Məhkəmə qərarları › İş №2(103)-3365/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3365/2023

09.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3365/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:(“pul”) hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı2, iddiaçıların nümayəndəsi vəkil Nümayəndə2, İddiaçı2 nümayəndəsi X14, cavabdeh və cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 Şabxan oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6655/2022 saylı işi üzrə 15 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 (dəqiqləşdirilmiş tələblə) iddia ərizəsi verərək, Sabunçu rayonu, Vişnyovka 493 saylı bağ evinin iddiaçılara məxsus hissəsində yerləşən evin tikinti təmir xəclərinə sərf olunmuş 50 min manatın, iş üzrə ödənilmiş dövlət rüsumunun və 210 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdilər.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6655/2022 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş məhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13; Mülki Məcəllənin 152.1, 180.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçılar özbaşına tikilinin onlar tərəfindən inşa edildiyini sübut edə bilməmişdilər, iddiaçılar ümumiyyətlə, həmin tikiliyə görə cavabdehdən hər-hansı bir pul məbləği tələb edə bilməzlər, həmin tikili cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edildiyindən cavabdehin mülkiyyət hüquqlarını pozur.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 493 ünvanında yerləşən 0,25 hektar torpaq sahəsi və iki otaqlı bağ evi iddiaçıların ataları, cavabdehin babası X8 icarə müqaviləsi əsasında istifadəsində olmuşdur; - X12 xx.xx.1989-cu ildə ölmüşdür (İİİ-JQ № 473823 ölüm haqqında şəhadətnamə); - 2002-ci ildə X8 varislərinin razılığı əsasında mübahisəli torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixli, 2168 №-li "Bağın icarəyə verilməsi haqqında” müqavilə əsasında iddiaçıların qardaşı, cavabdehin atası X2 adına rəsmiləşdirilmişdir; - X9 öləndən sonra mübahisəli torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçmişidir; - Sonuncu xx.xx.2014-cü il tarixdə mübahisəli torpaq sahəsinə ******* №-li Çıxarış, xx.xx.2021 -ci il tarixdə isə həm mübahisəli torpaq sahəsinə, həm onun üzərində yerləşən 117 kv metr sahəsi olan evə vahid Çıxarış almışdır (qeydiyyat nömrəsi **********) ( iş səh. 8-12, 52). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçılar apellyasiya şikayəti verərək xx.xx.2022-ci il tarixli, 2(008)-6655/2022 saylı Sabunçu rayon Məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Şikayətdə Azərbaycan Mülki Məcəlləsinin 152.1, 157.8, 158.2; Mülki Prosessual Məcəllənin 14.2, 77 97.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, aşağıdakı əsaslara görə qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir,ilk öncə, birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, özbaşına tikilinin iddiaçılar tərəfindən tikilməsinə dair sübut təqdim edə bilməmişlər.Cavab olaraq bildirirlər ki, o, məhkəmə gedişatında sübut edilməsi üçün şahidlərin dəvət olunmasını xahiş etsə də, məhkəmə buna şərait yaratmamış və sübutetmə müdafiəsinin qarşısını almışdır. Bundan əlavə olaraq bildirirlər ki, cavabdeh özü qarşılıqlı iddia ilə müraciət edərək qanunsuz tikilinin iddiaçılar tərəfindən sökülməsini tələb etməsi (məhkəmə geri qaytarmışdır), cavabdehin yazılı etirazında olan son cümləsi (Hal-hazırda mülkiyyətində olan 493 saylı bağ sahəsinin zəbt edilmiş hissəsində İddiaçı2, X10, X14 və İddiaçı1 yaşayırlar və onlar mülkiyyətində olan torpaq sahəsində özbaşına apardıqları tikinti işlərinə görə ondan əsassız olaraq vəsait tələb edirlər.) əsaslı sübut edir ki, mübahisəli tikilmiş yaşayış evini iddiaçılar tikmişlər. Daha sonra məhkəmə özü yerli baxış keçirərək işə ədalətli qərar çıxaracağını bildirsə də, baxış keçirməmişdir. Məhkəmə zamanı tikilinin qiymətinin dəyərinin dəqiqləşdirilməsi üçün məhkəmədə məhkəmə tiknti-texniki ekspertizanın təyin edilməsi barədə şifahi vəsatət versələr də, məhkəmə buna münasibət bildirmədən protokola qeyd etmədən üzərindən keçmişdir. Məhkəmə zamanıda həm iddiaçıların izahatından həmdə cavabdehin etirazından da müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi və sonradan tikilmiş yaşayış sahəsində iddiaçılar 1989-cu ildən maneəsiz olaraq yaşayırlar daimi də sahibliyində və istifadəsində olmuşdur. Mülkiyyətçi isə mülkiyyət hüququnu 2021-ci ildə əldə etmişdir. Mübahisəli torpaq və yaşayış sahəsinin 1989-cu ildən maneəsiz olaraq iddiaçıların yaşayış yeri olması daimi də sahibliyində və istifadəsində olması cavabdehin etirazıda iddiaçıların tikinti tikməsini etiraf etməsi məhkəmənin gəldiyi nəticəyə zidd olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsində tikilmiş tikilinin üzərində iddiaçıların yaşayış sahəsi tikməsi cavabdehin həmin torpaq sahəsinə mülkiyyəti təsdiq edən sənədi aldığı tarixdən dəfələrlə əvvələ düşür. Belə olan halda cavabdeh iddiaçıları torpaq sahəsindən və yaşayış sahəsində çıxarılsa, onların əmlaka sahiblik hüquqları pozulacaq və nəticədə onlar tikilinin dəyəri qədər ziyana gedəcək, yaşayış hüququndan məhrum olacaqlar. Cavabdeh isə bundan yararlanan faydalanan şəxs olacaqdır. Bu səbəbdən də tələb olunan pulu faydalanan şəxs olan cavabdeh iddiaçılara ödənilməlidir. Cavabdehin özüdə 2021-ci ilə kimi torpaq sahəsinin iddiaçıların istifadəsində olan hissəsinin və üzərində tikilmiş hissəsnin iddiaçılara məxsus olduğunu qəbul edərək hətta faktiki olaraq ayrılaraq hasarlanmış səhədə kim harda yaşayırsa ona münasibətdə özünə aid hissəyə çıxarış verilməsini DƏDRX-dən istəsə də, imtina edilmişdir. Əgər torpaq sahəsi onun idisə vaxtında elə tam da istəyərdi? Məhkəmə qətnaməsində sübutların yoxlanılması, araşdırılması və qiymətləndirməsi hissəsində MPM-nin 14.2, 77-ci maddələrini qeyd etsə də, prosessual pozuntuya yol vermiş, işi araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Məhkəməni qısa şəkildə keçərək sübutlarının təqdim edilməsinə şərait yaratmadan tez bir zamanda da ədalətsiz və qanunsuz qətnamə çıxarmışdır.

5. Cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 Şabxan oğlu apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçıların apellyasiya şikayəti tamamilə əsassızdır.Belə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(008)-1494/2020 saylı qətnaməsi ilə hazırki iş üzrə iddiaçı olan İddiaçı2 iddiasını təmin edərək Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq (Vişnyovka ) qəsəbəsi, Bağ evi 493 ünvanında yerləşən bağ sahəsinin 1250 kv.m- lik hissəsinin İddiaçı2 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsini və Cavabdeh Rəcəbli oğlunun adına verilmiş Bakı şəhəri, Albalılıq (Vişnyovka ) qəsəbəsi, Bağ evi 493 ünvanına dair Çıxarışın ləğv edilməsini qət etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(103)- 1992/2021 saylı qətnaməsi ilə Cavabdeh Rəcəbli oğlu tərəfindən verilmiş apellyasiya şikayətini təmin edərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 1494/2020 saylı qətnaməsini ləğv etmiş, İddiaçı2 iddiasını rədd etmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli, 2(102)-4249/2021 saylı qərarı ilə İddiaçı2 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 1992/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayətini təmin etməyərək qətnaməni dəyişdirilmədən saxlamışdır. Qətnamə qanuni qüvvəsini alandan sonra Cavabdeh Rəcəbli oğlu “Cavabdehlərin öz vəsaitləri hesabına əşyaları ilə birlikdə mülkiyyətimdə olan torpaq və yaşayış sahəsindən məcburi çıxarılması tələbinə dair ” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Nilufər Cəfərli 2(008)- 5075/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin mülki iş üzrə icraatı, 2(008)-6655/2022 saylı mülki iş üzrə yekun qərar çıxarılanadək dayandırmışdır. Birmənalı olaraq bildirir ki, iddiaçıların apellyasiya şikayətində bildirdikləri fikirlərin əsassız olduğu əvvəlki məhkəmə baxışlarında sübuta yetirilmişdir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 493 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi və iki otaqlı bağ evi X8 icarə müqaviləsi əsasında istifadəsində olmuşdur. X12 29 yanvar 1989-cu ildə vəfat edəndən sonra, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsində yerləşən 38 saylı evin heç bir şəraiti olmayan zirzəmisində ailəsi ilə birgə yaşayan X9 1990-cı ilin iyun ayında 493 saylı bağ evini abadlaşdıraraq ailəlikcə ora köçmüşdür və ömrünün sonuna kimi bağ evində yaşamışdır. 1991-ci ildə X9 0.25 hektar torpaq sahəsində, hazırda ailəsinin yaşadığı ikinci evi tikərək ora köçmüş, atasından qalma və özünün abadlaşdırdığı bağ evini yayda bağa dincəlməyə gələn digər ailə üzvlərinin istifadəsinə vermişdir. Yeni ailə quran İddiaçı2 1991-ci ilin yayından 493 saylı bağ evində yaşamağa başlamışdır. 2002-ci il tarixində qarşılıqlı razılaşmaya əsasən X9 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu və atasından miras qalmış Yasamal rayonu, M.A.Əliyev küçəsində yerləşən 38 saylı evdən varislərin xeyrinə imtina edib, varislər isə bağ sahəsinə aid öz paylarından imtina edərək həmin vaxt heç bir dəyəri olmayan 0.25 hektar torpaq sahəsinə dair icarə müqaviləsinin X2 adına bağlanmasına notarial qaydada yazılı razılıq veriblər. Nəticədə, Kərimov X7 rayonu, Albalılıq (Vişnyovka) qəsəbəsi, 0.25 hektar torpaq sahəsi olan 493 saylı bağ sahəsinə dair X5 və İstismarı Birliyi ilə 30 dekabr 2002-ci il tarixli, 2168 saylı “Bağın icarəyə verilməsi haqqında” yeni icarə müqaviləsi imzalayıb. Kərimov X1 qardaşı İddiaçı2 miras əmlak olan M.A.Əliyev küçəsində yerləşən 38 saylı evin söküntüsündən alacağı vəsait hesabına özünə yaşayış sahəsi alana kimi müvəqqəti olaraq ailəsi ilə birlikdə 493 saylı bağ sahəsində yaşamasına razılıq verib. X9 2013-cü ildə vəfat edəndən sonra 2500 kv.m. torpaq sahəsi olan 493 saylı bağ evi Cavabdeh Rəcəbli oğlunun mülkiyyətinə keçmişdir. X2 şifahi olaraq zamanında verdiyi sözə rəğmən 2018-ci ildə M.A.Əliyev küçəsində yerləşən 38 saylı evin söküntüsü ilə bağlı Cavabdeh Rəcəbli oğlu, anası, bacısı və bacısının yetkinlik yaşına çatmış övladları, hazırki cavabdehlərin də olduğu varislərin xeyrinə miras əmlakdan imtina etmələrnə dair notariusda razılıq ərizəsi yazıblar. 2018-ci ildə M.A.Əliyev küçəsində yerləşən 38 saylı evin söküntüsündən özünə çatan payı alan İddiaçı2 və digərləri faktiki yaşadıqları yaşayış və torpaq sahəsini müəyyən ödəniş müqabilində Cavabdeh Rəcəbli oğlundan almaq istədilər, lakin daha sonra ödəniş etməkdən imtina etdiklərinə görə alqı-satqı müqaviləsi baş tumamışdır. İddiaçı1 məhz 2018-ci ildən, M.A.Əliyev küçəsində yerləşən 38 saylı evin söküntüsündən özünə çatan payı alandan sonra daimi olaraq bağ evində yaşamağa başlamışdır. Ödəniş etməkdən imtina edən qarşı tərəf 2018-ci ildən etibarən əllərində kifayət qədər vəsait olduğu halda özlərinə yaşayış sahəsi almaq əvəzinə qanunsuz olaraq cavabdehdən icazəsiz, onun etirazına məhəl qoymadan, həmçinin, onu mülkiyyətində olan torpaq sahəsinə buraxmadan orda özbaşına təmir-tikinti işləri aparmağa başlayıblar, yardımçı tikililər tikiblər, küçə tərəfdən dəmir hasarı söküb daşla hasarlayaraq giriş-çıxış qapısı qoyublar.Bu tikinti işlərinə 50000 manat vəsait xərclədiklərini iddia edən qarşı tərəf həmin pulla yaxın ərazidə 0.12 hektar torpaq sahəsi ilə birlikdə hər bir şəraiti olan 4-5 otaqlı bir bağ evi ala biləcəyi təqdirdə nə üçün cavabdehin mülkiyyətində olan bağ sahəsinə vəsait xərcləyib? Bir daha qeyd edir ki, 0.25 hektar torpaq sahəsi hasarla iki hissəyə ayrılmır, həmin torpaq sahəsinin bir hissəsində sıra ilə, gələcəyi nəzərə alaraq məqsədli şəkildə X9 tərəfindən tikilmiş ev və yardımçı tikililər təbii hasar görüntüsü yaradır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsündə bu fakt açıq-aydın öz əksini tapır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsində və məhkəmə qərarında, habelə, iş materiallarında olan digər sənədlərdə bu hallar tam sübuta yetirilib. 30 dekabr 2002-ci il tarixli, 2168 saylı “Bağın icarəyə verilməsi haqqında” icarə müqaviləsinə əsasən X2 faktiki sahibliyində, 2013-cü ildən isə Cavabdeh Rəcəbli oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq (Vişnyovka ) qəsəbəsi, Bağ evi 493 ünvanında yerləşən bağ sahəsinin 1250 kv.m-lik hissəsində yerləşən bağ evində mülkiyyətçiyə heç bir ödəniş etmədən ailə üzvləri X10 və X14 ilə birlikdə yaşayan iddiaçılar, İddiaçı2 və İddiaçı1 həmin torpaq sahəsində özbaşına apardıqları tikinti işlərinə görə cavabdehdən əsassız olaraq vəsait tələb etmələri qanunsuzdur. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayəti təmin edilməməsini xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixili qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 493 nömrəli bağ sahəsinə dair mülkiyyətin hüquqi vəziyyəti və mövcud tikililərə dair qeydiyyatları müəyyən edən texniki sənədlər sorğu edilməklə, mübahisə edilən halların müəyyən edilməsi üçün 2(103)- 3365/2023 saylı mülki iş üzrə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 avqust 2023-cü il tarixili rəyinə əsasən: rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 493 nömrəli bağ sahəsində iddiaçıların istifadəsində olan hissədə mövcud olan tikililər üzrə aparılmış təmir və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 15272 manat məbləğində olduğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixili məktubda qeyd edilmişdir ki, müraciətdə qeyd edilən məsələ idarənin səlahiyyətləri xaricindədir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ******* nömrəli RX seriyalı çıxarışa əsasən 0.25 ha sahəli Bakı şəhəri, Sabunçu rayonu, Vişnynovka bağ sahəsi. 493 saylı bağ sahəsi xüsusi mülkiyyət növü kimi tam payla X3 məxsusdur; - 30 dekabr 2002-ci il tarixində “Birlik” adlandırılan X5 və istismarı birliyinin direktoru Allahverdiyev T .T və X25 oğlu Qurban oğlu arasında bağın icarəyə verilməsi haqqında 2168 nömrəli müqavilə bağlanmışdır; - ******* nömrəli RX seriyalı çıxarışa əsasən 0.25 ha sahəli Bakı şəhəri, Sabunçu rayonu, Vişnynovka bağ sahəsi. 493 saylı bağ sahəsi xüsusi mülkiyyət növü kimi tam payla Cavabdeh Rəcəbli oğluna məxsusdur;- 18 sentyabr 2014-cü il tarixli Miras payın bağışlaması haqqında müqaviləyə əsasən X11, X4 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş, 511 nömrəli reyestr kitabının 49350ci vərəqində qeydiyyata alınmış, **********64 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən mərhuma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 493 saylı bağ sahəsinin 0.25ha torpaq sahəsindən torpaq sahəsinə dair Bakı şəhəri, 12 saylı notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixli, 2V-1-258 reyestr qeydiyyatlı qanun üzrə vərəsəlk hüququ haqqında şəhadətnamə əsasında verilmiş miras payını Cavabdeh Rəcəbli oğluna bağışlamışdır.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi vəkil Nümayəndə2 mübahisəli evdə iddiaçının ailəsi ilə birgə 30 ildən çoxdur yaşadığını, hər iki tərəfin evinin, qapısının, yollarının ayrı olduğunu, ayrı-ayrı kommunal ödənişlər etdiklərini qeyd etmiş, ekspert rəyində müəyyən edilən məbləğin yenidən ev tikmək üçün kifayət etmədiyi halda belə, cavabdeh tərəfindən həmin məbləğ onlara ödənilərsə evdən çıxmağa razı olduqlarını bildirmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi X14 ekspert rəyi ilə müəyyən edilən məbləğin onlara verilməsi şərtilə evdən çıxmağa hazır olduqlarını qeyd etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 Şabxan oğlu məhkəmə çıxışı təqdim etmişdir. Etirazla eyniməzmunlu çıxışda əlavə olaraq Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, 60; Mülki Məcəlləsinin 6.1.4, 18, 152.1, 157.2, 180.1, 180.2, 180.3; Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən 0,25 hektar toıpaq sahəsi olan 493 nömrəli bağ sahəsinə dair mülkiyyətin hüquqi vəziyyəti və mövcud tikililərə dair qeydiyyatları müəyyən edən texniki sənədlər sorğu edilməklə, mübahisə edilən halların müəyyən edilməsi üçün 2(103)-3365/2023 saylı mülki iş üzrə təyin edilən tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası barədə ekspert rəyində tədqiq olunan obyektin ümumi dəyəri 15272 manat müəyyən olunmuşdur. Çox təəssüf ki, iddiaçı tərəf müəyyən edilmiş ümumi dəyəri məhkəmə tərəfindən onlara təmir-tikinti işlərinə görə təyin edilə biləcək məbləğ kimi başa düşür. Daha çox təəssüf doğuran hal odur ki, Cavabdeh Rəcəbli oğlunun iddiaçılara etmək istədiyi güzəşti qarşı tərəf dəyərləndirmədi. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayəti təmin edilməməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tikiliyə çəkilmiş xərclərin maksimum 2000-3000 manat olduğu, qarşı tərəfə evdən çıxmaları müqabilində 3000 manat kompensasiya verməyə və yaxud kompensasiya verilmədən iddiaçıların ömürlərinin sonuna qədər həmin evdə yaşamalarına razı olduğunu bildirmişdir.

13. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə əsasən : 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə . Azərbaycan Respublikası Konstitusiyasının 13. İ, 2 4 . İİİ, 29, 7 1 . İİ, 8 0 ; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.6; Mülki Məcəllənin 146, 152-164; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 88, 106, 217.4, 385-390-cı maddələrinə; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokoluna istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, hazırda təklif edilən kompensasiya üzrə tərəflər arasında mübahisənin həllinə yönəlik mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti qismən təmin edilməli, göstərilən faktiki istinadlar və təklif edilən kompensasiya məbləği iddiaçıların bağ sahəsindən maneəsiz istifadə etməsi və yaxşılaşdırmalar aparması, habelə cavabdehin iddiaçılara qarşı bağ sahəsindən çıxarılması barədə iddiası nəzərə alınmalıdır.

17. Kollegiya hesab edir ki, kompensasiya tələbin irəli sürülməsindən öncə onun ədalətliliyi barədə tərəflər arasında mövcud ola bilən münasibətlər bütün mülki hüquqi ləvazimatlar barədə əhatəli təsəvvürlərin yarandığı tərzdə, müqavilə münasibətlərinə daxil olmaq imkanlarını istisna edən mötəbər və təkzibedilməz sübutlar əsasında mümkün ola bilər. Kollegiya Mülki Məcəllənin 560-cı maddəsində təsbit edilmiş əsaslara istinadən hesab edir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin məcəllənin digər 157.5-157.8-ci maddələrinə əsasən: Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

18. Qeyd edilənlərdən əlavə olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən diqqətə çatdırılmalıdır ki, torpaq istifadəçilərinin və icarəçilərinin torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq hüquqları vardır.

19. İş üzrə apellyasiya baxışında tərəflərə mübahisənin barışıq yolu ilə həll edilməsi üçün kifayət qədər imkan yaradılaraq məhkəmə kollegiyasının iclası bir neçə dəfə təxirə salınsa da, mübahisənin danışıqlar yolu ilə nizama salınması mümkün olmamışdır. Bununla belə, müzakirələr zamanı mübahisəsiz hal kimi müəyyən edilmişdir ki, cavabdehin atası Kərimov X1 qardaşı olan İddiaçı2 müvəqqəti olaraq ailəsi ilə birlikdə bağ sahəsində yaşamasına razılıq vermiş, sonuncu isə tikinti-təmir işləri görərək yaxşılaşdırma aparmışdır. Mübahisəli hal yaxşılaşdırmanın dəyərindədir. Belə ki, iddiaçılar tikinti-təmir xərclərinə 50000 manat dəyər verdiyi halda, bunu sübut etməmiş, cavabdeh tərəf bunun maksimum 2000-3000 manat olduğunu bildirsə də, öz etirazını sübut etməmiş, işdə olan yeganə sübut mənbəyi olan ekspert rəyi ilə bağ sahəsində iddiaçıların istifadəsində olan hissədə mövcud olan tikililər üzrə aparılmış təmir və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyərinin 15272 manat məbləğində olduğu müəyyən edilmişdir.

20. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qərara gəlir ki, apellyasiya şikayəti və iddia (ekspertin müəyyən etdiyi məbləğə uyğun) qismən təmin edilməlidir. Apellyasiya şikayəti qismən təmin edildiyindən və tələb olmadığından dövlət rüsumu üzrə məhkəmə xərclərinə dair kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumu üzrə xərclər onları ödəyən şəxslərə, ekspertiza xərci isə cavabdehə aid edilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6655/2022 saylı işi üzrə 15 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Sabunçu rayonu, Vişnyovka 493 saylı bağ evinin iddiaçılara məxsus hissəsində yerləşən evin tikinti təmir xəclərinə sərf olunmuş 15272(on beş min iki yüz yetmiş iki)manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. İş üzrə aparılmış ekspert tədqiqatının dəyəri olan 100(yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar