Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3319/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, 12-T ünvanında yaşayan vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd qərara alınmışdır. Qərardan həmçinin görünür ki, təhqiqat araşdırması zamanı Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, 12- T ünvanında yaşayan vətəndaş X3 izahatında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində özünə məxsus “Volswagen Passat” markalı **-CR- *** d.q.n avtomaşınla qonaq gəlməsini, özünə məxsus avtomaşını “366" saylı elektrik yarımstansiyanın yaxınlığında saxlamasını, təxminən saat 18:00 radələrində baş vermiş güclü külək nəticəsində, elektrik yarımstansiyasının dam örtüyünün qeyd edilən ünvanda saxladığı avtomaşının üzərinə düşməsini, baş vermiş hadisə zamanı avtomaşının ban hissəsinə və digər yerlərinə ciddi ziyan dəyməsini, bununla bağlı isə həmin yarımstansiyanın əməkdaşlarının hadisə yerinə gələrək, hadisə fəsadlarını aradan qaldırmalarını, avtomaşına isə dəymiş ziyanın qarşılanacağını söz vermələri, daha sonra isə Bakı elektrik şəbəkəsinin məsul şəxsləri Namiq və Qüssü adlı şəxslərlə görüşməsini, lakin həmin şəxslərin hər dəfəsində dəymiş ziyanı ödəyəcəklərini bildirsələrdə bu vaxta kimi ödəməmələrini qeyd etmişdir.
2. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş “Qüsur aktı”ndan görünür ki, “Volswagen Passat” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3885 manat qiymətləndirilmişdir.
3. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volswagen Passat” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdir.
4. Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, həmin etibarnamə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə X2 nəqliyyat vasitəsinin 8 il 11 ay 8 gün idarə edilməsi haqqında verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində ona maddi ziyan vurmuş cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 3885 manat, vəkil xidmətlərinə görə 500 manat və işin məhkəmədə baxılması ilə əlaqədar ödədiyi 63,86 manat dövlət rüsumunun, ümumilikdə isə 4448,86 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 14 aprel 2023-cü il tarixində özünə məxsus və idarə etdiyi "Volswagen Passat" markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yaşayan qohumunun evinə qonaq getmişdir. Avtomobili saxlayıb evə daxil olduqdan az bir vaxt sonra, həyətdə oynayan uşaqlar təqribən saat 18:00 radələrində gəlib xəbər vermişlər ki, onun avtomobilinin üzərinə hansısa əşya düşmüşdür. O, həyətə çıxıb görmüşdür ki, avtomobilinin üzərinə yaxınlıqda olan "366" rəqəmi ilə işarələnmiş elektrik yarımstansiyanın dam örtüyü düşmüşdür. Nəticədə avtomobilinə ciddi ziyan dəymişdir. Bundan sonra dərhal Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinə məlumat vermişdir. İdarənin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər, avtomobilə vurulmuş ziyanı ödəyəcəklərinə söz verib getmişlər. O, səbəbdən heç bir idarəyə şikayət verməmişdir. Cavabdeh təşkilat ziyanın ödənilməsindən imtina etməsə də, avtomobilinə dəyən ziyanın ödənilməsini yubatmışdır. O səbəbdən hadisədən təqribən bir ay sonra şikayət ərizəsi ilə Suraxanı rayon Polis İdarəsinin 30-cu PŞ-nə və paralel olaraq “Azərişıq" ASC-nin rəisinə ərizələrlə müraciət etmişdir. Ərizəsinə "xxxx" ASC-dən aldığı xx.xx.2023cü il tarixi ilə qeyd edilmiş cavab məktubunda göstərilmişdir ki, "X4 Qaydaları"nın 10.2.1-ci bəndinə əsasən təbii fəlakət hadisəsi ilə əlaqədar enerji təchizatı müəssəsi dəymiş ziyana görə istehlakçı qarşısında madi məsuliyyət daşımır. Hesab etmişdir ki, verilmiş cavab baş vermiş hadisənin faktiki hallarına uyğun deyildir. Bakı şəhəri üçün təbii olan küləyin əsməsi nəticəsində dam örtüyünün atılması təbii fəlakətin yox, yarımstansiyanın yenicə aparılnış təmirinin səhlənkarlıqla aparılmasının göstəricisidir. Müəssisənin öz səhlənkarlığını təbii fəlakətlə əlaqələndirməsinin nə faktiki, nə də ki hüquqi əsasları mövcud deyildir. Digər tərəfdən baş vermiş hadisənin müəssisə-istehlakçı münasibətlərinə heç bir aidiyyəti yoxdur. Belə ki, zərərin vurulması elektrik enerjisindən istifadə qaydaları ilə bağlı olmamışdır. 30-cu PŞ tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərara münasibətdə hesab etmişdir ki, həmin qərarla razılaşmaq olar və mübahisə mülki-məhkəmə qaydasında həllini tapmalıdır. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, işin faktiki hallarından va məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, cavabdeh "xxxx" ASC-nin təmirquraşdırma işlərinə səhlənkar yanaşması nəticəsində ona ümumilikdə 3885 manat məbləğində maddi ziyan vurulmuşdur. Bu ziyan avtomobilinin zədələnmiş və istifadəsi üçün yararsız hala düşmüş ehtiyat hissələrinin alınmasından və təmir işləri üçün tələb olunan vəsaitdən ibarətdir. Hesab etmişdir ki, həmin məbləğ cavabdeh "Azərişıq” ASC-dən tam həcmdə tutularaq ona verilməlidir. Bundan əlavə hesab etmişdir ki, hüquqi yardım göstərilməsi üçün vəkil xidmətlərinə görə ödədiyi 500 manat və işin baxılması üçün ödədiyi 63,86 manat dövlət rüsumu da cavabdehdən alınaraq ona verilməlidir.
7. Daha sonra iddiaçı X3 əsl İddiaçı ilə əvəzlənmiş, X3 üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 2885 manat, vəkil xidmətlərinə görə 500 manat və dövlət rüsumuna görə ödənilmiş 63.86 manat tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (VÖEN **********, müxbir hesab AZ41NABZ********************) qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC-yə məxsus yarımstansiyanın dam örtüyünun iddiaçıya məxsus avtomobilin üzərinə aşmaqla sonuncunun əmlakına vurulmuş zərərə görə də "xxxx" ASCnin mülki hüquqi məsuliyyəti yaranmışdır. İşin mübahisələndirilməyən halı isə elektrik yarımstansiyasının dam örtüyünün iddiaçının qeyd edilən ünvanda saxladığı avtomaşının üzərinə düşməsindən ibarətdir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Məhkəmə vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iş materiallarında olan ekspertiza rəyinə əsaslanaraq hesab etmişdir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehdən vurulmuş maddi ziyana görə iddiaçının xeyrinə 2885 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 500 manat ödəniş edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən edilməklə iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 500 manat məbləğində pul tutulmalıdır.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.2, 1111.1, 1097.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 119.1, 121.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə hadisə baş verən saatda həmin ərazidə əsən küləyin həqiqətən də yarımstansiyasının damının uçmasına səbəb olacaq gücdə olmasını müəyyən etmək məqsədilə müvafiq orqanlara sorğular göndərməmiş, müvafiq rəy alınmamış və bu halı ümumiyyətlə araşdırmamışdır. Çünki hesab edir ki, istənilən halda küləyin gücünün dəqiq müəyyənləşdirməmiş, yarımstansiyanın damının uçmasının tikilinin düzgün quraşdırılmaması və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş verməsi barədə əsaslı qənaətə gəlmək olmaz. Hesab edir ki, məhkəmə iş üçün əhəmiyyət kəsb edən yuxarıda qeyd edilən halları araşdırmamış və bu da öz növbəsində məhkəmə tərəfindən prossesual hüquq normalarının pozuntusu halına gətirib çıxarmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, transformator mərkəzinin örtüsü küləyin təsiri ilə maşının üzərinə aşmışdır. Məsafə onların mühafizə zonasıdır, birinci instansiya məhkəməsində də qeyd edib. Tranformator mərkəzində sızma, partlayış halları ola bilər, transformator mərkəzi çox təhlükləlidir. Rayon məhkəməsində də küləyin güclü olduğunu deyib, qarşı tərəfin vəkili küləyin həmişə olduğunu bildirdi. Bu hal təbii fəlakət olduğuna görə hadisəyə görə onlar məsuliyyət daşımırlar. Ekspertiza rəyi ilə də razı deyillər. Ekspertiza rəyində 2885 manat maddi ziyan təsdiqlənib, lakin onlar bununla da razı deyillər. 2885 manatın şişirdilmiş məbləğ olduğunu hesab edirlər. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamənin ləğv edilməli olduğunu hesab edir. Transformator məntəqəsi hasarla bağlanmır. Transfomatrın ətrafında hava xətləri də olduğuna görə ətrafına işarə qoyulmur.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, qətnamənin qüvvədə saxlanılmasını xahiş edir. Hadisənin üstündən bir il keçib. Ekspertin müəyyən etdiyi məbləğ onlara vurulan zərərin qarşılığında çox azdır. Həmin hasarla üzbəüz orada yaşayış sahələri, evlər var. Onlar maşının üzərinə düşən dam örtüyü yolun düz ortasına düşmüşdü. İnsanın üzərinə düşdüyü halda faciə olacaqdı.
16. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, hadisə baş verən gün güclü külək olmayıb, yüngül külək olub. Transformator yerləşən ərazinin yanından magistral yol keçir. Eyni zamanda yaşayış məntəqələri yerləşir. Hasarlanmanın ətrafında isə heç bir qadağan edici işarə yoxdur. Mühafizə edilmir və mühafizə zolaqları göstərilməyib. Cavabdeh dəfələrlə mənimlə telefon vasitəsi ilə əlaqə saxlayıb və dəymiş zərərin ödənilməsi barəsində söz veriblər. Lakin, sonradan bütün dedikləri sözlərin hamısını geri götürüblər. Hər 3 metrdən bir taxta vurulub. Hansı ki, 200 kvadrat metrdir, orada bərkitmə edilməli idi və taxta yaxın vurulmalı idi. Hətta, iki dam örtüyünün birləşmə yerində də taxta yoxdur. Hadisə baş verən gün cavabdeh onlara heç bir yerə şikayət verməyə ehtiyac olmadığını və dəymiş ziyanı ödəyəcəklərini demişdilər. Maşını hadisə vaxtı harada saxladığı təqdim etdiyi sxemdə göstərilib.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.1. Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir.
18. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "xxxx" ASC-yə məxsus "366" rəqəmi ilə işarələnmiş elektrik yarımstansiyanın dam örtüyünün düşməsi nəticəsində iddiaçıya məxsus "Volswagen Passat" markalı 50- CL-563 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsini xahiş etmişdir.
24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş və ona istinad edilmişdir ki, "xxxx" ASC-yə məxsus yarımstansiyanın dam örtüyünun iddiaçıya məxsus avtomobilin üzərinə aşmaqla sonuncunun əmlakına vurulmuş zərərə görə də "xxxx" ASCnin mülki hüquqi məsuliyyəti yaranmışdır.
25. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən cavabdehin şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən yarımstansiyasının damının uçmasına səbəbinin müəyyən edilməsi ilə bağlı müvafiq qurumlara sorğular göndərilməmişdir, yarımstansiyanın damının uçmasının tikilinin düzgün quraşdırlmaması və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş verməsi araşdırılmamışdır.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilir ki, "X4 Qaydaları"nın 10.2-ci bəndində qeyd edilir ki, enerjitəchizatı müəssisəsi aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır: fors-major hadisə ilə əlaqədar; kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar; 9.13, 9.15 və 9.16-cı bəndlərində nəzərdə tutulmuş, istehlakçıya elektrik enerjisi verilişinin dayandırılması və məhdudlaşdırılması şərtləri ilə əlaqədar; bu Qaydaların 9.14-cü bəndinə uyğun olaraq, işlərin yerinə yetirilməsilə əlaqədar.
27. Göründüyü kimi, hazırkı halda "X4 Qaydaları"nın 10.2-ci maddəsində qeyd edilən hallardan hər hansı birininin olması işin faktiki halları ilə müəyyən edilmir. Cavabdeh tərəfindən şikayətinin dəlili olaraq istinad etdiyi hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.
28. Mülki qanunvericiliyə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir.§17
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus avtomobilə ziyan dəyməsi ilə bağlı "xxxx" ASC məsuliyyət daşıyır.
30. İşə birinci instansiya məhkəməsində baxılması zamanı dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Volswagen Passat” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2885 manat olması müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyası dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı ekspert rəyinin mötəbər sübut qismində qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
32. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
33. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
35. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
37. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev