Məhkəmə qərarları › İş №2(103)-3299/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3299/2020

19.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3299/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh2” BOKT ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 BOKT ASC-yə, Cavabdeh1 qarşı “müqavilənin ləğvi və s.” barədə ilkin, Cavabdeh2 BOKT ASC-nin İddiaçı, Cavabdeh1 qarşı “borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi” haqqında qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh2 BOKT ASC-yə 22.000 ABŞ dolları ödəməklə Cavabdeh1la bağlanmış 2017/00433-01 saylı, 12.05. 2017-ci il tarixli və 2017/00468-01 saylı, xx.xx.2017-ci il tarixli kredit müqavilələrinin xx.xx.2018-ci il tarixindən ləğv edilməsi və Cavabdeh2 BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 2017/00433-01İP saylı, xx.xx.2017-ci il tarixli və 2017/00468-01İP saylı, xx.xx.2017-ci il tarixli ipoteka müqavilələrinin ləğv edilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 9, 50 saylı mənzilin girovdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 BOKT ASC, qarşılıqlı iddia verərək, ilkin iddianın rədd edilməsi, tərəflər arasında bağlanmış 12.05.017-ci il tarixli, 2017/00433-01 saylı və xx.xx.2017-ci il tarixli, 2017/00468-01 saylı kredit müqavilələrinə xitam verilməsi; Cavabdeh1 onun xeyrinə xx.xx.2018-ci il tarixə yaranmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu üzrə 14.478,20 ABŞ dolları qalıq, ona hesablanmış 3291,17 ABŞ dolları faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4800 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 22.569,37 ABŞ dolları borcun, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu üzrə 7000 ABŞ dolları qalıq, ona hesablanmış 1639,16 ABŞ dolları faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2268 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 10.907,16 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutulması; tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 50 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 33.476,53 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın Cavabdeh2 BOKT ASC-yə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh1 və İddiaçı ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2017/00433-01 saylı və xx.xx.2017-ci il tarixli, 2017/00468-01 saylı kredit müqavilələrinə xitam verilməsi, Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 2017/00433-01 №li kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 14478,20 ABŞ dolları, faiz borcu üzrə 3178,99 ABŞ dolları, 200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 17.857,19 ABŞ dolları; xx.xx.2017-ci il tarixli, 2017/00468-01 №-li kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 7000 ABŞ dolları qalıq, ona hesablanmış 1638 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 8738 ABŞ dollarının, ümumilikdə 26.595,19 ABŞ dollarının (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) tutularaq, Cavabdeh2 BOKT ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 50 saylı mənzilinə (ilkin satış qiyməti 95.000 manat dəyərində qiymətləndirilməklə) yönəldilməsi və açıq hərracdan satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına Cavabdeh2 BOKT ASC-yə olan borcun ödənilməsi, əmlakın satışından artıq qalan vəsaitin ipoteka qoyana qaytarılması qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki,məhkəmə nəzərə almamışdır ki, Cavabdeh1 (keçmiş əri) müxtəlif adamlara çoxlu borcunun olduğunu bildirərək, etibarından sui-istifadə edərək, onu aldadıb. Bankdan manatla pul götürəcəyini və vaxtı-vaxtında ödəyəcəyini bildirərək, ümumi mülkiyyətdə olan və azyaşlı uşaqları ilə yaşadıqları mənzilin ipoteka olunmasına onun razılığını almışdır. Dəfələrlə keçmiş ərinə kredit borcunu ödəməsini bildirsə də, o, bundan boyun qaçırır. Həmçinin, ipoteka predmeti olan mənzil birgə nikah dövründə əldə olunduğu üçün, onun həmin əmlaka ½ pay hüququ var. Belə olan halda, sözügedən kredit müqavilələri Cavabdeh1 götürdüyü öhdəliyi vaxtında və layiqincə icra etmədiyi, İddiaçı ipoteka qoyulmuş əmlaka pay hüququ və ipoteka müqaviləsinin bağlanmasında razılığı tələb olunduğu üçün onun qeyd olunan kredit müqavilələrinin ləğvi üçün təklif etmək hüququ vardır. Buna görə də, hesab edir ki, müqavilələr xx.xx.2018-ci il tarixdən ləğv edilmiş hesab olunaraq, həmin tarixdən də heç bir faiz hesablanmamalı, kredit və ipoteka müqavilələri ləğv edilərək, mənzil girovdan çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi, apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apellyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iclas iştirakçısını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, Cavabdeh2 BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2017/00433-01 №-li kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 24% hesablanmaq şərtilə 15.000 ABŞ dolları; xx.xx.2017ci il tarixli, 2017/00468-01 saylı kredit müqaviləsinə əsasən isə, 48 ay müddətinə illik 24% hesablanmaq şərtilə 7000 ABŞ dolları kredit verilmişdir. Kredit müqavilələrinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 50 saylı mənzili eyni tarixli ipoteka müqavilələri ilə BOKT qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrlə Cavabdeh1la birgə nikah dövründə əldə etdikləri həmin mənzilin hər iki müqavilə üzrə ipoteka qoyulmasına etiraz etmədiyini bildirmişdir. BOKT, kredit müqavilələri üzrə öhdəliyini icra edərək, müqavilə üzrə nəzərdə tutulmuş məbləği Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafikləri razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh1, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. xx.xx.2018-ci il tarixli maliyyə arayışlarına əsasən, Cavabdeh1 borcu, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 14.478,20 ABŞ dolları əsas, 3291,17 ABŞ dolları faiz borcu, 4800 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 22.569,37 ABŞ dolları; xx.xx.2017-ci il tarixli müqavilə üzrə isə 7000ABŞ dolları əsas, 1639,16 ABŞ dolları faiz borcu, 2268 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 10.907,16 ABŞ dolları təşkil edir.BOKT, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında Cavabdeh1 xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İşə üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 14437 saylı, xx.xx.2019-cu il tarixli rəyinə əsasən, xx.xx.2018-ci il tarixə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 14.538,07 ABŞ dolları; faiz borcu üzrə 3178,99 ABŞ dolları; xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə isə əsas borc üzrə 7000 ABŞ dolları, faiz borcu üzrə 1638 ABŞ dolları təşkil edir. Məhkəməəmtəəşünaslıq ekspertizası üzrə isə X5 Consulting Company MMC tərəfindən verilmişxx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 9 saylı evin, 50 saylı mənzilin hazırkı bazar qiyməti 95.000 manat müəyyən olmuşdur. Belə olan halda, Cavabdeh2 BOKT ASC, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 462-ci, 739.1-ci və 741-ci maddələrinə əsasən, kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 əsas və faiz borcunun, cərimənin tutulması və borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 421.1-ci və 421.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 317.1-ci və 319.1-ci maddələrinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Hazırda, İddiaçı, qətnaməni mübahisələndirərək, keçmiş əri Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini icra etmədiyindən həmin müqavilələrin və birgə nikah dövründə əldə edilmiş mənzilin ipoteka ilə yüklü edilməsinə Cavabdeh1 krediti vaxtı-vaxtında ödəyəcəyinə onu arxayın saldığı üçün razılıq verdiyini bildirərək, ipoteka müqavilələrinin ləğv edilməsini xahiş edir. Kollegiya, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, bildirir ki, İddiaçı sözügedən kredit və ipoteka müqavilələrinin ləğv edilməsi tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki qanunvericiliyin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını tənzilmləyən yuxarıda qeyd olunan normalarının (Mülki Məcəllə, maddə 421.1.-421.2.) məzmunundan göründüyü kimi, qanunverici yalnız tərəflərdən birinin tələbi əsasında müqavilənin məhkəmə qaydasında ləğvini mümkün hesab etmişdir. İddiaçı isə, Cavabdeh2 BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017ci il tarxixli və xx.xx.2017-ci il tarixli kredit və ipoteka müqavilələrinin tərəfi olmadığına görə onun həmin müqavilələrin ləğv edilməsinə dair iddia vermək üçün subyektiv hüququ olmamışdır. Buna görə də, rayon məhkəməsi tərəfindən iddiasının təmin edilməməsi əsaslı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-184/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar