Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3302/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı uşağın iddiaçının yanında saxlanılması və aliment iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh arasında olmuş və məhkəmə qətnaməsi əsasında pozulmuş nikahdan doğulmuş 1 uşağın – xx.xx.2025-ci il təvəllüdlü Rəcəbin onun (iddiaçının) yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 246 manat məbləğində alimentin, uşağa qulluğa görə əlavə 100 manat məbləğində pulun tutulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə dair mülki işə baxan Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla hazırkı iş üzrə icraatı, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan – iddiaçı (hazırkı iş üzrə cavabdeh) Cavabdeh (hazırkı iş üzrə iddiaçı) İddiaçı qarşı irəli sürdüyü “atalığın müəyyən edilməsi tələbi barədə” iddiasına dair 2(003)- 1818/2025 saylı iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minənədək dayandırılmasını qərara alınmışdır. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh uşağın atası olmamasını əsas gətirərək, İddiaçı qarşı həmin iddianı irəli sürmüşdür. Əgər həmin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilərsə və həmin qətnamə qanuni qüvvəyə minərsə, onda hazırkı işin icraatının başlanmasına əsas olmuş iddia birmənalı olaraq rədd edilməlidir. Göründüyü kimi həmin mülki işin nəticələri hazırkı işin nəticələrinə təsir göstərə bilər. Buna görə də, hazırkı iş üzrə icraat qeyd edilən iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalıdır. İddiaçı həmi qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə icraatın dayandırılması üçün Rayon Məhkəməsinin əsas götürdüyü işin baxılması kifayət qədər uzun müddət ərzində baxılacaq. Çünki hazırkı iş üzrə Cavabdeh hazırkı iş üzrə İddiaçı qarşı irəli sürdüyü “atalığın müəyyən edilməsi tələbi barədə” iddiasının əsaslı olub-olmamasına qiymət vermək üçün həmin iş üzrə tibbi-genetik ekspertizası keçirilməlidir. Həmin ekspertizanın keçirilməsi üçün qısa olmayan zaman tələb olunur. Alimentin tutulmasına isə hazırkı vaxtda artıq zərurət var. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iş üzrə icraatın dayandırılması məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandırır. Hazırkı işin materiallarında olan və Bakı Şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-V seriyalı, 025692 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, hazırkı iş üzrə cavabdeh xx.xx.2025-ci il təvəllüdlü Rəcəbin atasıdır. Məhkəmə bildirir ki, həmin şəhadətnamə dövlət tərəfindən verilmişdir və şəhadətnamə etibarsız hesab edilməmişdir. Buna görə də, şəhadətnamə, etibarsız hesab edilməyənə qədər iş üzrə tərəflər üçün uşağa münasibətdə öhdəliklər yaradır. Bu baxımdan qəbul edilməlidir ki, hazırkı iş üzrə icraatın yuxarıda qeyd edilən iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması üçün zərurət yoxdur. Şikayət əsaslıdır. Rayon Məhkəməsinin nəticəsi səhvdir. Odur ki yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli qərardad ləğv edilsin və hazırkı iş üzrə məhkəmə baxışının davam etdirilməsi üçün iş Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3302/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3302/2025
23.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver