Məhkəmə qərarları › İş №2(103)-3317/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3317/2022

11.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3317/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadə katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(004)-864/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə 23.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri, 22 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 21.04.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı Cavabdeh ilə yaxın dostu Elçin Əsədov vasitəsilə tanış olmuşdur. Belə ki, dostu Elçin Əsədov barədə Sumqayıt polis idarəsində olan şikayəti bağlamaq məqsədilə aralarında sevgi münasibəti olduğundan Cavabdeh ona 5000 manat pul vermişdir. O da həmin pul ilə Elçin Əsədov barədə olan şikayəti geri götüzdürmüşdür. Bundan sonra, Elçin Əsədov başqa bir iş ilə əlaqədar olaraq həbs edilmiş, Cavabdeh ondan şikayət etmişdir və o, ona həmin 5000 manatı geri qaytarmışdır. Bu hadisədən beş gün sonra Fərqanə ona bildirmişdir ki, Elçin Əsədov barədə şikayətini geri götürməyəcək və ona aralarında 30000 manatla əlaqədar kredit müqaviləsi bağlamaq barədə şərt qoymuşdur. O da dostunu qurtarmaq üçün razı olmuşdur. Faktiki olaraq aralarında heç bir məbləğdə pulun alış-verişi olmamış, həmin kredit müqaviləsində göstəriləcək məbləğ nə əlbəəl, nə də ki, notariusun hesabına mədaxil və məxaric olunmadan bağlanacaqdı. 22.04.2018-ci il tarixdə Bakı şəhəri 22 saylı notariat kontorunda aralarında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən guya Cavabdeh ona 30000 manat məbləğində borc pul verməyi, o isə öz növbəsində həmin pulu 21.09.2018-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bildirmək istəyir ki, həmin pul məbləği nə əlbəəl nə də ki, notariusun hesabına mədaxil və məxaric olunmadan kredit müqaviləsi bağlanmışdır. Yəni faktiki olaraq digər münasibətləri pərdələmək məqsədilə belə bir müqavilə bağlamışlar. Həmin müqavilənin müddəti bitmədən Cavabdeh kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4938/2019 saylı, 14.08.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və 30000 manat məbləğində pulun ondan tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icraatda onun iştirakı təmin edilmədiyindən sonradan o, həmin qətnamədən apellyasiya şikayəti, daha sonra isə kassasiya şikayəti versə də, kredit müqaviləsinin mövcudluğu ona bildirilərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində iştirak edə bilmədiyindən hazırki iddia tələbi ilə də qarşılıqlı iddia formasında müraciət edə bilməmiş və sübutlarını təqdim etməkdən məhrum olmuşdur. Hazırki tələbi müqavilənin ləğvidir. Hesab edir ki, kredit müqaviləsi ləğv edilməli və həmin kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməlidir. Tələb ilə bağlı cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən həmin məktuba heç bir cavab verilməmişdir. İddianın təmin olunmasını xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(004)-864/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsəslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə səthi yanaşmış və formal araşdırma apararaq qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh özü də etiraf edir ki, İddiaçı ilə aralarında heç bir borc münasibəti olmamış və hətta tərəflər əvvəldən bir-birilərini tanımamış, İddiaçı dostu X3 xanıma borcu olduğundan və sonuncunun Elçin Əsədov barəsində Sumqayıt Şəhər Polis İdarəsinə etdiyi şikayəti geri götürməsini təmin etmək məqsədilə belə bir müqavilə bağlamışdırlar. Ən əsası da hər bir tərəf və işi araşdıran hakim də dəqiq bilir ki, bu müqavilə tərəflər arasında olan başqa münasibətləri pərdələmək məqsədilə bağlanmışdır və bunu bilərək belə bir qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçı icradan yayınmaq üçün, formal olaraq hüquqdan sui-istifadə edərək, belə iddialarla onun və məhkəmələrin vaxtını alır. Ümid edir ki, iddiaçının qüvvədə olan məhkəmə qətnaməsi olduğu halda, hazırki iddiasına görə barəsində cərimə tətbiq olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş, birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Nümayəndə məhkəməyə ərizə göndərərək, Bakı şəhəri xaricində olduğu üçün, işin baxılmasının təxirə salınmasını xahiş etmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan: Cavabdeh ilə İddiaçı arasında 21.04.2018-ci il tarixdə 22 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinin surətinə əsasən Cavabdeh İddiaçı 21.09.2018-ci il tarixədək qaytarmaq şərti ilə 30000 manat borc vermişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 14.08.2019-cu il tarixli, 2(001)-4938/2019 saylı qətnaməsinə əsasən İddiaçı 30000 manat məbləğində pulun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.03.2021-ci il tarixli, 2(103)-2730/2021 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 14.08.2019-cu il tarixli, 2(001)-4938/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə azadlığı və onun təfsiri cavabdehin faktiki borc almadığı əsası ilə tələbin rədd edilməsini istisna edir. Belə ki, qanunvericilik müqavilə müddəalarının və forma müxtəlifliyinin azadlığını və bəyənmə meyarlarını müəyyən edir. Tələb üzrə istinad edilən müqavilə və ya öhdəlik mübahisələndirilməmiş, hətta başqa bir əqdi pərdələmək üçün olsa da tərəflər buna razılaşmış və qəbul etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(004)-3159/2021 saylı qətnaməsi ilə İddiaçı onunla Cavabdeh arasında bağlanmış 21.04.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında notarial qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 5 ay ərzində qaytarmaq şərtilə 30000 manat məbləğində borc vermişdir. Daha sonra qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən İddiaçı 30000 manat məbləğində pulun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 422.1, 424.2-ci maddələrinə istinad edərək, müqavilənin ləğv edilməsi üçün əsasların olmamasına görə iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(004)- 864/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar