Məhkəmə qərarları › İş №2(103)-3359/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3359/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3359/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Sığorta (hazırda İpək Yolu Sığorta) ASC-nin nümyəndələri X11 və X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” QSC-nin nümyəndəsi X12 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(003)-1844/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X33 Servises” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000.000 manat məbləğində mənəvi zərərə görə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs X26 12 iyul 2009-cu il tarixdə Bakı şəhər Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən "X33 Servises” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mİ-8MTV1 tipli 4K-27038 nömrəli vertolyotunun kapitanı vəzifəsində vertolyotun hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin Xəzər dənizində yerləşən dərin dəniz özüllərinə sərnişinləri və yükləri verilmiş marşrut üzrə daşımaq barədə uçuş tapşırığının icrası ilə əlaqədar olaraq 1808 saylı reysdə yerli vaxtla saat 16:16-da göyərtəsində ikinci pilot X6, bort mexanik X20 və 3 nəfər sərnişin olmaqla "28 May” Neft və Qazçıxarma İdarəsinin Bakı şəhəri, Xəzər rayonu Günəşli yatağında yerləşən 4 saylı dərin dəniz özülünə cənubdan 350 dərəcə maqnit kursu istiqamətində enmə yerinə yetirərkən X18 Təşkilatının (İCAO) "Vertodromlar üzrə təlimatının” 1.4.5-ci bəndi. “Gəmilərdə və su üzərində qaldırılmış özüllərdə vertolyotların uçuşlarının təmin edilməsi vasitələrinin ümumi aviasiya tələblərinin" 3.24-cü maddəsi, “Mİ-8MTV vertolyotunun X15” 2.5.8.3, 4a. 12.3.1 -ci bəndləri və “Azərbaycan Aviasiya Qaydalarının" X1 dair 3.400-cü maddəsinə əsasən həmin vaxtı özüldəki uçuş meydançasının hüdudlarından aralıda işçi sahəsinin kənarından 20 metrə qədər məsafədə 1 metrdən yüksək maneələr olması qadağan edildiyinə görə uçuş təhlükəsizliyinin təmin edilməsi üçün yükqaldırıcı kranın uçuş meydançasının kominqsindənazı 11.6 metr məsafəyə çəkilməsini tələb etməli, meydançanın ətrafında nəzarət uçuşunu yerinə yetirməli, meydançanın ətrafında olan maneələrin vertolyotun təhlükəsiz ikinci dövrəyə getməsinə imkan verməsinə əmin olmalı, əks halda bunları etməyərək qeyd edilən normaların tətləblərini pozub özünə güvənərək nəzarət vərəqəsini və nəzarət uçuşunu icra etmədən vertolyotla 4 saylı özülün uçuş meydançasına təhlükəli enmə yerinə yetirmiş, həmin gün saat 16:18-də isə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) "Vertodromlar üzrə təlimatının” 1.4.5-ci bəndi. “Gəmilərdə və su üzərində qaldırılmış özüllərdə vertolyotların uçuşlarının təmin edilməsi vasitələrinin ümumi aviasiya tələblərinin” 3.24-cü maddəsi. "Mİ-8MTV vertolyotunun X15" 2.5.8.3-cü bəndi, “Uçuşların keçirilmə Təlimatının” (hissə “A") 7.1.13.5, 7.1.16.1 -ci maddələri. "Estekada üzləri ilə avtonəqliyyat, gəmi və vertolyotlarla adamların daşınmasına dair təhlükəsizlik qaydalarının“ 13.2.3. 13.10. 13.13-cü bəndləri, “Azərbaycan Aviasiya Qaydalarının" X1 dair 3.085-ci maddəsinin “a” bəndi, “e" bəndinin 1 və 6-cı yarımbəndlərinin tələblərinə əsasən özüldəki kranın kənara çəkilməsi, özü və ya bort mexanik tərəfindən vertolyotun göyərtəsində olan sərnişinlərə xilasetmə jiletindən istifadə, qəza zamanı vertolyotu tərk etmə çıxışları və özünü aparma haqqında təlimat keçirilməsi, sərnişinlərin təhlükəsizlik kəmərini bağlamaları və xilasedici jilet geyinmələri təmin edilmədən meydançadan uçmamalı olduğu halda bunu etmiş, havaya qalxarkən "Mu-8MTV" vertolyotunun uçuş istismarı “Təlimatının” bu tələblərini də pozaraq 30-40 dərəcə maqnit kursu üzrə hərəkət etmək məqsədi ilə meydançadan cəmi 1 metr yuxarıya qalxdıqda sağa 90 dərəcə dönmə əməliyyatı yerinə yetirmiş və saz vəziyyətdə olan vertolyotu geriyə idarə etməsi nəticəsində vertolyotun quyruq hissəsinin maneələr sektoruna daxil olaraq sükan vintinin pərlərini kranın trosları ilə toqquşmasına sükan vintinin qopmasına və kranın 2 trosunun qırılaraq oxunun özül meydançasına 48.462 manat məbləğində maddi ziyan vurmaqla düşməsinə, 477.466 manat dəyərində vertolyotun istiqamət üzrə idarəetməsinin itirilərək, sağ krenlə meydança səthinə çırpılıb Xəzər dənizində batmaqla tam dağılmasına, sərnişinlərdən Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz X25 və Qəza-Xilasetmə işləri idarəsinin dalğıcı X10 və “28 May” NQÇİ-nin 13 saylı dərin dəniz özülünə kranın təmirini yerinə yetirməyə gedən kran mütəxəssisi X4 ölümünə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin "28 May” Neft və Qazçıxarma İdarəsinin kompressor-maşinisti işləyən Aydın Talıbovun isə yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 dekabr 2010- cu il tarixli, 1(101)-1392/2010 saylı hökmünə əsasən X26 Azərbaycan Respublikası CM-in 262.3-cii maddəsi ilə təqsirli bilinmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 dekabr 2010- cu il tarixli 1(101)- 1392/2010 saylı hökmü qanuni qüvvəyə minmişdir. Hökm göstərilmişdir ki, X26 Azərbaycan Respublikası CM-in 262.3 maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə, cəzasl şəıti hesab edilərək üzərində 1 il sınaq müddəti məyən edilmişdir. Baş vermiş hadisə hökmdən də göründüyü kimi "X33 Servises” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşının təqsiri ucbatlndan baş vermişdir. Həmçinin yüksək təhlükə mənbəyinin sahibinin “X33 Servises” Məhdud Məsuliyyətli Cəmiyyətinin olması iş materiallarından açıq-aşkar görünür. Hal-hazıra kimi atasının vəfat etməsilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə-hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş hökmlə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində atasının ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum atasının ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq mənə, dəymiş 5.000.000 manat məbləğində mənəvi zərər cavabdeh “X33 Servises” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona ödənilməlidir. İşin hallarına əsasən cavabdehin hüquqazidd hərəkəti nəticəsində onun fiziki mənəvi əzab çəkməsi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində atasının faciəvi şəkildə ölməsi onu çox sarsıtdı. Hər bir insanın özünə əziz sayılan ailə üzvləri var. Yalnız bu halda onun hər gün təkrar-təkrar eyni fikirin təsirindən hansı iztirablara, sarsıntılara, depresiyalara, əzablara məruz qaldığı anlanılar. Bu səbəbdən o, keşiridiyi və hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbləri baxımından da buna hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mənəvi zərərin əvəzi olaraq 5.000.000 manat məbləğində pul cavabdeh “X33 Servises” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona ödənilməsi ədalətli olar. Hesab etmişdir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdeh hüquqi şəxs olmaqla yüksək təhlükə mənbəyi sayılan nəqliyyat vasitəsilə -helikopterlə sərnişin daşınması və təşkili ilə məşğul olarkən işlərinə məsuliyyətlə yanaşmamalarını, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni ölümlə nəticələnməsini, onun keçirdiyi mənəvi iztirabların ağır və davamlılığını nəzərə almalıdır. Keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da, unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkəcəklər. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-dən 5 000 000 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(003)- 1844/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, münasibətlər sığorta ödənişləri ilə bağlı münasibətlər olmuşdur. Bağlanmış barışıq sazişi iddiaçını müəyyən hüququlardan məhrum etmişdir. Barışıq sazişi bağlandığı andan etibarsız əqd olmuşdur. Ona görə də hər hansı hüquqi nəticə yarada bilməz. İddiaçının hazırki iddia tələbi mənəvi ziyan tələbidir və mənəvi ziyan tələbinə iddia müddəti təbiq olunur. İddiçının nə sığort şirkətinə, nə də “xxxx” QSC-yə qarşı hər hansı tələbi yoxdur. İddiaçının iddia tələbi “X33 Servises” MMC-yə qarşı yönəlmişdir. Belə ki, məhz MMC-nin işçisinin təqsiri nəticəsində qəza baş vermiş və iddiaçının həyat yoldaşı həyatını itirmişdir. Verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən də görünür ki, “xxxx Sığorta” ASC tərəfindən verilmiş 25000 ABŞ dolları məbləğində ödəniş sığorta ödənişindən ibarət olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, dəmiryolu və hava nəqliyyatında zərərin vurulması ilə bağlı sığorta ödənişinin verilməsinə dair təlimat mövcuddur. Təlimatın 3.1-ci bəndinə görə həmin vaxt yəni 2009-cu ildə nəqliyyatda baş vermiş hadisə zamanı ölüm halı qeydə alınarsa, ölən şəxsin hüquqi varisinə ödəniş məbləği əmək haqqının 100 misli miqdarında müəyyən edilmişdir. Həmin vaxt minimum əmək haqqı 75 manat təşkil edirdi və 100 misli 7500 manat təşkil etmişdir. İddiaçıya ona veriləcək məbləğdən iki dəfə çox məbləğ verilmişdir. İdiaçı tərəf məhkəməyə qətnamə təqdim edib, qanuni qüvvəyə minmiş həmin qətnamədə məhz ödənilən məbləğin kompensasiya məbləği olması tanınmışdır. Sığorta fəaliyyəti haqqında qanuna görə sığorta ödənişi və maliyyə kompensasiyası eyni məfhumdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Sığorta (hazırda İpək Yolu Sığorta) ASC-nin nümyəndələri X11 və X7 izahat verərək bildirdilər ki, sığorta hadisəsi baş verdiyi üçün şirkət tərəfindən “xxxx” QSC-yə sığorta ödənişi edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” QSC-nin nümyəndəsi X21 izahat verərək bildirdi ki, iş materiallarında hər şey təfsilatı ilə göstərilmişdir. Hadisə baş verib və biz hava gəmisinin sahibi kimi öz məsuliyyətimizi sığorta pulu ilə təmin etmişik. Əlavə olaraq bildirdi ki, ödənilən məbləğ sığorta məbləği olmuşdur. Ödənişi sığorta bizim şirkətə ödəyib, biz də tərəfə ödəmişik. Helikopterə görə sığorta ödənişi 25000 dollar olmuşdur. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(003)-1844/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1977-ci il tarixdə doğulmuşdur. Onun atası X9, anası X3. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12.07.2009-cu il tarixdə Bakı şəhərində suda boğulma səbəbindən ölmüşdür. İş materiallarında olan Ağır Cinayətlərə dai İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 27.12.2010-cu il tarixli 1(101)-1392/2010 saylı hökmünün surətindən görünür ki, X26 12 iyul 2009-cu il tarixdə Bakı şəhər Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən "X33 Servises” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mİ-8MTV1 tipli 4K-27038 nömrəli vertolyotunun kapitanı vəzifəsində vertolyotun hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin Xəzər dənizində yerləşən dərin dəniz özüllərinə sərnişinləri və yükləri verilmiş marşrut üzrə daşımaq barədə uçuş tapşırığının icrası ilə əlaqədar olaraq 1808 saylı reysdə yerli vaxtla saat 16:16-da göyərtəsində ikinci pilot X6, bort mexanik X20 və 3 nəfər sərnişin olmaqla "28 May” Neft və Qazçıxarma İdarəsinin Bakı şəhəri, Xəzər rayonu Günəşli yatağında yerləşən 4 saylı dərin dəniz özülünə cənubdan 350 dərəcə maqnit kursu istiqamətində enmə yerinə yetirərkən X4 ölümünə səbəb olmuş, X23 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “xxxx” QSC-nin adından X14, vərəsələr adından İddiaçı, şahid X16 arasında bağlanmış barışıq razılaşmasının təsdiq edilmiş surətindən görünür ki, vərəsə və digər vərəsənin səlahiyyətli nümayəndəsi kimi 25 000 ABŞ dolları məbləğində ekvivalent olan və bu razılaşmanı imzaladığı tarixdə Azərbaycan Respublikası Milli Bankının rəsmi mübadilə məzənnəsinə əsasən Azərbaycan manatına konvertasiya edilərək kompensasiya İddiaçı ödənilir. -Razılaşmaya əsasən Vərəsələr Ümumi məbləği (aşağıda müəyyən edildiyi kimi) qəbul etməyə və xxxx Ümumi məbləğin ödənilməsini təmin etməyə razılaşırlar.Aşağıdakı 2-ci bəndin müddəalarını nəzərə almaq şərtilə, Vərəsələr razılaşırlar ki, bu Ümumi Məbləğ Azərbaycan Respublikasının müvafiq qnunvericiliyinə əsasən Bədbəxt Hadisə ilə bağlı Vərəsələrə vurulan hər hansı maddi və ya mənəvi zərərin və ya itkilərin, o cümlədən, heç bir məhdudiyyət olmadan, hər hansı faizin və xərclərin (qanunvericilik, müqavilə və digər əsasla) əvəzinin ödənilməsi kimi tam və yekun məbləğ şəklində ödənilir. -Ödənilən ümumi məbləğin alınması əvəzində vərəsələr xxxx-ı tam və birdəfəlik olaraq a) bədbəxt hadisədən b) X4 həlak olmasından və c) bədbəxt hadisə nəticəsində X4 şəxsi əmlakının itirilməsindən və onlara ziyanın vurulmasından irəli gələn bu hadisələrdən nəticələnən və ya onlarla bağlı xxxxA-a qarşı hal-hazırda olan və ya gələcəkdə yarana biləcək hər hansı iddialardan və tələblərdən, o cümlədən hal-hazırda vərəsələrə məlum olan və olmayan tələblərdən birmənalı olaraq azad edir. -Əgər Vərəsələr və ya onların adından və ya onların xeyrinə hərəkət edən hər hansı şəxs və ya qurum tərəfindən xxxx-a qarşı X4 həlak olması ilə əlaqədar vurulmuş hər hansı ziyana və ya zərərə görə( o cümlədən,mənəvi zərərə görə) hər hansı iddia və ya tələb irəli sürülərsə, məhkəmə işi və ya digər icraat başlanarsa, Vərəsələr bununla razılaşırlar ki, hər hansı belə iddiadan, tələbdən və ya məhkəmə qərarından irəli gələcək xərclər, o cümlədən bununla bağlı təhqiqat, hüquqi yardım və digər ağlabatan xərclər Vərəsələr tərəfindən xxxx-a tam şəkildə ödəniləcək. -Bu Razılaşmanın məqsədləri üçün xxxx onun hüquq varislərini, həvalə edilən şəxslərini, əlaqəli şirkətlərini (o cümlədən, lakin bununla məhdudlaşmadan, “X29 Services” MMC-ni), və ya hüquqi şəxslərini afilə olunmuş şəxslərini və ya törəmə cəmiyyətlərini, ortaqlarını, birgə müəssisələrini, podratçılarını, subpodratçılarını, ayrı-ayrılıqda və ya birlikdə, həmçinin bütün onların sığortaçılarını, təkrar sığortaçılarını, qanuni nümayəndələrini, sığorta üzrə dəymiş ziyanın qiymətləndiricilərini və onların direktorlarını, vəzifəli şəxslərini, işçilərini, agentlərini və ya hər hansı digər əlaqəli tərəfi nəzərdə tutur. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanılmış barışıq razılaşmasına əsasən hazırki iş üzrə iddiaçıya vurulmuş ziyanla bağlı 25 000 ABŞ dolları miqdarında kompensasiya ödənilmişdir. Beləliklə, həmin ödənilən məbləğ ümumilikdə həmin hadisə nəticəsində yaranmış zərəri də özündə ehtiva etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi hissəsinə münasibətdə haqlı olaraq hesab etmişdir ki, hazıki tələbə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya delikt nəticəsində maddi zərər vurulması halı öz təsdiqini tapmamış, iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş, həmin hal iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələri ilə də öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətlərində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(003)-1844/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(003)- 1844/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar