Məhkəmə qərarları › İş №2(103)-3305/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3305/2024

27.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3305/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun qaytarılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-301/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərəflər məcburi köçkündürlər.

2. Məcburi köçkün olduqları üçün müavinat alırlar.

3. İddiaçı müavinat kartından cavabdeh tərəfindən çıxarılmış pulu tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1440,0 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmuş. Bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 dünyaya gəlmişdi. O, Ağdam rayonundan məcburi köçkündür, keçmiş həyat yoldaşı isə Laçın rayon Kamallı kəndindən məcburi köçkündür. Buna görə də onlar Qaçqın və Məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinət alırdılar. 2023-cü ilin fevral ayında o, məhkəməyə boşanmaq üçün müraciət etmiş (2(003)-1616/2023 saylı mülki iş Xəzər rayon məhkəməsinin icraatındadır). Həmin vaxtdan həyat yoldaşı ona və övladlarına məxsus Qaçqınlar və Məcburi Köçkünlər üçün olan müavinəti mənimsəyərək özünə və ailə üzvlərinə xərcləyır. Qeyd edir ki, Qaçqın və Məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinat kartdı Cavabdeh adına olmuşdur və kartı blok edərək ,həmin müavinatı götürməklərinə icazə verməmişdir. O, cavabdehdən həmin pulu istədikdə isə o pulu ona verməyəcəyini bildirmişdir və həmin aydan indiyə qədər hər ay hər birinə 60 (altmış) manat olmaqlar ayda 180(yüz səksən) manat cəmi 1440(min dörd yüz qırx) manat pulu mənimsəmişdir. O, bununla bağlı Laçın rayon icra hakimiyyətinin baş qərargahına müraciət etdi. Onlar işi aidiyyatı üzrə onu və Qaçqın və Məcburi köçkünlər üzrə Laçın rayon şöbəsinə yönləndirdilər. İddiaçı orada keçmiş həyat yoldaşının ona və övladlarına məxus olan müavinəti mənimsədiyini bildirmişdir. Lakin Qaçqın və Məcburi Köçkün Komitəsinin Laçın rayon Kamallı kənd nümayəndəsi olan Ruslan İsfəndiyarov adlı şəxs cavabdehin yaxın qohumudur. İddiaçıya “get hara istəyirsən müraciət et, heç nə edə bilməyəcəysən” bildirmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-301/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 1440,0 (bir min dörd yüz qırx) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin iddiaçıya ümumilikdə 1440,0 manat borcu var. Cavabdeh həmin borcu ödəməmişdir. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilsə də, o, borcunu ödəməkdən yayınmışdır. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh 1440,0 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 52.2, 191.3, 106.3, 217.4, 220.4, 119, 216-220, 222 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-301/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, Məhkəmə qətnamədə yanlış olaraq iddianın cavabdeh tərəfindən qəbul edilməsini göstərərək, onun pulunu almasını etiraf etməsini göstərmişdir. Əsl həqiqətdə cavabdeh çörək kartının iddiaçının atasında uzun müddət olmasını və uşaqlarının və özünün çörək pulunu başqası tərəfindən mənimsəməsini göstərərək, kartı ona və ailəsinə qaytarmayacaqlarını bildikdən sonra, kartı blokladığını göstərib və məhkəməyə bildirmişdir ki, onun və uşaqlarının pulunu qayınatası 12 ay ərzində almış və onlara heç bir pul verməmişdir. Amma o, 8 ay müddətində pulu alaraq, hazırda da bir yerdə yaşadığı ailəsinə bazarlıq etmiş, işıq, qaz və su pulu ödəmiş, uşaqlarına paltarlar almış, hətta iddiaçıya aliment verməsinə baxmayaraq, həmin 180 manatın üzərinə 120 manat əlavə pul qoyub, uşaqlarına və ailənin ehtiyaclarına xərcləmişdir. Məhkəmə hal-hazırda bir evdə ayrı otaqlarda yaşayan valideynlər uşaqlarını saxlamaq borclu olmalarını və alimenti çörək pulunun Cavabdeh tərəfindən əlavə pul qoyaraq uşaqlarına xərcləməsinə əhəmiyyət verməmişdir. Eyni zamanda məhkəmə tərəfləri təsdiq etdiyi mübahisəsiz hal olan çörək pulu kartının iddiaçının atasında olma faktını araşdırmamış və Cavabdeh iddiaçının atası tərəfindən mənimsənilən pullarını müəyyən etməmişdir. Məhkəmə bu cür nəticəyə gəlməsi işin qeyri obyektiv və qanunsuz, birtərəfli aparılmasının nəticəsidir. Bu cür qətnamə qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi işin bütün hallarını, kartın cavabdehin adına və mülkiyyətində olmasını və kart tərəfin razılığı ilə birgə idarə etməsini nəzərə almamışdır. İddiaçının kartla müəyyən edilməmiş payının hansı əsasla cavabdeh tərəfindən mənimsənilməsini sübut edə bilməmiş, cavabdehin isə həmin pulu iddiaçının razılığı ilə uşaqlarına və ümumi istifadədə olan kommunal xidmətlərinin ödənilməsini xərcləməsinə hüquqi qiymət vermədiyindən xx.xx.2024-cü il tarixli qətnamə ləğv edilməli, apellyasiya məhkəməsi tərəfindən iddiaçının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

12. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, fevral ayında boşanma üçün ərizə vermişdi. Sentyabr ayında onların evi yarımçıq tikili olduğuna görə qışda o, çətinliklə yemək bişirirdi. Anasının Mingəçevirdə yaşayan ailəvi dostu var idi, ondan 4000 manat pul aldılar. Əvəzində kartını ona göndərdilər ki, hər ay 240 manat onların çıxartdığından qalan hissəni o çıxarsın və borc qurtarana qədər kart onda qalsın. 4000 manat ondan alınıb, 1500 manat onun rəfiqəsindən alınıb, anasının adına kredit var. Hər şey onun üzərində qaldı. O məhkəməyə boşanmaqla bağlı ərizə verəndə qarşı tərəf üzr istəmək əvəzinə kartı blokladı, evin sayğacını anasının adına keçirdi. Fevral ayından bəri evə heç nə almayıb. O,10 il əziyyət çəkib. Psixoloji heç bir problemi yoxdur, sadəcə olaraq onun yaşadığı həyatı kim yaşasa əsəbi olar. Uşaqlarını atmır səhər saat 11-də işə gedib axşam 6-da qayıdır. Uşaqları böyükdür. O əvvəl də işləyib. Cavabdeh avqust ayında ona dedi ki, pul yığılacaq və bölünəcək. O razılaşıb həmin günə qədər gözlədi. Avqust ayında onun rəfiqəsı zəng vurdu ki, Almaniyadan həkim gəlib, uşağını müalicə etməlidir, pulunu qaytarsın. O, cavabdehə deyib ki, kartdan pulu çıxarıb qaytarsın. Ona dedi ki, onuməhkəməyə, polisə şikayət etdiyinə görə, pulları məhkəməyə, polisə xərcləyib. O, fevral ayından avqust ayına qədər olan aliment pulunu qaytarmasını istəyir. Birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir. Cavabdehin ailəsi bu gün məhkəmənin olduğunu bilərək planlı şəkildə uşaqları gəzməyə çıxarıb. 400 manat aliment ödəməli olmasına baxmayaraq 315 manat ödəyib. Xonça dizayneri işləyir. Cavabdeh və o qaçqın olduğuna görə 60 manat müavinət ayrılıb.

13. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, ailəli olduğu müddətdə qaçqın pulu olaraq 245 manat pul ona verilmişdir. Sonra həmin kart xanımın anası tərəfindən götürülüb və 8 ay onlar tərəfindən pul alınıb. Kartın ona vermələrini tələb edib, verilmədiyinə görə kartı bloklayıb. Hal-hazırda boşanmağına baxmayaraq bir evin içərisində yaşayırlar. O kartı iddiaçıya verəndən sonra da uşaqlara özü baxır. Hətta, uşaqlara ana kimi qayğı göstərir. Xanım özü də işləyir. Uşaqları evdə qoyub səhər saat 10-da işə gedir, axşam saat 12-də evə gəlir. Uşaqların qayğısına özü qalır, həmin pulu uşaqlara xərcləyib. Birinci instansiya məhkəməsində pulun hamısını uşaqlarına xərclədiyini və faktiki bir yerdə yaşadığını bildirib. Onun sağlamlığında problem var, özünü müalicə edə bilmir, amma qarşı tərəfin psixoloji problemi olduğuna görə 10 il onu müalicə edib. Uşaqları restorana aparır, gəzdirir, onları çimizdirir. Aliment verə-verə nə qədər pul xərcləyir. Sübut edə bilər ki, o uşaqlara bu pulu xərcləyib və hazırda da xərcləyir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. İddiaçı hazırkı iddiasında Qaçqın və Məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinət kartı ilə ona hər ay ödənilən müavinətin cavabdeh tərəfindənn mənimsənildiyinə istinad edərək, ümumilikdə 1440,0 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İşə birinci instansiya məhkəməsində baxılması zamanı Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini etiraf etmiş, pulu iddiaçıya xərclədiyini bildirmişdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddia tələbini etiraf etməsinə istinad edilərək iddia tələbi təmin edilmişdir.

22. Birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verən Cavabdeh apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı məhkəməyə müraciət etdiyi üçün kartı bloklamışdır, pul vəsaitini uşaqların, ailəsinin saxlanılması, iddiaçının müalicəsi üçün xərcləmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, kartın iddiaçının atasında olması halı məhkəmə tərəfindən araşdırılmamışdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlili olaraq istinad etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsiüçün tərəfin sübut etmədiyi hallarıməhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

25. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digərtərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

26. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

27. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-301/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar