Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3290/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 dekabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun (vəkili) nümayəndəsi Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh arasındakı qeyri-rəsmi nikah münasibətlərdən doğulmuş 1 uşağın - xx.xx.2024-cü il təvəllüdlü Hüseynin yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 235 manat məbləğində alimentin tutulması, mediasiya prosesinə görə çəkdiyi xərcin əvəzinin ödənilməsi məqsədi ilə 60 manat məbləğində pulun cavabdehdən birdəfəlik qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmadan bir neçə ildir ki, ailə münasibətlərinə daxil olmuşlar. Bu münasibətlərdən onların 1 övladları var: xx.xx.2024-cü il təvəllüdlü Hüseyn. Uşaq doğulduqdan sonra cavabdeh uşağın atası olmasını etiraf etmiş və bununla bağlı “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə” verilmişdir. Daha sonra isə həmin şəhadətnamə əsasında uşağın adına “Doğum haqqında şəhadətnamə” verilmişdir. Hər iki sənəddə cavabdeh həmin uşağın atası kimi göstərilmişdir. Hazırda iddiaçı ilə cavabdehin münasibətləri pozulmuşdur. Cavabdeh, uşağın saxlanılmasında iddiaçıya maddi yardım göstərmir, cavabdeh isə uşağı təkbaşına saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Buna görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Alimentin məbləğinə gəldikdə isə iddiaçı hesab edir ki, alimentin məbləği 2024-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq 235 manat məbləğində müəyyən edilməlidir. b) cavabdeh tərəfin iddiaya münasibəti barədə məlumat
3. Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixdə keçirtdiyi hazırlıq iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz etmədiyini bildirmiş və onunla iddiaçı arasında olan qeyri-rəsmi münasibətlərdən doğulmuş uşağa görə alimentin ödənilməsindən yayınmadığını bildirmişdir.
4. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh, məhkəmə baxışı iclasına iştirak etməmiş, vəkili (nümayəndəsi) Vəkil2 vasitəsi ilə təmsil olunmuşdur. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, cavabdeh iddiaçı ilə ailə qurmamış, onunla heç vaxt ümumi birgə təsərrüfat idarə etməmiş, cavabdehin iddiaçı ilə ötəri görüşləri olmuşdur. Cavabdeh hesab edir ki, o, həmin uşağın atası deyil. Cavabdehin vəkili (nümayəndəsi) vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək, uşağın mənşəyinin müəyyən edilməsi, cavabdehin uşağın atası olub-olmaması məsələsinin aydınlaşdırılması üçün iş üzrə DNT ekspertizasının təyin edilməsini xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi cavabdehin vəkilinin (nümayəndəsinin) verdiyi vəsatəti əsassız hesab edərək təmin etməmiş və iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən dərhal və iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan “Atalığın müəyyən edilməsi haqqında” və “Doğum haqqında” şəhadətnamələrə əsasən müəyyən edilir ki, cavabdeh, yuxarıda qeyd edilən uşağın atasıdır. İşin hallarından həmçinin müəyyən edilir ki, cavabdeh, uşağın saxlanılmasında iddiaçıya maddi yardım göstərmir, cavabdeh isə uşağı təkbaşına saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Buna görə də, cavabdehdən iddiaçının xeyrinə, 2024-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq 235 manat məbləğində sabit pul məbləğində aliment hər ay tutulmalıdır. Aliment, iddia ərizəsi məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Alimentin tutulması dərhal həyata keçirlməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh iddiaçı ilə ailə qurmamış, onunla heç vaxt ümumi birgə təsərrüfat idarə etməmiş, cavabdehin iddiaçı ilə ötəri görüşləri olmuşdur. Cavabdeh hesab edir ki, o, həmin uşağın atası deyil. Uşaq doğulandan sonra iddiaçı özü və iddiaçının anası polisə şikayət edəcəkləri ilə cavabdehi şantaj etməyə başlamışlar. Cavabdehdə də məcburiyyət qarşısında qalaraq razılıq vermişdir ki, şəhadətnamələrdə onun adı uşağın atası kimi qeyd edilsin. Bundan başqa həmin vaxt iddiaçı cavabdehi əmin etmişdir ki, onun yeganə məqsədi qohum və tanışları tərəfindən tənqiddən qorunmaqdır, gələcəkdə aliment tələbi olmayacaq. Cavabdeh də iddiaçının sözlərinə inanmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Bundan başqa qeyd edilməlidir ki, iddianın əsassız olmasını sübut etmək üçün Rayon Məhkəməsinə vəsatət verilərək, uşağın mənşəyinin müəyyən edilməsi, cavabdehin uşağın atası olub-olmaması məsələsinin aydınlaşdırılması üçün iş üzrə DNT ekspertizasının təyin edilməsini xahiş edilmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi vəsatəti əsassız olaraq təmin etməmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
9. Apellyator olan cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
10. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.
11. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
12. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 ərizə ilə Məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, hazırkı iş üzrə təyin edilmiş apellyasiya baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilmir, çünki həmin vaxt o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)-1161/2025 saylı iş üzrə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak etməlidir. Buna görə də, o, hazırkı iş üzrə təyin edilmiş apellyasiya baxışı iclasının başqa vaxta təxirə salınmasını xahiş edir.
13. Məhkəmə iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 ərizəsini təmin etməmişdir. Belə ki, hazırkı iş üzrə apellyasiya baxışı iclası və Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1161/2025 saylı iş üzrə məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə, saat 14:30 təyin edilmişdir. Hazırki iş üzrə apellyasiya baxışı iclası təxminən bir ay əvvəl, yəni xx.xx.2025-ci il tarixdə təyin edilmiş və elə həmin tarixdə bu barədə Vəkil1 lazımi qaydada məlumat verilmişdir. Lakin Vəkil1 ərizəsinə əlavə edilmiş sənəddən müəyyən edilmir ki, 2(005)- 1161/2025 saylı iş üzrə iclas Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdən daha əvvəlki tarixdə təyin edilmişdir. Buna görə də, Məhkəmə, işə iddiaçının vəkilinin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, Bakı Şəhəri 6 saylı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 471596 №-li “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən” görünür ki, hazırkı iş üzrə cavabdeh hazırkı iş üzrə iddiaçıdan xx.xx.2024-cü il tarixdə doğulmuş Hüseynin atası hesab edilmişdir.
16. X4 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-V seriyalı, 008101 №-li “Doğum haqqında şəhadətnamədən” görünür ki, iş üzrə tərəflər həmin uşağın valideynləridir.
17. İş üzrə iddiaçı həmin sənədlərə əsaslanaraq, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə alimentin tutulmasını xahiş edir.
18. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, uşaq doğulandan sonra iddiaçı özü və iddiaçının anası polisə şikayət edəcəkləri ilə onu şantaj etmiş və o, məcburiyyət qarşısında qalaraq razılıq vermişdir ki, şəhadətnamələrdə onun adı uşağın atası kimi qeyd edilsin. Amma əslində isə o, uşağın atası deyil. Buna görə də, həmin uşağın saxlanılması üçün ondan iddiaçının xeyrinə aliment tutula bilməz.
19. Apellyasiya baxışı iclasında cavabdehin vəkili (nümayəndəsi) vəsatətlə Məhkəməyə müraciət edərək, uşağın mənşəyinin müəyyən edilməsi, cavabdehin uşağın atası olub-olmaması məsələsinin aydınlaşdırılması üçün iş üzrə DNT ekspertizasının təyin edilməsini xahiş etmişdir.
20. Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla vəsatəti təmin etməmişdir. Belə ki, iddiaçının iddiası Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Uşaqların mənşəyinin müəyyən olunması” adlı 10-cu Fəsilinin tələblərinə, cavabdehin iddiaya qarşı etirazı və “ekspertizanın təyin edilməsi haqqında vəsatəti” isə Ailə Məcəlləsinin “Valideynlərin və uşaqların aliment öhdəlikləri” adlı 13-cü Fəsilinin tələblərinə əsaslanır. Cavabdeh, uşağın mənşəyinin müəyyən olunması ilə əlaqədar iddiaçıya qarşı müvafiq iddia irəli sürməmiş, atalığa dair mübahisə açmamışdır. MPM-in tələblərinə görə isə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (maddə 80.). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 218.3.).
21. Məhkəmə cavabdeh tərəfin “ekspertizanın təyin edilməsi barədə vəsatətin” rədd edilməsinin əsaslarını, habelə cavabdehin həmin uşağın atası olmaması barədə qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmamasını nəzərə alaraq bildirir ki, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur (Ailə Məcəlləsinin 44.3-cü maddəsi).
22. Buna görə də qəbul edilməlidir ki, cavabdeh, iddiaçıdan xx.xx.2024-cü il tarixdə doğulmuş uşağın valideynidir (atasıdır) və uşağı saxlamağa borcludur (Ailə Məcəlləsinin 75.1-ci maddəsi). Rayon Məhkəməsi də, bu nəticəyə gəlməkdə haqlı olmuşdur.
23. Yuxarıda qeyd edilən nəticəyə gəlmiş Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməlidir.
24. Bununla bağlı Məhkəmə bildirir ki, Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.).
25. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə, 2024-cü ildə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir.
26. Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edilən zaman formalaşmış məhkəmə təcrübəsinə əsasən qeyd edilən nəticə əsaslı və düzgün olmuşdur. Lakin qətnamə qəbul edildikdən sonra alimentin tutulması ilə bağlı məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarla müəyyən etdiyi məhkəmə təcrübəsinə görə, uşağın (uşaqların) yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödənilməli olan şəxsdən aliment almalı olan şəxsin xeyrinə aliment tutularkən məhkəmələr tutulmalı olan alimentin məbləğini iş üzrə qətnamə qəbul edilən zaman həmin il üçün müəyyən edilmiş minimum əmək haqqının müəyyən misli həddində müəyyən etməlidir.
27. Qeyd edilməlidir ki, Rayon Məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilən zaman, yəni 2024-cü ildə ölkə üzrə minimum əmək haqqı 345 manat, uşaqlar üçün isə yaşayış minimumu 235 manat olmuşdur.
28. Buna görə də qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilməli, 1 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay tutulmalı olan alimentin məbləği sonrakı illərdə minimum əmək haqqında baş verə biləcək artımlar nəzərə alınmaqla, minimum əmək haqqının 0,68 misli məbləğində müəyyən edilsin. Çünki bu qaydada tutulmalı olan alimentin məbləği 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinə uyğundur (0,68 misli x 345 manat = 234,6 manat).
29. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmçinin qət etmişdir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment dərhal və iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixdən başlayaraq tutulsun.
30. Məhkəmə Rayon Məhkəməsinin bu nəticəsini əsaslı hesab edir. Çünki MPM-in 234.2.1-ci maddəsinə görə, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından isə görünür ki, iddia ərizəsi Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. g) apellyasiya baxışının nəticəsi
31. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarının müəyyən edilməsi hissəsində yuxarıda qeyd edilən qaydada dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
32. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki qətnamənin iddiaçının narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti ((235 – 234,6) x 12=) 4,80 manat, qətnamənin cavabdehin narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti (234,6 x 12=) 2.815,20 manat təşkil edir.
33. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 dekabr 2024-cü il tarixli qətnamə qismən, yəni cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilsin. 18 aprel 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan alimentin məbləği sonrakı illərdə minimum əmək haqqında baş verə biləcək artımlar nəzərə alınmaqla, minimum əmək haqqının 0,68 misli məbləğində müəyyən edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 dekabr 2024-cü il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verə bilməz.