Məhkəmə qərarları › İş №2(103)-3330/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3330/2024

03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3330/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «mənəvi zərər») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-688/2024 saylı, 09 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X19 və X2 Cəfər Aşır oğlunun valideynləri idi və xx.xx.2013-cü il tarixdə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmüşlər.

2. Tərtər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(61)-18/2014 saylı hökmü ilə Cavabdeh əməkdaşı olmuş X6 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilati sərəncamverici vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və X16 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilati sərəncamverici vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən onun xeyrinə anasının və atasının faciəvi surətdə ölümünə görə 50.000 (əlli min) manat məbləğində mənəvi ziyana görə kompensasiyanın və ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, iddiaçının 17 yaşında ona qəfil anasının və atasının ölüm xəbəri gəlmişdir. O, dərhal evə gəlmiş və gördüyü mənzərə qarşısında çaş-baş qalmışdır. Ata və anasının cansız bədənləri otaqda yerə uzadılmış vəziyyətdə idi. Həmin vaxtı evə təcili tibbi yardım maşını gəlmişdir və həkimlər ona ana və atasının keçindiyini demişlər. Evdə olan bacısı ona ana və atasının dəm qazından zəhərləndiklərini söyləmişdir. Ata və anasının məcburi köçkün həyatı yaşaması, Kəlbəcər rayonundan gəlib Tərtər rayonunda məskunlaşmaları - bütün bunların ağrıacısı bir yana, uşaqlıqdan çəkdiyi mənəvi sarsıntı və iztirabları daha da artırdı. Belə ki, X6 və X11 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ittiham elan edilmişdir ki, onlar X20 sahəsində işlədikləri müddətdə vəzifəli şəxslər olmaqla, işə laqeyd münasibət göstərib, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməklə ehtiyatsızlıqdan onun valideynlərinin ölümünə səbəb olmuşlar. Belə ki, verilmiş ittihamda göstərilmişdir ki, X1 Qaz İstismarı Sahəsində 1 saylı yaşayış sahələrində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi işləyən, X20 Sahəsinin rəisinin xx.xx.2011-ci il tarixli əmri ilə 1 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi təyin edilərək vəzifəli şəxs olmaqla işlədiyi dövrdə işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini X20 Sahəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli Cavabdeh X3 istismarı sahəsinin 1 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi təyin edilərək vəzifəli şəxs olmaqla, işlədiyi dövrdə işə laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini-X20 Sahəsi rəis tərəfindən təsdiq edilmiş 01 noyabr 2011ci il tarixli Cavabdeh X3 istismarı Sahəsinin 1 saylı yaşayış yerlərində qaz xəttlərinə və məişət qaz cihazlarına nəzarət xidməti rəisinin vəzifə “Təlimatın” da göstərilən istismarda olan bina daxili qaz xətlərinin və avadanlıqlarının texniki vəziyyətinə nəzarət etmək, qaz yanacağı istifadəsindən təhlükə yaranacağını aşkar etdikdə qaz təchizatını dayandırmaq və akt tərtib etmək, abonentlərin mənzillərində olan qaz avadanlıqlarına müəyyən edilmiş qaydada və müddətlərdə texniki baxışların keçirilməsini təşkil etmək, istehlakçı tərəfindən texniki qaydaların pozulması faktları aşkar edildikdə təbii qazın verilişini dayandırmaq, bu faktı müəyyən edilmiş qaydada sənədləşdirmək, tabeçiliyində olan işçi heyətin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək və rəhbərlik etmək kimi xidmət rəisinin vəzifə funksiyalarını yerinə yetirməmiş, ünvan 1 ünvanında həyətdə yerləşən hamam otağının qazla işləyən su qızdırıcı quraşdırılmış duş otağının içəri açılan giriş qapısının aşağı hissəsində hava axınıın təmin edilməsi üçün aralıq və dəliklər olmadığı, nəfəsliyi dəmir lövhə ilə bağlanmaqla ventilyasiya sistemi ilə təmin edilmədiyi, tüstü bacasının kip qoşulmadığı, tüstü borusunun nəfəslikdən çölə çıxan ucu aşağıya doğru maili olmaqla, heç bir yerə bərkidilmədiyi, hamam otağı və hamamda quraşdırılmış qazla işləyən su qızdırıcının tüstü bacasının vəziyyəti, eləcə də hamam otağı və hamamda quraşdırılmış qazla işləyən suqızdırıcının tüstü bacasının 26 iyun 1979-cu il tarixli “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş ”Qazdan istifadə qaydalarının” normativ tələblərinə uyğun olmadığı şəraitdə suqızdırıcı cihazdan istifadə olunmasına dair tabeçiliyində olan işçi heyət tərəfindən tərtib edilmiş 17 may 2013-cü il və 08 oktyabr 2013cü il tarixli “Daxili qaz avadanlığına texniki baxış profilaktiki xidmət işlərinin keçirilməsi haqqında” aktlarda ünvan 1 ünvanında texniki baxış keçirilərkən vanna otağında nəfəslik olmadığı üçün qaz təminatının dayandırılması və abonentin təlimatlandırılması barədə ona məlumat verildiyi halda, hadisənin baş verməsinə texniki səbəb olmuş təhlükəli şəraitdə qaz avadanlığından istifadə edilməsinin qarşısının alınması üçün normativ aktların tələblərinə uyğun tədbilərin görülməsini (su qızdırıcının qaz xəttinin şəbəkədən açılmaqla tıxacla bağlanması və plomblanmasını) təmin etməyərək 26 iyun 1979-cu il tarixli “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının” 3.79, 3.81, 3.96, 9.239, 9.241-ci bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.1.5-ci bəndinin tələblərini yerinə yetirməməsi ilə səbəbli əlaqədə olan xx.xx.2013-cü il tarixdə, saat 23 radələrində X19 və X7 hamamda çimərkən tənəffüs yolu ilə daxil olmuş dəm qazı (CO) ilə letal dozada zəhərlənmələri, qan tipli (hemoqlobinotrop) asfiksiya, tənəffüs mərkəzinin iflic olması, dəm qazı ilə qanın zəhərlənməsi şəraitində hər iki şəxsin ehtiyyatsızlıqdan ölümlərinə səbəb olan səhkənkarlıq cinayət əməlini törətmişdir. Tərtər rayon məhkəməsinin 1(61)-18/2014 saylı, 03 aprel 2014-cü il tarixli hökmünə əsasən X6 və X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək hər biri ayrı - ayrılıqda 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarda təçkilatı sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Tərtər rayon məhkəməsinin 1(61)-18/2014 saylı, 03 aprel 2014-cü il tarixli hökmü qanuni qüvvəyə minmiş və hökm icraya yönəldilmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə X20 İdarəsinin əməkdaşlarının- Cavabdeh əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqa zidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində atası və anasının eyni gündə faciəvi surətdə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-688/2024 saylı, 09 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddianın təmin edilərək valideynləri X13 və X7 vəfatı ilə əlaqədar İddiaçı dəymiş mənəvi zərərə görə 50.000 (əlli min) manat pul məbləğinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi və 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iddiaçının ailə üzvlərinin ölməsində cavabdeh təşkilatın işçilərinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçilərinin təqsirindən iddiaçının ailə üzvləri ölmüşdür. Şübhəsiz ki, ailə üzvlərinin itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Beləliklə, cavabdehin işçilərinin təqsirli hərəkətləri ilə iddiaçının ailə üzvlərinin ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun da iddiaçıdan tutulmasını xahiş edərək şikayətində göstərib ki, Tərtər Rayon Məhkəməsində baxılmış və mülki iş materiallarına əlavə edilmiş xx.xx.2014- cü il tarixli 1(61)-18/2014 nömrəli hökmün surətindən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixində saat 23 radələrində iddiaçının atası və anası Tərtər rayonunda kirayə yaşadıqları mənzilin hamam otağında çimərkən dəm qazından zəhərlənmələri nəticəsində ölmüşlər. İddiaçının ata və anasının ölümünə səbəb olan “Azəriqaz İB” işçiləri X6 və X8 əməlində səhlənkarlıq cinayət əməli olduğu üçün sonuncular Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişlər. QEYD: 1(61)- 18/2014 nömrəli cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınmış və hazırki mülki iş üzrə də İddiaçı qardaşı olan X14 cinayət işi üzrə təqsirləndirilən Cavabdeh İB işçiləri X6 və X16 ilə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərlə razılıq əldə etməsini bildirmişdir. İİddiaçı isə vəfat etmiş valideynlərinin hüquqi varisi qismində tanınmadığını, onun qardaşı X14 tərəfindən də hələ 10 il bundan əvvəl cinayət işinin istintaqı zamanı Cavabdeh İB-yə və onun təqsirləndirilən işçilərinə qarşı heç bir şikayət və tələbinin olmaması, tərəflərin razılıq əldə etməklə barışmaları kimi işin diqqətəlayiq və konkret hallarını Xətai Rayon Məhkəməsi nəzərə almamışdır. 1(61)-18/2014 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxslərin hüquqi varisi qismində iştirak edən və hazırki mülki iş üzrə də iddiaçı tərəfin qardaşı olan X4 ibtidai istintaqda vermiş olduğu izahatdakı digər diqqətəlayiq hallar da məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçının qardaşı X4 ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərin hüquqi varisi qismində vermiş olduğu izahatından çıxarışda göstərilmişdir: - 2013-cü ilin oktyabr ayının sonu və ya noyabr ayının hələ əvvəlləri, ölüm hadisəsi baş verməzdən öncə Elməddin Əsədov evdən küçəyə çıxıb gedərkən evin yaxınlığında qaz idarəsinin işçisi olan Nadirlə qarşılaşmış, həmin an Nadir ona«hamamda havalanma yeri olmalıdır» demiş, Elməddin isə Nadirə «hamamda 2 nəfəslik var»cavabını vermişdir. Nə iddiaçı, nə də iddiaçının qardaşı qaz idarəsi işçilərinin təlimatını nəzərə almamış, hamam otağında havalanma yeri düzəltməmişdirlər, hamam otağında 2 nəfəsliyin olması ilə kifayətlənmişdirlər. Qeyd olunanlar onu düşünməyə əsas verir ki, iddiaçı tərəfin ata və anasının ölümündə Cavabdeh İB işçilərinin səhlənkarlığı olduğu qədər, mərhumların övladlarının da öz doğma ata və analarının ölümündə ən azı qaz idarəsi işçilərinin səhlənkarlığı qədər məsuliyyətsizliyi və diqqətsizliyi olmuş, hamam otağında quraşdırılmış suqızdırıcı qaz cihazının daxilində yanmış qazın sovrulub çölə çıxması üçün havalanma yeri düzəltməmişdirlər. Xətai Rayon Məhkəməsi müvafiq mülki iş üzrə bu kimi diqqətəlayiq və konkret halları nəzərə almadan, hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən, ölüm hadisəsinin hansı hərəkət və ya hərəkətsizlik nəticəsində baş verdiyini araşdırmadan, Cavabdeh İB-nın üzərinə 50.000 manat kimi yüksək məbləğdə mənəvi zərər əvəzinin iddiaçı tərəfə ödənilməsi öhdəliyini qoyması düzgün və ədalətli deyildir. Tüstü bacası ilə təmin olunmuş qaz cihazının tüstü borusunun sorma qabiliyyəti yoxlanılmadan və hamam otağının havası daimi olaraq dəyişdirilmədən suqızdırıcı cihazdan istifadə etdiklərinə görə, ünvan 2 ünvanında kirayədə yaşayan iddiaçının valideynləri - X19 və onun həyat yoldaşı X15 tərəfindən Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.228 və 9.230-cu maddələrinin tələbləri pozulmuşdur. İddiaçının vəfat etmiş valideynləri kirayə yaşadıqları mənzilin qaz təchizatından təhlükəsiz istifadə qaydalarını bilməmişdirlər. 2014-cü il tarixində Tərtər rayonunda iddiaçının ailəsində baş vermiş dəm qazından boğulub ölmə hadisəsinin üzərindən 10 il müddət keçmişdir. İddiaçının ailəsində baş vermiş həmin hadisədən 10 il müddətin keçməsi və ötən 10 il zaman ərzində iddiaçı tərəfin məhkəməyə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və eyni də qala bilməzdi. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən uşaqların ana və atalarının ölümü səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. İddiaçı şəxsin hazırda 28 yaşı var, əmək qabiliyyətlidir, evlənib ailə həyatı da qurmuşdur, şəxsi ailəsi vardır. Qeyd olunanlardan başa düşülür ki, iddiaçı tərəf fiziki və əqli cəhətdən məhdudiyyətli deyildir, hazırda ana və ataya da möhtac yaşda deyildir. Məhkəmə bu halı da nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1305/2023 nömrəli Qətnaməsindən müəyyən olunur ki, valideynlərinin dəm qazından ölümü ilə bağlı hazırki iş üzrə iddiaçının qardaşı olan X14 Cavabdeh İB-yə qarşı mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı əvvəllər ayrıca olaraq məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin yekun aktına əsasən iddiaçının qardaşı X9 Cavabdeh İB tərəfindən ödəniləcək mənəvi ziyanın məbləği 50.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, ölmüş valideynlərin bir oğlu - X4 artıq eyni hadisə ilə bağlı Cavabdeh İB-yə qarşı mənəvi zərərlə bağlı iddia tələbi olmuş və həmin iddiatələbinin nəticəsində artıq kifayət qədər məbləğin cavabdehdən tutulub iddiaçının qardaşına ödənilməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cüil tarixli 2(103)- 1305/2023 qətnaməsi ilə təmin edilmişdir. Xətai Rayon Məhkəməsi müvafiq işə baxarkən, iş üzrə iddiaçının qardaşı X4 mənəvi zərərə görə Cavabdeh İB-dən 50.000 manat məbləğində təzminat almış olduğunu nəzərə almamışdır. Mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntı və əzabların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyasıdır. Bu kimi hal,heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Nəzərə də almaq lazımdır ki, iddiaçının qardaşı əvvəllər ayrıca olaraq məhkəməyə müraciət edərək Cavabdeh İB-dən mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pul əvəzi almışdır. Konstitusiya Məhkəməsi Plenum qərarının formalaşmış mövqeyinə görə, iddiaçının da qardaşı ilə birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququ inkar olunmur. İddiaçı tərəfin qardaşı ilə birgə eyni məbləğdə alacağı mənəvi zərər əvəzi həmin ailəni həddən artıq zənginləşdirə və cavabdeh tərəfin isə iqtisadi və maddi vəziyyətini də pisləşdirə bilər ki, məhkəmə bu halı da nəzərə almamışdır. İddiaçının valideynlərinin ölümü ilə əlaqədar həmin ailənin hər iki oğluna da mənəvi zərərin əvəzinə görə məhkəmələr tərəfindən müəyyənləşdirilən eyni həcmdə 50.000 manat məbləğində kompensasiya məbləği iqtisadi qiymətləndirmə baxımından Cavabdeh İB-nın mənafeyi üçün ağlabatan və ədalətli hesab olunmur. İddiaçı tərəfin ata və anasının ölümündən sonrakı ötüb keçən 10 il müddət ərzində psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmiş olması onun vəkili tərəfindən kağız üzərində yazılanlardan və məhkəmə iclasında şifahi olaraq sözdə deyilənlərdən başqa hər hansı bir formada sübuta olunmamışdır. Başqa bir sözlə, iddiaçı tərəf ölmüş valideynlərinin üzərindən pul qazanmağa və əsassız varlanmağa çalışır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

11. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

12. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X5 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.

13. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından ödənilməli mənəvi zərərin məbləği hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən iddianın təmin edilən hissəsində iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün ödənilməli mənəvi zərərin məbləği hissəsi istisna olmaqla qalan mübahisələndirilən hissədə iddia haqlı sayılır.

23. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 50 000 (əlli min) manat tələb edir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddia ərizəsində özü də təsdiq edir.

24. Cavabdehin iddia tələbinə etirazı və apellyasiya şikayətinin dəlilləri isə anlaşılan ola bilər. Lakin buda o anlama gəlməməlidir ki, iddiaçı mənəvi sarsıntı keçirməsini əsaslandıra bilməmişdir. Başqa sözlə cavabdeh tərəf hər iki valideynini itirən övladın mənəvi sarsıntı keçirməsinə inanmaya bilməz. Əlbətdə ki, mənəvi sarsıntının və iztirabın nə olduğunu yalnız o halı yaşayan fiziki şəxs anlaya bilər. Mülki məsuliyyətdən yayınmaq xatirinə iddiaya etirazda və apellyasiya şikayətində uğursuz müqayisələrdən istifadə etmək isə yolverilməzdir. Çünki iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun hər iki valideynini itirməsi faktı birbaşa əsasdır və əlavə sübuta lüzum yoxdur.

25. Cavabdeh qətnaməni qanunsuz və əsassız hesab edərək mənəvi zərərin təmin edilməsini uyğun hesab etməyib iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübut etməyə cəhd etsə də, bu dəlillər hər hansı bir formada öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin gətirdiyi bu dəlilləri sübut etmək yükü artıq onun üzərinə düşsə də, o, bu halları sübuta yetirə bilməmişdir. Əksinə, mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədəki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir. Ona görə də, cavabdeh qurumun bu dəlilləri əsassız olmaqla yanaşı, həm də ziddiyyətlidir.

26. Buna baxmayaraq, iddiaçının qardaşı hər iki valideyninin dəm qazından boğulması ilə əlaqədar cavabdehə qarşı əvvəllər ayrıca məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(103)-1305/2023 nömrəli qətnaməsinə əsasən mənəvi zərərin məbləği 50000 manat müəyyən edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Apellyasiya baxışı zamanı bəlli oldu ki, iddiaçının qardaşı ilə hər hansı bir xoş olmayan münasibətləri olmamışdır. Əlbətdə ki, bu hallar sevindirici və xoş olan hadisələr sayılır. Bu mənada iddiaçıya cavabdeh tərəfindən eyni əsasla mənəvi zərərin əvəzi olaraq 50000 manat ödənilməsi hazırki iş üzrə cavabdehin ödəyəcəyi təzminatın məbləğinə münasibətdə nəzərə alınmalıdır. Başqa sözlə, iddiaçının təzminat tələbi mütənasiblik və ədalətlilik meyarlarına uyğun olmalıdır. Çünki mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında da hüquqi mövqe formalaşmışdır. Yəni, iddiaçının da qardaşı ilə birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququ inkar olunmur. Lakin bu təzminatın məbləğinin iddiaçının qardaşının aldığından az olması da qətiyyən o anlama gəlməməlidir ki, iddiaçı olan qardaş digər qardaşdan daha az mənəvi sarsıntı və iztirab keçirmişdir. Əlbətdə ki, iddiaçı olan övladın hər kəsdən artıq keçirdiyi bu mənəvi əzab ölçüyə gəlməz sayılır. Ona görə də iddiaçının alacağı mənəvi zərərin əvəzinin maddi qazanc əldə etmək və əsassız varlanmağa cəhd etmək kimi qiymətləndirilməsi də açıq-aşkar əsassız hesab edilir.

27. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-688/2024 saylı, 09 fevral 2024-cü il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin məbləği hissəsində dəyişdirilməli və mənəvi zərərin məbləği azaldılaraq 10.000 (on min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-688/2024 saylı, 09 fevral 2024-cü il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin məbləği hissəsində dəyişdirilsin və mənəvi zərərin əvəzi azaldılaraq 10.000 (on min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar