Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3324/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (Aliment və əlavə xərclərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(010)-554/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2000-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X7 anaları Cavabdeh qzının himayəsində saxlanılmaları, X2 uşaqların saxlanması üçün aliment tutulması qət edilmişdir. 2.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-472/2021 nömrəli iş üzrə qəbul etdiyi 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı uşağın bir valideyindən alınıb digər valideyinə verilməsi tələbinə dair iddiası təmin edilərək, xx.xx.2006-cı il təvəllüdlü X8 atası İddiaçı himayəsinə verilmişdir. 3.Hazırda İddiaçı məhkəməyə müraciət edərək aliment ödənilməsini və uşağın xəstəliyi ilə əlaqədar ona çəkilən əlavə xərclərin ödənilməsini xahiş edir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə övladları olan xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləği şəklində 193 manat alimentin, onun xəstəliyi ilə əlaqədar ona çəkilən əlavə xərclərin ödənilməsi məqsədilə hər ay 250 manat məbləğində pulun, habelə 50 manat mediasiya xərcinin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, uşaq anadangəlmə autizm xəstəsidir və qulluğa ehtiyacı var. Əvvəl uşağın anasının yanında qalması müəyyən edilsə də, sonradan iddiaçı məhkəməyə müraciət edərək uşağının onun himayəsinə verilməsini xahiş etmiş və iddia tələbi təmin olunmuşdur. Hazırda uşaq atası ilə yaşayır və bütün xərcləri atası tərəfindən qarşılanır. Cavabdeh isə ümumiyyətlə uşağını görmək istəmir və onunla maraqlanmır. Təqdim etdikləri sübutlardan görünür ki, cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdadır və instaqramdakı səhifəsindəki paylaşımlardan anlaşılan qədərilə hazırda sağlam yaşam psixoloji mərkəzində işləyir. Göründüyü kimi cavabdehin alimenti ödəməyə kifayət qədər vəsaiti var. Bundan əlavə, iş materiallarına əlavə etdiyi arayışdan görünür ki, uşağın müalicəsinə hər ay 500 manat vəsait xərclənir. Əslində, bu xərclərin miqdarı daha çoxdur, lakin rəsmi olaraq 500 manat qeyd edilib. 6.Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək çıxışında bildirmişdir ki, cavabdeh hazırda işləyir və fərdi qaydada evlərə gedir. Lakin onun qazancı daimi deyil və işdən asılıdır. Onun hazırda maddi durumu müəyyən xərcləri qarşılamağa imkan versə də, cavabdehin hansı həcmdə ödəniş edə bilmək iqtidarında olması barədə məlumatı yoxdur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 7.Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, hazırda heç bir yerdə işləmir. Sonuncu dəfə uşaq tələbinə dair işə baxılarkən iddiaçının ondan aliment tələbi olmamışdır. Onun uşağa baxmaq üçün şəraiti olmadığı üçün uşağı atasına vermişdir. Hazırda iddiaçının tələb etdiyi məbləği verməyə imkanım çatmır. 8.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 26 yanvar 2023-cü il tarixli, 2(010)-554/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Mahmudova Təranə) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 25 avqust 2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh övladının müalicəsi ilə əlaqədar əlavə xərclərin ödənilməsinə cəlb olunması və bununla əlaqədar ondan İddiaçı xeyrinə 25 avqust 2006-cı il təvəllüdlü X8 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit pul məbləğində 100 (bir yüz) manat miqdarında pulun tutulması, alimentin və əlavə xərclərin tutulması müddətinin 28 noyabr 2022-ci il tarixdən müəyyən edilməsi, qətnamənin aliment və əlavə xərclərin tutulması hissəsində dərhal icra ediməsi, iddianın qalan hissədə rədd edilməsi və mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsumun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. 9.İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4828/2018 nömrəli iş üzrə qəbul etdiyi 14 avqust 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı “nikahın pozulması və alimentin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında xx.xx.1999-cu ü tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 438 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2000-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X7 anaları Cavabdeh qzının himayəsində saxlanılmaları, cavabdeh X2 xx.xx.2000-ci il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. 10.İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-472/2021 nömrəli iş üzrə qəbul etdiyi 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı uşağın bir valideyindən alınıb digər valideyinə verilməsi tələbinə dair iddia təmin edilərək, xx.xx.2006cı il təvəllüdlü X8 atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. 11.İş materiallarında olan Alba reabilitasiya və yaşam mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2006 təvəllüdlü X10 2021-ci ilin fevral ayından etibarən ALBA Reabilitasiya və Yaşam Mərkəzində “X14” diaqnozu üzrə korreksiya prosesinə cəlb edilmişdir. Atası İddiaçı tərəfindən 2021-ci ilin fevral ayından etibarən xidmət haqqı olaraq hər ay ALBA Reabilitasiya və Yaşam Mərkəzinə 500 azn (beş yüz manat) ödəniş edilir. 12.İş materiallarında olan Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh qzı Bakı şəhəri Kiçik sahibkarlıqla İş üzrə Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır. 13.Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2000-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X7 anaları Cavabdeh himayəsində saxlanılmaları, X2 uşaqların saxlanması üçün aliment tutulması, sonradan məhkəmə qətnaməsinə əsasən X8 atası İddiaçı himayəsinə verilməsi işin mübahisəsiz hallarıdır. 14.Aliment hissəsinə münasibət bildirən məhkəmə hesab etmişdir ki, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən onun rəsmi işləməsinə və aylıq sabit gəlirə malik olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. 15.Əlavə xərclərin tutulması ilə bağlı hissədə isə məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X10 2021-ci ilin fevral ayından etibarən ALBA Reabilitasiya və Yaşam Mərkəzində “X14” diaqnozu ilə müalicə alır və hər ay müalicəyə 500 manat vəsait xərclənir. Qeyd olunan vəsait yalnız iddiaçı, yəni uşağın atası tərəfindən qarşılanır və cavabdeh həmin xərclərdə iştirak etmir. İş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan və həmçinin cavabdehin vəkilinin etirafından məlum oldu ki, cavabdeh hazırda fərdi olaraq işləyir və müəyyən qazancı olur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdeh də əlavə xərclərin ödənilməsinə cəlb olunmalıdır. Ödəniləcək pulun miqdarına münasibətdə məhkəmə hesab etmişdir ki, Cavabdeh övladının müalicəsi ilə əlaqədar İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 100 manat tutulmalıdır. Belə ki, ilkin olaraq məhkəmə qətnaməsi ilə uşağın ananın yanında qalması müəyyən olunsa da, sonradan ata iddia tələbi ilə məhkəməyə müraciət edərək uşağını tələb etmiş və məhkəmə iclasındakı izahatında cavabdehin yaşam şəraitinin yaxşı olmadığını, evin nəmişlik içində olduğunu və həmin şəraitdə uşağa baxılmasının mümkün olmadığını əsas gətirmiş, bu səbəblə anadan aliment tələb etməmişdir. Ana da həmçinin öz növbəsində məhz imkansızlıq vəziyyətindən və uşağın atasının yanında daha yaxşı yaşayacağını nəzərə alaraq uşağı atasına verməyə razı olmuşdur. Göründüyü kimi mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərdiyindən məhkəmə haqlı olaraq iddia tələbini təmin edərək uşağı atasının himayəsinə vermişdir. Hazırki iş üzrə iddiaçı qanunvericiliyə əsasən cavabdehdən əlavə xərclərin ödənilməsində iştirak etməyi tələb etməkdə haqlı olsa da, məhkəmə Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsaslanaraq, cavabdehin maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə almağı məqsədəuyğun hesab edir. Belə ki, iddiaçı tərəfindən cavabdehin vergi ödəyicisi olmasına və fərdi olaraq işləməsinə dair sübutlar təqdim edilsə də, həmin sübutlar əsasında cavabdehin konkret olaraq nə qədər aylıq qazancı olması sübut olunmur. Həmçinin, iddiaçı da işləyir və aylıq müəyyən qazancı olur. Hazırki vəziyyətdə iddiaçının həyat şəraitinin daha yaxşı olması onun uşaq tələbi ilə məhkəməyə müraciət edən zaman izahatından məlum olmuşdur və iddiaçı özü də cavabdehin maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Buna görə də qeyd olunanları və cavabdehin aliment ödəyəcəyini də nəzərə alaraq məhkəmə hesab etmişdir ki, əlavə xərclərin ödənilməsinə görə cavabdehdən hər ay sabit pul məbləğində 100 manat miqdarında pul tutulması ağlabatandır. 16.Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab etmişdir ki, aliment və əlavə xərclər iddiaçının məhkəməyə müraciət etdiyi 28 noyabr 2022-ci il tarixdən etibarən tutulmalıdır. 17.Məhkəmə qeyd etmişdir ki, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ və İİ bəndlərinə: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 81.1, 81.2, 81.3-cü: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci; “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına: “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci: Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2, 8.1.2: “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1, 112.1.3 və 216-220-ci maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 19.Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə tərəfindən aliment tutularkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin sadalanan normaları pozulmuşdur. Məhkəmə işə baxarkən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almamışdır. Sözügedən qətnamədə İddiaçı uşağın atanın himayəsinə verilməsi barədə iddia tələbinə hüquqi qiymət verilmişdir. Məlumdur ki, həmin qətnamə qəbul olunan vaxta kimi azyaşlı Quluzadə Emil anasının himayəsində olmuşdur. Məhz həmin məhkəmədə ona görə iddia qaldırılmışdır ki, uşağa intensiv müalicə tələb olunur, lakin Cavabdeh bunu maddi cəhətdən edə bilmir. Bu cümləni İddiaçı öz izahatında qeyd etmişdir (qətnamənin 1-ci səhifəsinin 4-cü abzası). İddiaçı həmin iddianı qaldırmaqla azyaşlıya baxmaq üçün kifayət qədər maddi imkanının olduğunu təsdiq etmişdir (məhkəmə iclas protokolundakı izahatında). Cavabdeh isə azyaşlı övladını saxlamağa maddi imkanı olmadığı üçün iddiaya etiraz etməmiş və uşağın atanın himayəsinə verilməsi ilə razılaşmışdır. Təsadüfi deyil ki, məhz bu xüsusata görə də İddiaçı həmin məhkəmədə aliment tələbini irəli sürməmişdir. Ona görə də belə bir vəziyyətdə İddiaçı hazırda aliment tələb etməsi qanunauyğun hesab edilmir. Əgər məhkəmə İddiaçı aliment tələbini haqlı hesab edirsə, bu zaman Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi sual altına düşür. Həmin qətnamənin 6-cı vərəqinin 1-ci abzasında göstərilmişdir: “Məhkəmə uşaqların birlikdə yaşaması, maddi təminatlarının və layiqli həyat şəraitinin normal səviyyədə təmin olunması ilə bağlı mənafeyini nəzərə alaraq, onların iddiaçıya verilməsini qanunauyğun hesab edir”. Göründüyü kimi məhkəmə 2021-ci ildə uşağın ataya verilməsində maddi təminat və normal həyat şəraitini əsas meyar olaraq götürmüşdür. Hazırki qətnamədə isə, əvvəlki qətnamədə müəyyən edilmiş hallar qəti şəkildə nəzərə alınmamış və yekunda hüquqazidd məhkəmə aktı qəbul olunmuşdur. Ailə Məcəlləsinin 113-cü maddəsində alimentin ödənilməsinə xitam verilməsi əsasları göstərilmiş və bu əsaslardan biri də aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi haldır (113.2.3). Qanunvericilik bu halı xitam üçün əsas kimi nəzərdə tutmuşdur, yəni bu hal artıq aliment ödənilməsini istisna edir. Bu halın mövcudluğu Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş, Cavabdeh azyaşlıya baxmağa, müalicəsini təmin etməyə imkanının olmaması və İddiaçı bu təminatı qarşılamaq imkanının olması məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. İşə baxan məhkəmə həm sözügedən maddi hüquq normasını pozaraq preyudusial xarakter daşıyan sübuta əhəmiyyət vermədən Cavabdeh aliment və müalicə pulu tutmuşdur. Məhkəmə işə baxarkən sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, iddiaçı tərəf izahatında göstərmişdir ki, “Cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdadır, cavabdehin alimenti ödəməyə kifayət qədər vəsaiti var”. Sadalanan bu hal məhkəmə tərəfindən hərtərəfli araşdırılmamışdır. Çünki Cavabdeh vergi ödəyicisi olması ilə bağlı təqdim olunan sübutlar natamamdır. Cavabdeh xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmiş (VÖEN: **********), sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmiş və 8 ay sonra - 2018-ci ilin may ayından etibarən fəaliyyətini dayandırmışdır. Göründüyü kimi tərəflər hələ birgə nikahda olarkən VÖEN alınmış və hələ nikah məhkəmə qaydasında pozulmazdan əvvəl VÖEN üzrə fəaliyyət dayandırılmışdır. Yəni Cavabdeh maddi cəhətdən imkansız olması və heç bir gəlirinin olmaması təkzibolunmaz faktdır, belə olan halda alimentin və müalicə xərclərinə görə pulun tutulması birmənalı şəkildə qanunsuzdur. Təəssüf ki, işin obyektiv həllində olduqca mühüm əhəmiyyət kəsb edən bu sübutlar məhkəmə tərəfindən ətraflı araşdırılmamış və bu sübutlara düzgün hüquqi qiymət verilməmişdir.Yuxarıda qeyd edilən həm maddi, həm də prosessual hüquq normalarının pozulması nəticəsində məhkəmə tərəfindən qanunsuz qətnamə qəbul olunmuşdur. məhkəmənin gəldiyi nəticə üzrə aşağıdakı hallar aydınlaşdırılmamışdır. Suraxanı Rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsindəki preyudusial xarakter daşıyan və hazırki iddianın təmin edilməsini birmənalı istisna edə faktlar; Cavabdeh aliment ödəmək imkanı, maddi vəziyyəti, fərdi sahibkar kimi fəaliyyət göstəribgöstərməməsi və digər bu kimi diqqətəlayiq faktlar. Sözügedən faktların hərtərəfli və qərəzsiz araşdırılması, qiymətləndirilməsi iddia tələbinin əsassız olması üçün kifayət edirdi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 22.Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 23.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: 24.Maddə 17-ci maddə İİ hissə.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 25.Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 26.Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 27.Maddə 78.1Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 28.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 29.Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 30.Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 31.Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Uşaq Hüquqları haqqında Qanun. 32.Maddə 5.Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə. 33.Maddə 6.Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı. 34.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı.
35. Bənd 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu. 36.Maddə 1. 2022-ci il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. 37.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 39.Maddə 234.2.1.Alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. 40.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43.Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilənuşağın müalicəsi ilə bağlı cavabdehdən tutulan əlavə xərclərin məbləği hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 44.Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2000-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X7 anaları Cavabdeh qzının himayəsində saxlanılmaları, X2 uşaqların saxlanması üçün aliment tutulması qət edilmiş, sonradan məhkəmə qətnaməsinə əsasən X8 atası İddiaçı himayəsinə verilmişdir. 45.Hazırda cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdehin azyaşlıya baxmağa, müalicəsini təmin etməyə imkanının olmaması və İddiaçı bu təminatı qarşılamaq imkanının olması məhkəmə qətnaməsi ilə təsdiq olunmasına baxmayaraq məhkəmənin bunları nəzərə almamış, ümumiyyətlə isə cavabdehin maddi imkanının olmamasına baxmayaraq məhkəmənin ondan aliment tutumasını qanunsuz hesab edərək, məhkəmə tərəfindən sübutların obyektiv qiymətləndirilməməsini bildirmiş, həmçinin qeyd etmişdir ki, iddiaçı uşaq tələbi ilə iddia qaldırarkən azyaşlıya baxmaq üçün kifayət qədər maddi imkanının olduğunu təsdiq etmiş, Cavabdeh isə azyaşlı övladını saxlamağa maddi imkanı olmadığı üçün iddiaya etiraz etməmiş və uşağın atanın himayəsinə verilməsi ilə razılaşmış, məhz buna görə də İddiaçı həmin məhkəmədə aliment tələbi irəli sürməmiş, buna görədə hazırda iddiaçının aliment tələb etməsini qanunauyğun hesab etmir. 46.Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericilikdə, istər beynəlxaq konvensiyalarda, eləcə də Avropa Məhkəməsinin çoxsaylı qərarlarında da uşaqlarla bağlı mübahisələrə baxılarkən hər şeydən öncə uşaqların üstün maraqlarının təmin edilməsi təsbit olunmuşdur. 47.BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. 48.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 49.“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. 50.Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. 51.Məhkəmə kollegiyası hesab edir ki, uşağın saxlanması üçün alimentin məbləğinin hər ay, hər uşağa görə 193 manat məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğun olmuşdur. 52.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2022-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə almışdır. 53.Cavabdehin maddi vəziyyətinin yaxşı olmaması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. 54.Lakin kollegiya əlavə xərclərin tutulması ilə bağlı qeyd edir ki, iddiaçının maddi vəziyyətinin cavabdehdən daha yaxşı olduğu, məhz bu səbədən də uşağın üstün mənafeyi baxımından Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşağın atanın himayəsinə verilməsi, iddiaçının həyat şəraitinin daha yaxşı olması, cavabdehin sabit gəlirə malik olmaması və həmçinin cavabdehdən 193 manat alimentin tutulmasının da nəzərə alınaraq uşağın müalicəsi ilə bağlı cavabdehdən tutulan əlavə xərclərin məbləği 50 manat miqdarında müəyyən edilməsi daha məqsədəuyğun hesab edilməlidir. 55.Buna görə də kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(010)-554/2023 saylı qətnaməsi mübahisələndirilən-Cavabdeh övladı 25 avqust 2006-cı il təvəllüdlü X8 müalicəsi ilə əlaqədar İddiaçı xeyrinə tutulan 100 manat əlavə xərclərin əvəzi azaldırlaraq 50 (əlli) manat miqdarında müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(010)-554/2023 saylı qətnaməsi mübahisələndirilən- Cavabdeh övladı 25 avqust 2006-cı il təvəllüdlü X8 müalicəsi ilə əlaqədar İddiaçı xeyrinə 25 avqust 2006-cı il təvəllüdlü X8 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit pul məbləğində 100 (bir yüz) manat miqdarında pul tutulması hissəsəində dəyişdirilsin. Əlavə xərclərin ödənilməsinə görə hər ay sabit pul məbləğində tutulan pul məbləği 50 (əlli) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov