı «öhdəliyin icra olunması ilə əlaqədar əmlakın ipotekadan azad edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(006)-5644/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(006)-5644/2019 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Məhkəmə xərci iddiaçıya aid edilsin. İddiaçıdan aparılmış ekspertizanın dəyəri olan 30 (otuz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar