Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3311/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X7 Nazirliy Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-8141/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh Sığorta Şirkəti ASC-yə (bundan sonra, cavabdeh) qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlə xx.xx.2017-ci il tarixdə sığorta müqaviləsinə əsasən iddiaçıya 2-ci qrup əlillik dərəcəsinə görə 39561 manat məbləğin 40 faizini təşkil edən 15824 manat məbləğin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin müavini vəzifəsində işləmiş, onunla Cavabdeh Sığorta Şirkəti ASC arasında xx.xx.2017-ci il tarixli müvafiq saylı kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsi bağlanılmışdır. 2018-ci ilin iyun ayında onun vəziyyəti qəflətən pisləşmiş, həkim müayinəsindən sonra ona ürək əməliyyatına göstəriş olduğu bildirilmiş və həkimin məsləhəti ilə o ürək əməliyyatı olunmuşdur. Bundan sonra həmin Dövlət Xidmətinin Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli xəstəlik şəhadətnaməsinə əsasən İddiaçı həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməklə xidmətdən tərxis olunmuş və ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir, Komissiyanın xəstəlik şəhadətnaməsinə əsasən iddiaçının xidmətə yararsız hesab edilməsinə səbəb olan diaqnoz ürəyin işemiya xəstəliyi, stabil gərginlik stenokardiyası 3-cü funksional sinif və stendləşmə əməliyyatı olmuşdur. İddiaçı borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsi üzrə sığorta ödənişi barədə ərizə vermiş, lakin cavabdeh tərəfindən ərizə təmin olunmamış, iddiaçının 2007-ci ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi əsas gətirilərək, sığorta ödənişinin ödənilməsindın imtina edilmişdir. Sığorta təşkilatının həmin imtinası tamamilə əsassızdır. Dövlət Xidmətinin Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli xəstəlik şəhadətnaməsinin verilməsi üçün iddiaçı 2018-ci ilin iyun ayında keçirdiyi ürək əməliyyatından sonra müəyyən müayinələrdən keçmiş və digər xəstəliklər onun əsas xəstəliyindən sonra 2018-ci ilin sentyabr-oktyabr aylarında aşkar edilmişdir. İddiaçı aortatac qan damarının şuntlaşdırılması, koronar angioplastika əməliyyatlarını keçirmiş, lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən onun adına açılmış 172 saylı tibb kitabçasından görünür ki, iddiaçı 2014-cü ilin mayından 2018-ci ilin sentyabr ayına kimi xidmətə yararlı olmaqla heç bir xəstəlikdən əziyyət çəkməmişdir. Həmçinin iddiaçının yaşadığı ərazi üzrə Abşeron Rayon Poliklinakasının 310 saylı ambulator kartadan çıxarışına əsasən o, xx.xx.2019-cu il tarixdən poliklinikada Ürəyin İşemik xəstəliyinin stabil gərginlik stenokardiyası 3cü funksuonal sinif stentləşmə əməliyyatından sonra «Hipertaniya xəstəliyi və 2-ci tip insulindən asılı olan orta ağır formalı şəkərli diabet» xəstəliyi ilə dispanser qeydiyyata götürülmü və 2-ci qrup əlildir. İddiaçı sığorta müqaviləsi bağlanan zaman sağlam olmuşdur, həmçinin müqavilə üzrə üzərinə düşən öhdəliyi indi də icra edərək sığorta məbləğini ödəyir, cavabdeh sığorta ödənişini ödəməkdən imtina etsə də iddiaçıdan həmin məbləği almaqda davam edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-8141/2019 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin olunmuş, Cavabdeh X10 Səhmdar Cəmiyyətindən sığorta ödənişi kimi 15824 (on beş min səkkiz yüz iyirmi dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi hüquq normalarının pozulması, iş üzrə tam və obyektiv araşdırma aparılmaması, təqdim edilmiş xx.xx.2018-ci il tarixli Xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçının 2007-ci ildən etibarən şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi və insulin terapiya qəbul etməsinin aşkar olunması, həmçinin iddiaçıya aid 172 saylı Tibbi kitabçada iddiaçıya xx.xx.2004-cü ildə illik tibbi müayinə zamanı Hipertonik ensefalopatiya diaqnozunun qoyulması, lakin iddiaçının xx.xx.2017-ci il tarixdə Cavabdeh Sığorta Şirkəti ilə sığorta müqaviləsini bağlayarkən onda şəkərli diabet, onkoloji və yaxud xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkməməsi barədə bəyannamə imzalaması, bəyannamədə yalnış və ya natamam məlumatların təqdim olunması təqdirdə baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul edilməməsi və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina imtina üçün əsas ola biləcəyənin qeyd olunması, birinci instansiya məhkəməsində icraat zamanı tədqiq olunmuş sübutlarla iddiaçının sığorta müqaviləsini bağladığı (imzaladığı) anda qeyd edilən xəstəlikləri barədə məlumat verməməsinin müəyyən olunması, lakin məhkəmənin bu hallara diqqət yetirməməsi, iddianı əsassız olaraq təmin etməsi, qətnamənin əsaslandırılmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstrilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili)apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə icraatına müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və X7 Nazirliy Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinin nümayəndəsi iddianın həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq izahatında göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 4384003AADFJ saylı göndəriş əsasında xx.xx.2019-cu il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlilliyin verilməsinə dair sənəddə göstərilən xəstəliklərin diaqnozuna görə «hərbi xidmət dövrü ilə əlaqədardır» səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Bildirir ki, əlilliyin səbəbi səhiyyə müəssisəsi tərəfindən seçilmişdir. Qiymətləndirməyə əsas verən 4384003AADFJ saylı göndərişdən məlum olur ki, iddiaçıda xəstəlik 2008-ci ildə başlanmışdır. Həmçinin, tibbi sənədlərə əsasən iddiaçı istər şəkərli diabet, istərsə də ürək-damar xəstəliklərindən xx.xx.2017-ci il tarixli sığorta müqaviləsi imzalanandan əvvəl əziyyət çəkmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektivaraşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki,qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan «xxxxxx» İKB ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən İddiaçı daşınmaz əmlakın alınması məqsədilə illik 4 faiz olmaqla, 192 ay müddətinə 49600 manat kredit verilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı kredit müqaviləsi üzrə 35609,62 manat borcu vardır (xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixləri arası əsas borcdan 4054,16 manat ödəniş həyata keçirilmişdir). İşdə olan sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC və İddiaçı arasında imzalanmış xx.xx.2017-ci il tarixli, **********003014 nömrəli həyat sığortası şəhadətnaməsindən görünür ki, bu sığorta müqaviləsi ilə sığortalıya istənilən səbəbdən ölüm, xəstəlik və ya bədbəxt hadisə nəticəsində 1-ci, 2-ci və 3-cü dərəcəli əlilliyin təyin edilməsinə görə sığorta təminatı verilmiş, sığorta müddəti xx.xx.2018-ci il saat 24:00-dən xx.xx.2030-cu il saat 24:00-dəkdir, sığorta olunana ikinci dərəcəli əlilliyin təyin edilməsinə səbəb olan xəstəlik və ya bədbəxt hadisə üzrə müddətli əlillik dərəcəsi təyin edildiyi halda sığorta ödənişinin həcmi əlillik müəyyən edilmiş dövr ərzində ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olan məbləğin 40 faizi həcmində müəyyən edilir. Həmin Şəhadətnamə üzrə İddiaçı tərəfindən imzalanmış ərizədən görünür ki, ərizə imzalanan anda İddiaçı əlil və ya anadangəlmə anomaliyaya malik bir şəxs deyil, ağıldan kəmlik, epilepsiya və digər ağır sinir pozğunluqlarından əziyyət çəkmir, bütün növ xroniki xəstəliklər, həmçinin şəkərli diabet, onkoliji və yaxud xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmir, sığorta müddəti başa çatan tarixdə onun yaşı 65-dən çox olmayacaqdır, əsəb-psixi xəstəliklər, alkoqolizm və yaxud narkomaniyadan əziyyət çəkmir, həyat sağlamlığı üçün yüksək təhlükə yaradan aktiv istirahət və idmanla peşəkar səviyyədə, yüksək riskli və digər əyləncə növləri ilə məşğul olmur, nəqliyyat vasitəsi kimi motosikletdən istifadə etmir, İÇV infeksiyasının daşıyıcısı deyil və QİÇS-ə yoluxmamışdır, əlilliklə nəticələnəcək hər hansı xəstəliyi yoxdur, əlilliyinin müəyyən olunması üçün müvafiq orqanlara müraciət etməmişdir, həmçinin tibbi müayinədən keçməməsi və yanlış və ya natamam məlumatların təqdim olunması, həmçinin məlumatları təqdim etməkdən imtina, baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola bilər. İşdə olan xx.xx.2018-ci il tarixli, 121b/1 saylı Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, İddiaçı həm müharibə, həm dinc dövrdə hərbi xidmətə yararsız hesab edilmişdir, buna səbəb olan diaqnoz isə ürəyin işemiya xəstəliyi, stabil gərginlik stenokardiyası 3-cü funksional sinif, hipertoniya xəstəliyi (ikinci mərhələ), şəkərli diabet ikinci tip, insulindən asılı olan orta-ağır formadır. Həmin Şəhadətnamənin anamnezi hissəsindən (abzasından) görünür ki, iddiaçı 2007-ci ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkir, insulin terapiya qəbul edir, hipertoniya xəstəliyi ilə əlaqədar müalicə alır, 2018-ci ilin iyun ayında anjioqrafiya olunmuş, stendləmə əməliyyatı aparılmışdır. İşdə olan Cavabdeh Sığorta Şirkətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, baş vermiş hadisə üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Həmin imtina məktubunda göstərilmişdir ki, təqdim olunmuş xx.xx.2018-ci il tarixli, 121b/1 saylı Xəstəlik haqqında Şəhadətnaməyə əsasən İddiaçı 2007-ci ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkir, insulin terapiya qəbul edir. Lakin, o, sığorta müqaviləsi bağlayarkən ərizə (bəyannamə) imzalamış və göstərmişdir ki, bəyannamə imzalanan anda o şəkərli diabet, onkoloji və yaxud xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmir və bəyannamədə qeyd olunanlarla razıdır, məlumatların doğruluğunu təsdiq edir. O, bəyannamədə tibbi müayinədən keçmədiyinə görə yalnış və ya natamam məlumatların təqdim olunması təqdirdə baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul edilməməsi və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina imtina üçün əsas ola biləcəyəni qəbul etmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən - İddiaçı və Cavabdeh Sığorta Şirkəti ASC arasında xx.xx.2017-ci il tarixli fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsi bağlanmışdır. İddiaçı 2018-ci ilin iyun ayında ürəyin işemik xəstəliyinin stabil gərginlik stenokardiyası 3-cü funksional sinif stendləşmə əməliyyatı olmuş, xx.xx.2018-ci il tarixli xəstəlik şəhadətnaməsinə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməklə xidmətdən tərxis olunmuş və ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Sığorta ödənişi ilə əlaqədar iddiaçının müraciətindən cavabdeh tərəfindən imtina edilmişdir. Sığorta ödənişinin məbləği 15824 manat təşkil edir, hazırda həmin müqavilə qüvvədər və sığortalı tərəfindən ödənişlər davam etdirilir, yuxarıda qeyd edilənlər işin mübahisəsiz halları kimi qəbul olunur. İşin halları barədə tərəflər arasında mübahisə, sığorta ödənişindən imtina üçün əsas olan «şəkərli diabet» və «ürək damar» xəstəliklərin iddiaçıda müvafiq sığorta müqaviləsi bağlandığı tarixə qədər olub-olmaması ilə bağlıdır. Bununla belə, cavadehin mövcud sığorta müqaviləsi üzrə öhdəliklərini istisna edən hallar, həmçinin sığortalının sığorta müqaviləsi bağlanarkən özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək qərarına təsir göstərə bilən halları barədə yanlış məlumat verməsi və onun yanlış məlumat verməkdə təqsirli olması, o cümlədən müqavilə bağlandığı xx.xx.2017-ci il tarixə qədər iddiaçıda şəkərli diabet və ürək xəstəliyi olması halları məhkəmə tərəfindən müyəyyən olunmadı. Birinci instansiya məhkəməsi iddiaçının 2007-ci ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi, bunu bilə-bilə ərizədə həqiqətə uyğun olmayan məlumatlar təqdim etməsi barədə cavabdehin arqumentlərinə münasibətdə qeyd etmişdir ki, bu hallar cavabdehin sübutetmə yükü ilə bağlıdır və o, bunu təsdiq edən hallara dair sübutetmə vəzifəsi daşıyır. Məhkəmə kollegiyası iddianın əsaslı olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra,MM)390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri sığorta müqaviləsidir. Sığorta müqaviləsi Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (Mülki Məcəllənin 883.1-ci maddəsi). «Sığorta haqqında» Qanunun 1-ci madddəsinə əsasən, Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır. MM-nin 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. MM-nin 935.1 və 935.1.6-cı maddələrinə əsasən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçının sığorta ödənişinin verilməsindən imtina etdiyi hallardan biri də bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olmasıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx xxxxxxxx 2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası» Qaydalarının (bundan sonra, Qaydalar) 1.3-cü bəndinə əsasən bu Qaydalar və sığorta müqaviləsi bağlanarkən sığortaçının müəyyən etdiyi sorğular əsasında sığortalı tərəfindən doldurulan sığortalanma haqqında ərizə sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunur. Qaydaların 6.6-cı bəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Qaydaların 18.1.3-cü bəndinə əsasən bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi bütün hallar barədə sığortaçıya məlumat verməlidir. İşin faktiki hallarından və işdə olan sənədlərdən açıq-aşkar görünür ki, iddiaçı sığorta müqaviləsi imzalanmamışdan əvvəl şəkərli diabet və ürək ürək-damar xəstəliklərindən əziyyət çəkmişdir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli Xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçının 2007-ci ildən etibarən şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi və insulin terapiya qəbul etməsi, həmçinin iddiaçıya aid 172 saylı Tibbi kitabçada iddiaçıya xx.xx.2004-cü ildə illik tibbi müayinə zamanı Hipertonik ensefalopatiya və s. diaqnozunun qoyulması müəyyən edilir. Eyni zamanda, üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X7 Nazirliy Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinin nümayəndəsinin izahatından və təqdim olunmuş sənədlərdən aydın olur ki, iddiaçıdan xəstəlik uzun müddət əvvəl (2008-ci ildən) yaarnmışdır. Sığorta şəhadətnaməsi imzalanarkən isə iddiaçı ərizə formasında xəstəliklərinin olmamasını bəyan etmişdir. Halbuki, sığorta müqaviləsi bağlanarkən sığortaçının müəyyən etdiyi sorğular əsasında sığortalı tərəfindən doldurulan sığortalanma haqqında ərizədə xəstəliklərin siyahısı, xüsusilə şəeərli diabet və ükər qan damar xəstəliklərin olub-olmaması qeyd edilmiş, iddiaçı isə müvafiq xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, onda ümumiyyətlə xəstəliyin olmamasının qeyd etmiş, bununla da sığortaçıya qəsdən yanlış məlumat vermişdir. Bu hal isə, cavabdehə (sığortaçıya) sonradan sığorta hadisəsi baş verdliyi halda sığorta ödənişindən imtina üçün qanuni əsas vermişdir. İddiaçı tərəf onda müvafiq xəstəliklərin olmamasını (sığorta müqaviləsi bağlandıqdan sonra yaranmasını) iddia etsə də, bu hal işdə olan sübutlarla tam təkzib olunur. İddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfin izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı sübutetmə yükünü həyata keçirə bilməmiş, bunu formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Belə olan halda isə, iddia tam əsassızdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır, əks halda iddia özü-özlüyündə əsassızdır. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını tam və hərtərəfli araşdırmamış,iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş,maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə olan halda isə,qətnamə qanuni və əsaslı sayıla bilməz.Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün tam əsasdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-8141/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-8141/2019 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3311/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3311/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver