Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3321/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 fevral 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı Şəhəri Yasamal Rayon Polis Şöbəsinin sahə müvəkkili İlkin Nəsrullayev tərəfindən qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə əlaqədar ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.000 manat pul vəsaitinin cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, yaşadığı binada kommunal xərclərlə bağlı müvafiq şəxslərə iradını bildirdiyinə görə xx.xx.2018-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-nin sahə müvəkkili İlkin Nəsrullayev ona zəng vuraraq xidməti kabinetinə çağırmışdır. İddiaçı, sahə müvəkkilinin otağına getdikdən sonra sahə müvəkkili oraya tibb işçilərini dəvət etmiş və tibb işçiləri iddiaçının etirazına baxmayaq, onu 2 saylı X2 aparmışlar. İddiaçının psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı məhkəmə qərarı olmadan iddiaçı həmin Xəstəxanada 20 gün ərzində qanunsuz olaraq saxlanılmış və ona inyeksiya vasitəsi ilə dərman preparatları qanunsuz olaraq vurulmuş, sonra isə ona “Baş beyin üzvi xəstəliyi (epilepsiya mənşəli nəticəsində kəskin formada ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixoatik daxilolmalar)” diaqnozu qoyulmuş və o, evə buraxılmışdır. Göründüyü kimi, iddiaçının şəxsi toxunulmazlıq hüququnu kobud surətdə pozulmuşdur. İddiaçı, qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət etmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İddiaçı bildirir ki, onun şəxsi toxunulmazlıq hüququnu kobud surətdə pozulması nəticəsində ona mənəvi zərər dəymişdir. Buna görə də, o hesab edir ki, həmin zərərin əvəzinin ödənilməsi məqsədi ilə dövlət büdcəsindən onun xeyrinə 1.000 manat məbləğində pul tutulmalıdır. b) cavabdehin və üçüncü şəxslərin iddia tələbinə dair münasibətləri barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini və Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir.
4. İş üzrə üçüncü şəxslərə və cavabdeh Maliyyə Nazirliyə məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımı qaydada məlumat verilsə də, onların nümayəndələri məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. İş üzrə üçüncü şəxslər və cavabdeh Maliyyə Nazirli iddia tələbinə dair yazılı münasibətlərini də Rayon Məhkəməsinə təqdim etməmişlər. Rayon Məhkəməsi bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq işə üçüncü şəxslərin və cavabdehin nümayəndələrini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilən halları təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddia əsaslı hesab edilərək, təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə səthi araşdırma aparmış, zəruri sübutların əldə edilməsi ilə bağlı heç bir tədbir görməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verilmiş izahatlar barədə məlumat
9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
10. İş üzrə digər şəxslər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsələr də, onların nümayəndələri apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
11. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 335-ci maddəsinə görə şəxsin psixiatriya stasionarına qeyri könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur.
14. İddiaçı iddiasında və qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edilən maddənin ziddinə olaraq polis orqanının əməkdaşının məhkəmə qərarı olmadan qanunsuz olaraq onun psixiatriya stasionarına qeyri-könüllü yerləşdirildiyini iddia edərək ona ziyan dəyməsini bildirir.
15. Məhkəmə iddiaçının dəlillərini əsassız sayaraq qeyd edir ki, MPM-in tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.).
16. İşdə olan tibbi sənədlərdən görünür ki, iddiaçı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 saylı X1 “Baş beyin üzvi xəstəliyi (epilepsiya mənşəli nəticəsində kəskin formada ifadə olunmuş şəxsiyyət dəyişiklikləri və kobud davranış pozuntuları, psixoatik daxilolmalar)” diaqnozu ilə müalicə qəbul etmiş, müalicə başa çatdıqdan sonra iddiaçı evə buraxılmışdır.
17. İddiaçının həmin tibb müəssisəsində iddia ərizəsində qeyd edilən və xx.xx.2018-ci il tarixi əhatə edən zamanda müalicədə olması həmin tibb sənələri ilə müəyyən edilmir.
18. Məhkəmə, MPM-in yuxarıda qeyd edilən 14 və 77-ci maddələrinin tələblərindn çıxış edərək, bildirir ki, sübutetmə yükü iddiaçının üzərinə düşür, lakin o, iddia ərizəsində göstərdiyi halı sübuta yetirə bilir.
19. Bundan başqa Məhkəmə bildirir ki, qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 146-cı maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır.
20. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
21. İddiaçı, iddia ərizəsində və apellyasiya şikayətində Yasamal RPİ-nin 28-ci PŞnin sahə müvəkkili tərəfindən ona qarşı cinayətin törədilməsini bildirsə də, bu halı təsdiq edə biləcək qanuni qüvvəyə minmiş hökm mövcud deyil.
22. MPM-in 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Odur ki, qeyd edilən maddi və prosessual hüquq normaların tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) apellyasiya baxışının nəticəsi
24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
26. Bundan başqa Məhkəmə qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
27. İddiaçı tərəfindən irəli sürülmüş iddia əmlak xarakterlidir və iddianın qiyməti 1.000 manatdır.
28. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 fevral 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.