Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3362/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4663/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məhkəmə qətnaməsilə təyin edilmiş hər ay bir uşağa görə 110 (bir yüz on) manat sabit pul məbləğində və 50 (əlli) manat müalicə xərcləri olmaqla, cəmi 160 (bir yüz altmış) manat məbləğində alimentin artırılaraq hər ay cavabdehin hər cür aylıq qazancından, gəlirindən 250 (iki yüz əlli) manat sabit pul məbləğində və 100 (bir yüz) manat müalicə xərcləri olmaqla, cəmi 350 (üç yüz əlli) manat aliment tutularaq uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatanadək ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh ilə 2011-ci ilin noyabr avında el adəti ilə toy edib ailə həyatı qurmuşdur. Cavabdehlə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdehlə bir müddət birlikdə yaşayaraq birgə təsərrüfat idarə etmişlər. Lakin 2013-cü ildən başlayaraq cavabdehlə ailə münasibətləri pozulmuşdur. O vaxtdan etibarən oğlu X4 ilə birlikdə valideynlərinin evində yaşayırlar. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2014cü il tarixli 2(005)-4643/2014 nömrəli qətnaməsi ilə övladı X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 110 (bir yüz on) manat sabit pul məbləğində və 50 (əlli) manat müalicə xərcləri olmaqla, cəmi 160 (bir yüz altmış) manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməklə kifayətlənərək özünü valideynlik borcunu yerinə yetirmiş hesab edir. Cavabdeh nəzərə almır ki, uşağa verdiyi 160 (bir yüz altmış) manat (110 (bir yüz on) manat sabit pul məbləğində və 50 (əlli) manat müalicə xərcləri olmaqla) aliment onun bütün tələbatını ödəmək üçün yetərli deyildir. Övladı X1 rayonu 15 saylı Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatdadır və serebral iflic diaqnozu ilə müalicə alır. 2014-cü il ilə 2019-cu ili müqayisə etdikdə, əlbəttə, o günə nisbətdə bu gün hər şeyin qiyməti daha bahadır. Məhz, təsadüfi deyil ki, 2014-cü il üçün yaşayış minimumu uşaqlar üçün 103 manat məbləğində müəyyən edilsə də, 2019-cu il üçiin yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Hələ üstəlik bu uşağın xəstə olmağını da nəzərə alınsa, aylıq xərci 300 manatdan çox çıxır. Bu günkü gündə valideynlərinin dəstəyi ilə bu məsrəflərin bir qismini ödəyir. Cavabdeh ticarətlə məşğul olur. Kifayət qədər yüksək gəliri var. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4663/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4643/2014 saylı, xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx xxxxxxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq, hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment və 100 manat müalicə xərcləri olmaqla, cəmi 260 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ondan iddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat aliment və 25 manat müalicə xərclərinin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə qeyd etmişdir ki, cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Bununla belə, məhkəmə, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nədənsə nəzərə almamış, tərəflərin hazırda işləyib-işləməməsini, maddi imkanlarını araşdırmamışdır. Cavabdeh hesab edir ki, məhkəmə 2020-ci il üçün uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşağın həmin məbləğdən az olmayan maddi təminat almaq hüququnu qeyd edərkən, tərəflərin hər ikisinin əmək fəaliyyəti ilə məşğul olub-olmadığını araşdırmalı idi, habelə cavabdehin başqa nikahdan olan 2 uşağının da mənafelərini nəzərə almalı idi. Bundan başqa, əlavə xərclərə cəlb edilərək, hər ay 100 manat miqdarında ondan əlavə pulun tutulmasını qət etmiş, lakin həmin məbləğin hansı meyarla, nəyə əsasən tutulduğunu əsaslandırmamışdır. Cavabdeh məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, uşağın xəstəliyi ilə əlaqədar o, hər ay mütəmadi həkim nəzarətində olmalı deyil, sadəcə olaraq 2-3 aydan bir həkimnevropotoloqun müayinəsindən keçir.Göstərilənlərə əsasən, hesab edir ki, məhkəmə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4663/2020 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat aliment və 25 manat müalicə xərclərinin tutulması barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram göndərərək, onun iştirakı olmadan işsizliyi nəzərə alınaraq, alimentin minimal hesablanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin alimentin miqdarının artırılmasının qismən və əlavə xərclə bağlı tam təmin edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər birgə nikahda olmuş, onların həmin nikahdan bir övladları dünyaya gəlmiş, tərəflərin ailə münasibətləri baş tutmadığından aralarındakı nikah pozulmuş, uşaq ananın yanında saxlanılmış, uşaq “Serebral iflici” diaqnozlu xəstəliyindən əzab çəkir, uşağın saxlanılması üçün aliment və əlavə xərc tutulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2014-cü il tarixli, 2(005)-4643/2014 saylı qətnaməsinə əsasən X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 110 (bir yüz on) manat sabit pul məbləğində və 50 (əlli) manat müalicə xərcləri olmaqla, cəmi 160 (bir yüz altmış) manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehin hazırda daimi iş yeri olmadığından, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin və 100 manat müalicə xərclərinin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına, uşağın xəstəliyinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2014-cü il tarixli, 2(005)-4643/2014 saylı qətnaməsi ilə aliment tutulması müəyyənləşdirərkən, həmin dövrün həyat standartları əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2019-cu il üçün 160 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Göründüyü kimi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2014-cü il tarixli, 2(005)-4643/2014 saylı qətnaməsi ilə cavabdehdən alimentin tutulması müəyyən olunandan sonra, alimentin miqdarı artırılmamışdır. 2014-cü ildən hal-hazıra kimi həyat şəraiti dəyişməklə, yaşayış minimumda hər il artımlar baş vermişdir. Göründüyü kimi, cavabdehin hazırki maddi vəziyyəti onun öz övladına baxmasından, onun maddi və mənəvi ehtiyaclarının qarşılamasından azad etmir. Kollegiya qeyd edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 2019-cu ilə görə 160 manat müəyyən olunduğu halda, məhkəmə qətnaməsi ilə uşağa görə sabit pul məbləğində 110 manat alimentin tutulması hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir və bu uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq alimentin miqdarını artıraraq, hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə uşağın daimi həkim nəzarəti və müalicə tələb edən “Serebral iflici” diaqnozlu xəstəliyini nəzərə alaraq, müalicə xərcini 100 manat məbləində artırmaqla düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Kollegiya apellyatorun başqa nikahdan olan uşaqlarına görə alimentin azaldılması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan hal cavabdehi hazırki iş üzrə uşağın saxlanılması vəzifəsindən azad etməməklə, uşağın minimum dolanışıq xərcindən az olmayan aliment almaq hüququndan məhrum edə bilməz. Bundan əlavə cavabdeh alimentin miqdarının azaldılması ilə bağlı tələb irəli sürməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4663/2019 saylı qətnaməsi mübahisələndirilən hisədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3362/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3362/2021
24.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver