Məhkəmə qərarları › İş №2(103)-3329/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3329/2024

17.05.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3329/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Borclu1 və Borclu2 qarşı “pulun tutulması” tələbinə mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1555/2016 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Kreditor MMC borclular Borclu2 və Borclu1 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu2 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış VİP 16062 saylı nisyə alqısatqı müqaviləsi və Borclu1 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış VİP 16062 saylı zaminlik müqaviləri üzrə ödənilməmiş 322 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 48 ABŞ dolları cərimə, cəmi 370 ABŞ dolları pulun və 20 manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1555/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə borclular Borclu2 və Borclu1 322 ABŞ dolları əsas, 48 ABŞ dolları cərimə, cəmi 370 ABŞ dolları məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq Kreditor MMC-yə ödənilməsi əmr edilmişdir. Cavabdeh Borclu1 xx.xx.2016-cı il tarixli etiraz ərizəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1555/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-1555/2016 saylı məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1555/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçı “Süs Mobil" MMC-nin cavabdehlər Borclu1 və Borclu2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPMnin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, 2(009)- 1555/2016 saylı mülki iş üzrə icraatının təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1555/2016 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Kreditor MMC-nin ərizəsi təmin edilməmişdir. İddiaçı Kreditor MMC xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1555/2016 saylı qərardadından apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1555/2016 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1555/2016 saylı, xx.xx.2020-ci il tarixli qərardadından apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçı “Süs Mobil" MMC-nin ərizəsi təmin edilməmişdir. İddiaçı “Süs Mobil" MMC Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1555/2016 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1555/2016 saylı qərardadı onlara göndərilməmişdir. Məhkəmə iclaslarından onlara məlum olmuşdur ki, Kreditor MMC-yə göndərilən qərardad Ayna Quliyeva adında bir xanım tərəfindən qəbul olunub, halbuki Kreditor MMC-nin Ayna Quliyeva adında işçisi olmayıbdır. Pandemiya dövrü olduğu üçün iş yerləri bağlı olduğundan bütün sənədlər, qərardadlar, əmrlər və s. sənəd qəbulu və sənəd göndərilməsi elektron məhkəmə portalı vasitəsi ilə aparılırdı. Elektron məhkəmə portalına bu işlə bağlı heç bir qərardad yüklənməyibdir. Ona görə də, ötürülmüş prosessual müddətin üzürlü sayılaraq bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1555/2016 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı “Süs Mobil" MMC-nin şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, xx.xx.2020-ci il tarixli, 2(009)-1555/2016 saylı qərardadı poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə Kreditor MMC-yə göndərilmiş və iş materiallarında olan xəbərnaməyə əsasən Kreditor MMC tərəfindən (Ayna Quliyeva) xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Lakin Kreditor MMC xx.xx.2020-ci il tarixli, 2(009)-1555/2016 saylı qərardaddan şikayəti xx.xx.2024-cü il tarixdə, yəni 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edərək, Kreditor MMC-nin Ayna Quliyeva adında işçisisinin olmadığını, pandemiya dövrü olduğu üçün iş yerləri bağlı olduğundan bütün sənədlərin, qərardadların, əmrlərin və s. sənədlərin qəbulu və göndərilməsinin elektron məhkəmə portalı vasitəsi ilə aparılması və bu barədə “Elektron Məhkəmə” informasiya sistemində hər hansı aktın olmaması səbəbindən şikayət verə bilmədiklərini qeyd etmişdir. Lakin öz mövqeyini sübuta yetirə bilməmiş, o cümlədən xx.xx.2020-ci il tarixdə iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsi ilə bağlı ərizə təqdim etməsinə baxmayaraq, ötən 3 ildən artıq müddət ərzində onun nəticəsi ilə maraqlanmamasının səbəbləri barədə hər hansı məlumat təqdim etməmişdir. İstinad edilən pandemiya dövrü isə bütün həmin müddəti əhatə etməmişdir. Bu səbəbdən iddiaçının istinad etdiyi hallar, müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Ümumiyyətlə üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin iddiaçı hər hansı belə bir hala istinad etmir. Əksinə işin mövcud halları şikayətin verilməsi müddətinin hər hansı üzürlü səbəb olmadan ötürüldüyünü təsdiq edir. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, iddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1555/2016 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət vermək üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti hər hansı üzürlü səbəb olmadan buraxmışdır. Birinci instansiya məhkəməsi də bu halı nəzərə alıb, haqlı olaraq həmin qərardaddan şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1555/2016 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1555/2016 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar