Məhkəmə qərarları › İş №2(103)-3314/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3314/2021

07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3314/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulub, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək,atalığın müəyyən olunması üçün iş üzrə məhkəmə tibbi-bioloji ekspertizasının keçirilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçını uzun illər əvvəldən tanıyır və aralarında dostluq münasibətləri olmuşdur. Bir gün iddiaçı ağlaya-ağlaya ona zəng vuraraq ailəsində hazırkı vəziyyəti ilə bağlı ciddi problemləri olduğunu və köməyə ehtiyacı olduğunu bildirmiş və onlar görüşmüşlər. Görüşdə cavabdeh onun hamilə olduğunu görmüş və niyə onun köməyinə ehtiyacı olduğunu soruşduqda o, bildirmişdir ki, uzun müddət ciddi münasibətdə olduğu əslən Şuşalı olan və eyni zamanda Buzovnada onlarla qonşuluqda yaşayan bir nəfər yəni uşağın atası, Vəfanın hamilə olduğunu biləndən sonra onunla bütün münasibətləri kəsərək, uşağı aldırmağı istəmişdir. Buna razı olmayan Vəfa işin sonunu və nəticələrini düşünməyərək uşağı aldırmamışdır. İddiaçının dediyinə görə ailəsi onun hamilə olduğunu ilk vaxtlardan bilirdi və onun həyati təhlükəsi var idi. Bu səbəbdən də cavabdehdən bir dost kimi xahiş etmişdir ki, ona köməklik etsin. O da iddiaçının xahişi ilə uşaq doğulandan sonra onula birlikdə Səbail VVAQ şöbəsində Vəfanın yeni doğulmuş körpəsinə atalıq vermişdir. Həmin gündən sonra cavabdeh nəinki iddiaçını görməmiş, heç onun və uşağın aqibəti ilə belə maraqlanmamışdır. İddiaçının yalan iddiası ucbatından o, ailəsində və dost-tanışın içində qınaq obyektinə çevrilmişdir, ona görə də məhkəmədən iş üzrə məhkəmə tibbi-bioloji ekspertizasının təyin edilməsini xahiş edir. Eyni zamanda, məhkəmənin yeri və vaxtı barədə məlumatının olmaması səbəbindən məhkəməyə gəlməmişdir. Məhkəmə prosessual qaydalara riayət edərək iştirakını təmin etsəydi məhkəmədə müvafiq vəsatətlər vermək imkanı olar və müəyyən sübutların təqdim olunması, eləcə də iş üzrə məhkəmə tibbi-bioloji ekspertizası təyin etmək mümkün olardı. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, İddiaçı ilə Cavabdeh faktiki nikahından xx.xx.2009-cu il də Arzu Hüseynova adlı uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş və onlar faktiki olaraq ayrılmışlar. Qeyd edilənlər iddia ərizəsi, doğum haqqında şəhadətnamə, atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və işdə olan digər sənədlərlə təşdiqlənir. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin alimentin məbləğini hər ay 170 manat sabit pul məbləğində müəyyən etməsi əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 170 manatdır. Bu səbəbdən uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının həmin həddə müəyyən edilməsi qanuni və əsaslıdır. Bu qənaətə gələrkən Kollegiya, onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Hazırda cavabdeh, apelyasiya şikayətində məhkəmə prosesində iştirakının təmin olunmadığını bildirərək, yetkinlik yaşına çatanadək saaxlanılması üçün aliment tutulan uşağa münasibətdə atalığını mübahisələndirsə də, Kollegiya, aşağıdakılara əsasən şikayətin dəlilləri ilə razılaşmır. Ona görə ki, Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci və 47.2-ci maddələrinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Göründüyü kimi, doğum haqqında şəhadətnamədə uşağın valideyni qismində yazılmış şəxs atalığa dair yalnız məhkəmə yolu ilə mübahisə aça bilər. Bu zaman o, eyni məzmunlu tələblə məhkəməyə müraciət etməli və tələbin əsasında duran hallar üzrə məhz həmin məhkəmə icraatı çərçivəsində araşdırılmaqla, hüquqi qiymət verilməlidir. Hazırkı iş üzrə isə İddiaçı aliment tələbinə baxıldığından cavabdehin bu icraat çərçivəsində atalığı mübahisələndirmək və ya bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan bu hala istinad etmək hüququ yoxdur. Ona görə də, Kollegiya, apelyasiya şikayətinin həmin dəlilləri üzrə hər hansı araşdırma aparmağa zərurət gürmür. Kollegiya, apelyasiya şikayətinin cavabdehin məhkəmə iclasında iştirakının təmin olunmaması barədə dəlilinə münasibətdə isə bildirir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə iddia ərizəsində qeyd olunan qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişləri göndərilmiş, eyni zamanda sms xəbərdarlıqlar olunmuşdur. Hansı ki, cavabdeh qətnamədən verdiyi apelyasiya şikaytində də, eyni ünvanı və telefon nömrəsini qeyd etmişdir. Göründüyü kimi, məhkəmə cavabdehin məlumatlandırılması üçün bütün lazımi tədbirləri görmüşdür. Qeyd olunanlara əsasən, Kollegiya, hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1712/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar